Məhkəmə qərarları › İş №1(005)-214/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-214/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-214/2023 05.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – “Femida” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının 07-də, saat 08 radələrində kirayə yaşadığı Bakı şəhəri Nərimanov rayonu, A.Neymatulla küçəsi 19 nömrəli binanın ikinci mərtəbəsində tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən yumruqla sonuncunun sifət nahiyyəsinə vuraraq ona başın sol gicgah-təpə nahiyəsinin hematomaları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. Üç aydır ki, onunla birlikdə kirayədə yaşayırlar. Eyni zamanda birlikdə Bakı şəhəri, Nizami rayonu, metronun “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən avtoyuma məntəqəsində işləyirlər. Onların münasibəti yaxşı olmuşdur. Bəzən Xəyal işdə olmayanda o, Xəyalın yerinə işləmiş və qazandığı pul Xəyalla aralarında bölmüşdür. Belə ki, xx.xx.2023-cü ildə səhər saat 08 radələrində həmişə olduğu kimi işə getmək üçün Xəyal ilə birlikdə mənzildən çıxmışlar. Bu zaman o, Xəyala şəxsi işləri olduğu üçün onunla birgə gedə bilməyəcəyini bildirmişdir. Xəyal isə ona qazanacağı pulu özünə götürəcəyini demişdir. Bu zaman o, Xəyala narazılığını bildirmişdir və demişdir ki, daha öncələrdə də o, Xəyalın yerinə işləyəndə gəliri yarı bölmüşdür. Bu səbəbdən aralarında mübahisə yaranmış və Xəyal onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, əsəbiləşərək Xəyalın üz nahiyəsindən bir dəfə yumruqla vurmuş və çıxıb getmişdir. Hazırda Xəyalla barışmışdır. Əməlindən peşmandır. Sonda barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 3 aydır ki, birlikdə kirayədə yaşayırlar. Eyni zamanda onlar Bakı şəhəri, Nizami rayonu, metronun “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən avtoyuma məntəqəsində birlikdə işləyirlər. xx.xx.2023-cü il tarixdə işə gedən zaman Kərim onunla birlikdə işə gedə bilməyəcəyini və həmin gün ərzində qazanacağı pulu onunla yarı bölməsini demişdir. Bu zaman o, Kərimə etiraz etmişdir və bununla da aralarında mübahisə yaranmışdır. Mübahisədə Kərim bir dəfə onun üz nahiyəsindən yumruqla vurmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Törədilmiş və ya hazırlanan cinayət barədə məlumatların şifahi qəbulu haqqında 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə yaşadıqları evdən birlikdə pilləkənlərlə düşən zaman mübahisə etmiş və Kərim qəfildən Xəyalı yumruqla vuraraq çıxıb getmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin təhqiqatçısına şifahi formada məlumat vermişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanının qarşısıdır. Baxış zamanı zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən üz nahiyəsindən yumruqla vurulduğunu bildirmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertiza və X1 Publik Hüquqi şəxsinin Nərimanov rayon şöbəsinin 07 mart 2023-cü il tarixli, 247 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – başın sol gicgah – təpə nahiyəsinin hematomaları küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Məhkəməyədək sadələşdirilmiş icraat işinin başlanması haqqında” 07 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə AR CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs artıq bir dəfə 13 oktyabr 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edildiyinə görə o, təkrar olaraq zərərçəkmiş şəxsin onunla barışması səbəbi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki işi üzrə məsuliyyətdən azad edilə bilməz. Odur məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasnı nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. “Femida” vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar