Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-215/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının 17-də, saat 14 radələrində müvəqqəti qaldığı ünvan 2 ünvanda yerləşən “555” avtoyuma məntəqəsindən vətəndaş Zərərçəkmiş şəxs məxsus 540 manat dəyərində «X8 9 Pro» markalı mobil telefonu, bir ədəd 20 manat dəyərində pul qabını və pul qabının içərisində olan 27 manat pulu gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə ümumilikdə 587 manat dəyərində ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 14.03.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, A.Gəraybəyli küçəsində yerləşən “555” avtoyuma məntəqəsinə yaxınlaşmış və icarədar olan Zərərçəkmiş şəxs yaşamağa yeri olmadığı üçün orada yaşamaq, həmdə ona köməklik etmək üçün ondan icazə almışdır. Zərərçəkmiş şəxs isə onun bu sözünə etiraz etməyib razılıq vermişdir. O, təxminən 3 gün orada qalmış və orada gecələmişdir. 17.03.2021-ci il tarixdə saat 14:00 radələrində məntəqədə olan zaman Ramin avtoyuma məntəqəsinin arxasında olan kanalizasiya borularında yaranan problem səbəbindən məntəqənin arxasına getmişdir. Ramin oradan getdikdən sonra o, masanın üzərində Raminə məxsus 01 ədəd “X8 9 Pro” markalı mobil telefonu və qara rəngli pul kisəsini görüb maddi imkanı çox zəif olduğundan həmin telefonu və pul kisəsini oğurlayaraq mobil telefonu satıb pul əldə etmək, həmçinin pul kisəsində olacaq pulu da öz ehtiyaclarına xərcləmək qərarına gəlmişdir. Bu səbəbdən o, gizli yolla heç kim görmədən, həmin telefonu və pul kisəsini oğurlayaraq məntəqədən çıxıb getmişdir. Həmin mobil telefonu öz üzərində saxlamış və pul kisəsinin içərisində olan 27 manat pulu isə öz ehtiyyaclarına xərcləmişdir. Sonradan bilmişdir ki, onu polis əməkdaşları axtarırlar və o da qorxusundan telefonu satmamışdır. Həmin mobil telefonu və pul kisəsini təhqiqata təqdim etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanda yerləşən “555” avtoyuma məntəqəsinin icarədarıdır və həm də həmin avtoyuma məntəqəsində yuyucu işləyir. Belə ki, 14.07.2021ci il tarixdə işdə olduğu zaman Təqsirləndirilən şəxs ona yaxınalaşaraq yaşamağa yerinin olmadığını deyib məntəqədə yaşamasına icazə verməsini xahiş etmişdir. O da Mahirlə razılaşmış və məntəqədə yaşamasına icazə vermişdir. 17.03.2021-ci il tarixdə günorta saatlarında kanalizasiya borularında problem yarandığından məntəqənin arxasına getmiş və Mahir məntəqədə qalmışdır. Orada təxminən bir neçə dəqiqə qaldıqdan sonra məntəqəyə qayıtmış və görmüşdür ki, Mahir orada yoxdur. Bundan sonra məntəqədəki masanın üzərinə baxdıqda görmüşdür ki, içərisində 27 manat pul olan pul kisəsi və özünə məxsus “X8 9 Pro” markalı mobil telefonu masanın üzərində yoxdur. Bu zaman ona aydın olmuşdur ki, pul kisəsi və mobil telefonunu Mahir oğurlamışdır. Oğurlanmış pul kisəsinin qiyməti 20 manat mobil telefonun qiyməti isə 650 manat təşkil edir. Həmin mobil telefonu 2021-ci ilin yanvar ayında almışdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 6-10-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 17.03.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X2, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərini rəhbər tutaraq həmin protokolu ondan ötrü tərtib etmşdir ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə ünvan 3 ünvana baxış keçirmişdir. Hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur ki, həmin ünvanda yaşayış binası, insanların istirahəti üçün nəzərdə tutulan kişik park vardır. Binanın qarşısında üzərndə “Avto yuma 555” yazısı olan məntəqə vardır. Məntəqənin qapısı boz rəngli olmaqla dəmirdəndir. Məntəqənin sol tərəfində 03 ədəd təkər, sağ tərəfdə yuyucu aparat və istirahət otağı vardır. İstirahət otağının kənarları plastikdir və içəridə 01 ədəd isitmə aparatı, 02 ədəd oturacaq və 01 ədəd stol görünür.Vətəndaş Zərərçəkmiş şəxs deməsinə görə mobil telefon və içərisndə 27 manat pul olan pul kissəsi həmin stolun üzərindən oğurlanmışdır. Baxış süni işıqlanma şəraitində həyata keçirilmişdir, baxış zamanı iş üçün əhəmiyyətli heç bir əşya, predmet götürülməmişdir, baxış zamanı heç bir şikayət və tələb daxil olmamışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək tərtib olunmuş, protokola əlavə olunmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 16-18-ci vərəqələrində olan “Könüllü təqdim olunan əşyaların götürülməsi barədə” 18.03.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X3, Azərbaycan Respublikası CPM-nin 51, 86-cı maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, PB-nin CA üzrə əməliyyat müvəkkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs 17.03.2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “555” avtoyuma məntəqəsindən gizli yolla oğurladığı Zərərçəkmiş şəxs məxsus 01 ədəd “X8 9 Pro” markalı mobil telefonu və 01 ədəd qara rəngli pul kisəsini könüllü olaraq təhqiqata təqdim etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 48-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 19.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 50-52-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.03.2021ci il tarixli, 9/1677 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Xiaomi” markalı, “M2003J682G” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarları ilə birlikdə orta bazar qiyməti təxminən 540.0 manat müəyyən olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 55-ci vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış 30.03.2021-ci il tarixli iltizamdan görünür ki, oğurlanmış özünə məxsus “X8 9 Pro” markalı mobil telefonunu və qabını təhvil almışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 56-58-ci vərəqələrində olan “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə sübutların qiymətləndirilməsi barədə” 29 mart 2021-ci il tarixli qərardan görünür ki, «X8 9 Pro» markalı mobil telefonun və bir ədəd pul qabının maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs qaytarılması qərara alınmşdır. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfndən yazılmış 12.04.2021-ci il tarixli ərizədən görünür ki, 1(005)-215/2021 saylı sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan tam ödənilmişdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-215/2021 nömrəli, 19 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs yeri müəyyən edildikdə onun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin tutulmasına dair” 16 may 2021-ci il tarixli protokoldan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərarına əsasən barəsində açılmış 61407 nömrəli axtarış işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 5 ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı 16.05.2021-ci il tarixli, 079-Aİ61407 nömrəli məktubundan görünür ki, 61407 nömrəli axtarış işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq məhkəməyə təqdim olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir.». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir.». Məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs ilə barışmasını, vurulmuş ziyanı tamamilə ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, barəsində qəbul edilmiş axtarış qərarı əsasında saxlanılması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - «X8 9 Pro» markalı mobil telefonun və bir ədəd pul qabının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan - «X8 9 Pro» markalı mobil telefonun və bir ədəd pul qabının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-215/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-215/2021
26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver