Məhkəmə qərarları › İş №1(005)-211/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-211/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-211/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X4 Bəhram oğlunun sədrliyi, Məmmədova Aygün Fərhad qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-“Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Biləsuvar rayonunun Səmədabad kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, silah qismində istifadə olunan əşyadan istifadə edib zərərçəkmiş şəxsin sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2024-cü il tarixdə saat 20:22 radələrində ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs sol kürək nahiyəsindən bir dəfə qəsdən vuraraq ona sol kürək nahiyyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuraraq qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs qardaşı Şahid vasitəsi ilə tanımışdır. Təxminən hadisədən 3-4 il əvvəl Eynurla eyni evdə bir qızın telefonu oğurlanmışdır. Onun da Eynurla dostluq münasibəti olduğu üçün hərdən o, da həmin evə getdiyini bildirmişdir. Həmin qızın evdən telefonu oğurlandığı üçün Zərərçəkmiş şəxs polisə bu barədə şikayət etmişdir. Daha sonra həmin işə ziyanın ödənilməsi nəzərə alınaraq xitam verilmişdir. Bu oğurluğun guya ki, onun tərəfindən törədilməsini polis bölməsinə Zərərçəkmiş şəxs məlumat vermişdir. O isə bu barədə Eynurun kiçik qardaşı Dənizə məlumat vermişdir. Şahid qardaşını çağıracağını və bu barədə söhbət edəcəklərini bildirmişdir. Səhəri gün Şahid “İnstaqram” sosial şəbəkəsində ona yazaraq görüşə çağırdığından o, həmin yerə getmiş, həmin vaxt qardaşların əsəbi olduqlarını görüb onları sakitləşdirməyə çalışmışdır. Bundan sonra bir az yaşadıqları məhəllədən aşağı tərəfə getmişlər. Zərərçəkmiş şəxs ondan nəyə görə qardaşı Dənizə elə söz dediyini soruşub onun üzərinə gedərkən o, Zərərçəkmiş şəxs itələmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onu yumruqla vurmuş, sonra isə qardaşı Şahid onu vurarkən o, halsızlaşmışdır. Zərərçəkmiş şəxs onun üstündə oturaraq yumruqla onun sifət nahiyyəsinə, qardaşı Şahid isə bıçaqla onun baş nahiyyəsindən vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs iki dəfə bıçaqla ayağından xəsarət yetirmişdir. O isə tək olduğu üçün onların heç birini vura bilməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə uzun müddətdir ki, tanışlığı var. Qardaşı Şahid telefonda İlhamın onun haqqında danışdığını yazaraq gəlib onunla söhbət etməsini bildirmişdir. O, “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə İlhama yazmış, İlham isə onları “Okean pub”-ın yanına çağırmışdır. Görüşəndən sonra İlham onları “Şəki” restoranının arxasına aparmışdır. Getdikləri vaxt bir neçə dəfə İlhamdan arxasınca danışıb-danışmaması barədə soruşmuş, İlham isə cavab verməmiş və qaranlıq hissəyə aparmışdır. Həmin yerə çatanda İlham onun qabağında dayanmış, qardaşı isə onun sağında olmuşdur. Sualını bir də verdikdə İlham nəsə deyib, onun çiyin nahiyyəsinə bıçaq atarkən o, İlhamı vurmuşdur. Biriki dəfə vurduqdan sonra bıçaq İlhamın əlindən yerə düşmüş, İlhamın özü də yıxılmışdır. İlhamın üstündə oturub bıçağın arxa hissəsi ilə başından vurmuş, İlham təpiklə onu itələmək istəyəndə isə ayağından bıçaqla vurmuş, sonra da bıçağı İlhamın yanına atıb oradan uzaqlaşmışdır. Hal-hazırda məhkəməyə ərizə təqdim edərək onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, onun Məzahir adlı dostu var. Hadisədən bir gün əvvəl o, Məzahir və İlham birlikdə gedərkən, İlham ona “xəbərin var, sənin qardaşın polis bölməsində mənim üzümə dayanmışdır” demişdir. O bunun mümkün olmadığını demiş və məsələni aydınlaşdırmaq üçün qardaşı ilə İlhamı görüşdürməyi təklif etmişdir. Bir gün sonra o, qardaşına zəng edib və məsələni danışmış, qardaşı isə inkar edib və görüşüb yoluna qoyacağını demişdir. Sonra “instaqram” sosial şəbəkəsi vasitəsi ilə Təqsirləndirilən şəxs yazmış, o isə “Okean Pub”-ın yanında görüşməyi təklif etmişdir. Axşam saat 7-8 radələrində o, qardaşı ilə birlikdə İlham dediyi yerə getmişdir. Qardaşı görüş zamanı onun haqqında nə üçün belə danışdığını soruşmuş, İlham isə biraz qaranlıq tərəfə keçməyi təklif etmişdir. O, dediyi yerə gedərkən qardaşı bir neçə dəfə ona eyni sualı vermişdir. İlhamın dediyi yerə çatdıqda qardaşına bıçaq zərbəsi yetirmişdir. Qardaşının bel nahiyyəsindən bıçaqla zərbə yetirilməsini sonradan bilmişdir. İlham onun qardaşına bıçaqla vurduqdan sonra qardaşı İlhama yumruqla zərbə yetirmişdir. O qardaşını müdafiə etmək istəmiş və zərbə endirmək istəyərkən, qardaşı icazə verməyərək onun qarşımamağını demişdir. Qardaşı daha bir yumruq vurduqdan sonra İlham yerə yıxılmış və əlindəki bıçaq yerə düşmüşdür. Qardaşı, Təqsirləndirilən şəxs baş tərəfindən üzərində oturmuş və əlindəki bıçaqla İlhamın baş nahiyyəsindən dəfələrlə vurmağa başlamışdır. Təqsirləndirilən şəxs bu zaman təpiklə vurmağa başlamış və bu zaman qardaşı, İlhamın ayağından da bıçaqla xəsarət yetirmişdir. Sonra isə bıçağı yanına atıb getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 30 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən məhəllədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1232 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət: sol kürək nahiyyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası iti kənarlı alətin, ola bilsin bıçağın tiyəsinin deçici-kəsici təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakterinə və yerləşdiyi nahiyəyə, ilk məlumata əsaslanaraq demək olar ki, həmin xəsarəti şəxsin özü-özünə yetirə bilməsi və yıxılma nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir. (Cild 1, i.v. 160-162) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 alınmış xx.xx.2024-cü il tarixli, xx/xx-12393 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. (Cild 1, i.v.139) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X3 alınmış xx.xx.2024-cü il tarixli, 13347 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü, Biləsuvar rayonu, Səmədabad kəndində qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (Cild 1, i.v.147) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 alınmış xx.xx.2024-cü il tarixli, 14870 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs son 5 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməyib. (Cild 1, i.v 149) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və cinayət işinin materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay 23 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 01 il şərti sınaq müddəti təyin edilmişdir. (Cild 1 i.v. 141-142). Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əmələ düzgün hüquqi qiymət verilməmiş, Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə düzgün tövsif edilməmişdir. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndində qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya davadalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, hadisə ilə bağlı həm cinayət işinin materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 29 sentyabr 2024-cü il tarixdə saat 20:22 radələrində ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs sol kürək nahiyəsindən bir dəfə qəsdən vuraraq ona sol kürək nahiyyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuramaya aid bədən xəsarətləri yetirməsinə gətirib çıxartmışdır. Zərəçəkmiş şəxsin ifadəsindən də müəyyən olunur ki, hadisə baş vermiş və hadisə vaxtı Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs hərəkətlərini dayandırmaq üçün onu vurmuş, İlhamın əlindən bıçaq yerə düşmüş, bu zaman həmin bıçaqla o, da Təqsirləndirilən şəxs vurmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı zərərçəkmişin sağlamlığına yüngül zərər vurmanı xuliqanlıq motivi ilə törədilməsi cinayətinin formal tərkibli olmasına lazımi səviyyədə yanaşmayaraq əməlin xuliqanlıq niyyəti kimi tövsifini hadisənin heç bir əsaslı səbəb olmadan və baş verdiyi yerə görə qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, hadisənin ünvan 2 ünvanının qarşısında baş verməsi, yəni ictimai hesab edilən yerdə baş verməsi, əməlin xuliqanlıq niyyəti ilə törədilməsi kimi tövsif edilməsinə kifayət etmir. Bundan başqa hadisənin “heç bir əsaslı səbəb olmadan” baş verməsinə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meylli olan hərəkətlər etmək, zərərçəkmiş şəxsin üzərində zor tətbiq etmək niyyəti olmamışdır. Buradan da aydın olur ki, təqsirləndirilən şəxsin hərəkətləri özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər olmadığından əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurma cinayətini ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə törətməsinin nədən ibarət olduğunu açıqlamamış, onun hərəkətlərində xuliqanlıq niyyətinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı xuliqanlıq cinayətinin formal tərkibli olmasına lazımi səviyyədə yanaşmayaraq əməlin xuliqanlıq hərəkətləri kimi tövsifini yalnız hadisənin baş verdiyi yerə görə qiymətləndirmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş xuliqanlıq ittihamında onun ünvan 2 ünvanında zərərçəkmişə xəsarət yetirməsi göstərilsə də, bununla yanaşı xuliqanlıq cinayətinin qanunda təsbit olunmuş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin konkret hansı hərəkətlərdə ifadə olunması göstərilməmişdir. “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.3-cü maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25-ci maddəsinin əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarıti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 495 (dörd yüz doxsan beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 20:00-dan səhər saat 09:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcdən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 495 (dörd yüz doxsan beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar