Məhkəmə qərarları › İş №1(005)-217/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-217/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-217/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X2 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçisi “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Naxçıvan MR-nin Şərur rayonu Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 03 (üç) övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan MR-nin Şərur rayonu Düdəngə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsində fərdi evdə kirayədə yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdə, saat 02 radələrində özünə məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia CEED” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətində soldan 3-cü zolaqda “Eurohome” tikinti materialları satış bazarının qarşısında hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq, yol-hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə hərəkətin təhlükəsizliyini təmin etməli, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkətdə olduğu zaman dayanmış avtomobildən hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı olduğu halda və qeyd olunan tələblərə əməl etməklə; hadisənin qarısını almaq üçün tədbirləri görməyə texniki cəhətdən imkanı olduğu halda, qanunun bu tələblərinə əməl etməyərək idarə etdiyi avtomobilin qabaq hissəsi həmin istiqamətdə yolun kənarında dayanmış Şahid məxsus “MAN” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin “SCHMİTZ” markalı **-ZB-*** nömrə nişanlı qoşqusunun arxa hissəsi ilə toqquşmuş və nəticədə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan idarə etdiyi “Kia CEED” minik markalı avtomobildə olan zərərçəkmiş şəxs X4 baş beyin toxumasına, qişalar altına və yan mədəciklərə qansızma, burun, alın sümüyünün kəllə əsasına keçən sınığı, alın nahiyəsinin yumşaq toxumasının iç səthinə qansızma, burun nahiyəsinin əzilmiş-cırılmış yarası, hər iki göz ətrafının hemotoması, alın nahiyəsinin sıyrığı, sol çiyin qurşağının və sol əlin arxa səthinin qançırları ilə müşayiət olunan və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alaraq ölümünə səbəb olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə ilə razılaşır, lakin yük avtomobilinin yolun ortasında dayandığı üçün hadisənin baş verdiyini söyləmişdir. O, bildirmişdir ki, fərdi qaydada əmək fəaliyyəti ilə məşğuldur, 03 (üç) övladı vardır. Təxminən 2 ildir "KİA Ceed" markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında arvadı X7 və 6 yaşlı oğlu X9 ilə birlikdə qardaşının yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsinə getmişdir, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində ailəsi ilə birlikdə qardaşının evindən çıxaraq idarə etdiyi avtomobilə əyləşərək yaşadığı evin istiqamətində hərəkətə başlamışdır. Arvadı oğlu ilə birlikdə avtomobilin arxa oturacağında əyləşmişlər. Saat 02 radələrində Z.Bünyadov prospektində yerləşən "EvroHome" tikinti materiallarının satışı bazarının qarşısında 70 km/saat sürətlə soldan 3-cü zolaqla hərəkətdə olan zaman hərəkət zolağının qarşısında yük avtomobilinin dayandığını görmüşdür. O, həmin yük avtomobilini sağdan ötmək istəyən zaman sağ zolaqdan da avtomobilin hərəkət etdiyini görmüş və onu sağdan ötə bilməmiş, ani vaxtda yola baxan zaman artıq yük avtomobilinə çatdığını görmüşdür. O, avtomobilin əyləcini sıxmağını çatdıra bilməmiş və bu zaman idarə etdiyi avtomobillə qarşıda dayanmış yük avtomobili ilə toqquşmuşdur. Bir neçə saniyədən sonra özünə gəlmiş və dərhal arxa oturacaqda əyləşən oğlu və arvadına yaxınlaşmış, arxa oturacağın qapısını açaraq ilk öncə oğlunu qucağına alaraq ona yaxınlaşmış yük avtomobilinin sürücüsünə vermiş, sonra isə o biri arxa oturacağın qapısını açmış, arvadı Fatmanın huşsuz vəziyyətdə olduğunu, üz nahiyyəsindən qan gəldiyini görmüş, Fatmanı idarə etdiyi avtomobildən düşürdərək yerə uzatmış və Fatmanın nəfəs almadığını və öldüyünü görmüşdür. Bundan sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası gəlmişdir. Hadisə yerinə gələn həkimlər də Fatmanın baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində öldüyünü bildirmişlər. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, yol nəqliyyat hadisəsi baş verən anda avtomobili 70 km/saat sürətlə yolda soldan 3-cü zolaqla hərəkətdə olmuşdur. İttihamda qeyd olunduğu kimi yük avtomobili yolun kənarında dayanmamışdır, yolun ortasında dayanmışdır. Ötməyə cəhd etsə də alınmamışdır. Hadisə vaxtı o, ayıq olmuş, spirtli içki və narkotik vasitə qəbul etməmiş, sürücülük vəsiqəsi olmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsi zamanı özü və oğlu Dəniz Məmmədovun heç bir xəsarət almadığını bildirmişdir. Avtomobili hadisə vaxtı tam saz vəziyyətdə olmuş, əyləc, sükan və digər sistemlərin normal, işlək vəziyyətdə olmuşdur. Əməlin ehtiyatsızlıqdan baş verdiyini, yük avtomobilinin yolun ortasında dayandığını, özü də ötmək istəyərkən bir anlıq yük avtomobilinə çatdığını görmüş və hadisənin həmin vaxt qarşısını ala bilməmişdir. Əməlindən səmimi peşman olmasını, ilk dəfə yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində ikisi yetkinlik yaşına çatmayan üç övladının olmasını, həyat yoldaşının itirməsinin onun ailəsi üçün ağır hadisə olmasını, hazırda övladlarının yalnız onun himayəsində olmasını, övladlarına baxacaq heç kiimin olmamasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını bildirərək məhkəmədən barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X12 videokonfrans vasitəsilə qoşularaq, Rusiya Federasiyasının Perm şəhərində yaşamaqla orada əmək fəaliyyəti ilə məşğul olduğunu bildirmiş zərərçəkmiş X1 atası olduğunu qeyd etmişdir. İfadə verərək qızı Fatma Abdullayevanın 26 dekabr 1985-ci ildə Naxçıvan MR-ın Şərur rayonunun Zeyvə kəndində anadan olduğunu, 2007-ci ildə qızı Təqsirləndirilən şəxsla ailə həyatı qurduğunu, birgə nigahdan üç övladlarının olmasını və birlikdə Bakı şəhərində yaşadıqlarını qeyd etmişdir.. 29 iyun 2024-cü il tarixdə səhər saatlarında o, Rusiya Federasiyasında olan zaman Zeynalın qardaşı Habil onunla telefon əlaqəsi saxlamış, gecə saatlarında yolnəqliyyat hadisəsinin baş verdiyini və qızı Fatmanın hadisə nəticəsində ağır xəsarət aldığını söyləmişdir. Daha sonra Bakı şəhərinə gəlmişdir. Ümumiyyətlə yoldaşı ilə birlikdə Rusiya Federasiyasının Perm şəhərində yaşadıqlarını, Azərbaycan Respublikasına qısa müddətli gəldiklərini söyləmişdir. Hazırda təqsirləndirilən Təqsirləndirilən şəxs ilə, yəni kürəkəni ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadıqlarını bildirmişdir. Nəvələrinin onun himayəsində olduğunu, atalarından başqa heç kimin uşaqlara baxmaq imkanının olmadığını qeyd edərək, şikayət etmədiklərini və buna görə də yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, "MAN" markalı **-CK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ona məxsus olmuşdur. Həmin yük avtomobilini təxminən 11 ay olar ki, idarə etmişdir, həmin avtomobillə Rusiya Federasiyasına gedib və orada yükləri boşaltdıqdan sonra geri Azərbayacan Respublikasına qayıtmışdır. xx.xx.2024-cü il tarixdə Azərbayacan Respublikasının sərhəddinə daxil olmuş və Bakı şəhəri istiqamətində hərəkətə başlamışdır. Bakı şəhərinə çatdıqda avtomobildə nasazlıq olduğundan Binəqədi rayonunda "London" qarajı deyilən yerə getmiş və orada avtomobilini təmir etmişdir. Saat təxminən 01 radələrində avtomobili təmir etdirib qurtardıqdan sonra o, qarajdan çıxmış və əvvəlcədən ona göndərilmiş ünvan istiqamətində hərəkətə başlamışdır. Saat 02 radələrində Z.Bünyadov prospektində yerləşən "Evro home" tikinti materiallarının satışı bazarının qarşısında idarə etdiyi yük avtomobilini 60 km/saat sürətlə soldan 3-cü zolaqla hərəkətdə olan zaman idarə etdiyi avtomobilində nasazlıq olduğunu görərək qəza işıqlarını yandırmış və avtomobili tam dayanma həddinə gətirmişdir. Avtomobildən enməyə hazırlaşarkən təxminən 10-15 saniyə sonra ucadan səs eşitmiş, güzgüdən arxaya baxan zaman "KİA Ceed" markalı avomobilin onun idarə etdiyi avtomobilin arxa hissəsindən dəydiyini və yol nəqliyyat hadisəsnin baş verdiyini görmüşdür. O, idarə etdiyi avtomobildən düşərək dərhal 'KİA Ceed" markalı avtomobilə yaxınlaşmış, avtomobilin qabaq qapısını açmaq istəyən zaman sürücü əvvələr tanımadığı Təqsirləndirilən şəxs avtomobildən yerə düşmüşdür. Zeynal dərhal idarə etdiyi avtomobilin arxa qapısını açmış və oradan azyaşlını götürərək qucağına alıb uşağı ona vermiş, bundan sonra o, avtomobilin digər arxa qapısını açmışdır. Arxa oturacaqda qadın əyləşmişdir və onun üz nahiyəsindən qan gəldiyini görmüşdür. Sonradan hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası gəlmişdir. Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimləri “KİA Ceed" markalı avtomobildə olan qadının öldüyünü demişlər. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, uzun yol sürücüsüdür, həmin gün idarə etdiyi avtomobili təmirə qoyarkən orada yatıb istirahət etmişdi, yuxusuz deyildi. Yol üç istiqamətli yol idi. Avtomobili qeyd etdiyi kimi, təxminən 60 km/saat sürətlə idarə etmişdir, nasaz olduğunu hiss etdiyi vaxt, yolun kənar hissəsində avtomobili saxlamağa çalışmış, lakin artıq avtomobili idarə etməyin mümkünssüz olduğunu hiss etmişdir, bu zaman avtomobilin işıqlarını yandıraraq, üç istiqamətli yolun kənarına iki qoşa xəttin yanında avtomobili dayandırmışdır. Məhkəmədə tədqiq olunan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 28 iyun 2024-cü il tarixli protokoldan və foto cəvdəllərdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti Koroğlu metrostansiyası istiqamətində “Evrohome” tikinti materialları bazarının qarşısına düşən yolun hərəkət hissəsidir. Hadisə yerində yol iki hərəkət istiqamətindən ibarətdir, zolaqları biri-birindən yol ayrıcısı zolaqları ayırır. Hadisə yerində yol - 4 hərəkət zolağından idarətdir, zolaqları biri-birindən ağ qırıqqırıq zolaqlar ayırır. Yolun asfalt örtüyü yaşdır. Hadisə yerində yolun hərəkət hissəsində heç bir əyləc izi yoxdur. Hadisə yerində nəqliyyat vasitələrinin hərəkəti intensiv olmuşdur. Məhkəmədə tədqiq olunan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aprılan tibbi müayinə” haqqında 1/5806 nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respulikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X20 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 95 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - baş beyin toxumasına, qişalar altına və yan mədəciklərə qansızma, burun, alın sümüyünün kəllə əsasına keçən sınığı, alın nahiyəsinin yumşaq toxumasının iç səthinə qansızma, burun nahiyəsinin əzilmiş-cırılm.ş yarası, hər iki göz ətrafının hemotoması, alın nahiyəsinin sıyrığı, sol çiyin qurşağının və sol əlin arxa səthinin qançırları ilə həyati olub, F.V.Məmmədovanın ölümündən az əvvəl, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqəiyyat hadisəsi zamanı əmələ gəlməsi mükmündür, bilavasitə ölümlə səbəbli əlaqəlidir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. 2. X1 ölümünə səbəb - yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş baş beyin toxumasına, qişalar altına və yad mədəciklərə qansızma olmuşdur. Onun meyiti meyidxanada müayinə olunduğu vaxtdan təxminən 6-8 saat əvvəl baş vermişdir. X4 meyitindən götürülümş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazep törəmələri və salisilatlar aşkar edilməmişdir. (xx.xx.2022-ci il tarixli, 2189/K №-li akt) Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 noyabr 2024-cü il tarixli 8/2784 nömrəli rəyindən görünür ki, “Kia Ceed” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən MAN markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan zərərçəkmiş şəxsin hüquqi varisi X12 tərəfindən yazılmış 03 may 2025-ci il tarixli ərizədən görünür ki, Rusiya Federasiyasının Perm şəhərində yaşamaqla orada əmək fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi barədə” 09 mart 2025-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Ceed” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid məxsus “MAN” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin “ŞCHMİTZ” markalı **-ZB-*** nömrə nişanlı qoşqusu cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən həmin avtomobillər cinayət işi üzrə maddi sübut kimi tanınmış və sahiblərinə geri qaytarılması nəzərə alınmışdır. Məhkmədə tədqiq olunan AE 886853 saylı “Azərbaycan Respublikasının Sürücülük vəsiqəsi”ndən aydın olur ki, Təqsirləndirilən şəxs BC kateqoriysa üzrə sürücülük hüququna malikdir. Məhkmədə tədqiq olunan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində ikisi yetkinlik yaşına çatmayan üç övladı vardır. xx.xx.2021-ci il təvəllüdlü X10, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2005-ci il təvəllüdlü X5r. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində yük avtomobilinin yolun kənarında deyil orta yolda saxlaması ilə bağlı ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokolda, eləcə də təqsirləndirilən şəxsin və şahid ifadələrindən aydın olur ki, “MAN” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili üç istiqamətli yolun kənarında iki qoşa xəttin yanında dayanmış, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində də təsdiq etmişdir ki, yük avtomobilinin dayandığını görmüş, ötmə əməliyyatına başladığını, lakin arxa tərəfdən avtomobilin gəldiyini və buna görə də ötüb keçə bilmədiyini, nəticədə gözlənilmədən yük avtomobilinə dəydiyini qeyd etmişdir. Göstərilən məqamlar təqsirləndirilən şəxsin ittihamda qeyd olunan Şahid məxsus “MAN” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin “SCHMİTZ” markalı **-ZB-*** nömrə nişanlı qoşqusunun yolun kənarında dayanması hissəsi ilə razılaşmaması ilə bağlı ifadəsini təkzib edir. Belə ki, ibtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs və şahidin ifadəsi, iş üzrə zəruri sayılan digər protokollar və ekspertiza rəylərindəndə aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan idarə etdiyi “Kia CEED” minik markalı avtomobildə olan zərərçəkmiş şəxs X4 baş beyin toxumasına, qişalar altına və yan mədəciklərə qansızma, burun, alın sümüyünün kəllə əsasına keçən sınığı, alın nahiyəsinin yumşaq toxumasının iç səthinə qansızma, burun nahiyəsinin əzilmiş-cırılmış yarası, hər iki göz ətrafının hemotoması, alın nahiyəsinin sıyrığı, sol çiyin qurşağının və sol əlin arxa səthinin qançırları ilə müşayiət olunan və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alaraq ölümünə səbəb olmuşdur. Azərbaycan Respublikaısnın Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 263.2-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun “Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları” adlı 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti iştirakçısı - yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-in 106.6.1-ci maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Hüquqi varis qismində tanınmış digər şəxslərlə hər hansı razılığın əldə olunması isə təqsirləndirilən şəxs barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə də məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-in 45-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmək kimi əlavə cəza təyin edilməsini lazım bilir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, himayəsində ikisi yetkinlik yaşına çatmayan üç övladının olmasını, zərərçəkmiş şəxsin onun həyat yoldaşı olmaqla, ailəsi üçün ağır itki olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını, övladlarının hazırda özünün himayəsində olmasını və baxacaq heç kimin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə bağlı cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində ikisi azyaşlı olmqla üç övladının olmasını nəzərə alaraq onun cəza çəkmədən islah olunacağına inanaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və təyin olunacaq cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, cəza təyin edərkən uşaqların mənafeyinin nəzərə alınması əsas prioritet olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarında görə bilərik ki, bu qərarlar uşaqların hüquqlarını qorumaq, onların rifahını təmin etmək və valideynlərə qarşı cəza təyin edərkən uşaqların psixoloji və sosial vəziyyətini nəzərə almağın vacibliyini vurğulayan mühüm hüquqi sənədlərdir. ("McMichael v.Birləşmiş Krallıq" (1995) "Z.v.Böyük Britaniya" (2001) işləri) AİHM bu cür vəziyyətlərdə, uşaqların valideyinlərdən birinin həbsdə olması halında onların sosial inkişafına təsir etməmək üçün balanslaşdırılmış cəza siyasətinin tətbiq edilməsini vacib saymışdır. Valideynin azadlıqdan məhrum edilməsi ilə əlaqədar uşaqların təhlükəsizliyi, psixoloji sağlamlığı və hüquqları nəzərə alınmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. “Uşaq hüquqları haqqında Konvensiya”nın 18-maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun övladlarından ikisinin azyaşlı olması, onların rifahı və inkişafı, emosional və psixoloji sağlamlığı cəza təyini prosesində əsas amil olmalıdır. Məhkəmə qeyd edir ki, uşaqların qəza nəticəsində analarını itirməsi, bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi (uşaqların babası) tərəfindən məhkəmə iclasında “Özlərinin ölkə xaricində yaşamalarını, təqsirləndirilən şəxsi bağışladıqlarını, Təqsirləndirilən şəxs övladlarına baxmalı olduğunu, onun himayəsində olduqları” barədə ifadəsinə məhkəmə diqqətlə yanaşmalıdır. Məhkəmə hesab edir ki, uşaqların valideyninin azadlıqdan məhrum edilməsi onların rifahını ciddi şəkildə poza bilər. Bu səbəbdən məhkəmə cəza təyin edərkən uşaqların bu vəziyyətə necə reaksiya verəcəyini və həyat şəraitinin necə dəyişəcəyini nəzərə alır. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını, Uşaq Hüquqları haqqında konvensiyanın və qanunvericiliyin müddəlarını nəzərə alaraq təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində olan uşaqların təhlükəsizliyi və inkişafını qorumaq üçün alternativ cəza formasını – təyin olunacaq cəzanın şərti tətbiq edilməsini, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun hesab etməklə onun islah olunması məqsədinə cavab verdiyi qənaətinə gəlir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməli və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməklə təyin olunacaq cəza şərti olaraq tətbiq edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərti məhkum edilmiş şəxsə Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut qismində tanınmış baş vermiş yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Ceed” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Şahid məxsus “MAN” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin “ŞCHMİTZ” markalı **-ZB-*** nömrə nişanlı qoşqusunun sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 440 (dörd yüz qırx) manat, Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Presedent” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası 02 (iki) il 06 (altı) ay müddətinə sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış baş vermiş yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Ceed” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Şahid məxsus “MAN” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin “ŞCHMİTZ” markalı **-ZB-*** nömrə nişanlı qoşqusunun sahiblərinə geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən X3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) və 11 (on bir) manat hesab edilməklə, məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 440 (dörd yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Presedent” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar