Məhkəmə qərarları › İş №1(005)-217/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-217/2022

23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-217/2022 23.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X1 iştirakları ilə, xx.xx.1976-cı ildə Tərtər rayonu, Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 2022-ci ilin fevral ayının 9-da, saat 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanındakı mənzilində xadiməçi işləyərkən həmin mənzilin yataq otağında olan sonuncuya məxsus əl çantasının içərisindən 510 manat məzənnəsində 300 ABŞ dolları gizli olaraq talamaqla oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında xadiməçi işləmişdir. Belə ki, Zərərçəkmiş şəxs yaşadığı mənzilin yataq otağındakı əl çantasında pulun olması barədə məlumatı olmuşdur. 09.02.2022-ci il tarixdə mənzildə heç kəsin olmamasından istifadə edərək həmin əl çantasının içərisində olan 300 ABŞ dolları pulu götürərək özündə saxlamışdır. Hal-hazırda həmin 300 ABŞ dolları pulu qaytarmışdır. Sonda təqsirləndirilən şəxs X5 törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını və dəyən ziyanı tam ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun yaşadığı Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 14 saylı binanın 22-24 saylı mənzilində təxminən 4 ay xadiməçi işləmişdir. 09.02.2022-ci il tarixdə saat 13 radələrində yaşadığı mənzildə olan zaman mənzilin yataq otağındakı əl çantasına baxdıqda oradan 300 ABŞ dolları pulun oğurlanmasını aşkar etmişdir. O, bununla bağlı xadiməçi Təqsirləndirilən şəxs şübhələndiyi üçün 10.02.2022-ci il tarixdə mənzilin yataq otağında quraşdırılmış kameradakı qeydə alınmış görüntülərə baxış keçirmiş və məlum olmuşdur ki, həmin 300 ABŞ dolları pul xadiməçi Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Bu səbəbdən qeyd olunan hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəməyədək sadələşdirilmiş icraat materialının 6-8-ci vərəqələrində olan, “Hadisə yerinə baxış keçirilməsi barədə” 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nın təhqiqatçısı Emin Səfərov Bakı şəhəri Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 14 mənzil 22-24-da baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinə gəlib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 236-cı maddəsini rəhbər tutub Zərərçəkmiş şəxs, hal şahidləri X4 və X6 iştirakı ilə hadisə yerinə baxış zamanı aşağıdakılar müəyyən etmişdir. Oğurluq hadisəsi baş vermiş mənzil Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 14-də yerləşir. Həmin bina 16 mərtəbəli olmaqla 3 girişdən ibarətdir. Hadisə baş verən 22-24 saylı mənzil binanın 1-ci girişində 7-ci mərtəbədə yerləşir. Qeyd olunan mərtəbəyə lift vasitəsilə qalxmış, giriş qapısından daxil olduqda dəhlizə daxil olmuş və dəhlizə 5 taxta materialdan olan qapı açılmışdır. Mənzil 5 otaqdan, 1 mətbəxdən və 3 sanuzeldən ibarətdir. Hadisə mənzilin yataq otağında baş vermişdir. Otağın döşəməsi taxta parketdən, tavan ağ boya ilə boyanmış, divarlar isə rəngli və naxışlı divar kağızı ilə örtülmüşdür. Otağa daxil olduqda sağ tərəfdə paltar şkafı, şkafla üz-üzə güzgülü kamot və kamotun sol tərəfində isə oturacaq masası vardır. Oğurluq olunan əl çantası oturacaq stulun üzərində olmuşdur. Hadisə yerinə baxış süni işıqlandırma şəraitinə keçirilmişdir. Hadisə yerinə baxış keçirilərkən iş üçün əhəmiyyətli heç bir əşya, predmet götürülməmişdir. Hadisə yerinə baxış keçirilərkən və protokol tərtib olunarkən iştirakçılar tərəfindən irad və təklif daxil olmamışdır. Fotoşəkillər iş materiallarına əlavə edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 11-ci vərəqində olan “Könüllü təqdim olunan diskin götürülməsi barədə” 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X10 Azərbaycan Respublikası CPM-nin 51, 86-cı maddələrinin tələblərinə əsasən tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanın yataq otağında quraşdırılmış müşahidə kamerasında xadiməçi Təqsirləndirilən şəxs törətdiyi oğurluq hadisəsi əks olunmuş görüntünü disk şəklində könüllü olaraq təhqiqata təqdim etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 12-ci vərəqində olan Nərimanov RPİnin 16-cı PB-nın təhqiqatçısı X10 icraatında olan Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış 1HK-154 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinə əsasən tərtib etmişdir həmin protokolu ondan ötrü ki, 10.02.2021-ci il tarixdə bölmənin inzibati binasında xidməti otağında Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 14 saylı binanın 22-24 saylı mənzilində quraşdırılmış müşahidə kamerasında qeydə alınmış 09.02.2022-ci il tarixdə həmin mənzilin yataq otağında baş vermiş oğurluq hadisəsinin çəkilişini özündə əks etdirən Zərərçəkmiş şəxs təqdim etdiyi diskə baxış keçirtmişdir. Baxış aparılarkən istifadə olunmuş texniki vasitələr: “HP” markalı kompyuter. Baxış keçirilən disk “HP” markalı kompüter vasitəsilə açılmış və diskin yaddaşında 1 ədəd videofaylın olması müəyyən edilmişdir. Videofaylda baxış keçirilərkən videogörüntüdə 09.02.2022-ci il tarixdə bir nəfər xanımın yataq otağına daxil olması, təxminən 1 dəqiqə sonra otağı tərk etməsi, daha sonra isə yenidən qayıdaraq oturacağın üzərində olan əl çantasından bir neçə ədəd pul əskinazını götürərək pəncərə kənarına keçməsi müşahidə olunmuşdur. Bununla da, diskin yaddaşında olan görüntülərə baxış başa çatmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 21-ci vərəqində olan “Könüllü təqdim olunan pulun götürülməsi barədə 11 fevral 2022-ci il tarixli protokolundan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X10 Azərbaycan Respublikası CPM-nin 51, 86cı maddələrinin tələblərinə əsasən tərtib etmişdir həmin protokolu ondan ötrü ki, X5 09.02.2022-ci il tarixdə xadiməçi işlədiyi ünvan 2 ünvanın yataq otağındakı əl çantasından oğurladığı Zərərçəkmiş şəxs məxsus 510 manat ekvivalentində 300 ABŞ dolları pulu könüllü olaraq təhqiqata təqdim etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 52-ci vərəqində olan 11 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X10 tərtib etmişdir həmin protokolu icraatında olan vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında böyük ictima təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinin tələbinə əsasən ondan ötrü ki, 300 ABŞ dolları pulu Zərərçəkmiş şəxs təhvil vermişdir. Fotoşəkil iş materiallarına əlavə edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 54-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 23.05.2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, hazırda heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X5 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X5 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən X1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X1 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası haqqında məhkəmənin hökmünün surətini və müvafiq göstərişinin icra məmuru tərəfindən alındığı gündən sonra on beş gün müddətində cəzanın çəkilməsinə cəlb olunurlar. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanın müddəti saatla hesablanır. Təqsirləndirilən şəxs X1 cəza çəkmə müddətinin əvvəli onun ictimai işlərə cəlb olunduğu vaxtdan hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X1 Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 480 (dörd yüz səksən) saat ictimai işlər növündə cəza təyin edilsin. X1 cəza çəkmə müddətinin əvvəli cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. X1 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası X1 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar