Məhkəmə qərarları › İş №1(005)-22/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-22/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-22/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 03 noyabr 2022-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-nin həyətində şəxsi münasibətlərin gərginləşməsi nəticəsində aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyət ilə iş yoldaşı Zərərçəkmiş şəxs qəsdən bıçaqla bir dəfə vuraraq Azərbaycan Respublikası CM-nin 126cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən sol oturaq sinirin kəsilməsi ilə müşayiət olunan sol budun orta 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirərək qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Nərimanov rayonunda yerləşən “Nur” çörək zavodunda mühafizəçi işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində o, zavodun giriş qapısının yanında dayanmışdır. Bu zaman zavodda ekspeditel işləyən Ülvi idarə etdiyi “Ford Tranzit” markalı yük avtomobili ilə zavoda daxil olub avtomobili nizamsız qaydada saxlamışdır. O, Ülvidən xahiş etmişdir ki, avtomobili düzgün saxlasın, digər avtomobillər də saxlaya bilsin. Ülvi ona demişdir ki, 1 dəqiqəyə çıxır. Buna görə Ülvi ilə aralarında sözlü mübahisə olmuşdur, lakin heç bir dava dalaş olmamışdır. Sonra Ülvi ona məhəl qoymayıb getmişdir. Bir neçə saatdan sonra, yəni saat təxminən 16 radələrində o, işdən çıxıb evə gedən zaman, zavodun yan tərəfində olan qaraja daxil olduqda Ülvi də qarajın içərisində dayanmışdır. Onlar həmin vaxt bir-birilərinə baxmışdır. Ülvinin dodağının altında onun haqqında nəsə dediyini eşitmişdir. O Ülviyə yaxınlaşıb onun haqqında nə dediyini soruşmuşdur. Ülvi də onun ünvanına nalayiq ifadə işlətmişdir. Aralarında dava olmuşdur. O, Ülvinin onu təhqir etməsinə əsəbləşib yerdə olan dəmir parçasını götürüb Ülvinin sol budundan bir dəfə vurmuşdur. Bundan sonra o qorxub həmin dəmirlə birlikdə zavoddan çıxıb getmişdir. Yolda həmin dəmiri harasa tullamış, lakin hazırda onun yerini xatırlamır. Sonradan ona məlum olmuşdur ki, işçilər Ülvini xəstəxanaya aparmışdırlar. Sonda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanının ödənildiyini, zərərçəkmiş şəxs ilə barışdıqlarını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o “Nur” çörək zavodunda sürücü-ekspeditor vəzifəsində işləmişdir. Onunla birlikdə həmin çörək zavodunda Təqsirləndirilən şəxs mühafizəçi kimi işləmişdir. Onunla münasibəti yaxşı olmuş, can deyib can eşitmişdir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində idarə etdiyi “Ford Tranzit” markalı yük avtomobili ilə çörək zavoduna gəlmişdir ki, yeşikləri boşaltsın və çıxsın. Bu zaman mühafizəçi Rəfi ona yaxınlaşaraq avtomobili çıxarmağını xahiş etmişdir ki, zibil yeşiyi çıxarılır. O Rəfiyə bildirmişdir ki, 2 dəqiqəyə yeşikləri boşaldıb bir dəfəlik çıxacaq. Bu zaman Rəfi ilə onun arasından kiçik sözlü mübahisə olmuşdur. Bundan sonra onlar aralaşaraq çıxıb öz işləri ilə məşğul olmağa getmişlər. Saat təxminən 17 radələrində iş yerinə qayıtdıqda sexin qarajlarının yanında Rəfi ilə qarşılaşmışdır. Rəfi onunla işi olmasını bildirib kənara çəkilməyi istəmişdir. O da Rəfi ilə kənara çəkilmişdir. Həmin vaxt Rəfi və ondan başqa yanlarında heç kim olmamışdır. Onlar söhbət etməyə başlamışdırlar. Rəfi ona bildirmişdir ki, səhər saatlarında onunla nə üçün elə davranmışdır. O isə Rəfiyə bildirmişdir ki, səhər etdiyi hərəkət düzgün deyildir, əsas çörəkdir və zibil sonrakı işdir. O Rəfiyə səhər etdiyi hərəkətin normal hərəkət olmadığını bildirmişdir. Bu zaman Rəfi ona “mənə ninormalnı oğlan deyirsən? Mənə onu sübut edə bilərsən” demişdir. O yenidən Rəfiyə izah etmişdir ki, başa düşdüyü söz onun düşündüyü söz deyil. Bundan sonra sözlü mübahisələri olmuş və onlar burun-buruna dayanmış və eyni cür mübahisələrinə davam etmişdirlər. Bu zaman Rəfi onu sifət nahiyəsindən vurmuş və cibindən çıxardığı bıçaq ilə bir dəfə sol ayağından xəsarət yetirmişdir. Bundan sonra Rəfi bıçağı yerə ataraq ondan aralaşmışdır. Bu zaman səs-küyə iş yoldaşları yaxınlaşmışdır. Onu avtomobilə əyləşdirərək xəstəxanaya aparmışdırlar. Sonda Zərərçəkmiş şəxs da hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 9-14-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi 16 ünvanında yerləşən “Nur” çörək zavodunun həyətidir. Cinayət işinin 34-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 46-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 xx.xx.2022-ci il tarixli, 1180 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət - sol budun aşağı 1/3-nin deşilmiş-kəsilmiş yarası deşici - kəsici alətin ola bilsin bıçağın deşici-kəsici təsirindən törənmişdir: qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni, xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və xəsarətlərin sağlamlığa zərərvurma dərəcəsi şəxsin adına tərtib edilmiş tibbi sənədlər ekspertizaya təqdim edildikdən sonra təyin ediləcəkdir. Cinayət işinin 52-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 xx.xx.2023-cü il tarixli, 01/1180 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət - sol budun aşağı 1/3-nin deşilmiş-kəsilmiş yarası deşici - kəsici alətin ola bilsin bıçağın deşici-kəsici təsirindən törənmişdir: qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni, xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Cinayət işinin 94-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 xx.xx.2023-cü il tarixli, T112/2023 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol oturaq sinirin kəsilməsi ilə müşayiət olunan sol budun orta 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarət iti ucu və ya kənarlı alətin təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla (25%) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. xx.xx.2022-ci il tarixli, 01/1180 saylı rəyin nəticəsi təqdim edilən tibbi sənədlərə əsasən təsviri hissəyə uyğun tərtib edilmişdir. Belə ki, rəy tərtib olunarkən sol oturaq sinirin zədələnməsi müəyyən edilən tibbi sənədlər ekspertə təqdim edilməmiş və təqdim edilmiş sənədlərdə bu haqda hər hansı bir məlumat olmamışdır. Cinayət işinin 116-117-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X5 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 29 aprel 2023-cü il tarixli, 1183 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs hərəkətləri ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-ın 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 164-cü vərəqində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, 24 may 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış və imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olsa da, onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl düzgün tövsif edilməmişdir. Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma (CM-in 127.2.3-cü maddəsi) təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına xəsarət yetirmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi şəxsə xəsarət yetirmək üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyətilə sağlamlığa az ağır zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə adam öldürmə kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Beləliklə, təqsirkarın əməlinin zərərçəkmiş şəxsə qəsdən az ağır bədən xəsarətinin xuliqanlıq niyyəti ilə yetirilməsi üçün xuliqanlıq niyyəti motivinin mövcudluğu mütləqdir. Hər hansı bir cinayət əməlinin xuliqanlıq niyyəti ilə törədilməsinin müəyyən edilməsi üçün təqsirləndirilən şəxsi cinayətkar fəaliyyətə yönəldən motivin, məhz xuliqanlıq olduğu sübuta yetirilməlidir. Xuliqanlıq niyyətinin müəyyən edilməsi üçün isə təqsirkarın cinayətdən əvvəlki, cinayətin törədilmə prosesində və cinayət törədildikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xuliqanlıq niyyəti ilə hərəkət etməsi, onun davranışının əsas hərəkətverici qüvvəsinin xuliqanlıq motivi olması işin tədqiq edilmiş halları ilə müəyyən edilmir. Məhkəmə xüsusilə qeyd edir ki, hər hansı şəxsin əməlində xuliqanlıq niyyətinin mövcud olması qənaətinə gəlmək üçün aşağıdakı halların bütövlükdə mövcudluğu müəyyən edilməlidir:

1. Təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək);

2. Digər motivlərin mövcud olmaması, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməsi;

3. Təqsirləndirilən şəxs şüurlu surətdə ictimai qaydaya qəsd edilməsini dərk etməli, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsi onun şüuru ilə əhatə olunmalıdır;

4. Mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamamalı, münaqişəyə zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəb olmalıdır. Əgər münaqişə və ya dalaşma təqsirkarın cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik göstərməsi ilə müşayiət olunan əxlaq və ya hüquqa zidd davranışı ilə başlamışdırsa, təqsirkarı zərərçəkiş şəxs öz təşəbbüsü ilə münaqişəyə çəkmişdirsə, onun əməli xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi qiymətləndirilə bilməz. Əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Lakin, məhkəmə xüsusilə qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs əməlində xuliqanlıq motivinin mövcudluğu qənaətinə gəlmək üçün zəruri olan və yuxarıda sadalanan hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin tərkibinin mövcudluğuna dair ittiham tərəfinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, xuliqanlıq motivi CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Lakin, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin subyektiv cəhətinin zəruri elementi olan xuliqanlıq niyyəti işin hallarının məcmusu ilə müəyyən edilmir. Belə ki, istintaq orqanı yalnız zərərçəkmiş şəxsin ifadəsini əsas götürməklə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə “mübahisə etməsini” bəhanə gətirərək qərəzli xuliqanlıq hərəkətləri etməsi qənaətinə gəlmişdir. “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin İcmalında qeyd olunur: Bəzi hallarda xuliqanlıq niyyəti müəyyən olunmadan şəxsin əsassız olaraq xuliqanlığa və yaxud bu niyyətlə törədilən digər cinayətə görə təqsirli bilinməsi ondan irəli gəlir ki, ibtidai istintaq orqanları və məhkəmələr hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və yaxud xuliqanlıq niyyətilə törədilən digər cinayət kimi qiymətləndirirlər (halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir). Beləliklə, məhkəmə, yuxarıda göstərilən müddəaları əsas tutaraq belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsi ictimai təhlükəli əməli törətməyə sövq edən, hərəkətverici amil rolunu oynayan, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla müəyyən edilmiş dəyərlərə münasibətini, təqsirləndirilən və zərərçəkmiş şəxs arasındakı mənfi münasibətin həqiqi səbəblərini öyrənmədən Təqsirləndirilən şəxs əməlini əsassız olaraq xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma kimi tövsif etmişdir. Lakin, məhkəmə araşdırmasının gedişində işin halları tam, hərtərəfli və müqayisəli şəkildə tədqiq edilməklə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayətə sövq edən amil müstəsna olaraq zərərçəkmiş şəxsin onun barəsində xoşagəlməz ifadələr işlətməsi ilə bağlı təqsirləndirilən şəxsin şüurunda formalaşan motiv və həmin motiv nəticəsində zərərçəkmişlə münaqişədən törəyən şəxsi münasibətlər olmuşdur. Məhkəmə, zərərçəkmiş şəxsin belə davranışının həqiqiliyinə münasibət bildirmədən qeyd edir ki, belə düşüncə təqsirkarı cinayətə sövq etməklə hər bir halda onun şüurunda bəhanə kimi yox, ağlabatanlıqla səhv əməl kimi qəbul edilən zərərçəkmişin davranışının nəticəsi kimi qəbul edilmişdir. İstintaq orqanı hadisənin baş verdiyi zaman təqsirləndirilən və zərərçəkmiş şəxs arasındakı mənfi münasibətə ümumiyyətlə qiymət verməmişdir. Halbuki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin arasında münasibətlər əvvəllər yaxşı olmuş, lakin xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində “Nur” çörək zavodunun həyətində zərərçəkmiş şəxsin avtomobili nizamsız qaydada saxlaması səbəbindən təqsirləndirilən şəxslə aralarında mübahisə yaranmışdır. Başqa sözlə, təqsirkarın hərəkətləri konkret zərərçəkmiş şəxslə onun arasında olan şəxsi münasibətlərlə şərtlənmişdir. Belə olan halda, ittiham tərəfi yanlış olaraq təqsirləndirilən şəxsin əməlini “heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə” törədilən sağlamlığa zərər vurma kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” icmalında qeyd olunur: Bəzən ibtidai istintaq orqanı və məhkəmələr şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq bunu “əsaslı səbəbin olmaması” kimi qiymətləndirib, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə dalələt edən “səbəbsiz” və “cüzi səbəbin bəhanə edilməsi” kimi, əslində təqsirkarın öz əməllərinə subyektiv münasibətini xarakterizə edən formulələri, “əsaslı səbəbin olmaması” kimi artıq təqsirləndirilən şəxsin deyil, icraatı aparan şəxsin özünün cinayətə səbəb olmuş halı nə cür dəyərləndirdiyini (məhz özünün nəzərdən keçirdiyi dəyərlər konteksində bu və ya digər səbəbin təqsirkarın sonrakı hərəkətlərinə nə dərəcədə əsas verib-vermədiyini) göstərən formulə ilə əvəz edirlər. Anlayışların bu şəkildə “əvəzləşdirilməsi” isə icraatı aparan orqanlara həddindən artıq geniş mülahizə sərbəstliyi verməklə təqsirkarın hərəkətlərini şərtləndirən istənilən səbəbi müstəsna olaraq özünün “süzgəcindən” keçirərək “əsaslı olmayan səbəb” və ya “cüzi səbəb” kimi qiymətləndirməyə, təqsirkarın öz hərəkətlərinə və onun nəticələrinə subyektiv münasibətini isə (hətta mübahisə zərərçəkmiş şəxsin özünün təşəbbüsü ilə başladığı hallarda belə) nəzərə almamağa imkan yaradır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli “heç bir əsaslı səbəb olmadan” törədilmiş əməl kimi qiymətləndirilə və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurma kimi tövsif edilə bilməz. Çünki, yuxarıda da qeyd edildiyi kimi xuliqanlıq niyyəti o halda mövcud ola bilər ki, təqsirləndirilən şəxsdə başqa motivlər mövcud olmasın. Hazırki halda isə təqsirləndirilən şəxsin şüurunda onları münaqişəyə sövq edən motivlər mövcuddur. Təqsirləndirilən şəxs həmin əməli törədərkən, bunu xuliqanlıq niyyəti ilə deyil, baş vermiş mübahisə zəminində etmişdir. Təsvir olunan qərarlardan və Qanunun tələblərinə istinad edərək məhkəmə hesab edir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyib və mötəbər sübutlar əldə edilib, qiymətləndirilməyibsə, əməl CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilə bilməz. Məhkəmə, həmçinin törədilmiş əməlin xuliqanlıq niyyəti ilə deyil, təqsirləndirilən və zərərçəkmiş şəxs arasında baş verən qarşılıqlı mübahisə zəmnində baş verməsini onunla əsaslandırır ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında bilavasitə hadisəyə qədərki vəziyyət düzgün qiymətləndirilməmiş, verilmiş ittihamda təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə birtərəfli qaydada münaqişə vəziyyəti yaratması təsvir edilmiş və bu hissədə işin həqiqi halları araşdırılmaq əvəzinə müstəsna olaraq zərərçəkmiş şəxsin ifadəsi əsas götürülmüşdür. Bu səbəbdən, zərərçəkmiş şəxsin həmin hissədə ifadəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir: zərərçəkmiş şəxslərin bəzən özlərinin leyhinə olan xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimalları mövcuddur. Belə ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə prosesdə qarşı tərəf olması, məhkəməyədək aralarında davam edən mübahisələri və mənafelər toqquşmasının olması, verdiyi ifadənin qərəzsiz olması ehtimalını azaldır. Bu zaman zərərçəkmiş şəxsin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilmiş əməlin ictimai təhlükəlliyini daha da şişirdərək doğru olmayan ifadə verə biləcəyini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Beləliklə, məhkəmə hazırkı halda hesab edir ki, baş vermiş hadisənin xuliqanlıq niyyəti ilə və heç bir əsaslı səbəb olmadan hərəkət edən təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair ittiham tərəfinin mövqeyi işin tədqiq edilmiş və yuxarıda sadalanan halları ilə uzlaşmır və ağlabatan hesab olunmur. Beləliklə, məhkəmə, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinə CM-in 127.2.3-cü maddəsini tətbiq etməsini iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun gəlməyən nəticə kimi qiymətləndirir və hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin deyil, həmin Məcəllənin 127.1-ci maddəsinin tərkibi vardır və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 318.1-ci maddəsinə əsasən «məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.». Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, zərərçəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənildiyindən və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Beləliklə, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək, habelə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və dəymiş zərərin aradan qalxdığına dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli, Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 40.1, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir.

Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar