Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-213/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – 14 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,073 qram və 0,098 qram olmaqla, ümumi təmiz çəkisi 0,171 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımış, 09 fevral 2021-ci il saat 20:00 radələrində Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 54 saylı binanın qarşısında saxlanılaraq şöbənin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən iki ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş ayrıayrılıqda təmiz çəkiləri 0,073 qram və 0,098 qram olmaqla, ümumi təmiz çəkisi 0,171 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, 09 fevral 2021-ci il tarixdə günorta saatlarında Nərimanov rayonu, “Montin” adlanan ərazidə əvvəllər tanıdığı, lakin adını yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün iki büküm narkotik maddə almışdır. Həmin narkotik vasitəni sonra istifadə etmək üçün üzərində saxlamışdır. 09.02.2021-ci il tarixdə axşam saatlarında yaşadığı evdən çıxıb narkotik maddə olan “kakosu” qəbul etmək məqsədi ilə yaxınlıqda olan aptekə getmişdir ki, oradan şpris alsın. O, aptekdən dörd ədəd şpris alıb qayıdarkən İ.Hidayətzadə küçəsində “Funda” klinikasının qarşısında saat 20 radələrində iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin 18-ci PŞnin əməkdaşları olduqlarını demişlər. Ondan adını, soyadını soruşub onlarla birlikdə 18-ci PŞnə getməli olduğunu izah etmişlər. O da etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona izah edilmişdir ki, üzərində qanunsuz əşya və ya maddə varsa, könüllü təqdim etsin. Şəxsi axtarış zamanı o, üzərində olan narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Son olaraq törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 09 fevral 2021-ci il tarixdə saat 20 radələrində xidməti zərurətlə əlaqədar olaraq 18-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ilə ünvan 3 ünvanın yaxınlığında barəsində qanunsuz olaraq narkotik vasitədən istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş Zaur adlı şəxsi müşahidə etməyə başlamışlar. Bir qədər sonra zahiri əlamətlərinə görə Zaura bənzəyən bir nəfər şəxsin yaxınlıqda olmasını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edib, ondan ad və soyadını soruşmuşlar. Həmin şəxs isə öz növbəsində Təqsirləndirilən şəxs olmasını demişdir. Onlar Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında şöbəyə getməli olduğunu izah etmişlər. Nərimanov RPİ-nin 18-ci PŞ-də xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra şöbənin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı ona təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş iki ədəd içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, toz halında maddəni könüllü olaraq onlara təqdim etmişdir. Həmin maddənin narkotik vasitə “kakos” olmağını etiraf etmişdir. Ondan götürülən maddə protokol tərtib olunaraq sənədləşdirilmiş və zərfə qoyulub qablaşdırılmışdır. Həmin zərf Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 09 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 19 fevral 2021ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 02 ədəd siqaret kağızına bükülmüş maddəni çıxardaraq könüllü olaraq təqdim edib bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisində narkotik vasitə olan heroindir. Həmin bükülüyə baxdıqda içərisində toz halında, qəhvəyi rəngli, spesifik qoxuya malik olan maddə aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmış, 224 nömrəli möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 fevral 2021-ci il tarixli 6/599 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs qismində saxlanılmış Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.073 qram, 0.098 qram. , ümumi təmiz çəkisi 0.171 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış narkotik vasitə--heroindir. Aparılmış ekspertiza tədqiqatı 81.82 manat təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 4(005)- 171/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal həbsdən azad edilməsi qərara alınmışdır. Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş 11 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 17.02.2021-ci il tarixli 496 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24.02.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin 27.03.1998-ci ildə AR CMnin 242-ci maddəsinin a bəndi ilə təqsirli bilinmiş və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR Milli Məclisinin 17.10.1997-ci il tarixli qərarı ilə cəzadan azad olunmuş, Bakı şəhəri Səbail Rayon Xalq Məhkəməsinin 22.03.1999-cu il tarixli hökmü ilə AR CM-nin 213-cü maddəsinin 2-ci hissəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 16.01.2002-ci ildə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.07.2003-cü il tarixli qərarı ilə AR CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 05.11.2004-cü ildə vaxtından əvvəl şərti olaraq azad olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.07.2009-cu il tarixli qərarı ilə AR CM-nin 234.1, 93.1.4-cü maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 23.04.2011-ci ildə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31.08.2018-ci il tarixli hökmdən görünür ki, AR CM-nin 234.1-ci maddəsi ilə 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 15.12.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Diskə baxış keçirilməsi haqqında 16 mart 2021-ci il tarixli diskdən görünür ki, Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynindəki qara rəngli gödəkcənin sol yan cibindən iki ədəd siqaret kağızına bükülmüş maddəni təqdim edir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirir ki, üzərindən aşkar edilmiş maddə narkotik vasitə olan heroindir, o, həmin narkotik vasitəni 09.02.2021-ci il günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Montin adlanan ərazidən, üzdən tanıdığı, anket məlumatlarını və dəqiq ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata almışdır. Bakı şəhər İcra Hakimiyyəti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 38 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 15.03.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatdadır. Sübutların qiymətləndirilməsi haqqında 17 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11.02.2021-ci il tarixdə AR CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılması, 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi və s. qərara alınmışdır. Maddi sübut kimi tanınma haqqında 17 mart 2021-ci il tarixli qərardan görünür ki, bir ədəd zərfdə içərisində bir büküm təmiz çəkisi 0.171 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqata sərf edilən 0.100 qramı çıxarılmaqla qalıq 0.071 qram heroin və 04 ədəd şpris maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0.15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs oğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 09.02.2021-ci il tarixdən 11.02.2021-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun 09.02.2021-ci il tarixdən 11.02.2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan narkotik vasitənin qalığı – 0.071 qram heroin və dörd ədəd şpris hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09.02.2021-ci il tarixdən 11.02.2021-ci il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan narkotik vasitənin qalığı – 0.071 qram heroin və dörd ədəd şpris hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-213/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-213/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver