Məhkəmə qərarları › İş №1(005)-217/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-217/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-217/2023 30.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, müdafiəçi - “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi 42 saylı inzibati binada qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində fərdi evdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2021-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs ona məxsus 7000 manat dəyərində «Saipa-Tiba» markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanda yerləşən Bakı Metropoliteninin «Ulduz» stansiyası yaxınlığında avtomobili təmir sexinin qarşısında təmir etdirib 3 il müddətinə icarəyə götürüb, hər gün ona 20-25 manat məbləğində pul vəsaiti ödəyəcəyini yalandan vəd verib aldatmaqla avtomobili ələ keçirərək, 2022-ci ilin yanvar ayının sonunda həmin avtomobili şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 500 manata sataraq zərərçəkmiş şəxs Rüfət Feyzullazadəyə 7000 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin dekabr ayında tanışı Şəhriyarın ona zəng etdiyini, əvvəllər tanımadığı Rüfət adlı şəxsin ona sürməyə verdiyi avtomobilin xarab olduğunu və 20 Yanvar metrostansiyasının yanında olduğunu, avtomobili düzəltmək lazım olduğunu, taksiyə minib onun yanına gəlməsini xahiş etmişdir. O, taksiyə minmiş və “20 Yanvar” metrostansiyasının yaxınlığına gələndə artıq avtomobil Yasamal RPİ-nin DYP-nin avtomobil dayanacağında olmuşdur. Şəhriyarı həmin yerdə gördüyünü, yolun kənarında saxlanılmış “Saipa-Tiba” markalı **-ZV-*** dövlət nömrə nişanlı avtomobilin mühərrikinə baxdığını və mühərrikdə nasazlığı görüb evakuator çağırılmasını bildirmişdir. Bundan sonra Şəhriyarın təklifi ilə avtomobili evakuatorla Şəhriyarla birlikdə Rüfətin yaşadığı Satatiska adlanan yerə aparmışlar, sonra Şəhriyar çıxıb getmişdir. Həmin yerə gələn Rüfətlə görüşüb tanış olmuş, ona avtomobil ustası olmasını bildirmişdir. Rüfətin təklifi ilə onunla birlikdə avtomobili Nərimanov rayonu ərazisində yerləşən “Ulduz” metrosunun yaxınlığında avtomobil təmir sexinə aparmışlar və orada tanımadığı ustaya avtomobili baxdırmışlar, həmin usta avtomobilin mühərrikinin təmirə və ümumi kosmetikaya ehtiyacı olduğunu bildirmişdir. Rüfət avtomobili həmin yerdə ustalara düzəldirmək istədiyini demişdir. Sonra Rüfətin avtomobili həmin ustalara verməsin deyə, onu kənara çəkib ona avtomobili ucuz qiymətə təmir edə biləcəyini, sonra həmin avtomobili ona icarəyə verməsini, hər günə ona 20-25 manat ödəyəcəyini demişdir. Rüfət ona inanmış və o, Rüfətdən avtomobili sürmək üçün etibarnamə verməsini istəmişdir. Rüfət isə ona avtomobili təmir edib, 2-3 ay icarə pulunu ödədikdən sonra etibarnamə verəcəyini demişdir. 3 il ərzində ödənişi tam etdikdən sonra isə avtomobili onun adına rəsmiləşdirəcəyini bildirmişdir. O, Rüfətlə razılaşmışdır. Rüfət ona mobil nömrəsini və xatırlamadığı bank kart hesab nömrəsini vermiş, pulu həmin karta ödəməsini demişdir. O, razı olmuş, sonra evakuatorla avtomobili Yeni Suraxanıda kirayədə qaldığı evin həyətinə aparıb qoymuşdur. Bundan sonra o, avtomobilin nasazlığını bir neçə gün ərzində özü ehtiyyat hissələri alıb düzəltmiş və avtomobili taksi kimi ərazidə işlətməyə başlamışdır. O, 2022-ci ilin yanvar ayından həmin avtomobili taksi kimi idarə etməyə başlamış və hissəhissə olmaqla cəmi 300 manat Rüfətin kart hesabına pul köçürmüşdür. Bundan sonra o, avtomobili 20-25 gün idarə etmişdir. 2022-ci ilin yanvar ayının təxminən sonunda axşam saatlarında Yeni Suraxanı qəsəbəsində Göl küçəsində avtomobili sürərkən idarə etməni itirmiş və avtomobili yol kənarında yerləşən bardürə, sonra isə yolun kənarında divara toxundurmuşdur. Avtomobilin qabaq hissəsi əzilmiş və avtomobil idarə olunmaz vəziyyətə düşmüşdür. O, avtomobili küçənin kənarında saxlamışdır. Avtomobilin dövlət nömrə nişanlarını üzərindən söküb çıxarıb yaxınlıqdakı kanala tullamışdır. Avtomobil yararsız hala düşdüyündən o, məcburiyyət qarşısında qalaraq həmin avtomobili həmin vəziyyətdə küçədə gəzən və metal yığan şəxslərə satmaq qərarına gəlmişdir. Bundan sonra o, səhəri günü, yəni 2022-ci ilin yanvar ayının sonunda Yeni Suraxanı qəsəbəsində Ə.Məmmədov küçəsində VAZ-21011 markalı dövlət nömrəsini xatırlamadığı, 30-35 yaşlarında olan, anket məlumatlarını, telefon nömrəsini bilmədiyi avtomobili idarə edən şəxslə rastlaşmış və həmin şəxsə avtomobilin özünə məxsus olduğunu, artıq avtomobilin yararsız hala düşdüyünü, metal lom kimi satmaq istədiyini bildirmiş və avtomobili razılaşma yolu ilə 500 manata həmin şəxsə satmışdır. Həmin şəxs heç nədən şübhələnməyərək avtomobili qeyd etdiyi vəziyyətdə ondan almışdır. Həmin şəxs yoldan keçən adamların köməyi ilə avtomobili özünün idarə etdiyi VAZ-21011 markalı avtomobili baqajına yerləşdirərək sürüb getmişdir. O, Rüfətin və Şəhriyarın nömrəsini itirdiyi üçün onlarla əlaqə saxlaya bilməmiş və onlara bu barədə məlumat verə bilməmişdir. Sonra tutulacağından ehtiyyat edib bir müddət polisdən gizlənmişdir. Rüfətə vurduğu ziyanı tam ödəyəcəyinə söz verir və bildirmək istəyir ki, həmi ziyandan anası Rüfətə 200 manat ödəmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, vurulmuş ziyanın bir hissəsinin ödənildiyini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin may ayın 31-də «Saipa-Tiba» markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomaşını 7.300 manata almış, həmin avtomaşını öz adına rəsmiləşdirmiş və mülkiyyətində olmuşdur. Həmin avtomaşına dair 2021-ci ilin mart ayında Şəhriyar adlı şəxsə sürmək üçün etibarnamə vermişdir. Həmin ilin dekabr ayında Şəhriyar ona zəng edərək avtomobilin Yasamal RPİ-nin DYPŞ-nin həyətindəki cərimə meydançasında saxlanıldığını və avtomobilin mühərrikində nasazlıq olduğu üçün çıxara bilmədiyini bildirmişdir. O, Şəhriyara usta çağırmasını, avtomobili təmir etdirməsini və gətirib ona “Statistka”da təhvil verməsini məsləhət görmüşdür. Bir neçə saatdan sonra, sonradan adını bildiyi Mütəllim adlı şəxs ona zəng edərək Şəhriyarın dostu kimi özünü təqdim etmiş və avtomobili hara gətirməsini soruşmuşdur. O, həmin şəxsə avtomobili “Statistika” olan yerə gətirməsini demişdir. O, sonra tanışı Elsevərə zəng edərək avtomobilinin mühərrikinin nasaz olduğunu demiş və ondan yaxşı avtomobil mühərriki ustasını tanıyıb-tanımaması ilə maraqlanmışdır. Elsevər ona Nərimanov rayonu “Ulduz” metrosunun yaxınlğında yerləşən avtomobil təmir sexinə avtomobili aparmasını məsləhət görmüş və özünündə ora gələcəyini, ustalara təmiri tapşıracağını desə də, işi olduğundan gələ bilməmişdir. Sonra o, Elsevərə avtomobili təmir və icarəyə Mütəllim adlı ustaya verdiyini bildirmişdir. Mütəllim avtomobili evakuatorda dediyi yerə gətirmişdir. Sonra Mütəllim ona avtomobilin mühərrikində nasazlıq olduğunu və avtomobilin təmir olunmasını bildirmişdir. Onda o, Mütəllimə avtomobili təmir üçün «Ulduz» metrostansiyasının yaxınlığında olan avtomobil təmiri yerinə aparmasını, orada maşını ustaya göstərib təmir etdirməsini demişdir. Sonra avtomobili həmin yerə aparmışlar. Həmin yerdə tanış ustalar avtomobilə baxıb mühərrikin təmir edilməli olduğunu bildirmişlər. Bu zaman Mütəllim onu kənara çəkib avtomobili ona verməsini, təmiri özü ucuz qiymətə edəcəyini və kosmetik işlərini görə bilməsini, sonra avtomobili ona icarəyə verməsini təklif etmişdir. Onunla danışıb avtomobilin təmiri işlərini özünün görəcəyini, təmir işlərini 20-25 gün ərzində edəcəyini, sonra isə avtomobili gündəliyi 20 manatdan icarə haqqını ona verəcəyini, 3 il ərzində ödənişi tam etdikdən sonra avtomobilin rəsmi qaydada onun mülkiyyətinə verəcəyini razılaşmışlar. Lakin Mütəllim ondan avtomobili sürmək üçün etibarnamə istəsə də, o, Mütəllimə etibarnamə vermədiyini, avtomobil hazır olandan və bir müddət ödəniş etdikdən sonra, təxminən 6 ay sonra sürməyə etibarnamə verə biləcəyini ona bildirmişdir. Mütəllim onun təklifi ilə razılaşmışdır. Sonra şifahi razılaşma əsasında Mütəllim avtomaşını evakuator vasitəsilə özü tək Yeni Suraxanıda olan avtomobil təmiri yerinə aparmışdır. 2022-ci ilin yanvar ayının ortalarında Mütəllimin dediyi təmir müddəti tamam olduğundan o, Mütəllimlə danışmış, Mütəllim isə hələ təmir işlərinin davam etdiyini, tam qurtarmadığını bildirmişdir. Mütəllim təxminən 15 gün ona gündəlik icarə haqqı olaraq 300 manat pul ödəmiş, lakin sonra ödəniş etməmişdir. O, dəfələrlə zəng etsə də Mütəllim onun zənglərinə cavab verməmişdir. O, maşının təmir olunduğu yerə getsə də, orada maşını tapa bilməmiş və maşını apardığı yerdə Mütəllim adlı şəxsi tanımadıqlarını bildirmişlər. Sonra o, Mütəllimin yaşadığı evin həyətinə getmiş, qapını nə qədər döysə də, heç kim qapını açmamışdır. Onda Mütəllimin onu aldatdığını başa düşmüşdür. İşi olduğu üçün o, Avropaya getmiş və bir müddətdən sonra Azərbaycana qayıtmış, yenə Mütəllimi axtarsa da onu tapa bilməmişdir. Sonra o, bu barədə Nərimanov RPİ-nin rəhbərliyinə ərizə vermiş, Mütəllimin avtomaşınını ələ keçirməsi ilə bağlı ona cəmi 7000 manat məbləğində maddi ziyan vurulduğunu bildirmişdir. Sonda Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyandan cəmi 200 manat ödənildiyini və qalan maddi ziyanın qaytarılmasını tələb etdiyini bildirmişdir. Cinayət işinin 24-25-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Məmmədov X3 RPİ-nin tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixində məsuliyyətə cəlb olunmuş və ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Cinayət işinin 41-43-cü vərəqələrində olan “İfadənin yerində yoxlanılması haqqında” 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 2021-ci ilin dekabr ayında Bakı şəhəri, Nərimanov rayonu, Volodarski küçəsi 10 ünvanında yerləşən avtomobil təmir sexinin qarşısında özünə məxsus “Saipa Tiba” markalı avtomobili təmir etdirmək, sonra şifahi razılaşma yolu ilə Təqsirləndirilən şəxs icarəyə verməsini, hər gün 20 manat məbləğində ona pul verəcəyi adı ilə aldadaraq avtomobili ələ keçirməsini bildirmiş və hadisə yerini tam dəqiqliyi ilə göstərmişdir. İfadənin hadisə yerində yoxlanılmasına dair çəkilmiş fotoşəkil protokola əlavə edilmişdir. Cinayət işinin 58-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Cinayət işinin 92-93-cü vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi və MSYdən azad etmə haqqında” 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi və onun saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. Cinayət işinin 98-102-ci vərəqələrində olan “İfadəsinin yerində yoxlanılması haqqında” 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı ərazisində yerləşən “Göl” küçəsində Zərərçəkmiş şəxs məxsus “Saipa Tiba” markalı **-ZV-*** nömrə nişanlı avtomobili yol kənarında bardürə və sonra divara vurduğunu və səhəri günü həmin avtomobili Yeni Suraxanıda Ə.Məmmədov küçəsində metal yığan şəxsə 500 manat pul müqabilində satdığını bildirmişdir. Avtomobili əzdiyi və sonra avtomobili satdığı yeri tam dəqiqliyi ilə göstərmişdir. İfadənin hadisə yerində yoxlanılmasına dair çəkilmiş fotoşəkil protokola əlavə edilmişdir. Cinayət işinin 113-cü vərəqində olan AZE 12611448 nömrəli və AZE 12611449 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, müvafiq olaraq xx.xx.2013-cü il təvəllüdlü Rəhimov Novruzun və xx.xx.2014-cü il təvəllüdlü Rəhimov Yusifin atası kimi Rəhimov Mütəllim, anası kimi Rəhimova Samirə göstərilmişdir. Cinayət işinin 114-115-ci vərəqələrində olan AO seriyalı ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, Məmmədov X4, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cinayət işinin 119-124-cü vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-423/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 günün ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzasının əvvəlinin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması hökm edilmişdir. Cinayət işinin 126-cı vərəqində olan X6 Servisi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, “SAİPA TİBA MİNİK” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 2014-cü il buraxılışlı, M15-8089091 mühərrikli, ban nömrəsi - NAS811100E5825039, ağ rəngli, M.İ.H - 1500 sm3 həcmli avtomobilin orta bazar satış qiyməti 7000 (yeddi min) manat təşkil edir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 217/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinin 26 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 07 ay 27 gün hissəsi icra edilmiş, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 06 ay 29 gün hissəsi çəkilməmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu vurulmuş maddi ziyandan 200 manat ödəniş etmişdir. Vurulmuş ziyanın qalıq hissəsini tələb edir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyandan qismən ödəniş etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırki iş üzrə cinayət əməli həmin hökm üzrə məhkumluğunun yaranmasından əvvəl törədilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-423/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə cəza təyin edilməli, onun 29 may 2022-ci il tarixdən 31 may 2022-ci il tarixədək, 21 fevral 2023-cü il tarixdən 23 fevral 2023-cü il tarixədək və 04 avqust 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki iddia verərək, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs vurulmuş zərərin əvəzi olaraq 7000 (yeddi min) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs tərəfindən 200 (iki yüz) manat mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs ödənilmişdir. Bu hal mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsi ilə də təsdiq olunur. Beləliklə məhkəmə hesab edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməli, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 6800 (altı min səkkiz yüz) manat məbləğində vəsait tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-423/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 may 2022-ci il tarixdən 31 may 2022-ci il tarixədək, 21 fevral 2023-cü il tarixdən 23 fevral 2023-cü il tarixədək və 04 avqust 2023-cü il tarixdən 30 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (06 ay) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 6800 (altı min səkkiz yüz) manat maddi ziyan tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs ödənilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar