Məhkəmə qərarları › İş №1(005)-223/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-223/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-223/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkum olunmuş, Mingəçevir şəhəri, Nizami küçəsi ev 8-də qeydiyyatda olan, Bakı şəhər, Nərimanov rayonu, A.Neyməlulla küçəsi ev 8-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 noyabr 2021-ci il tarixdə, saat 15:20 radələrində yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz, vəziyyətdə olan «Kia Optima» markalı, AZ **- VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu Ziya Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən həmin prospektdə yerləşən 16/65 saylı ünvanın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə pozmuş, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda avtomobilin dayanmasını nəzərə almalı və vaxtında tormozlama əməliyyatı apararaq dayandırmağa texniki imkanı olduğu halda, bu qaydaya əməl etməyərək idarə etdiyi avtomobilin qabaq hissəsi ilə qarşıda piyadaya yol verməsi üçün dayanmış Şahid1 yol vərəqəsi əsasında idarə etdiyi «Hyundai Elantra» markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, toqquşmadan sonra «Hyundai Elantra» markalı avtomobil irəliyə hərəkət edib yolu sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ daban sümüyü qabarının qopmuş yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti almasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 noyabr 2021-ci il tarixdə saat 15:20 radələrində yol vərəqəsi əsasında idarə etdiyi “Kia Optima” markalı avtomobillə Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olmuşdur. Qeyd olunan prospektin Ə.Rəcəbli küçəsi ilə kəsişməsində yerləşən yol ayrıcısını bitirdikdən sonra hərəkətini düzünə davam etdirdiyi zaman qarşısında hərəkətdə olan “Hyundai Elantra” markalı avtomobilin Z.Bünyadov prospektində yerləşən köməkçi yola daxil olaraq təxminən 5-10 metr məsafə qət etdikdən sonra əyləcdən istifadə edərək idarə etdiyi avtomobili 1 metr məsafədə saxlamışdır. Bu zaman o, da «Hyundaı Elantra» markalı avtomobilə eyni istiqamətdə arxası ilə hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamadığından idarə etdiyi avtomobilin qabaq hissəsi ilə dayanmış vəziyyətdə olan «Hyundai Elantra» markalı avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma zamanı yaranmış təkandan həmin avtomobil yerindən tərpənərək bir qədər irəliyə getdiyindən qabaq hissəsi ilə piyadanı vurmuşdur. Piyada zərbədən müvazinətini itirərək yerə yıxılmışdır. Hadisədən sonra o, və digər avtomobilin sürücüsü avtomobillərdən düşərək piyadaya yaxınlaşıb hər hansı bir xəsarət alıb-almadığını soruşmuşlar. Sonuncu isə ayaq nahiyyəsindən xəsarət aldığını bildirdiyindən o, mobil telefon vasitəsi ilə 103 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə TTYS-in həkimləri gələrək xəsarət almış şəxsi xəstəxanaya aparmışlar.O, isə qarşı avtomobilin sürücüsü ilə birlikdə hadisə yerində qalıb polis tərəfindən aparılan araşdırmada iştirak etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 noyabr 2021-ci il tarixdə Keşlə qəsəbəsində tanışının evində işləyərkən bir qədər spirtli içki qəbul eldikdən sonra icarəyə götürdüyü qaz balonunu qaytarmaq üçün tanışı Yaşar onu idarə etdyi avtomaşınla Ə.Rəcəbli küçəsi ilə Z.Bünyadov küçələrinin kəsişməsində körpünün altında fəhlələr dayanan yerə gətirib düşürmüşdür. Bundan sonra icarəyə aldığı qaz balonunu və digər ləvazimatları sahibinə təhvil vermişdir. Bir qədər sonra qərara gəlmişdir ki, marşuruta minmək üçün yolu əks tərəfə keçsin. Bu məqsədlə o, Ziya Bünyadov prospektinin Koroğlu metrosu istiqamətinə gedən yolu qaçaraq sağdan sola keçməyə başlamışdır. Bu zaman Koroğlu istiqamətində hərəkətdə olan «Hyundai Elantra» markalı avtomaşın onu görüb yol vermək üçün avtomaşını saxlamışdır. O, da avtomaşının ona yol verməsini görüb bir anlıq dayanıb həmin sürücüyə sağ ol demək istədikdə həmin avomaşın qəflətən üzərinə gəlib onu vurmuşdur. O, zərbədən yerə yıxılmış və sonradan məlum olmuşdur ki, onu vuran «Hyundai Elanra» markalı avtomaşın yol verib dayanan zaman arxadan gələn «Kia Oplima» markalı avtomaşın həmin avtomaşını arxa hissəsindən vurmuş, qarşıda olan avtomaşın isə ona dəymişdir. Hadisə yerinə TTYS-nin həkimləri nələrək onu xəstəxanaya aparmışlar. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Həmçinin, ona vurulmuş ziyan tam ödənildiyindən tərəfindən verilmiş mülki iddiasını müdafiə etmədiyini bildirdi, onun geri qaytarılmasını və baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 və Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 6-13-cü vərəqələrində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 15.11.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X4 tərəfindən hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Ə.Rəcəbli küçəsinin kəsişməsində aydın, yağışsız havada “Koroğlu” metrostansiyası istiqamətində olan hadisə yerinə baxış nəticəsində müəyyən edilmişdir ki, yolun işlək vəziyyəti düzdür, yol örtüyü beton asfaltdır və vəziyyəti qurudur. Yol örtüyünün hər iki istiqamət üçün eni 08 metr, işlək hissəsinin eni 08 metr, ehtiyat hissəsinin eni 03 metr, hərəkət zolaqlarının sayı 2, yolun işlək hissəsində 1.4 və 1.5 üfüqi nişanlanma xətləri aşkar edilmiş, işlək hissəyə sağdan səki, soldan körpünün altı, ehtiyat hissədən sonra sağdan mağaza, soldan isə avtomobil yolu birləşdiyi, həmin sahənin nizamlanma üsuluna görə nizamlanmayan sahəyə aid olması müəyyən edilmişdir. Cinayət işinin 24-cü vərəqində olan "xxxx" MMC tərəfindən verilmiş 08.11.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən “KİA OPTİMA” minik markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti Təqsirləndirilən şəxs verilmişdir. Cinayət işinin 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 Nərimanov rayon Şöbəsi tərəfindən verilmiş 07 dekabr 2021-ci il tarixli, 452/MEŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi sənəd əsnasında “Sağ daban sümüyü qabarının qopmuş yerdəyişən sınığı” diqanozu təyin edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 15.11.2021-ci il tarixi inkar etmir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi və dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Cinayət işinin 63-65-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİnin verdiyi 10.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.06.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 13.10.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 67-ci vərəqində olan Mingəçevir şəhəri 8 saylı MKİS tərəfindən verilmiş 14 yanvar 2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 72-74-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 12 yanvar 2022-ci il tarixli, 8/8 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən göstərilən məlumatlara əsasən Kia Optima markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkan olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai Elantra markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin 104-109-cu vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 09.02.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə “Kia Optima” markalı, **-VE- *** dövlət qeydiyyat nişanlı avtomobilin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılmasından ötrü sahiblərinə təhvil verilməsi nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 20.04.2022-ci il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, CM-nin 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut - “Kia Optima” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmasından ötrü sahiblərinə təhvil verilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan - “Kia Optima” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar