Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-224/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Göyçay rayonu, Məlikkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Bakı şəhəri Nərimanov rayonu məhkəməsinin 26 aprel 2024-cü il tarixli 1(005)-224/2024 saylı qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcrixanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs1 faktiki nikahda olduğu Şahid2 Azərbaycan Respublikası Dövlət Gömrək Komitəsinin yüksək vəzifəli əməkdaşı olması və sonuncunun vasitəsi ilə şəxslərin həmin Komitədə işlə təmin edilməsi, eləcə də Azərbaycan Respublikası Mənzil X1 tərəfindən verilən sosial evlərlə təmin edilməsini müəyyən məbləğdə pul müqabilində həll edə bilmək imkanının olmasına dair həqiqətə uyğun olmayan məlumat verib inandıraraq, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Mənzil X1 tərəfindən verilən sosial evlə təmin ediləcəyinə, həmçinin sonuncunun özünün və bacısının Azərbaycan Respublikası Dövlət Gömrək Komitəsidə işlə təmin ediləcəyinə ümumilikdə 20000 manat pul qarşılığında nail olacağına dair yalan vədlər verib, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, bu məqsədlə 2022-ci ilin sentyabr ayının əvvəllərində ünvan 3 ünvanda yerləşən “Metropark” ticarət mərkəzinin yaxınlığındakı mənzildə sonuncuyla görüşərək 20.000 (iyirmi min) manat pulunu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 20000(iyirmi min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs3 faktiki nikahda olduğu Şahid2 Azərbaycan Respublikası Dövlət Gömrək Komitəsinin yüksək vəzifəli əməkdaşı olması və sonuncunun vasitəsi ilə şəxslərin Azərbaycan Respublikası Mənzil X1 tərəfindən verilən sosial evlərlə təmin edilməsini müəyyən məbləğdə pul müqabilində həll edə bilmək imkanının olmasına dair həqiqətə uyğun olmayan məlumat verib inandıraraq, 10800 manat pul qarşılığında Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Mənzil X1 tərəfindən verilən sosial evlə təmin edilməsinə nail olacağına dair yalan vədlər verib, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, bu məqsədlə 2022-ci ilin oktyabr ayından həmin ilin noyabr ayının sonuna kimi olan müddət ərzində ünvan 3 ünvanda yerləşən “Metropark” ticarət mərkəzinin qarşısında hissə-hissə olmaqla, ümumilikdə 10800(on min səkkiz yüz) manat pulunu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 10.800(on min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs2 faktiki nikahda olduğu Şahid2 Azərbaycan Respublikası Dövlət Gömrək Komitəsinin yüksək vəzifəli əməkdaşı olması və sonuncunun vasitəsi ilə şəxslərin həmin Komitədə işlə təmin edilməsini müəyyən məbləğdə pul müqabilində həll edə bilmək imkanının olmasına dair həqiqətə uyğun olmayan məlumat verib inandıraraq, 1900 manat pul qarşılığında Zərərçəkmiş şəxs2 qızı Şahid3 Azərbaycan Respublikası Dövlət Gömrək Komitəsidə işlə təmin ediləcəyinə nail olacağına dair yalan vədlər verib, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, bu məqsədlə 2022-ci ilin noyabr ayından 2023-cü ilin yanvar ayının sonunadək olan müddət ərzində ünvan 3 ünvanda yerləşən “Metropark” ticarət mərkəzinin qarşısında hissə-hissə olmaqla, ümumilikdə 1900 (min doqquz yüz) manat pulunu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1.900 (min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 onun qohumlarıdır. 2022-ci ilin avqust ayında qohumu Fəqan onunla əlaqə saxlayaraq ona ev barədə köməklik göstərilməsini xahiş etmişdir. Fəqanla yaşadığı ünvan 4 ünvanında görüşmüşdür. Fəqan ondan ev və iş barədə köməklik etməyini xahiş etmişdir. Onun da sosial ev düzəltmək imkanı olduğundan Fəqana ev barəsində köməklik edəcəyini bildirmiş, lakin ev məsələsini düzəltmək istədiyi şəxs işdən çıxarılmış, onun isə köməyi alınmamışdır. Bundan sonra səhhətində problemlər olması səbəbilə Fəqandan ev və işə düzəltmək məqsədi ilə almış olduğu pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin o, bildirmişdir ki, Fəqandan 18100 manat məbləğində pul almış, daha sonra isə istintaqda 10400 bir dəfə, 5000 manat bir dəfə ümumi borcundan 15400 manat qaytarmışdır. Həmçinin qohumu Zərərçəkmiş şəxs3 2022-ci ilin sentyabr ayında onunla əlaqə saxlayaraq sosial evlərdən götürməkdə köməklik etməyini xahiş etmişdir. Baharla razılaşmış və 2022-ci ilin sentyabr ayında 1800 manat pulu Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 44 ünvanında yerləşən “Metropark” ticarət mərkəzinin qarşısında görüşərək alıb Bahara bildirmişdir ki, ilin sonunadək onun üçün sosial evlərdən təşkil edəcək. Lakin ona vermiş olduğu vəddə sosial evlər düzəltməli olan şəxs işdən çıxaması səbəbilə alınmamışdır, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa qohumu Zərərçəkmiş şəxs2 onunla 2022-ci ilin oktyabr ayının sonlarında əlaqə saxlayaraq qızı Güllünün işə düzəlməsi barədə ona köməklik etməyini istəmişdir. O, da Samirəyə razılıq verərək onunla 1500 manata razılıq əldə etmişlər. Samirə ilə 2022-ci ilin oktyabr ayında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 44 ünvanında yerləşən “Metropark” ticarət mərkəzinin qarşısında görüşmüşlər və danışdıqları kimi Bahar ona 1500 manat pul vermişdir. Bundan sonra müxtəlif bəhanələrlə Samirədən 2022-ci ilin noyabr ayında əlavə 400 manat pul almışdır. Konkret olaraq bildirmişdir ki, verilmiş ittihamla razııdır, özünü təqsirli bilir. Məhkəməsini sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslərə qismən ödəniş etsə də, hal-hazırda barəsində həbs qətimkan tədbiri seçilməsi və işləyə bilməməsi səbəbilə ödəniş edə bilmir. Yekun olaraq o, zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı qismən ödəməsini, səhhətində ciddi problemlər olmasını, əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. Təqsirləndirilən şəxs ilə münasibəti yaxşı olmuş, hər hansı ədavət və düşmənçilikləri olmamışdır. Qohumlarından Təqsirləndirilən şəxs işlə və evlə təmin olunmada köməklik göstərdiyini eşitmişdir. Bundan sonra Gülərlə əlaqə saxlayaraq ev barədə danışmaq istədiyini bildirmişdir. 2022-ci ilin avqust ayında Gülərlə onun yaşadığı ünvan 5 ünvanında yerləşən “MetroPark” ticarət mərkəzinin arxasında olan mənzilində görüşmüşdür. Görüşdə onların yanlarında heç kim olmamışdır. Gülər bildirmişdir ki, əri Şahid2 Gömrük Komitəsində vəzifəli şəxsdir, onun yüksək vəzifəli dostları vardır, bu səbəbdən hal-hazırda olduqları evidə dövlətin sosial evlərindən qazanmışlar, qohumdurlar və bütün qohumlara köməklik edirlər. Hətta bildirmişdir ki, əgər ev alınarsa onu Gömrük Komitəsində işlə təmin edəcəkdir. Danışıqlarına əsasən Gülər bildirmişdir ki, 02 ədəd sosial ev üçün ümumilikdə 16000 manat, onu və bacısını Gömrük komitəsində işlə təmin etmək üçün isə ümumilikdə 4000 manat pul ödəməlidir. Gülərin onunla danışığı inandırıcı gəlmişdir. Gülərin onu aldadacağını düşünmədiyi üçün onunla razılaşmışdır. Bir gün sonra Gülər onunla əlaqə saxlayaraq ailə tərkibi haqqında arayış, məhkumluq arayışı almağını və tərcüməyi-hal yazmağını istəmişdir. Bir neçə gün ərzində sənədləri toplayaraq həmin mənzildə Gülər ilə görüşüb ona vermişdir. Bundan sonra 2022ci ilin sentyabr ayının əvvəllərində 20000 manat pulu bankdan götürüb Gülərlə onun mənzilində görüşmüş və pulu ona vermişdir. Gülər bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə mənzilinə köçə biləcək. Həmin tarix gəldikdə Gülərlə əlaqə saxlamış, Gülər müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışmışdır. Gülər konkret olaraq bildirmişdir ki, bu işləri onun əri Şahid2 edəcəkdir. Sonda Gülər bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə evə köçəcək. Həmin tarixi də gözləmiş, lakin Gülər yenə yalan danışmışdır. Sonda 2023-cü ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs həyat yoldaşı Aqil ilə Gənclik metrostansiyasının qarşısında görüşmüşdür. Aqil bu görüşdə ona 10000 manat pul qaytarıb bildirmişdir ki, avtomobilini satıb ən qısa zamanda pulunu verəcəkdir. O, da Aqillə razılaşmışdır. Lakin, Aqil onun qalan pulunu qaytarmamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə 20000 manat pul vermişdir. Həmin puldan Gülər tərəfindən 10400 manat bir, 5000 manat da bir qayatılmışdır. O, da sonuncu məbləğdən 5000 manatdan 1500 manatını digər zərərçəkmiş şəxs olan Bahara vermişdir. Ümumulikdə ona 13.900 manat məbləğində ödəniş qaytarılmışdır. Hal-hazırda ona dəymiş ziyanın tam şəkildə ödəməsini tələb edir. Təqsirləndirilən şəxsədən şikayətçidir və barəsinə ədalətli cəza təyin ediməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. Təqsirləndirilən şəxsyla münasibəti yaxşı olmuş, hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs ilə 2022-ci ilin sentyabr ayında əlaqə saxlayaraq bildirmişdir ki, dövlət tərəfindən veriləcək olan güzəştli sosial evlərdən ucuz qiymətə əldə edə bilər, ərinin əlillik qrupunun olmasını, bu səbəbdən evi daha ucuz ala biləcəyini bildirmişdir. Gülərin qohumu olduğu üçün 10800 manata ona bu evi təşkil edəcək. Həmin məbləğdə pulunun olmadığını bildirmişdir. Gülər qeyd etmişdir ki, hissə-hissədə verə bilər. Bundan sonra 2022-ci ilin oktyabr ayında Gülərlə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 44 ünvanında yerləşən Metropark ticarət mərkəzinin qarşısında görüşmüşdür. Orada Gülərə 5000 manat pul vermişdir. Həmin vaxt ikisindən başqa yanlarında tanıdıqları şəxs olmamışdır. Gülər pulu götürərkən bildirmişdir ki, artıq sənədləşmə başlamışdır və xx.xx.2022-ci il tarixdə evə köçə biləcək. Bundan sonra Gülər zəng edərək artıq bütün işlərin bitməsini, qalan pulun ödənilməsinin vacibliyini bildirmişdir. O da evə köçəcəyini düşünüb 2022-ci ilin noyabr ayının sonlarında Gülərlə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 44 ünvanında yerləşən Metropark ticarət mərkəzinin qarşısında görüşmüşdür. Görüş zamanı yenədə yanlarında heç kim olmamışdır. Gülərə 5800 manat pul vermişdir. Gülər bir daha qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə evə köçəcək. Ev Gülərin deməsinə görə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşmişdir. Gülərin dediyi tarix, yəni xx.xx.2022-ci il çatdıqda ev məsələsi ilə əlaqədar onunla əlaqə saxlamışdır. Gülər müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Gülərin onu aldatdığını bilmişdir. Hazırki dövrə qədər onun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs ümumilikdə 10800 manat pul vermişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, istintaqda Fəqana qaytarılan pul məbləğindən Fəqan ona 1500 manat pul vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanı tam şəkildə tələb edir. Yekun olaraq o təqsirləndirilən şəxslə barışıq əldə etmədiyini və ondan şikayətçi olduğunu bildirmiş, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. Təqsirləndirilən şəxs ilə münasibəti yaxşı olmuş, hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Qohumlardan eşitmişdir ki, Təqsirləndirilən şəxs işlə və evlə təmin olunmada köməklik göstərir. Bundan sonra Gülərlə əlaqə saxlayaraq qızı Şahid3 işlə təmin etməsini xahiş etmişdir. Gülər əri Şahid2 Gömrük Komitəsində vəzifəli şəxs olmasını, onun əli ilə qızını işə düzəldə biləcəyini bildirmişdir. Bunun üçün 1500 manat pul tələb etmişdir. O da Gülərlə razılaşmışdır. 2022-ci ilin noyabr ayında Gülərlə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 44 ünvanında yerləşən Metropark ticarət mərkəzinin qarşısında görüşmüşlər. Orada Gülərə 1500 manat pul vermişdir. Puldan əlavə Gülər ondan qızının şəxsiyyət vəsiqəsinin surətini, ailə haqqında arayışıda götürmüşdür. Həmin vaxt yanlarında qızım Güllü də olmuşdur. Gülər pulu götürərkən bildirmişdir ki, artıq sənədləşmə başlamış və dekabr ayında artıq qızı Güllü işlə təmin ediləcəkdir. Bundan sonra onlar ayrılmışlar. Dekabr ayında Gülərlə əlaqə saxladıqda bildirmişdir ki, işlə təmin olunma yeni ildə, yəni 2023-cü il tarixdə baş tutacaqdır. 2023-cü ilin yanvar ayında Gülər əlaqə saxlayaraq bildirmişdir ki, forma ilə təmin edilmək üçün 300 manat pul verilməlidir. O da artıq arxayın olmuşdur ki, qızı işlə təmin ediləcək və eyni ünvanda Gülərlə görüşüb ona 300 manat pul vermişdir. Bu zaman yanlarında heç kim olmamışdır. 2023-cü ilin yanvar ayının sonlarında Gülər əlaqə saxlayaraq bildirmişdir ki, 01 ədəd əmək kitabçası və 100 manat pul ödənilməlidir ki, qızının əmri olsun. O da yenidən eyni ünvanda Gülərlə görüşmüş və ona 100 manat və əmək kitabçasını vermişdir. Bundan sonra gözləməyə başlamışdır. Lakin, daha sonra artıq Təqsirləndirilən şəxs onları aldatdığını bilmişdir. Gülərdən pulunu geri istəmişdir. Bir müddət sonra Gülər ona 1000 manat pul qaytarmışdır. Lakin, hal-hazırda ona olan 900 manat borcunu qaytarmır. Təqsirləndirilən şəxs ümumilikdə 1900 manat pul vermişdir. Hazırda o pulunu tam şəkildə tələb edir. Təqsirləndirilən şəxslə barışıq əldə etmədiyini və ondan şikayətçi olduğunu bildirmiş, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dinridilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. Onunla münasibəti yaxşı olmuş, hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Qardaşı Fəqan ona bildirdimişdir ki, qohumları Təqsirləndirilən şəxs işlə və evlə təmin olunmada köməklik göstərir, bu səbəbdən onunla əlaqə saxlayaraq ev barədə danışmaq istəyir. 2022-ci ilin avqust ayında Gülərlə qardaşı Fəqan Gülərin yaşadığı ünvan 5 ünvanında yerləşən MetroPark ticarət mərzkəzinin arxasında olan mənzilində görüşmüşdür. Görüş zamanı Gülər bildirmişdir ki, əri Şahid2 Gömrük Komitəsində vəzifəli şəxsdir, onun yüksək vəzifəli dostları vardır. Bu səbəbdən hal-hazırda olduqları evidə dövlətin sosial evlərindən qazanmışdır. Hətda Fəqana bildirmişdir ki, əgər ev alınarsa onu Gömrük Komitəsində işlə təmin edəcəkdir. Danışıqlarına əsasən Gülər bildirmişdir ki, 02 ədəd sosial ev üçün ümumilikdə 16000 manat, Fəqanı və bacısını Gömrük komitəsində işlə təmin etmək üçün isə ümumilikdə 4000 manat pul ödəməlidirlər. Onun Fəqanla danışığı Fəqana inandırıcı gəlmiş və Fəqan onunla razılaşmışdır. Fəqan Gülərin istədiyi sənədləri yığaraq Gülər ilə görüşüb ona vermişdir. Bundan sonra 2022-ci ilin sentyabr ayının əvvəllərində Fəqan 20000 manat pulu bankdan götürüb Gülərlə görüşmək üçün Gülərin mənzilinə onunla birlikdə gedib həmin mənzildə görüşmüş və pulu Gülərə vermişdir. Həmin görüşdə o da iştirak etmişdir ki, qardaşının şahidi ola bilsin. Gülər bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Fəqan artıq mənzilinə köçə biləcəkdir. Lakin, Gülər verdiyi vədə əməl etməyərək qardaşını aldatmışdır. Fəqan Gülərlə çox danışıqdan sonra 2023-cü ilin aprel ayının sonlarında Gülərin əri Aqil ilə Gənclik metrostansiyasının qarşısında görüşmüşlər. Həmin vaxt o da orada olmuşdur. Aqil bu görüşdə qardaşına 10000 manat pul qaytarıb bildirmişdir ki, avtomobilini satıb ən qısa zamanda qalan puluda verəcəkdir. Bir müddət sonra Aqil ona 400 manatda pul vermişdir. Həmin pulu götürmək istəməmiş, Aqil bildirmişdir ki, gün ərzində qalan puluda verəcəkdir. Danışıqlar zamanı qardaşı yalnız Təqsirləndirilən şəxs ilə söhbət etmiş və ümumilikdə 20000 manat pulu ona vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid2 və Şahid3 ibtidadi istintaqda verdikləri ifadələri elan edilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin dedikləri ilə eyni məzmunlu olmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən Bakı şəhər Baş Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Gülər adlı şəxs etibarından sui-istifadə edərək 20000 manat məbləğində pulunun ələ keçirməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 Nəsim qızı tərəfindən Bakı şəhər Baş Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Gülər adlı şəxs etibarından sui-istifadə edərək 1900 manat məbləğində pulunun ələ keçirməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən Bakı şəhər Baş Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Gülər adlı şəxs etibarından sui-istifadə edərək 10800 manat məbləğində pulunun ələ keçirməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vermiş olduğu vədlərə bağlı onlarla bir sıra danışıqlar aparmış və onları verdiyi vədə inandırmışdır. Məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vermiş olduğu vədlərə bağlı onlarla bir sıra danışqlara aparmış və onarı verdiyi vədə inandırmışdır. “Sübutların qiymətləndirilməsi və törədilməsi müəyyən edilən cinayət əməlinin hüquqi tövsifi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etmiş olduğu sonuncuyla Təqsirləndirilən şəxs arasında olan “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə aparılmış danışıqların səs yazılarının və aralarında olan danışığın videogörüntüsünün əks olunduğu 01 ədəd disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, təqsirləndirilən şəxsin ifadələrinin qalan hissələri, zərərçəkmiş şəxslərin ifadələri, ifadələri, üzləşdirmə haqqında protokollar, ifadənin yerində yoxlanılması haqqında protokol, “baxış keçirilməsi” haqqında istintaq hərəkətlərinin protokolları və işdə olan hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumatlardan aydın olur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-91/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndiriləməsinə dair cinayət işi icraatdadır. Məhkəmə baxışında tədqiq edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-79/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X2 ünvanlanmış sorğuya xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş qəbzlərdən aydın olur ki, müstəntiqə zərərçəkmiş şəxslərə ödənməsi üçün 2000 manat və 3000 manat pul verilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş qəbzdən aydın olur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən 5000 manat pulu təhvil almışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Dövlət Gömrək Komitəsində işə düzəltməsi, həmçinin onu sosial evlə təmin etməsinə, həmçinin digər zərərçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 sosial evlə təmin etməsinə dair vəd verməsi ilə bağlı irəli sürdüyü dəlillərə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında kifayət qədər sübutlarla, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən əldə etmiş olduğu pulu onların etibarından sui-istifadə edərək mənimsəmə niyyətinin olmaması, onları həqiqətən də sosial evlə təmin etmək niyyətinin olmasını, özünün də aldadıldığı, sosial evlərin düzəlməsində ona kömək edən şəxsin işdən çıxması səbəbilə zərərçəmiş şəxslərə vermiş olduğu vədin baş tutmaması ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakter daşıdığı və məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyü qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərəçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı qismən ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzaçəkməsinin əvvəli isə 26 aprel 2024-cü il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut - səs yazılarının və aralarında olan danışığın videogörüntüsünün əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatı üçün 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Presedent» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 26 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü tarixli, 4(060)-79/2024 saylı qərarı ilə ********* nömrəli cinayət işi ilə bağlı həsb qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut - səs yazılarının və aralarında olan danışığın videogörüntüsünün əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 45 (qırx beş) iş saatı üçün 270 (iki yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Presedent» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-224/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-224/2024
14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver