Məhkəmə qərarları › İş №1(005)-211/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-211/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-211/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X2 oglunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumlugu olumayan, Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi ev 1B-də qeydiyyatda olan və yaşayan hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2.254 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilmiş tiryəki əldə edərək üzərində saxlayıb daşımış və 11 yanvar 2023-cü il tarixdə, saat 17.30 radələrində Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 2.254 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilmiş tiryək aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 2021-ci ildə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 09 ay müddətinə məhkum olunmuş və xx.xx.2022-ci il tarixdə azadlığa buraxılmışdır. Əvvəllərdə narkotik vasitədən istifadə etdiyi üçün məhkum olunmuş və azdlığa buraxıldıqdan sonra arabir istifadə etmişdir. Belə ki, 06 yanvar 2023-cü il tarixdə axşam saatlarında Papanin deyilən ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsə 10 manat pul verərək narkotik vasitə olan tiryək alıb şalvarının sol cibinə qoyub üzərində daşımışdır ki, sonrakı günlərdə istifadə etsin. 11 yanvar 2023-cü il tarixdə saat 17.30 radələrində özü tək ünvan 3 ünvanda olarkən Təqsirləndirilən şəxs 2 nəfər mülkü geyimdə olan şəxslər yaxınlaşıb Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis əməkdaşları olduqlarını bildirib adını, soyadını soruşduqda ondan şəxsiyyət vəsiqəsini təqdim etməyi xahiş etmişlər. Təqsirləndirilən şəxs isə onlara üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. Polis əməkdaşları onun hərəkətlərindən şübhələnib onlarla birlikdə Nərimanov RPİ-nin 18-ci PŞ-nə getməyini bildirmişlər. Təqsirləndirilən şəxs də bundan sonra etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 18-ci PŞ-nə getmişdir. 18-ci Polis Şöbəsində xidməti otaqların birində təhqiqatçısı ona bildirmişdir ki, üzərində narkotik vasitə və ya psoxotrop maddə olmasında şübhələndiklərinə görə üzərində axtarış və götürmə aparacaqlar. Vəkil gəldikdən sonra Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirmiş əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparmağa başlanılmışdır. Polis əməkdaşı ona təklif etmişlər ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan mobil telefonunu, 4 manat pulunu və şalvarının sağ cibindən isə 01 ədəd siqaretin gümüşü kağızına bükülü narkotik vasitə olan tiryəki könüllü təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi içərisində tiryək olan 01 (bir) ədəd bükülünü zərfə qoyaraq qablaşdırmış və möhürləyib götürərək bu barədə protokol tərtib etmişlər. Təqsirləndirilən şəxs və hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. Qeyd etmişdir ki, etdiyi əmələ görə yəni üzərində narkotik vasitə saxlayaraq daşıdığına görə peşmançılıq hissi keçirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-ci il tarixdə 17:30 radələrində iş yoldaşı sahə inspektoru polis mayoru Müşviq Süleymanov ilə xidmət aparan zaman Bakı şəhəri Nərimanov rayonu K.Rəhimov küçəsi 22 ünvanda bir nəfər şəxs onları görüb davranışı ilə özünü şübhəli apardığından ona yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyəti haqqında maraqlanmışlar. Bu vaxt həmin şəxs həyəcanlanıb verilən suallara qeyri-müəyyən cavab verərək hərəkətləri ilə spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratını onlarda yaratmışdır. Daha sonra onu Nərimanov rayon Polis İdarəsinin 18-ci PŞ-nə dəvət etmişdirlər. Həmin şəxs narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə və müşayiətləri altında ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 18-cı PŞ-nə getmişdir. Polis Bölməsində müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Daha sonra təhqiqatçının dəvəti ilə ora vəkil gələndən sonra, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra, təhqiqatçı onun üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edəndə, o, əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən siqaretin gümüşü kağıza bükülmüş içərisində qəhvəyi rəngli maddəni könüllü olaraq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi maddə kokosdur, onu xx.xx.2023-cü il tarixdə “Papanin” adlanan ərazidə üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata almışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində tünd göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus olan “Xiomi A2" markalı mobil telefon və 4 manat pul aşkar edilmişdir. Olanla barədə əhqiqatçı tərəfindən protokol tərtib edilmiş, həmin maddə ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslər protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunması prosesində videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş oldugu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Baxış zamanı müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd mobil telefonu, 4 manat pulu və həmin şalvarın sol yan cibində isə 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş tünd qəhvəyi rəngli maddəni təqdim edir. Daha sonra X3 üzərindən aşkarlanmış maddə boş zərfə qoyularaq üzəri imzalarla təsdiq edilib təhqiqatçı tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/183 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan respublikası DİN Arayışlar üçün №219 dairəvi möhür əks olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 2.254 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- asetilə edilmiş tiryəkdir. Asetilə edilmiş tiryəkin təmiz çəkisi - 2,254 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 2,204 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat təşkil edir. Diskə baxış keçirilməsi haqqında 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin ilkin mərhələsində 11 yanvar 2023-cü il tarixdə, saat 17.30 radələrində ünvan 4 ünvanda saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskə köçürülərək şəxsi axtarış və götürmənin aparılması haqqında protokola əlavə edilmişdir. İş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmaq məqsədi ilə 11 yanvar 2023-cü il tarixdə protokola əlavə edilmiş 1 ədəd diskin yerləşdirildiyi qablaşdırmanı sökərək baxışını aparmağa başladım. Həmin disk dairəvi formasında olmaqla "HP" markalı kompyuterdə video çəkilişə baxılarkən aydın oldu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində olan əşyaları təqdim etməsi xahiş olunur. Təqsirləndirilən şəxs bundan sonra əynindəki göy rəngli şalvarının sağ yan cibində olan 01 ədəd mobil telefonu, 4 manat pulu və həmin şalvarın sol yan cibində isə 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş tünd qəhvəyi rəngli maddəni təqdim edir və həmin maddənin ona məxsus olmasını bildirərək Papanin adlanan ərazidə tanımadığı şəxsdən alqıdığını qeyd edir. Video görüntünün əks olunduğu diskə baxış ilə əlaqədar protokol tərtib olunaraq cinayət işinə əlavə edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Məhkəmə narkoloji ekspertizasının 14 yanvar 2023-cü il tarixli 168 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixositimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 1 ədəd bükümdə təmiz çəkisi 2,254 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilmiş tiryək cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin tədqiqatlardan sonra qalıq qalmış 2,204 qram tiryək saxlanması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir. Maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 01 mart 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə dindirmə protokolları, ekspert rəyləri, “şəxsi axtarış və götürmə aprılması haqqında tərtib edilmiş protokol, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd CD-R disk, diskə baxış keçirilməsi haqqında protokol, maddi sübutlar və digər prosessual sənədlər sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılmasından imtina edilmişdir. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, lakin hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,05 qram tiryək şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkin təmiz çəkisi 2,254 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (11-13 yanvar 2023-cü il), ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-in 93.1.2), iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə tiryəkin qalıq çəkisi məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş və qalıq çəkisi 2,204 qram tiryək məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 01 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar