Məhkəmə qərarları › İş №1(005)-222/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-222/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-222/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək iki həftə müddətində pulunu ödəyəcəyinə dair yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissəhissə olmaqla Zərərçəkmiş şəxs1 əvvəlcə 08 avqust 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən İcecold» mağazasında bir ədədinin qiyməti 650 manat olan cəmi 3900 manat dəyərində 6 ədəd soyuducu qapısını, 21 sentyabr 2022-ci il tarixdə qeyd olunan ünvanda növbəti gün pulunu ödəyəcəyinə dair yalandan vəd verib aldadaraq bir ədəd 1300 manat dəyərində «Copeland» markalı soyuducunu, 25 iyun 2023-cü il tarixdə isə qeyd olunan ünvanda üç gün sonra pulunu ödəyəcəyinə dair yalandan vəd verib aldadaraq bir ədəd 3800 manat dəyərində «Ancang» markalı soyuducunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 9000 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onu İsmayıllı rayonunda soyuducu anbarı inşa etdiyinə və inşaat işlərini yekunlaşdırmaq üçün 3000 manat məbləğində pula ehtiyacı olduğuna inandıraraq həmin vəsaiti ona borc qismində verəcəyi təqdirdə üç gün sonra geri qaytaracağına dair yalandan vəd verib aldadaraq 25 iyun 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən «İcecold» mağazasında sonuncunun 3000 manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 3000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək atası Şahid3 məxsus «Kia Rio X-Line» minik markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin 22 iyul 2023-cü il tarixdə sonuncu tərəfindən digər şəxsə satılmasını bildiyi halda, 04 avqust 2023-cü il tarixdə guya həmin avtomobili 25500 manat müqabilində satışa çıxardığına Zərərçəkmiş şəxs1 inandırıb ona qaytarmalı olduğu pul vəsaitini çıxaraq əlavə güzəşt etməklə qeyd olunan avtomobili 13000 manat müqabilində əlverişli qiymətə ona satacağına dair yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 həmin avtomobilin müqabilində 05 avqust 2023-cü il tarixdə saat 13:44-də qardaşı Şahid1 vasitəsilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən «Bravo supermarket» mağazasındakı «Milliön» ödəmə terminalından onun şəxsi istifadəsində olan 4169 7388 0900 5261 bank kartına bağlı olan hesaba köçürdüyü 4000 (dörd min) manat, həmin gün saat 13:52-də Zərərçəkmiş şəxs1 bilavasitə özünün ünvan 3 ünvanında arvadı Şahid2 məxsus 4169 7388 6443 0370 nömrəli bank kartına bağlı olan hesabdan mobil tətbiq vasitəsilə onun şəxsi istifadəsində olan 4169 7388 0900 5261 nömrəli bank kartına bağlı olan hesaba köçürdüyü 3140 manat, həmin gün saat 13:53-də isə qeyd olunan ünvanda Zərərçəkmiş şəxs1 arvadı Şahid2 məxsus 5103 0714 6018 8143 nömrəli bank kartına bağlı olan hesabdan mobil tətbiq vasitəsilə onun şəxsi istifadəsində olan 4169 7388 0900 5261 nömrəli bank kartına bağlı olan hesaba köçürdüyü 860 manat olmaqla Zərərçəkmiş şəxs1 cəmi 8000 manat məbləğində pulunu köçürmə yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 8000 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək onun üçün 10500 manat müqabilində 200 kvadrat metr ölçüdə poliuretan lövhə təşkil edəcəyinə dair yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 15 iyun 2023-cü il tarixdə saat 15 radələrində ünvan 4 ünvanının qarşısında əvvəlcə 4500 manat pulunu, 25 iyul 2023-cü il tarixdə saat 16:46-da qeyd olunan ünvanda Zərərçəkmiş şəxs2 özünə məxsus 4169 7388 7878 4861 nömrəli bank kartına bağlı olan hesabdan «BirBank» mobil tətbiqi vasitəsilə ona məxsus 4169 7377 0260 5409 nömrəli bank kartına bağlı olan hesaba köçürdüyü 1500 manat pulunu, 16 avqust 2023-cü il tarixdə saat 10:21-də qeyd olunan ünvanda Zərərçəkmiş şəxs2 özünə məxsus 4169 7388 7878 4861 nömrəli bank kartına bağlı olan hesabdan «BirBank» mobil tətbiqi vasitəsilə ona məxsus 4169 7377 0260 5409 nömrəli bank kartına bağlı olan hesaba köçürdüyü 1000 manat pulunu, 2023-cü ilin sentyabr ayının əvvəllərində saat 23 radəldərində ünvan 5 ünvanında yerləşən «Mona Liza» restoranının qarşısında 1000 manat pulunu, 2023-cü ilin oktyabr ayının əvvəllərində saat 20 radələrində isə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Nərimanov parkının qarşısında 2500 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 10500 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014cü ildən etibarən çörək pulu qazanmaq üçün sifariş əsasında zəhmət haqqı müqabilində Bakı şəhərində müxtəlif növ soyuducuların təmiri, quraşdırılması və alqı-satqısı ilə məşğul olmuşdur. ünvan 3 ünvanında yerləşən «İcecold» mağazasında sənayedə istifadə üçün nəzərdə tutulan işlənmiş və təzə soyuducuların satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 2017-ci ildən etibarən tanımışdır. Əvvəllər dəfələrlə Zərərçəkmiş şəxs1 təşkilatçılığı ilə zəhmət haqqı müqabilində Bakı şəhərində müxtəlif ünvanlarda soyuducular quraşdırmışdır. Eyni zamanda, yəni 2017-ci ildən 2022-ci ilin avqust ayınadək dəfələrlə Fuaddan pulunu sonradan ödəmək şərti ilə müxtəlif növ soyuducular və soyuducu avadanlıqları alıb satmışdır. Həmişə söz verdiyi vaxt Fuadın pulunu ödəmişdir. 2022-ci ilin avqust-sentyabr aylarında Fuaddan sonradan pulunu ödəmək şərti ilə bir ədədinin qiyməti 650 manat olan cəmi 3900 manat dəyərində 6 ədəd soyuducu qapısı, 1300 manat dəyərində «Copeland» markalı işlənmiş soyuducu, 2023-cü ilin avqust ayında isə 3800 manat dəyərində işlənmiş «Ancang» markalı soyuducu almışdır. Qeyd olunan soyuducu qapılarını alan zaman Fuada ilkin ödəniş qismində 500 manat pul vermişdir. 2023-cü ilin avqust ayınadək Fuad bir neçə dəfə pulunu ondan tələb etsə də, imkanı olmadığı üçün Fuada olan borcunu qaytara bilməmişdir. Fuad mütəmadi olaraq ondan pulunu tələb etdiyi üçün 04 avqust 2023-cü il tarixdə «WhatsApp» vasitəsilə şəxsi istifadəsində olan «Kia Rio X- Line» minik markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkilini Fuada göndərərək borcunu qaytarmaq üçün həmin avtomobili bir müddətdir ki, 25500 manata satışa çıxartdığını bildirərək ona olan borcunu vermək üçün həmin avtomobili 23000 manata almasını təklif etmişdir. Daha sonra Fuad avtomobilin şəkillərinə baxaraq bəyənmiş və ona olan borcunu çıxmaq şərti ilə avtomobilin müqabilində cəmi 13000 manat ödəniş etmək barədə qarşılıqlı razılığa gəlmişlər. Həmin gün, yəni 04 avqust 2023cü il tarixdə saat 20 radələrində Fuad onun dəvəti ilə Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsində yerləşən «Tərtər» kafesinə gələrək birlikdə əyləşib şam yeməyi yemişlər. Söhbət zamanı Fuada sözügedən avtomobilin Sumqayıt şəhərində olduğunu və rəsmi sənədlərə əsasən avtomobilin atası Fizuli Mustafazadənin adına qeydiyyatda olduğunu deyərək razılaşacaqları təqdirdə 07 avqust 2023-cü il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinə gedərək avtomobili onun adına rəsmiləşdirəcəyini bildirmişdir. Fuad isə bununla razılaşmışdır. Daha sonra 05 avqust 2023-cü il tarixdə pula ehtiyacı olduğu üçün «WhatsApp» vasitəsilə qardaşı Səbuhiyə məxsus bank kartının fotoşəkilini Fuada göndərərək təcili pula ehtiyacı olduğunu bildirmiş və avtomobilə görə ona hələlik 8000 manat pul göndərməsini, yerdə qalan 5000 manatı isə avtomobil onun adına rəsmiləşdirildikdən sonra ödəməsini təklif etmişdir. Fuad razılaşaraq həmin gün qardaşı Səbuhinin bank kartına ümumilikdə 8000 manat pul göndərmişdir. 07 avqust 2023-cü il tarixdə avtomobili satmaq üçün verdiyi şəxsə zəng vurub müştəri tapdığını bildirərək avtomobili təhvil verməsini istəmiş, lakin həmin şəxs atası Fizulinin iştirakı ilə avtomobilin artıq başqa şəxsə satıldığını söyləmişdir. Atasına zəng edib bu barədə soruşduqda o, avtomobilin satıldığını təsdiq etmişdir. Bu səbəbdən avtomobili Fuada sata bilməmiş və ondan aldığı pulu borclarını qaytarmağa sərf etdiyindən Fuadın pulunu qaytara bilməmişdir. Avtomobilə görə Fuaddan cəmi 8000 manat pul almışdır. Həmçinin etibarnamə ilə idarə etdiyi «Kia Rio X-Line» minik markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobili ona satacağını vəd etmişdir. Çünki «Kia Rio X-Linc» minik markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi kimi atası Fizulinin adına qeydiyyatda olsa da, həmin avtomobili etibarnamə ilə o, idarə etmişdir. Fuaddan nisyə aldığı soyuducu və soyuducu avadanlıqlarını müxtəlif şəxslərə sataraq əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına sərf edib xərcləmiş və Fuada cəmi 8500 manat borcu olmuşdur. Zərərçəkmiş şəxs2 2021-ci ildən soyuducu ustası kimi tanımışdır. İsmayıl əvvəllər bir neçə dəfə qabaqcadan pulunu ödəməklə ondan müxtəlif soyuducu ehtiyat hissələri almışdır. 2023-cü ilin iyun ayının ortalarında İsmayıl Bakı şəhərində onunla zəngləşib görüşərək Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ərzaq anbarında 125 kvadrat metr ölçüdə soyuducu quraşdırmaq üçün sifariş aldığını bildirmiş və həmin sifarişi icra etməkdən ötrü 200 kvadrat metr ölçüdə poliuretan lövhəyə ehtiyacı olduğunu demişdir. Öz qazancını hesablayaraq İsmayıla 10500 manat verəcəyi təqdirdə onun üçün 200 kvadrat metr ölçüdə poliuretan lövhə təşkil edə biləcəyini söyləmişdir. İsmayıl razılaşaraq bu məqsədlə, yəni 200 kvadrat metr ölçüdə poliuretan lövhəyə görə ona hissə-hissə olmaqla ümumilikdə 10500 pul vermişdir. İsmayıl ilkin olaraq bu məqsədlə 2023-cü ilin iyun ayının ortalarında Nərimanov rayonu, Ağa Nemətulla küçəsində ona 4500 manat pul vermişdir. O da öz növbəsində İsmayıla 2023-cü ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, «Elmlər Akademiyası» metrostansiyasınm yaxınlığında 4700 manat dəyərində poliuretan lövhə təhvil vermişdir. Sifariş verdiyi poliuretan lövhəyə görə İsmayıl 2023-cü ilin iyul ayının sonlarında onun bank kartına əvvəlcə 1500 manat, 2023-cü ilin avqust ayının ortalarında isə 1000 manat pul köçürmüşdür. Sifariş verdiyi malın pulunu tam həcmdə ödəməsini tələb etdiyi üçün İsmayıl 2023-cü ilin sentyabr ayının əvvəllərində ona Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsindəki «Mona Liza» restoranının yaxınlığında 1000 manat, sonuncu dəfə 2023-cü ilin oktyabr ayının əvvəllərində isə Nərimanov parkının qarşısında 2500 manat pul vermişdir. İsmayıldan ümumilikdə 10500 manat pul almışdır. Lakin İsmayıl həmin məbləği vaxtında tam şəkildə ödəyə bilmədiyi üçün ona vəd etdiyi 200 kvadrat metr ölçüdə poliuretan materialını tam həcmdə əldə edib təhvil verə bilməmişdir. İsmayıl vaxtında ödəniş etmədiyi üçün məcburiyyət qarşısında qalaraq lombarddan borc götürüb İsmayıl üçün sifariş verdiyi poliuretan materialına görə əvvəlcədən beh kimi 650 manat pul ödəməli olmuşdur. İsmayıla 4700 manat dəyərində poliuretan lövhə vermiş, ondan aldığı pulun 5800 manatını isə öz ehtiyaclarına sərf edərək xərcləmişdir. Hazırda İsmayıla cəmi 5800 manat borcunun olduğunu bildirmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş zərəri tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur, onlarla barışmışdır. Yekunda barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2015-ci ildən etibarən ünvan 3 ünvanında yerləşən «İcecold» mağazasında sənayedə istifadə üçün nəzərdə tutulan işlənmiş və təzə soyuducuların satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs 2017-ci ildən etibarən tanıyır. Sənani 2017-ci ildə ona müraciət edərək soyuducu ustası olduğunu, soyuducuların quraşdırılması və təmiri ilə bağlı bütün zəruri işləri bacardığını bildirib müştərək işləməyi təklif etmişdir. Soyuducu satışı ilə məşğul olduğundan soyuducuların quraşdırılması və təmiri ilə bağlı müntəzəm olaraq ustaya ehtiyac olduğunu nəzərə alıb Sənani ilə razılaşmış və beləcə, onunla aralarında tanışlıq münasibətləri yaranmışdır. 2017-ci ildən 2022-ci ilin avqust ayınadək Sənani ondan bir neçə dəfə sonradan pulunu ödəmək şərti ilə soyuducu alıb aparmış və bir müddət sonra pulunu ödəmişdir. 08 avqust 2022-ci il tarixdə səhər saatlarında Sənani onun işlədiyi ünvan 3 ünvanında yerləşən «İcecold» mağazasına gəlib ilkin ödəniş qismində 500 manat ödəməklə ondan bir ədədinin qiyməti 650 manat olan ümumilikdə 3900 manat dəyərində 6 ədəd soyuducu qapısı alıb apararaq iki həftə müddətində yerdə qalan pulu tam həcmdə ödəyəcəyini vəd etmişdir. Sənanini 2017-ci ildən tanıdığından ona inanıb razılaşmışdır. 2022-ci ilin sentyabr ayına kimi bir neçə dəfə Sənani ilə əlaqə saxlayıb alıb apardığı 6 ədəd soyuducu qapısına görə yerdə qalan 3400 manat pulu ödəməsini xahiş etmiş, lakin Sənani tezliklə pulu ödəyəcəyini vəd edərək müxtəlif bəhanələrlə onu aldatmışdır. 2022-ci ilin sentyabr ayının ortalarında növbəti dəfə Sənaniyə zəng vurub pulunu istəyən zaman söhbət əsnasında Sənaniyə mağazada «Copeland» markalı işlənmiş soyuducu olduğunu söyləmiş və maraqlanan olarsa, ona xəbər verməsini xahiş etmişdir. 21 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Sənani işlədiyi «İcecold» mağazasına gəlib 1300 manat müqabilində satışa qoyduğu «Copeland» markalı işlənmiş soyuducuya baxmış və həmin soyuducunu növbəti gün pulunu ödəmək şərti ilə almaq istədiyini bildirmişdir. O, Sənaniyə inanaraq razılaşmış və Sənani «Copeland» markalı soyuducunu götürüb aparmışdır. 22 sentyabr 2022-ci il tarixdə Sənaniyə zəng vuraraq soyuducunun pulunu ödəməsini istəmiş lakin Sənani and-aman edərək cəmi 10 qəpik pulunun olduğunu bildirərək imkan tapan kimi soyuducunun pulunu ödəyəcəyini vəd etmişdir. O isə Sənaniyə inanmış və etiraz etməmişdir. Lakin uzun müddət ərzində Sənani müxtəlif bəhanələrlə onu aldadaraq pulunu ödəməmişdir. 25 iyun 2023-cü il tarixdə Sənani işlədiyi «İcecold» mağazasına gəlib «Ancang» markalı soyuducu almaq istədiyini demişdir. Əvvəlcə Sənaniyə etiraz edərək ona borclu olduğu pul vəsaitini ödəməsini tələb etdiyini bildirmiş lakin yenə də Sənani müəyyən problemləri olduğunu söyləmiş və tezliklə onun pulunu tam həcmdə ödəyəcəyini vəd etmişdir. Sənaniyə inanaraq onunla razılaşmış və Sənani 3800 manat müqabilində satışa qoyduğu «Ancang» markalı soyuducunu alıb aparmış və üç gün sonra pulunu ödəyəcəyinə söz vermişdir. Həmin vaxt Sənani söhbət əsnasında həmçinin İsmayıllı rayonunda soyuducu anbarı inşa etdiyini bildirmiş və inşaat işlərini yekunlaşdırmaq üçün 3000 manat pula ehtiyacı olduğunu söyləmişdir. Sənani Fuaddan ona 3000 manat borc verməyini xahiş etmiş və söz vermişdir ki, üç gün müddətində ona olan borcunu tam həcmdə ödəyəcəkdir. O Sənaniyə inanıb razılaşmış və üç gün sonra qaytarmaq şərti ilə mağazada Sənaniyə 3000 manat borc pul vermişdir. 2023-cü ilin avqust ayınadək müntəzəm olaraq Sənani ilə əlaqə saxlamış və onun pulunu verməsini tələb etmişdir. Sənani isə bir müddət müxtəlif bəhanələrlə onu aldatmış və 04 avqust 2023-cü il tarixdə «WhatsApp» vasitəsilə özünə məxsus «Kia Rio X-Line» minik markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkilini ona göndərərək borcunu qaytarmaq üçün həmin avtomobili 25500 manata satışa çıxardığını bildirmişdir. Daha sonra Sənani ona olan borcunu bağlamaq üçün həmin avtomobili 23000 manata almasını təklif etmişdir. Sənaninin ona olan borcunu çıxmaq şərti ilə həmin avtomobilin müqabilində Sənaniyə cəmi 13000 manat ödəniş edəcəyi barədə razılığa gəlmişlər. Həmin gün Sənaninin dəvəti ilə avtomobilə baxmaq üçün qaynı X4 ilə birlikdə Bakı şəhəri Nizami rayonu, M.Şərifli küçəsində yerləşən «Tərtər» kafesinə getmişdir. Sənani avtomobilin Sumqayıt şəhərində avtosalonda olduğunu və rəsmi sənədlərə əsasən avtomobilin mülkiyyətçi kimi atası Şahid3 adına qeydiyyatda olduğunu bildirmiş və 07 avqust 2023-cü il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinə gedərək avtomobili onun adına rəsmiləşdirəcəyini bildirmişdir. Daha sonra 05 avqust 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən işlədiyi «İcecold» mağazasında olarkən Sənani «WhatsApp» vasitəsilə qardaşı Səbuhiyə məxsus bank kartının fotoşəkilini ona göndərərək təcili pula ehtiyacı olduğunu bildirmiş və avtomobilə görə ona hələlik 8000 manat pul göndərməsini, yerdə qalan 5000 manatı isə avtomobil mülkiyyətçi kimi onun adına rəsmiləşdikdən sonra ödəməsini təklif etmişdir. O, Sənaniyə inandığı üçün onunla razılaşmış və qardaşı Rüfətə zəng vuraraq Sənanin bank kartına 4000 manat göndərməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra Rüfət ona zəng vuraraq «MilliÖn» ödəmə terminalı vasitəsilə Sənaninin kartına 4000 manat pul köçürdüyünü bildirmişdir. Bundan sonra o, mağazada öz mobil telefonundan istifadə etməklə «Birbank» mobil tətbiqi vasitəsilə arvadı Şahid2 məxsus bank kartına bağlı olan hesabdan Sənaninin bank kartına 4000 manat pul köçürmüşdür. Daha sonra 07 avqust 2023-cü il tarixdə səhər saatlarında Sənaniyə zəng etmiş və avtomobili öz adına rəsmiləşdirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinə getməyi təklif etmiş Sənani isə qohumunun vəfat etdiyini və bununla əlaqədar atası Fizulinin yas mərasiminə getdiyini bildirmişdir. Daha sonra Sənani ona bu məqsədlə 11 avqust 2023-cü il tarixdə görüşməyi təklif etmiş və o da bununla razılaşmışdır. 11 avqust 2023- cü il tarixdə mobil telefonunda «Turbo.az» saytına baxarkən təsadüfən «Kia Rio X-Line» minik markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin 23500 manat müqabilində «Turbo.az» saytında satışa çıxarıldığını görmüş və Sənaninin onu aldatdığını başa düşmüşdür. Bundan sonra Sənaniyə zəng etmiş və onun pulunu qaytarmasını tələb etmişdir. Lakin Sənani müxtəlif bəhanələr gətirmiş və növbəti dəfə onu inandırmağa çalışmışdır. Sənanin onu aldadaraq ümumilikdə 19500 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər hazırda ödənilmişdir və onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, çörək pulu qazanmaq üçün 2005-ci ildən etibarən Bakı şəhərində və ətraf rayonlarda sifariş əsasında zəhmət haqqı müqabilində müxtəlif ictimai iaşə obyektlərində, o cümlədən restoran və mağazalarda soyuducu sistemlərinin quraşdırılması ilə məşğul olmuşdur. Bakı şəhərində köhnə soyuducuların və soyuducu ehtiyat hissələrinin satışı ilə məşğul olan Təqsirləndirilən şəxs işi ilə əlaqədar 2021-ci ildən etibarən tanıyır, onunla qohumluğu, habelə əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. Əvvəllər bir neçə dəfə qabaqcadan pulunu ödəməklə Sənanidən müxtəlif soyuducu ehtiyat hissələri alıb istifadə etmişdir. 2023-cü ilin iyun ayının ortalarında Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ərzaq anbarında 125 kvadrat metr ölçüyə malik soyuducu quraşdırılmasına dair sifariş almış və Masazır qəsəbəsinə gedib sözügedən obyektə baxış keçirərək zəruri ölçüləri götürdükdən sonra 2023-cü ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb görüşərək sifarişi icra etmək üçün 200 kvadrat metr ölçüdə poliuretan lövhəyə ehtiyacı olduğunu bildirmişdir. Sənani onu dinlədikdən sonra 10500 manat ödəniş edəcəyi təqdirdə onun üçün 200 kvadrat metr ölçüdə poliuretan lövhə təşkil edəcəyini vəd etdiyini demişdir. Sənanidən poliuretan lövhəni nə vaxt ona təhvil verəcəyi barədə soruşmuş Sənani isə narahatlığa ehtiyac olmadığını söyləmiş pulu əvvəlcədən ödəməsini təklif edərək istənilən vaxt sifariş verdiyi materialı lazımi ünvana çatdıracağını vəd etdiyini bildirmişdir. O, Sənaniyə inanmış və 15 iyun 2023-cü il tarixdə yaşadığı ünvan 4 ünvanının qarşısında ona ilkin olaraq 4500 manat pul vermişdir. Sənani isə 2023-cü ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, «Elmlər Akademiyası» metrostansiyasının yaxınlığında ona 3750 manat dəyərində 75 kvadrat metr ölçüdə poliuretan lövhə təhvil vermiş və materialın digər qismini də tezliklə ona çatdıracağını vəd etmişdir. 25 iyul 2023-cü il tarixdə yaşadığı ünvanda olan zaman lazım olan poliuretan lövhələri çatdırması üçün Sənaninin «WhatsApp» vasitəsilə ona göndərdiyi bank kartına öz mobil telefonunda olan «Birbank» mobil tətbiqi vasitəsilə 1500 manat pul köçürmüşdür. 2023-cü ilin avqust ayının ortalarında Sənani ona zəng etmiş və sifariş verdiyi poliuretan lövhələrin müqabilində yerdə qalan məbləği də təcili olaraq ona çatdırmasını istəmişdir. 16 avqust 2023-cü il tarixdə yaşadığı ünvanda mobil telefonunda olan «Birbank» mobil tətbiqi vasitəsilə Sənaninin bank kartına 1000 manat pul köçürmüşdür. Bu əsasla 2023-cü ilin sentyabr ayının əvvəllərində gecə saat 23 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən «Mona Liza» restoranının qarşısında Sənaniyə 1000 manat, sonuncu dəfə 2023-cü ilin oktyabr ayının əvvəllərində axşam saat 20 radələrində isə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində - Nərimanov parkının qarşısında 2500 manat pul vermişdir. Beləcə, sifariş verdiyi 200 kvadrat metr ölçüdə poliuretan lövhə materiallarını çatdırması üçün Sənaniyə ümumilikdə 10500 manat pul vermiş, lakin Sənani onu aldadaraq sifariş verdiyi 200 kvadrat metr ölçüdə poliuretan lövhə materiallarının 125 kvadrat metr ölçüdə hissəsini ona çatdırmamışdır. Sonradan dəfələrlə Sənaniyə zəng etmiş lakin Sənani onun telefon zənglərinə cavab verməmişdir. Sənanin onu aldatdığını başa düşdükdən sonra 2023-cü ilin noyabr ayında onun barəsində Nərimanov rayon polis idarəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər hazırda ödənilmişdir və onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, ev 5A, mənzil 13-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Bildirmişdir ki, doğma övladı Təqsirləndirilən şəxs bir neçə ildir ki, sifariş əsasında zəhməthaqqı müqabilində Bakı şəhərində müxtəlif növ soyuducuların təmiri, quraşdırılması və alqı-satqısı ilə məşğul olur. Eyni zamanda «Kia Rio X-Line» minik markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi kimi onun adına qeydiyyatda olmuşdur. Həmin avtomobili öz şəxsi vəsaiti hesabına 2020ci ildə 27000 manata almış və etibarnamə ilə 2020-ci ilin iyul ayında oğlu Sənaniyə idarə etmək üçün vermişdir. 22 iyul 2023-cü il tarixdə şəxsi mülkiyyətində olan «Kia Rio X-Line» minik markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 7 ünvanında yerləşən 50 saylı Notarial Ofisində notarial qaydada etibarnamə ilə 15000 manat müqabilində X1, sonuncu isə öz növbəsində avtomobili başqa şəxsə satmışdır. Oğlu Sənaninin ona məxsus «Kia Rio X-Line» minik markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısı ilə bağlı Zərərçəkmiş şəxs1 ilə sövdələşməsi və sonuncudan bu məqsədlə ümumilikdə 8000 manat pul vəsaiti almasına dair məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Sənani avtomobili Fuada satmaq istəməsi və bununla bağlı Fuadla sövdələşərək ondan pul alması barədə ona heç bir söz deməmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1, Şahid4 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında məhkum olunmasına dair məlumat yoxdur. “Axtarışda olan şəxsin tutulmasına dair” 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə” 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal MSY-dən azad edilməsi qərara alınmışdır. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. "xxxx" ASC-nin vasitəsi ilə ödənilmiş ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 7625 manat dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxslərə tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərin barışmasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs hazırda Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə ittiham olunan əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in: 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6 - 39.1.11,40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar