Məhkəmə qərarları › İş №1(005)-219/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-219/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-219/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Cəbrayıl rayonu, Qumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Qumlaq İnzibati Ərazi Dairəsi, Qumlaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən yataqxanada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 sentyabr 2023-cü il tarixdə gecə saatlarında tanışı Zərərçəkmiş şəxs ilə bir yerdə ünvan 2 ünvanda fəaliyyət göstərən “Sky” adlı hoteldə istirahət etdikləri zaman həmin tarixdə saat 05 radələrində sonuncunun yatmış vəziyyətdə olmasından istifadə edərək yataq otağının yaxınlığında olan masadan ona məxsus dəyəri 2600 (iki min altı yüz) manat olan “iPhone 13 Pro Max” markalı 358-677-231-459-440 və 358-677-231-369-565 saylı imei kodlu mobil telefonunu, həmin mobil telefonda istifadə etdiyi balansında 10 manat məbləğində danışıq konturu olan ***-***-**-** saylı mobil telefon nömrəni, 20 (iyirmi) manat “Kapital Bank”a aid 4169-7385-4758-6895 saylı bank kartını, 125 (yüz iyirmi beş) manat nağd pulunu və idarə etdiyi **-OH-*** dövlət qeydiyyat nişanlı “Mersedes 3340” markalı yük avtomobilinin 820 (səkkiz yüz iyirmi) manat olan açarını gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3575 (üç min beş yüz yetmiş beş) manat maddi ziyan vurmaqla özgə əmlakını oğurlamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə 20 sentyabr 2023-cü il tarixdə saat təxminən 00:10 radələrində görüşmüşlər və birlikdə istirahət etmək məqsədi ilə ünvan 3 ünvanında fəaliyyət göstərən “SKY” adlı otelə getmişlər. Həmin oteldə tanışı Zərərçəkmiş şəxs ilə birlikdə spirti içki qəbul edərək, yeyib-içib istirahət etmişlər. Bundan sonra duş qəbul etmək üçün hamam otağına keçərək duş qəbul etmişdir. 20 sentyabr 2023-cü il tarixdə saat təxminən 04 radələrində otelin hamam otağından yataq otağına qayıtdıqdan sonra tanışı Zərərçəkmiş şəxs yataqda yatdığını görmüşdür. Bu səbəbdən geyimlərini geyinərək saat təxminən 05 radələrində Zərərçəkmiş şəxs yatarkən yatağın yaxınlığında olan masada olan ona məxsus “İPhone 13 Pro Max” markalı mobil telefonun və həmin mobil telefonun arxasında olan 01 ədəd “Kapital Bank”a aid plastik kartını götürərək otaqdan çıxıb oteldən getmişdir. Bundan sonra həmin gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosessində yerləşən “Rahat” adlı marketə daxil olaraq tanışı Zərərçəkmiş şəxs məxsus kart ilə özü üçün 4 manat dəyəri olan “Sobrania” adlı siqaret almaq istəyərkən həmin kartın şifrəsini bilmədiyi üçün həmin məhsulu ala bilməmiş və marketdən çıxaraq getmişdir. Bu səbəbdən də kartı əzərək hal-hazırda xatırlamadığı bir yerə atmışdır. Bundan sonra iki gün müddət keçdikdən sonra, yəni 22 sentyabr 2023-cü il tarixdə, sadəcə adının Samir olduğunu bildiyi və başqa heç bir anket məlumatlarını bilmədiyi tanışına 450 manata həmin göy rəngdə “İPhone 13 Pro Max” markalı mobil telefonun satmış, lakin Samir adlı tanışı həmin məbləğin 300 manatını istifadəsində olan kartına göndərmişdir. Digər qalmış olan 150 manat məbləği indiyə qədər ödəməmişdir. Ehtiyacı olduğu səbəbdən bu oğurluq hadisəsini etmiş və həmin məbləği ehtiyaclarına ödəmişdir. İş yeri olmamış və oğurluq edərək öz şəxsi xərclərini qarşılamışdır. Zərərçəkmiş şəxs məxsus avtomobil açarını oğurlamamışdır. Qeyd etdiyi mobil telefon və bank kartından əlavə tanışı olan Zərərçəkmiş şəxs məxsus 125 manat pul və ya başqa bir məbləğdə pul oğurlamamışdır. Dəymiş olan maddi ziyanı hal-hazırda ödəyə bilmir. Etdiyi oğurluq barədə heç kimin məlumatı olmamışdır. Hal-hazırda Zərərçəkmiş şəxs dəymiş zərəri maddi imkanı zəif olduğundan ödəyə bilmir, hissə-hissə ödəyəcəyinə dair söz vermişdir. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda heç bir anket məlumatlarını xatırlamadığı şəxs vasitəsi ilə tanış olmuşdur. 20 sentyabr 2023-cü il tarixdə saat təxminən 00:10 radələrində həmin Təqsirləndirilən şəxs ilə görüşmüşlər və birlikdə istirahət etmək məqsədi ilə ünvan 3 ünvanında fəaliyyət göstərən “SKY” adlı otelə getmişlər. Həmin oteldə Təqsirləndirilən şəxs ilə birlikdə spirti içki qəbul edərək, yeyib-içib istirahət etmişlər. Bundan sonra yorğun olduğu səbəbdən hotelin yatağında yatmışdır. Bu zaman Təqsirləndirilən şəxs onun yanında olmuşdur. 20 sentyabr 2023-cü il tarixdə saat təxminən 09 radələrində oyandıqda Təqsirləndirilən şəxs getdiyini görmüş və otelin yataq otağının yaxınlığında olan masanın üzərinə qoyduğu özünə məxsus “İPhone 13 Pro Max” markalı mobil telefonunu götürmək istəyərkən yerində olmadığını aşkar etmiş və ondan əlavə şalvarının cibinə baxdıqda cibində olan 01 ədəd “Kapital Bank”a aid plastik kartının, 125 manat nəğd pulunun və idarə etdiyi **-OH-*** dövlət qeydiyyat nişanlı“Mersedes 3340” markalı yük avtomabilinin açarının da Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını başa düşmüşdür. Təqsirləndirilən şəxs ona məxsus dəyəri 2600 manat olan “İPhone 13 Pro Max” markalı mobil telefonunu, hesabında 35 manat olan və 20 manata əldə etdiyi “Kapital Bank”a aid 4169-7385-4758-6895 saylı bank kartını, 125 manat nəğd pulunu və idarə etdiyi **-OH-*** dövlət qeydiyyat nişanlı“Mersedes 3340” markalı yük avtomobilinin açarını oğurlaması səbəbindən 820 manat, ümumilikdə isə ona 3600 (üç min altı yüz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Ona dəymiş ziyanın ödənilmədiyini və bu səbəbdən də hal-hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutması haqqında” 04 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 05 oktyabr 2023-cü il tarixli qərardam görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 06 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs" qətimkan tədbirinin seçilməsi üçün Nərimanov rayon prokuroru qarşısında vəsatət qaldırılmış, lakin Nərimanov rayon prokurorunun həmin tarixli qərarı ilə vəsatətin təmin olunmasından imtina edilərək həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsi məqsədə müvafiq hesab edilmiş və o, Nərimanov RPİnin MSY-dən dərhal azad edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 06 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır; Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7804 №-li, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Analoji malların markası, modeli və digər texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “İphone 13 Pro Max” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu təxminən 1570, 00 manat müəyyən olunur. Qeyd: tədqiqat obyekti tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Ekspertiza tədqiqatı dəyəri 50 manatdır. “Axtarışda olan şəxsin tutulması barədə” 03 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respubklikasmm CM-nin 177-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə Nərimanov Rayon Polis İdarəsinin İŞ-si tərəfindən ********* saylı iş üzrə axtarış elan olunaraq barəsində 61579/24 saylı Axtarış işi açılan xx.xx.1996-cü ildə Cəbrayıl rayonu anadan olmuş, həmin kənddə qeydiyytada olan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 10:15 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə” 05 fevral 2024-cü il tarixli qərardam görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 01 ay 22 gün müddətinə "həbs" qətimkan tədbirinin seçilməsi üçün Nərimanov rayon prokuroru qarşısında vəsatət qaldırılmış, lakin Nərimanov rayon prokurorunun həmin tarixli qərarı ilə vəsatətin təmin olunmasından imtina edilərək həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsi məqsədə müvafiq hesab edilmiş və o, Nərimanov RPİnin MSY-dən dərhal azad edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, məhkəməəmtəəşünaslıq ekspertizasının 9/7804 №-li, xx.xx.2023-cü il tarixli rəyi maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi əməli etiraf edib peşman olmasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 4 (dörd) gün (04-06 oktyabr 2023-cü il və 03-05 fevral 2024-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.(CPM-198.1). Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1(bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 4 (dörd) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay, 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar