Məhkəmə qərarları › İş №1(005)-214/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-214/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-214/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0.410 qram çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 25.11.2021-ci il tarixdə saat 07:00 radələrində öz hərəkətlərində şübhə yaratdığından X8 Alayının İ-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 16cı Polis Bölməsinin ünvan 3 ünvanda yerləşən inzibati binasına gətirilmiş, inzibati binada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd qırmızı rəngli gödəkcənin sol yan cibindəki ağ rəngli kağız parçasının içərisindən siqaretin qırmızı, qızılı və ağ rəngli kağız kəsiklərinə bükülmüş 03 ədəd bükümdə və 01 ədəd iynə başlığında eyni tərkibli, ayrıayrılıqda təmiz çəkiləri 0,267 qram. 0,046 qram, 0,014 qram və 0,083 qram olmaqla ümumi təmiz çəkisi 0,410 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir psixatrik xəstəxanada qeydiyyatda deyildir. Əvvəllər məhkum olunmamışdır. Evli olsa da sonradan rəsmi qaydada boşanmışdır. Təxminən 1 aya yaxındır ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. 25.11.2021-ci il tarixdə saat 07:00 radələrində ünvan 2 ünvanın qarşısı ilə piyada gedərkən polis geyim formasında olan 2 nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib X8 Alayının əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməyini xahiş etmişdirlər. Onun üzərində psixotrop maddə olan metamfetamin olduğundan həyəcanlamış və özünü təqdim elmədən oradan uzaqlaşmaq istəmişdir. Lakin polis əməkdaşları onu saxlayaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparmışdırlar. Polis Bölməsində olarkən polis əməkdaşları ona bildirmişdirlər ki, onun üzərinə şəxsi axtarış keçiriləcəkdir. Bu məqsədlə təhqiqatçı tərəfindən onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Daha sonra polis əməkdaşlarının və dövlət hesabına təyin edilmiş vəkilinin iştirakı ilə onun üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı ondan üzərində qanunsuz əşya olub-olmadığını soruşmuş və əgər vardırsa həmin əşyaları könüllü təqdim etməyi təklif etmişdir. Onun üzərində içərisində psixotrop maddə olan metamfetamin olduğundan və həmin metamfetamini gizlətmək imkanı olmadığından əynində olan tünd qırmızı rəngli gödəkcənin sol yan cibindəki ağ rəngli kağız parçasını və həmin gödəkcənin sol iç cibindən isə özünə məxsus olan qara rəngli pul kisəsini çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi qara rəngli pul kisəsinin içərisinə polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı özünə məxsus olan şəxsiyyət vəsiqəsi və ictimai nəqliyyatda hərəkət etmək üçün nəzərdə tutulan “Bakıkart” kartı aşkar edilmişdir. Bundan sonra təqdim etdiyi ağ rəngli kağız parçasının içərisinə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı isə həmin kağız parcasının içərisindən siqaretin qırmızı, qızılı və ağ rəngli kağız kəsiklərinə bükülmüş içərisində psixorop maddə metamfetamin olan 3 ədəd büküm və 1 ədəd iynə başlığı aşkar edilmişdir. Sorğu zamanı bildirmişdir ki, bükümlərin və iynə başlığının içərisindəki psixotrop maddə olan metamfetamindir, həmin metamletamini 24 noyabr 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində piyada gəzərkən tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra əlavə olaraq onun üzərinə şəxsi axtarış keçirilsə də heç bir əşya və maddə aşkar edilməmişdir. Təqdim etdiyi içərisində psixotrop maddə olan bükümlər və iynə başlığı polis əməkdaşları tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri o və şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmış və zərfin üzəri möhürlənmişdir. Onun üzərimə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfındən protokol tərtib olunmuş, protokol o və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, bundan başqa heç bir cinayət etməmişdir. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur. O, üzərindən aşkar edilmiş psixotrop maddədən heç kəsə satmamış və kiməsə satmaq niyyəti olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni o, elə bükümlər və iynə başlığının içərisində, yəni üzərimdən aşkar olunduğu kimi tapmışdır, Həmin psixotrop maddəni bükümlərə o, ayırmamışdır. Ona nə tutularkən, nə də ki, Nərimanov RPİ-nin 16-cı PB-də olarkən polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. O, mobil telefondan istifadə etmir. Bu səbəbdən istifadəsində heç bir mobil nömrə yoxdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hazırda Daxili İşlər Nazirliyinin X8 Alayının 1-cü Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. 25.11.2021-ci il tarixdə saat 07:00 radələrində postaçı yoldaşı Şahid2 ilə birlikdə 9766 çağırışlı avtopatrulla Nərimanov RPİ-nin inzibati ərazisi olan ünvan 2 ünvanın qarşısında xidmətdə olarkən 1 nəfər şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli apardığını görmüşdürlər. Bu səbəbdən onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib X8 Alayının 1-ci Patrul Bölüyünün əməkdaşları olduqlarını bildirmiş həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişdirlər. Həmin şəxs özünü təqdim etmək istəməyərək verdikləri suallardan yayınmış və oradan uzaqlaşmağa çalışmışdır. Onlar həmin şəxsin rabitəsiz danışığından narkotik vasitənin və ya psixotrop maddənin təsiri altında olmasından və üzərində narktoik vasitə və ya psixotrop maddə saxlamasından şübhələnmişdirlər. Həmin şəxsi saxlayaraq Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına gətirmiş və həmin şəxsi PB-nin Növbətçi Hissəsinə təhvil vermişdirlər. Polis bölməsində məlum olmuşdur ki, tərəflərindən polis bölməsinə gətirilən şəxs xx.xx.1991-ci ildə Bakı şəhərində dogulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilməsi barədə tərəflərindən raportla bölmə rəhbərliyinə məruzə edilmiş və raportun icrası bölmənin təhqiqatçısı, polis baş leytenantı Novruz Novruzova həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi zərurəti yarandığından onun hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra, sonuncu şübhəli şəxs qismində tutularaq şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd qırmızı rəngli gödəkcənin sol iç cibindən qara rəngli pul kisəsini və həmin gödəkcənin sol yan cibindən isə ağ rəngli kağız parçasını çıxardaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilsə də heç bir əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli pul kisəsinin içərisinə baxış zamanı özünə məxsus olan şəxsiyyət vəsiqəsi və ictimai nəqliyyatda hərəkət etmək üçün nəzərdə tutulan “Bakıkart” kartı aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli kağız parçasının içərisinə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı isə həmin kağız parçasının içərisindən siqaretin qırmızı qızılı və ağ rəngli kağız kəsiklərinə bükülmüş içərisində ağ rəngli kristal formalı maddələr olan 3 ədəd büküm və 1 ədəd iynə başlığı aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümlərin və iynə başlığının içərisindəki "şüşə” adı ilə tanınan psixotrop maddə olan metamfetamindir. həmin metamfetamini 24 noyabr 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonunda piyada gəzərkən yerdən tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində ağ rəngli kristal şəkilli maddələr olan bükümlər və iynə başlığı təhqiqatçı tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri o və şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmış və zərfin üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol o və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs nə saxlanılan və nə də ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə gətirilən zaman hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunli ifadə vermişdir. Cinayət işinin 14-15-ci vərəqlərində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 25.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.11.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 22-24-cü vərəqlərində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 25 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ 16-cı PB-nin baş leytenantı, X4 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, 25.11.2021-ci il tarixdə saat 07:00 radələrində ƏÇPA-nm 1 -ci Patrul Bölüyünün əməkdaşları tərəfindən Nərimanov rayonu, Azadlıq prospekti 140 ünvanının qarşısında saxlanılaraq şübhəli şəxs qismində saat 07:20 radələrində 16-cı PB-nə gətirilmiş Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd qırmızı rəngli gödəkcənin iç sol cibindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi və ictimai nəqliyyat vasitələrindən istifadə etmək üçün kaıt olan qara rəngli pul kisəsini və həmin gödəkcəsinin sol yan cibindən ağ rəngli kağıza bükülmüş içərisində siqaretin göy rəngli, qızılı rəngli, ağ rəngli kağızına bükülmüş olan 03 ədəd bükümü və 01 ədəd plastik material tərkibli iynənin qoruyucu başlığını könüllü olaraq təqdim etdi. Cinayət işinin 35-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2021-ci il tarixli, 6/5234 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs" sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üç ədəd bükümdə və bir ədəd iynə başlığında olan ayrı-ayrılıqda təmiz çəkisi 0,267 qram, 0,046 qram, 0,014 qram, 0,083 qram ümumi təmiz çəkisi 0,410 qram olan ağ kristallik maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına daxildir. Metamfetaminin təmiz çəkisi 0,410 qram, tədqiqata sərf edildi - 0,02 qram, qalıq - 0,390 qram. Cinayət işinin 68-70-ci vərəqlərində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 26 noyabr 2021ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Rəşad Həsənovun 26.11.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSYdən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət İşinin 71-73-cü vərəqlərində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 26 noyabr 2021-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət İşinin 72-83-cü vərəqlərində olan “Maddi sübut kimi tanınma haqqında” 29 noyabr 2021-ci il tarixli qərardan göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,410 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınmış, metamfetaminin aparılmış tədqiqatlardan sonra qalıq qalmış 0,390 qram hissəsi saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 93-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 14.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə məlumat yoxdur. Cinayət işinin 112-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin Ambulator X1 dair 28.12.2021-ci il tarixli, 5336 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 125-131-ci vərəqələrində olan 14 fevral 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan olunması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd bükümdə və 01 ədəd iynə başlığında eyni tərkibli ümumi təmiz çəkisi 0,410 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, ekspert tədqiqatından sonra qalan 0,390 qram hissəsinin cinayət işi üzrə maddi sübut hesab edilməsi, təqsirləndirilən şəxsin üzərilərinə keçirilən şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün əks olunduğu 01 ədəd “DVD” diskin cinayət işi üzrə maddi sübut hesab edilməsi qərara alınmışdır Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan tünd qırmızı rəngli gödəkcənin sol yan cibindəki ağ rəngli kağız parçasının içərisindən siqaretin qırmızı, qızılı və ağ rəngli kağız kəsiklərinə bükülmüş 03 ədəd bükümdə və 01 ədəd iynə başlığında narkotik vasitə olan psixotrop maddə-metamfetamini təqdim etməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixatrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəmetamfetaminin təmiz çəkisi 0,410 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmadığını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1.), ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (on beş) iş saatına görə cəmi 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,390 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətlərinin aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd CD- R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə cəmi 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar