Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-22/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçi Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 sentyabr 2021-ci il tarixdə saat 18:10 dəqiqədə idarə etdiyi «TOYOTA PRADO» markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə ünvan 2 ünvanında yerləşən “Verona” mebel mağazasının qarşısı ilə saatda 5-10 km sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələblərə riayət etməyərək avtomobil yolunu sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan avtomobilin qabaq sol hissəsi ilə sağ ayağından vuraraq sağ diz oynağının sıyrığı xəsarəti ilə müşayiət olunan, sonra isə avtomobilin sol yan güzgüsü ilə sol qolundan vurub ona sol bazu oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi və sol bazu sümüyü başının tam çıxığı xəsarətləri ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətmiş, zərərçəkmiş şəxsə tibbi yardım göstərmədən “Azərbaycan Respublikası Yol hərəkəti haqqında” Qanununun 37-ci maddəsinin 15-ci bəndinin tələblərini yəni təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımalı olduğu halda həmin tələblərə riayət etməyərək hadisə yerindən qaçmışdır. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 05 sentyabr 2021-ci il tarixdə saat 18:10 dəqiqədə özünə məxsus “TOYOTA PRADO” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 20 km/surətlə Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi ilə Atatürk prospekti istiqamətindən C.Hacıbəyli küçəsi istiqamətinə 2 zolaqdan ibarət avtomobil yolunun sağdan 2-ci zolağı ilə hərəkət etdiyini bildirmişdir. Ak.H.Əliyev küçəsi ilə C.Hacıbəyli küçəsinin kəsişməsinə çatmağına təxminən 15-20 metr məsafə qalmış onunla eyni istiqamətdə hərəkətdə olan avtomobillərin arası ilə ondan sağ tərəfdə sonradan adını bildiyi piyada Zərərçəkmiş şəxs qəsdən onun avtomobilinə tərəf qaçmağa başladığını görmüşdür. Piyada avtomobil yoluna daxil olduqda avtomobilin əyləcini dayanma həddinə qədər basmışdır. Həmin vaxt Röyal avtomobilin qarşısından keçib, dayanaraq qəsdən avtomobilin sol güzgüsünə özünün sol qol hissəsini qəsdən toxundurmuşdur. O, artıq həmin vaxt avtomobili dayandırmışdır. O, həmin şəxsə nə üçün belə etdiyini soruşan zaman Röyal isə cavabında “sən məni vurmusan” deyə bildirərək, qolunu tutub yolun sağ tərəfinə keçmişdir. O, avtomobili sağa tərəf çəkərək pəncərədən ona “sən nə üçün özünü qəsdən maşının altına atırsan” deyə soruşmuşdur. Röyal ona “sən məni vurmusan mənə pul ver mən gedim marketdən su alım” deyə cavab vermişdir. O da avtomobilində olan suyu Röyala vermişdir. O, Röyalın səhhətində hər şeyin normal olduğunu görmüşdür. Ümumiyyətlə o, Röyalın səhhətinin yaxşı olduğunu gördükdən sonra oradan getmişdir. Röyalın işinin özünü maşına çırpıb pul almaqdan ibarət olduğunu anlamışdır. Röyal onun avtomobilinə yaxınlaşmış və onun sosial şəbəkədə tanınmış blogger olduğunu və tanıdığını bildirmişdir. Daha sonra hadisədən bir neçə gün keçmiş və Röyal sosial şəbəkədə onun istifadə etdiyi şəxsi profilini tapmış və ona mesaj yazaraq hədələmişdir. Sonda məhkəmədən barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 05 sentyabr 2021-ci il tarixdə saat 18:10 radələrində dostu Cabarov Seymurla birlikdə Bakı şəhəri, Nərimanov rayonu Ak.H.Əliyev küçəsində yerləşən ərzaq mağazasına gedib su alıb, təzədən geriyə öz məhəllələrinə qayıtmaq üçün yolun kənarında dayanaraq, yolu müşahidə edib avtomobil yolunu keçmək istəmişlər. O, hərəkətə başladıqda dostu Şahid hərəkətə başlamadan yolun kənarında dayandığını görmüşdür. O, Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində avtomobil yolunu sakit qaçışla keçmək istəyərkən, həmin avtomobil yolunda ondan sol tərəfdə hərəkət edən ağ rəngli “Toyota PRADO” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin onu görsə də hərəkətini davam etdirmiş, o, avtomobilin onu vuracağından qorxub çevrilərkən, avtomobilin qabaq sol bufer hissəsinin onun sağ ayağına dəymişdir. Avtomobil hərəkətini davam etdirdikdə o, müvazinətini itirib yıxılmamaq üçün əlləri ilə avtomobilin ön qabaq hissəsinə toxunub çevrilmək istəyərkən hərəkətdə olan avtomobilin sol yan güzgüsünün onun sol qoluna dəymişdir. O, sağ əli ilə sol qolunu tutmuşdur. Həmin vaxt sürücünün ona baxdığını və sürücüyə kömək elə avtomobili kənara verib saxla deyə bildirdiyini göstərmişdir. O, qolunu tutub geriyə dostunun yanına qayıtmışdır. Sürücünün avtomaşını yolun sağ tərəfinə sürüb saxlamışdır. Lakin avtomaşından düşməyərək şüşəni aşağı salıb ondan nəsə olub-olmadığını soruşmuşdur. O isə sürücüdən onu niyə vurduğunu soruşduğunu və sürücüdən ona su almağı xahiş etdiyini, sürücünün isə içdiyi suyu idarə etdiyi avtomaşının pəncərəsindən ona uzadaraq verdiyini göstərmişdir. Təxminən 1-2 dəqiqə sürücü ilə söhbət etmiş, sürücüyə ona kömək etməsini bildirdiyini, lakin sürücünün ona “niyə özünü mənim maşınımın qabağına atdın” deyərək ona yardım göstərmədən avtomaşını sürüb getdiyini bildirmişdir. Bundan sonra DİN-nin 102 zəng xidmətinə zəng edib, avtomobil ilə vurulması barədə məlumat verərək, müayinə olunması üçün 5 saylı şəhər klinik xəstəxanasına getmişdir. Xəstəxanada həkimlərin onu müayinə edib, tibbi yardım göstərərək, onu palataya yerləşdirmişlər. Bir gecə xəstəxanada qaldıqdan sonra səhəri gün evə getmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı ərizə ilə əlaqədar məhkəmə tərəfindən yenidən dindirilmiş və həmin ifadəsində göstərmişdir ki, məhkəməyə dəftərxana vasitəsi ilə daxil olan ərizəni ona qarşı heç bir təzyiq olmadan şəxsən yazmış və imzalamışdır. O, həmin ərizədə qeyd etmişdir ki, onun sağ dizində olan xəsarətlər xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı deyil, hadisədən sonra ayağında tutan qıc olmanın təsirindən yıxılması ilə əlaqədar yaranmışdır. Eyni zamanda sol qolundan aldığı xəsarət, yəni bazu sümüyünün başının çıxığı qəzadan bir gün sonra idman zalında idman edərkən baş vermişdir. Ekspertiza zamanı ekspertlər onun həmin xəsarətləri xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığını güman etmiş və o da buna etiraz etməmişdir. Hadisə günü isə xəstəxanada həkimlər tərəfindən müayinə olunan zaman qolunda və ya bədənində hansısa çıxıq və ya xəsarət olmamışdır. O, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində ilkin dindirilən zaman bazu sümüyünün çıxığının hadisədən öncədən olduğunu bildirmişdir. Məhkəməyə ünvanlandığı ərizəni yazma səbəbi isə daima idmanla məşğul olması olmuşdur. Belə ki, əslində yol nəqliyyat hadisəsində almış olduğu xəsarətlər növbəti gün idman edərkən daha da kəskinləşmişdir. Lakin o, həmin ərizə ilə yol nəqliyyat hadisəsinin baş verməsini və onun həmin hadisədə xəsarətlər almasını təkzib etmir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, həftənin 1-ci, 3-cü və 5-ci günləri idmanla məşğul olur. O, ehitmal edir ki, yol nəqliyyatı hadisəsində yüngül dərəcəli bədən xəsarəti almış ola bilərdi və növbəti günü etdiyi idmanın nəticəsində öncədən almış olduğu xəsarətlərin daha da ağırlaşması ehtimalı var. Qəza nəticəsində almış olduğu xəsarətlərin müalicəsi üçün bankdan kredit götürmüş və həmin müddət işə belə gedə bilməmişdir. Bildirir ki, hadisə zamanı almış olduğu xəsarətin ağır olmasını, onda yaratdığı fəsadları daha sonra idman edərkən hiss etmişdir. Qəzadan dərhal sonra yaxşı olduğunu güman etmiş və bir gün sonra idman zalına idman etməyə getmişdir. İdman etdikdən sonra isə qolundakı ağırların şiddətləndiyini hiss etmişdir. Hadisə günü həkim müayinəsinə getmişdir. Lakin axşam saatları olduğu üçün o rentgen müayinəsindən keçə bilməmişdir. Məhkəməyə ünvanlandığı ərizə ilə o, yol nəqliyyat hadisəsinin baş verməsini və həmin hadisədə az ağır dərəcəli xəsarət almasını inkar etmir. O, sadəcə olaraq ərizədə almış olduğu xəsarətlərin idman etməsi nəticəsində daha da ağırlaşmasını qeyd etmək istəmişdir. İlkin ifadəsini təsdiq edir və zərərçəkmiş şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid oğlu ifadəsində göstərmişdir ki, 05 sentyabr 2021-ci il tarixdə saat 18:10 radələrində dostu Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində yerləşən ərzaq mağazasına gedib su alıb, təzədən geriyə öz məhəllələrinə qayıtmaq üçün yolun kənarında dayanmışlar. Yolu müşahidə edib avtomobil yolunu keçmək istəmişlər. Zərərçəkmiş şəxs ondan qabaqda hərəkət etmişdir. O, hərəkətə başlamadan yolun kənarında dayanmışdır. Zərərçəkmiş şəxs isə hərəkət edərək Bakı şəhəri, Nərimanov rayonu, AK.H.Əliyev küçəsində avtomobil yolunu sakit qaçışla keçmək istəyərkən, həmin avtomobil yolunda sol tərəfdə hərəkət edən ağ rəngli “TOYOTA PRADO” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil Röyalı görsə də hərəkətini davam etdirmişdir. Avtomobilin qabaq ön hissəsinin Zərərçəkmiş şəxs sağ ayağına dəydiyini, Röyalın müvazinətini itirməmək üçün əlləri ilə avtomaşının ön qabaq hissəsinə toxunub, çevrilmək istəyərkən, hərəkətdə olan avtomobilin sol yan güzgüsünün onun sol qoluna dəydiyini bildirmişdir. Röyal sağ əli ilə sol qolunu tutub geriyə onun yanına qayıtmışdır. Sürücünün avtomaşını yolun sağ tərəfinə sürüb avtomaşını saxlamış, lakin avtomaşından düşməyərək şüşəni aşağı salıb Zərərçəkmiş şəxs "Nəsə olub?” deyə soruşmuşdur. Röyal ondan onu niyə vurduğunu soruşmuşdur və sürücüdən ona su almağı xahiş etmişdir. Sürücü xanım isə içdiyi suyu idarə etdiyi avtomaşının pəncərəsindən Röyala uzadaraq "al iç” deyə bildirmişdir. Təxminən 1-2 dəqiqə Röyal onunla söhbət etmişdir. Sürücüyə ona kömək etməsini xahiş etmişdir. Lakin sürücü Röyala "niyə özünü mənim maşınımın qabağına atdın” deyərək ona yardım göstərmədən avtomaşını sürüb getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs DİN-nin 102 zəng xidmətinə zəng edib, avtomobil ilə vurulması barədə məlumat verərək, müayinə olunması üçün 5 saylı şəhər kilinik xəstəxanasına getdiyini göstərmişdir. O isə oradan yaşadığı evə getmişdir. O, həmin gün axşam Röyala zəng edərək necə olması barədə soruşduqda Röyal ona xəstəxanada olduğunu və onu bir gecə xəstəxanada saxlayacaqlarını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 690 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər – sol bazu oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan, sol bazu sümüyü başının tam çıxığı, sağ diz oynağının sıyrığı – küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2021-ci il tarixdə, müxtəlif şəraitlərdə, o cümlədən yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi də istisna olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. “Diskə baxış keçirilməsi haqqında” 12 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, fayldaki görüntü 06 dəqiqə 46 saniyə davam edir. Görüntüdən görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində avtomobil yolunun kənarında dayanmışdır. Görüntünün 02 dəqiqə 44 saniyəsində Zərərçəkmiş şəxs anidən sakit qaçışla yolu sağdan-sola keçmək istəyərkən, görüntünün 02 dəqiqə 48 saniyəsində ağ rəngli “TOYOTA PRADO-minik” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında olan TOYOTA markalı avtomobil dayanmış həmin avtomaşın hərəkətə başladıqdan sonra ondan arxada TOYOTA PRADO-minik” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətə başlayaraq asta surətlə təxminən 5-10 km surətlə hərəkətə başladıqdan sonra qabaq ön hissəsi Zərərçəkmiş şəxs sağ ayağına dəyir və bu zaman X2 əlləri ilə avtomaşının ön qabaq hissəsinə toxunub öz müvazinətini saxlayaraq çevrilmək istəyərkən hərəkətdə olan avtomobil sol yan güzgüsü ilə Röyal Çəlibizadənin sol qolundan vurur. Bundan sonra Zərərçəkmiş şəxs dayanaraq sol qolunu tutub yolu geri qayıdır. Avtomaşının sürücüsü isə avtomaşını yolun sağına çəkərək saxlayır və avtomaşından düşməyərək avtomaşına yaxınlaşan Zərərçəkmiş şəxs avtomobilin pəncərəsindən nəsə deyərək təxminən 1 dəqiqə sonra hərəkətini davam etdirərək hadisə yerindən çıxıb gedir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 canlı şəxsin ekspertizasının 26 noyabr 2021-ci il tarixli, T 292/2021 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol bazu sümüyünün başının tam çıxığı, sol çiyin qurşağının yumşaq toxumalarının əziyi, sağ diz nahiyəsinin sıyrılmış yarası olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2021-ci il tarixli, 8/2852 nömrəli ekspert rəyindən görünür ki, “Toyota Prado” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 canlı şəxsin ekspertizasının 19 yanvar 2022-ci il tarixli, 01/690 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - sol bazu oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan, sol bazu sümüyü başının tam çıxığı, sağ diz oynağının sıyrığı – küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2021-ci il tarixdə əmələ gələ bilər. Xəsarətlərin ardıcıllığını nəzərə alaraq demək olar ki, YNH-si nəticəsində hərəkətdə olan avtomobilin qabarıq hissəsinin – güzgünün təsirindən sol bazu oynağına yetirilən ilkin zərbədən sonra dağ diz nahiyəsində sıyrığın yaranması həmin xəsarətlərin bir hadisə nəticəsində törənməsi əsas verir ki, bu hal sağlamlığa zərərvurma dərəcəsinin təyinində, bir zədə kimi olmaqla sağlamlığa zərərvurma dərəcəsinin təyinində az ağır zərər vurma kimi qiymətləndirilir və ayrı-ayrılıqda dərəcəli təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 19 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 22 fevral 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə TŞ kamerasından götürülmüş videogörüntü olan 01 ədəd diski maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. “Toyota Prado” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınması və həmin avtomobilin qəbz əsasında sahibinə qaytarılması qərara alınmışdır. Təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında məhkəmənin qərarları ilə təyin edilmiş kompleks məhkəmə video-texniki və əlavə yol-nəqliyyat hadisələri ekspertizasının 28 dekabr 2022-ci il tarixli, 8/2812-4/1473 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş “İMG_2223” adlı videoyazıdakı görüntülərə görə “Toyota Prado” markalı avtomobilin qabaq hissəsi ilə piyadanın təmasda olması müəyyən olunmamışdır. Ekspertizaya təqdim edilmiş “İMG_2223” adlı videoyazıdakı görüntülərə görə “Toyota Prado” markalı avtomobil bilavasitə hadisə yeri yaxınlığında seçilmiş 16 m məsafəni təcili hərəkət edərək 4,003 san müddətində qət etmişdir və bu zaman avtomobilin orta sürəti V=14,4 km/saat olmuşdur. ekspertizaya təqdim edilmiş “İMG_2223” adlı videoyazıdakı görüntülərə görə piyada qaçaraq hərəkətə başladığı andan avtomobilin sol küncünü keçənə kimi qət etdiyi 7,8 m məsafədə orta sürəti V=6,8 km/saat olmuşdur. Ekspertizaya təqdim edilmiş “İMG_2223” adlı videoyazıdakı görüntülərə görə “Toyota Prado” markalı avtomobil piyada qaçaraq hərəkətə başladığı andan 0,075 san sonra hərəkətə başlamışdır. “Toyota Prado” markalı avtomobilin qabaq hissəsindən onun sol yan güzgü hissəsinin piyada ilə kontakt yerinə qədər olan məsafəsi 1,8 metrdir. “Toyota Prado” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 270 manat təşkil edir. Zərərçəkmiş şəxs təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələrində nəzərdə tutulan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin verdikləri ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələrində nəzərdə tutulan əməli törətmədiyinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdiyi xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir. Bu şərt nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi törətmiş şəxsin hadisə yerində şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər şəkildə çatdırmaq öhdəliyini yerinə yetirməsidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda rəsmən belə təfsir vermişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz”. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin iştirakçısı olan nəqliyyat vasitəsinin sürücüsü hər hansı məqsədlə hadisə yerini tərk etməzdən əvvəl öz şəxsiyyətini bəlli etməlidir. Bundan başqa, istər Konstitusiya Məhkəməsi Plenumunun qərarında, istərsə də CM-nin 264-cü maddəsinin “Qeyd” hissəsində cinayət məsuliyyətini aradan qaldıran hal kimi istənilən şəxsə deyil, məhz yol nəqliyyat hadisəsindən zərər çəkmiş şəxsə köməklik göstərilməsindən, bu məqsədlə hadisə yerinin tərk edilməsindən bəhs olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 01 dekabr 2021-ci il tarixli 8/2852 nömrəli ekspert rəyindən görünür ki, “Toyota Prado” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2022-ci il tarixli, 8/2812-4/1473 nömrəli ekspert rəyindən görünür ki, “Toyota Prado” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham olunduğu əmələ görə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdikdən sonra xəsarət almış zərərçəkmiş şəxsi tibb müəssisəsinə çatdırmamış, həmçinin şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə bildirməmişdir. Bununla o, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsində müəyyən edilmiş vəzifələrə zidd hərəkət etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilir. Buna görə də o, CM-in 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 370 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut - “Toyota Prado” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut - “Toyota Prado” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 370 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-22/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-22/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver