Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-216/2024 18.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 yanvar 2024-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq, təmiz çəkisi 32,55 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, təmiz çəkisi 1,948 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 0.835 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 08 yanvar 2024-cü il tarixdə saat 23:45 radələrində Bakı şəhəri, Nərimanov rayonu. İ.Hidayətzadə küçəsində “Funda” klinikasının yaxınlığında özünü şübhəli apardığı üçün Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 4 ünvanda yerləşən Nərimanov Rayon Polis İdarəsinə gətirildikdən sonra xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən üzərinə “Cohoco loc" yazılmış 01 ədəd plastik qutunun içərisində 01 ədəd sellofan bükümdə təmiz çəkisi 32,55 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd sarı rəngli dairəvi formada olan plastik qutunun içərisində 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,948 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,835 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və əynindəki gödəkcəsinin sol yan cibindən üzərində heroinin və metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, son vaxtlar yadında qalmayan sosial şəbəkədə özünü İran İslam Respublikasının vətəndaşı İlqar adlı şəxs kimi təqdim etmiş şəxslə tanış olmuşdur. İlqar adlı şəxs ona lazım olanda narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. Bir neçə dəfə həmin şəxsdən narkotik vasitə əldə etmişdir. Belə ki, İlqar adlı şəxslə hazırda yadında qalmayan xarici mobil nömrəsi ilə “Whatsapp" tətbiqi vasitəsilə əlaqə saxlayırdı. Onun hazırda yadında qalmayan nömrəsinə pulu göndərirdi, İlqar da ona narkotik vasitəni qoyduğu yeri deyirdi və oradan gedib götürürdü. Sonuncu dəfə isə 2 gün əvvəl yəni, xx.xx.2024-cü il tarixdə İlqardan narkotik vasitə heroin, qurudulmuş marixuana və psixotrop maddə istəmişdir. Qeyd etdiyi kimi İlqarın hazırda yadında qalmayan mobil nömrəsinə “M 10" vasitəsilə 150 manat pul göndərdi və İlqarın dediyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində hazırda xatırlamadığı yerdə yolun kənarında gizlədilmiş vəziyyətdə sellofan torbanın içərisində götürmüşdür. Daha sonra o, yaşadığı evdə həmin narkotik vasitələri elektron tərəzidə çəkib bükümlərə ayırmışdır. 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini və 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamini dairəvi formada olan sarı rəngli 01 ədəd plastik qutunun içərisinə, 01 ədəd sellofan bükümdə qurudulmuş marixuananı isə üzərinə "Choco loc” sözləri yazılmış 01 ədəd plastik qutunun içərisinə qoyub tərəzi ilə birlikdə gödəkcənin ciblərinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 23:45 radələrində Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində yerləşən “Funda” klinikasının yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib Nərimanov RPİ-nin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları şübhələnib onu Nərimanov RPİ-nə dəvət etmişlər. Nərimanov RPİ-də ona dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutuldu, hüquq və vəzifələri izah edildikdən sonra üzərində vəkilinin və onu polis idarəsinə dəvət edən iki nəfər polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı baş təhqiqatçı ona üzərində olan əşyaları könüllü olaraq çıxarıb təqdim etməyini bildirmişdir. O da artıq ifşa olunduğunu bilib əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən üzərinə “Cohoco loc” sözləri yazılmış 01 ədəd plastik qutunu, 01 ədəd dairəvi formada olan sarı rəngli plastik qutunu, əynindəki gödəkcənin sol yan cibindən üzərinə “Richer” sözləri yazılmış 01 ədəd karton qutunu, üzərinə “Aosai” sözləri yazılmış 01 ədəd qara rəngli elektron tərəzini, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd 1 manatlıq pulları və özünə məxsus 01 ədəd şəxsiyyət vəsiqəsini, əynindəki şalvarının sol yan cibindən isə 01 ədəd “Honor” markalı qara rəngli mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Baş təhqiqatçı tərəfindən təqdim etdiyi qeyd olunan əşyalara baxış zamanı üzərinə “Cohoco loc" sözləri yazılmış 01 ədəd plastik qutunun içərisindən 01 ədəd sellofan bükümdə yaşıl rəngli, quru halda bitki kütləsi, 01 ədəd dairəvi formada olan sarı rəngli plastik qutunun içərisindən 01 ədəd sellofan bükümdə ağ rəngli, kristalşəkilli maddə və 01 ədəd sellofan bükümdə qəhvəyi rəngli, toz halında maddə olması aşkar olunmuşdur. Başqa üzərindən heç nə aşkar olunmamışdır. İlkin sorğu zamanı həmin maddələri özü istifadə etmək və satış məqsədilə əldə etdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni xx.xx.2024-cü il tarixdə sosial şəbəkədə tanış olduğu, özünü ona İran İslam Respublikasının vətəndaşı İlqar kimi təqdim edən, başqa anket məlumatlarını və ünvanını bilmədiyi şəxsdən 150 manat müqabilində əvvəlcədən ona dediyi yerdən yəni Biləcəri qəsəbəsində hazırda xatırlamadığı yerdə yolun kənarında gizlədilmiş vəziyyətdə sellofan torbanın içərisində götürüb əldə etmişdir və o həmin narkotik vasitələri və psixotrop maddəni həm öz istifadəsi, həm də satış məqsədilə əldə edib üzərində saxlamışdı. Lakin, polis əməkdaşları tərəfindən saxlanıldığı üçün niyyətini həyata keçirə bilmədi və kiməsə həmin maddələrdən satmamışdır və onun başqa heç bir yerdə narkotik vasitə və psixotrop maddə yoxdur. Lakin üzərindən çıxan tərəzi barədə bildirmək istəyir ki, həmin tərəzini uzun müddət əvvəl, mağazaların birindən almışdır. Məqsədi bu idi ki, narkotik vasitə və psixotrop maddə alarkən, çəkidə aldanılmamağı üçün özü tərəzidə çəkmək, həmçinin də yuxarıda qeyd etdiyi kimi narkotikin pulunu bərpa etmək üçün satası olsa çəkisini müəyyən etmək olmuşdur. Aşkar edilmiş bükümlər və elektron tərəzi baş təhqiqatçı tərəfindən zərflərə qoyulub qablaşdırıldı, zərfin üzəri, o, və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olundu, tərtib edilmiş protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, 08 yanvar 2024-cü il tarixdə saat 23:45 radələrində Bakı şəhəri, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində verişən “Funda" klinikasının yaxınlığında şəxsiyyəti sonradan Təqsirləndirilən şəxs kimi məlum olan şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşıb, özlərini təqdim etmişlər və sonradan Fariz kimi məlum olan şəxs verilən suallara qeyri-səmimi cavablar verdiyindən özünü şübhəli apardığı üçün həmin şəxsi Bakı şəhəri, Nərimanov RPİ-yə dəvət etmişdirlər. Bakı şəhəri. Nərimanov RPİ-də xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunduqdan, sonra şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildi və videoçəkiliş aparılaraq üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla daşınması, gəzdirilinəsi qadağan olunmuş hər hansı əşyanın olub-olmaması və əgər varsa təqdim etməsi təklif olunduqdan, sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən üzərində “Cohoco loc” sözləri yazılmış 01 ədəd plastik qutunu, 01 ədəd dairəvi formada olan sarı rəngli plastik qutunu, əynindəki gödəkcəsinin sol yan cibindən üzərinə “Richer” sözləri yazılmış 01 ədəd karton qutunu, üzərinə “Aosai" sözləri yazılmış 01 ədəd qara rəngli elektron tərəzini, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd 1 manatlıq pulları və özünə məxsus 01 ədəd şəxsiyyət vəsiqəsini və əynindəki şalvarının sol yan cibindən 01 ədəd “Honor” markalı qara rəngli mobil telefonu çıxardaraq təqdim etmişdir. Təqdim olunan əşyalara təhqiqatçı tərəfindən baxış zamanı üzərinə “Cohoco loc" sözləri yazılmış 01 ədəd plastik qutunun içərisindən 01 ədəd sellofan bükümdə yaşıl rəngli, quru halda bitki kütləsi. 01 ədəd dairəvi formada olan sarı rəngli plastik qutunun içərisindən 01 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli maddə və 01 ədəd sellofan bükümdə qəhvəyi rəngli, toz halında maddə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində başqa əşyanın olmamasını bildirdiyinə baxmayaraq, üzərinə baxış keçirilmiş, lakin başqa əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş əşyalar barədə Təqsirləndirilən şəxs soruşduqda həmin maddələri özü istifadə etmək və satış məqsədi ilə Biləcəri qəsəbəsində əvvəlcədən deyilmiş yerdən götürərək əldə etməsini bildirdi. Bundan sonra aşkar edilmiş maddələr olan bükümlər zərfə qoyularaq qablaşdırıldı, bununla bağlı protokol tərtib olundu və imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Bakı şəhəri, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə saat 01:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində axtarış və götürmə aparılması barədə” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən üzərinə “Cohoco loc” yazılmış 01 ədəd plastik qutunun işərisində 01 ədəd sellofan bükümdə təmiz çəkisi 32,55 qram bitki mənşəli kütlə,tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmılş narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd sarı rəngli dairəvi formada oları plastik qutunun işərisində 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,948 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,835 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və gödəkcəsinin sol yan cibindən üzərində heroinin və metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-kimyəvi ekspertizasının 09 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/70 №-li rəydə qeyd olunmuşdur ki. tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün № 44» dairəvi möhür əksi və «. ..dörd-imza, tərtib etdi: M.Cavadov-imza,..» yazı əlavəsi qeyd edilmiş üç ədəd kağız zərflərdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 1,948 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir; 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,835 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitolər»in siyahısına (Siyahı İ), metamfetamin - «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi -1.948 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,898 qram. Metamfetaminin təmiz çəkisi -0.835 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,785 qram. Ekspertiza tədqiqatının dəyəri 92 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/37 №-li rəydə qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 32,55 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatının dəyəri 72 manat təşkil edir. “Əməlin tövsif edilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-27/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, AR CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X9 X1 xx.xx.2024-cü il tarixli 1223 nömrəli rəyindən göründüyü kimi, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 609 nömrəli rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulmas, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölşüb-biçmək və onları idarə etmək iqtidarındadır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin 18 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3 maddəsinə əsasən 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış və 12 oktyabr 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. "xxxx" MMC-dən 14 fevral 2024-cü il tarixdə, 3100 nömrəli məktubla daxil olmuş “CD" diskə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99451 *** ** ** mobil telefon nömrəsinə aid texniki məlumatları özündə əks etdirən “CD” diskdə texniki məlumatlar 04 ədəd faylda yerləşdirilmişdir. 1 və 2-ci faylda əhatə dairələrinə dair anten məlumatları, 3-cü faylda sms tarixçələri, 4-cü faylda isə aparılmış danışıqların tarixçəsi yerləşdirilmişdir. Texniki məlumatlar xx.xx.2023-ci il tarixdən xx.xx.2024-ci il tarixədək olan dövrü əhatə edir. Əhatə dairələrinə dair anten məlumatlarına baxış zamanı müəyyən edilmişdir ki, +99451 *** ** ** mobil telefon nömrəsi 08 yanvar 2024-cü il tarixdə saat 22:22:38-də Bakı şəhəri, Nərimanov rayonu Heydər Əliyev prospekti 10 ünvanında, 08 yanvar 2024-cü il tarixdə saat 22:28:00-da Bakı şəhəri ’Nərimanov rayonu Heydər Əliyev prospekti 10 ünvanında, 08 yanvar 2024-cü il tarixdə saat 22:34:07-də Bakı şəhəri, Nərimanov rayonu Heydər Əliyev prospekti 10 ünvanında, 08 yanvar 2024-cü il tarixdə saat 22:35:27-də Bakı şəhəri, Nərimanov rayonu Heydər Əliyev prospekti 10 ünvanında, 08 yanvar 2024-cü il tarixdə saat 22:44:50-də Heydər Əliyev prospekti 2 ünvanında yerləşən "Excelsior" Hoteldə. 08 yanvar 2024-cü il tarixdə saat 22:58:16-da Bakı şəhəri, Nərimanov rayonu Heydər Əliyev prospekti 10 ünvanında və 09 yanvar 2024-cü il tarixdə saat 00:10:08-də Heydər Əliyev prosekti ünvanlarında göstərilən anten dairəsi əhatəsində olduğu müəyyən olunmuşdur. Bununla da, əhatə dairələrinə dair anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdə saat 23:45 radələrində Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində yerləşən “Funda” klinikasının yaxınlığında olan zaman saxlanılması öz təsdiqini tapmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə” istintaq hərəkətlərinin nəticələrini özündə əks etdirən videogörüntülər olan 01 ədəd “DVD” disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd disk maddi sübut hesab edilməsi və ********* saylı cinayət işinə əlavə edilməsi qərara alınmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamı əsaslı hesab etməklə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünümüdafiə xarakteri daşımasını təsdiq edir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 0,785 qram psixotrop maddə olan metamfetamin, 1,898 qram heroin və 32,5 qram marixuananın qalıq çəkisi və tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk, Azercell” MMC-dən daxil olmuş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, maddi sübut “HONOR X5 Plus” markalı WOLD-LX1 modelli mobil telefon sahibinə qaytarılmalıdır (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil X5 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil X3 məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçimiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 0,785 qram çəkidə psixotrop maddə metamfetamin, 1.898 narkotik vasitə heroin və 32,5 qram marixuana və tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD disk, Azercell” MMC-dən daxil olmuş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Nərimanov RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 1 ədəd “HONOR X5 Plus” markalı WOLD-LX1 modelli mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə ekspertiza xərcləri 164 (yüz altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz saksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-216/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-216/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver