Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-211/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2004-cü ildə Lerik rayonu Çayrud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, X2 qəsəbəsi, N saylı hərbi hissədə qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs mobil telefonundakı internet şəbəkəsindən istifadə edib qaytaracağına dair yalan vəd verib üzərində 5 (beş) manat dəyərində “Azcrcell” şəbəkəsində istifadə olunan ***-***-**-** saylı mobil nömrə olan 3000 (üç min) manat dəyərində “İphone 13 pro” markalı mobil telefonu 02 mart 2023-cü il tarixdə saat 12 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Elmlər Akademiyası” stansiyasından “Həzi Aslanov” stansiyası istiqamətində hərəkətdə olan qatarda almaqla aldadıb etibarından sui-istifadə edərək “Gənclik” stansiyasında qatardan düşərkən mobil telefonun üzərində olmadığını, oğurlanması barədə həqiqəti əks etdirməyən məlumat bildirib hadisə yerindən uzaqlaşmağına zəmin yaratmaqla mobil telefonu ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 3005 (üç min beş) manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tələbə yoldaşı kimi tanımış, onunla əvvəllər düşmənçiliyi və ədavəti olmamışdır. Həmin dövrdə pul vəsaitinə ehtiyacı yarandığından Fərhadın telefonunu etibarından sui-istifadə etməklə ələ keçirib satmaq qərarına gəlmişdir. Odur ki, həmin məqsədlə 02 mart 2023-cü il tarixdə saat 11:00 radələrində Fərhadla dərsə getməmişdən əvvəl “Elmlər Akademiyası” metrosunun yaxınlığında yerləşən “Playstation” oyun salonunda görüşmüşlər. Orada bir qədər oyun oynadıqdan sonra saat 12:30 radələrində universitetə getmək üçün birlikdə salondan çıxıb metronun “Elmlər Akademiyası” stansiyasına gəlib “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatara minmişlər. Qatarda olan zaman o, Fərhaddan “İphone 13 Pro” markalı mobil telefonunu internetə qoşulmaq üçün istəmişdir. Fərhad ona mobil telefonunu verdikdən sonra əynində olan şalvarının arxa sol cibinə qoymuşdur. Qatarda olarkən Fərhadın başının qarışdığını görüb Fərhadın mobil telefonunu şalvarının arxa cibindən götürüb söndürərək əynində olan gödəkçəsinin içəri sol cibinə qoymuşdur. Qatar metronun “Gənclik” stansiyasında dayandıqdan sonra qatardan düşən zaman Fərhad ondan mobil telefonunu istəmişdir. O isə əlini şalvarının arxa cibinə aparıb yalandan Fərhada demişdir ki, mobil telefonu cibindən oğurlamışlar. Onlar birlikdə orada olan polis əməkdaşına yaxınlaşmışlar və o, polis əməkdaşına demişdir ki, Fərhadın ona verdiyi mobil telefonu cibindən qatarda olan zaman oğurlamışlar. Polis əməkdaşı onlara Bakı Metropolitenində Polis İdarəsinə müraciət etmələrini bildirmişdir. Bundan sonra o, yalan danışaraq Fərhada demişdir ki, “28 may” stansiyasına gedib dostuna hədiyyə verməlidir. Bu minvalla o, stansiyada dayanan qatara minib, Fərhadın stansiyanın çıxışa tərəf getdiyini görüb qatardan düşmüş və metrodan çölə çıxıb “Gənclik” stansiyasının yaxınlığında tanımadığı şəxsə özünə məxsus mobil telefonu satmaq istədiyimi bildirmişdir. Telefonun kodunu bildiyindən rahatlıqla telefonu açaraq həmin şəxsə özünə məxsus olmasını əminliklə bildirmişdir. Həmin şəxs telefonu 400 manat müqabilində ondan almağa razılaşmış və o, telefonun üzərində Fərhada məxsus olan mobil nömrəni çıxarmaqla telefonu həmin şəxsə təqdim etmişdir. Onu da qeyd etmişdir ki, telefonun üzərində həmin vaxt hər hansı bir digər aksessuar olmamışdır. Telefonun üzərindən çıxardığı mobil nömrəni isə yaxınlıqda yerləşən zibil qabına atmışdır. Əldə etdiyi 400 manat pulu “Gənclik Mail” ticarət mərkəzində, həmçinin sonrakı günlərdə öz ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan sonra onun barəsində şikayət olduğunundan ilkin araşdırma zamanı zərərçəkmiş şəxsə dəymiş ziyanın 1500 manatını ödəmiş, qalan məbləği isə qısa zamanda ödəyəcəyinə söz vermişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 02 mart 2023-cü il tarixdə öncədən razılıqları əsasında həmin vaxt onunla eyni təhsil ocağının ikinci kursunda təhsil alan tanışı Təqsirləndirilən şəxs ilə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yerləşən “playstation” oyun klubunda görüşmüşlər və orada bir qədər oyun oynadıqdan sonra Ramil hesabı ödəməklə həmin klubdan çıxıb metronun “Elmlər Akademiyası” stansiyasından saat 12:30 radələrində “Həzi Aslanov” stansiyası istiqamətində getməli imişlər. Qatara mindikdən sonra Ramil ona mobil telefonunda internet olmadığından onun telefonunda “wifi” şəbəkəsi açmaqla istifadə etməsini xahiş etmişdir. O da tanış olduqlarından “İphone 13 pro” markalı mobil telefonu tərəddüd etmədən “wifi” şəbəkəsini açmaqla ona vermişdir. Həmin şəxs də həmin şəbəkəyə qoşulmaqla onun telefonunu şalvarının arxa sol cibinə qoyub “Gənclik” stansiyasına çatdıqda ona qaytaracağını bildirmişdir. O da həmin şəxslə tanış olduğundan, həmçinin eyni təhsil ocağında təhsil aldıqlarından inanaraq telefonun onda qalmasına etiraz etməmişdir. Onu da qeyd etmişdir ki, qatarla hərəkətdə olarkən qatarda elə də sıxlıq yox imiş, həmçinin onlar dayandığı yerdə ətraflarında hər hansı bir şəxs, o cümlədən şübhəli şəxs yox imiş. Qatar “Gənclik” stansiyasına çatdıqdan sonra onlar qatardan düşmüşlər və həmin vaxt o, Ramildən özünə məxsus mobil telefonu istəmişdir. Ramil əlini arxa cibinə aparmaqla telefonun orada olmadığını, ola bilsin ki, qatarda naməlum şəxs tərəfindən oğurlandığını qeyd etmişdir. Hadisənin belə cərəyan etdiyini gördükdə Ramil platformada dayanan polis əməkdaşına yaxınlaşmaqla mobil telefonun oğurlanmasını bildirmiş, həmin polis əməkdaşı isə Bakı Metropolitenində Polis İdarəsinə yaxınlaşmalı olduqlarını qeyd etmişdir. O, belə olan halda telefonun yerini icloud vasitəsilə axtarmaq üçün tələbə yoldaşlarının olduğu “Gənclik Mail” ticarət mərkəzi istiqamətində getdikdə Ramil o, tanımadığı dostuna hədiyyə vermək üçün “28 May” metrostansiyasına getməli olduğunu bildirmiş və ondan uzaqlaşaraq həmin istiqamətdə gedən qatara minmişdir. Sonra o, mobil telefonunu axtarsa da tapa bilməmiş, telefonun üzərində olan mobil nömrəyə isə zəng çatmamışdır. Daha sonra bu barədə ərizə ilə müraciət etmək üçün Polis İdarəsinə yaxınlaşmışdır. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən bu müddət ərzində ona dəymiş maddi zərərdən 1500 (bir min beş yüz) manat ödənilmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Cinayət işinin 13-15-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 02 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Gənclik” stansiyasıdır. Cinayət işinin 47-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından hər ay dövlət nəfinə 15 faizi məbləğində pul tutulmaqla 10 ay 04 gün müddətinə islah işləri növündə cəzaya məhkum edilmişdir. Cinayət işinin 49-55-ci vərəqələrində olan olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-414/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancından hər ay dövlət nəfinə 15 (on beş) faizi məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı 14 gün müddətin (01 gün həbsdə olma müddəti 04 gün islah işləri cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq qazancından hər ay dövlət nəfinə 15 (on beş) faizi məbləğində pul tutulmaqla 10 ay 04 gün (on ay dörd gün) müddətinə islah işləri cəzasının saxlanılması hökm edilmişdir. Cinayət işinin 65-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov 6 ünvanının yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 93-cü vərəqində olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 95-ci vərəqində olan «Təqsirləndirilən şəxsin barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin tətbiqi ilə bağlı saxlanıldığı X1 azad olunması haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçildiyindən saxlanıldığı Bakı şəhəri, Nərimanov RPİ-nin X1 dərhal azad edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Gələcəkdə də olmayacaq. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 08 aprel 2024-cü il – 17 iyul 2024-cü il tarixlərdə keçirilmiş 7 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 25 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-211/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-211/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver