Məhkəmə qərarları › İş №1(005)-212/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-212/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-212/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Naxçıvan MR, Sədərək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan MR, Sədərək rayonu, Qaraağac kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd BГ-2879 nömrəli, 1968-ci ildə zavod üsulu ilə keçmiş SSRİ dövründə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, yivli odlu silah olan “Makarov” konstruksiyalı tapançanı, 07 ədəd Rusiya Federasiyasında zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi olan darağı əldə edib üzərində saxlamaqla gəzdirmiş və daşımış, Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 yanvar 2024-cü il tarixdə saat 22:30-da ünvan 1 ünvanında saxlanılıb, Nərimanov RPİ-nin 17-cı PŞ-nin binasına gətirilərək üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan ağ rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan paketin içərisindən həmin 01 ədəd BГ-2879 nömrəli, 1968-ci ildə zavod üsulu ilə keçmiş SSRİ dövründə istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı olan, 9 mm kalibrli, PM modelli, yivli-odlu silah olan “Makarov” konstruksiyalı tapança, 07 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş açmaq üçün yararlı olan və döyüş sursatı hesab edilən ştat patronlar, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun üzərində heç bir silah omamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları onu saxlayaraq İdarəyə aparmışlar. Polis idarəsində olan zaman ona qarşı zor tətbiq olunmuşdur. Həmçinin polis əməkdaşları onu narkotik maddə istifadəsi ilə şərləmişlər. Lakin o, polis əməkdaşlarına ölsə də bu maddə ilə razılaşmayacağını bildirmişdir. Sonra ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsini etiraf etməsini, bunun qarşılığında 1000 manat məbləğində pul verəcəklərini bildirmişlər. Onun səhhətində və maddiyyatla bağlı problemləri olduğundan həmin məbləğlə razılaşmışdır. Polis əməkdaşları demek olar ki ssenari qurmuşlar və o da həmin ssenariyə əməl etmişdir. Lakin sonradan ona verilən vədə əməl edilməmiş və həmin məbləğ ona çatdırılmamışdır. Sonda Təqsirləndirilən şəxs, barəsində ədalətli qərar edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 20 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan və Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili Araz Meydanovdan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. O və Araz birlikdə məlumat əsasında saat 22:05 radələrində Nərimanov rayonu, Araz küçəsi 7 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Eyvazın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını, onları görən kimi özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Eyvaza qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə dəvət etmişlər. Eyvaz da buna etiraz etmədikdən sonra sonuncunu Polis Şöbəsinə aparıb barəsində araşdırma aparılması üçün təhqiqatçı Fazil Osmanova təhvil vermişlər. Fazil Osmanov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Eyvaza üzərində qeyri qanuni maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Eyvaz da əynində olan ağ rəngli gödəkcənin sağ yan cibindən içərisində tapança, patronlar və sandıqca olan sellofan paketi çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisində 01 ədəd tapança və içərisində 07 ədəd patron olan daraq aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı xx.xx.2024-cü il tarixdə Sulutəpə qəsəbəsində məişət tullantıları atılması üçün nəzərdə tutulmuş qutunun yaxınlığında yerdən tapdığını və satmaq məqsədi ilə üzərində saxladığını bildirmişdir. Sonra axtarış iştirakçılarının iştirakı ilə Eyvazın üzərindən aşkar olunmuş 01 ədəd tapança və içərisində 07 ədəd patron olan 01 ədəd daraq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bn barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Eyvaz tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 23-cü vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 31-32-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 17-ci PŞnin təhqiqatçısı X3 Azərbaycan Respublikası CPM-in 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən həmin protokolu tərtib etmişdir. Müəyyən olunmuşdur: Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü il tarixdə saat 22:30 radələrində ünvan 3 ünvanı qarşısında Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən silah, onun komplekt hissələrinin və döyüş sursatının saxlanılmasında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİnin 17-ci PŞ-nin inzibati binasına gətirilmişdir. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində silah, onun komplekt hissələrinin və döyüş sursatının, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 20 yanvar 2024-cü il tarixli qərara əsasən Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən silah, onun komplekt hissələrinin və döyüş sursatının, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkcənin sağ yan cibindən polietilen torba çıxarıb masaya qoydu. Torba açıldıqda içərisində 1 ədəd tapançanın olduğu müəyyən edildi. Tapançanın korpusu tünd boz rəngli metaldan olduğu, dəstəyi isə qırmızı rəngli ezolentlə bağlanmış tünd qırmızı rəngli plastmas material ilə örtülü olduğu müəyyən edildi. Həmin tapançanın sandıqçası açıldıqda sandıqcada 7 ədəd patron olduğu aşkar olundu. Daha sonra Təqsirləndirilən şəxs üzərində tərəfindən səxsi axtarış aparıldı, axtarış zamanı onun əynində olan ağ rəngli gödəkcənin sol yan cibindən bir ədəd göy rəngli “Prima” markalı açıq siqaret qutusu və bir ədəd kibrit qutusu aşkar edildi. Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaret qutusu və kibrit qutusu əhəmiyyət kəsb etmədiyi üçün sonuncuya qaytarıldı. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd tapança və içərisində 7 ədəd patron olan sandıqca içərisi boş olan polietilen torbaya qoyularaq qablaşdırıldı, DİN-in 219 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiəçi, iştirakçılar və tərəfimdən imzalandı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş sandıqçasının içərisində 7 ədəd patron 1 ədəd tapançanı təxminən 1 həftə bundan əvvəl Sulutəpə qəsəbəsində tapıb üzərində gəzdirərək Nərimanov rayonu “Ulduz” metrosunun yaxınlığında gizlətdiyini, xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində həmin əşyaları gizlətdiyi yerdən götürüb başqa yerdə gizlətmək üçün aparmaq istədikdə saxlanıldığını bildirmişdir. Cinayət işinin 41-46-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 21 yanvar 2024-cü il tarixli, 3-13-11/2- 772/2024 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd BГ-2879 №li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş 9 mm X1 PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 07 ədəd patron zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm Kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. (Bax: silahının tədqiqi hissəsinə). Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin X1 tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Cinayət işinin 60-61-ci vərəqələrində olan “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 22 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi Tuqay Allahverdizadə icraatında Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 90, 92 və 236.1-cı maddələrinin tələblərinə riayət etməklə cinayət işi üzrə şübhəli şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakı ilə Nərimanov RPİ-nin MSY-də olan istintaq otağında cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə Nərimanov RPİ-nin 17-ci PŞ-dən daxil olmuş üzərində ağ rəngli DVD-R formatındakı disk məlumatlarına baxış keçirmişdir. Baxış zamanı müəyyən edildi: Bir ədəd “DVD-R” fomatlı diskin üzərində heç bir yazı yoxdur. Həmin disk «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 1 ədəd “2024_01_22_14_28_İMG_4686” adlı video fayıl aşkar olundu. Baxış zamanı məlum olmuşdur ki, həmin “2024_01_22_14_28_İMG_4686” adlı fayla əks edilmiş görüntülər 20 yanvar 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Nərimanov RPİ-nin 17-ci PŞ-də olan xidməti otaqlardan biridir. Video görüntüdən müəyyən edilir ki, təhqiqatçı Fazil Osmanovun qarşı sol tərəfində masa arxasında əyləşmiş şəxs, Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili X5, ayaq üstə dayanmış əynində ağ rəngli gödəkcə və göy rəngli şalvar olan şəxs Təqsirləndirilən şəxs, adları təhqiqatçı tərəfindən sadalanan Nərimanov RPİ-nin 17-cı PŞnin CA üzrə əməliyyat müvəkkilləri Azər Meydanov və Əlisəmid Xəlilovdur. Video çəkilişin davamında təhqiqatçı Fazil Osmanov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs da əynində olan ağ rəngli gödəkcənin sağ yan cibindən çıxardığı polietilen torbanı içərisindən korpusu tünd boz rəngli metaldan, dəstəyi qırmızı rəngli yapışqan lentlə bağlanmış tünd qırmızı rəngli plastmas material ilə örtülü olan 01 ədəd tapançanın aşkar edilməsi, tapançanın darağına baxış keçirilən zaman içərisindən 7 ədəd patronların aşkar olunması, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 7 ədəd patron və 1 ədəd tapançanı Bakı şəhəri, Nərimanov rayonu, “Ulduz” metrosunun yaxınlığında yolun kənarından götürdüyünü bildirməsi və aşkar edilmiş silahın qablaşdırılaraq möhürlənməsi video görüntü zamanı qeydə alınır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş silahı 13 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində məişət tullantıları atılması üçün nəzərdə tutulmuş qutunun yaxınlığından sellofan paketin içərisindən tapdığını, həmin silahı satmaq məqsədi olduğu üçün xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Ulduz” meteostansiyasının yaxınlığından gizlətdiyi yerdən götürüb üzərində saxladığını bildirdi. Cinayət işinin 86-91-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-88/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 20 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 99-cu vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “PM” modelli, Makarov konstruksiyalı, 9 kalibrli, BГ-2879 №li silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. Cinayət işinin 101-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 il 09 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəza müddətinin qurtarması ilə əlaqədar azad edilmişdir. Cinayət işinin 104-110-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(005)-303/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin tutulduğu andan, yəni 18 may 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 112-ci vərəqində olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olnmuş BГ-2879 №li, 9 mm “PM” modelli, Makarov konstruksiyalı tapança Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin qeydiyyatından keçmir. Cinayət işinin 113-cü vərəqində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, BГ-2879 №li, 9 mm “PM” modelli, Makarov konstruksiyalı tapança xx.xx.2024-cü il tarixə olan uçot məlumatına əsasən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdaəsi Silah və Texnika İdarəsinin Raket-Artilleriya Silahları xidmətində silahların nömrəli uçotunda qeydiyyatdan keçmir. Cinayət işinin 122-131-ci vərəqələrində olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 11 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd BГ-2879 №-li, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş 9 mm kalibrli “Makarov” Konstruksiyalı PM modelli tapançanın, 07 ədəd patronun, 01 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş darağın maddi sübut kimi tanınması və 01 ədəd BГ-2879 №li “Makarov” Konstruksiyalı PM modelli tapançanın, 04 ədəd patronun, 01 ədəd darağın saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə- iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Belə ki, o, əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd BГ-2879 №-li, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş 9 mm kalibrli “Makarov” Konstruksiyalı PM modelli tapança, 04 ədəd patron, 01 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş darağ hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan - baxış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun ürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 20 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd BГ-2879 №-li, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1968-ci ildə istehsal olunmuş 9 mm kalibrli “Makarov” Konstruksiyalı PM modelli tapança, 04 ədəd patron, 01 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş darağ hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan - baxış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar