Məhkəmə qərarları › İş №1(005)-225/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-225/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-225/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Musayeva Zəhraxanım Şahin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, X1 X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.1ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X7 tərəfindən xx.xx.2023-cü il tarixdə kütləvi nümayiş etdirilmiş "youtube.com" internet informasiya ehtiyatında "HURRİYYET TV" youtube kanalı vasitəsilə (https://www.youtube.com/watch?app=desktop&v:=NxScsoF cjs) “bizim şübhələndiyimiz şəxs X2r......” məzmunlu yalan məlumat yaydığında görə Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi və onun barəsində 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, X7 xüsusi ittihamçı X4 barəsində yalan olduğunu bilə-bilə sonuncunun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları 22 yanvar 2023-cü il tarixdə kütləvi nümayiş etdirilmiş "youtube.com" internet informasiya ehtiyatında "Hurriyyet TV" Youtube kanalı vasitəsilə yaymışdır. Belə ki, həmin şəxs öz çıxışı zamanı bildirmişdir ki, o, Kürdəmir rayon, Qaramahmudlu kənd sakinidir, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində işləyir, hərbiçidir, özlərinə məxsus yaşayış sahəsində 2 otaqlı 260 kv.m sahədən ibarət mənzil inşa etmişlər. Həmin yaşayış sahəsinin tikintisinə 2017-ci ildə başlamış və təmiri ilə birlikdə 2021-ci ilin dekabr ayında bitirmişlər. Daha sonra bildirmişdir ki, “2021-ci ilin dekabr ayının 6-da saat 6-7 radələrində kənddə olan qardaşı görüb ki, evdən tüstü çıxır. Qonşunun köməyi ilə yanğını söndürüblər, evin ancaq fasadı yanıb. Daha sonra hadisə yerinə FHN regional mərkəzinin əməkdaşları gəlib. Evin yanan hissəsini təmir etdirdikdən 5 gün sonra, yəni 11 dekabr tarixində yenidən həmin evdə yanğın baş vermişdir və ev yanıb külə dönmüşdür. Bu hadisədən sonra DİNnin “102” xidmətinə zəng etdik və FHN-nə məlumat verdik, onlar gəlib evə baxış keçirtdikdən sonra ekspertiza üçün müayinələr götürüldü. 1 ay sonra ekspert rəyi çıxdı və rəydə evin qəsdən benzin tökülərək yandığı qeyd olunmuşdur.” Əlavə olaraq X7 bildirmişdir ki, “bizim şübhələndiyimiz şəxs X2r. O kəndin bir dənə narkokuryeri var, o da odur. Narkomandır, narkotik satır, kənddə satmır qıraq yerdə satır. Faktım yoxdur, faktım budur ki, mən dövlət işində işləyirəm heç nə ala bilmirəm, o isə heç yerdə işləmir gündə 10 maşın dəyişir. Polis əməkdaşlarına adını veririk, deyirlər ki, siz onun adım niyə çəkirsiniz? Elə bil qardaşıdı, əmisioğludu, nəyidi bilinmir.” Hesab edir ki, X3 nümayiş etdirilmiş açıq internet informasiya ehtiyatında yaydığı bu məlumatlar yalan məlumatlar olmaqla, böhtan xarakteri daşıyır, heç bir həqiqəti əks etdirmir və X4 barəsində ittiham xarakterli çıxış onun şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələmi, onu cəmiyyət və əmək kollektivində nüfuzdan salmışdır. X6 qeyd edilən fikirləri səsləndirdiyi videomateriala 15.000-dən artıq şəxs tərəfindən baxılmışdır. Bu isə onun kütləvi çıxış olmasını təsdiq edir. Qeyd edilən böhtan xarakterli çıxışın X7 tərəfindən edilməsi açıq internet informasiya ehtiyatında yerləşdirilmiş https://www.youtube.com/watch?app=desktop&v=:NxScsoF cis səhifəsi vasitəsilə təsdiq edilir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili Nümayəndə şikayətin məzmununu müdafiə edərək xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmuş barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 məhkəmə hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 299.11-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasını barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Belə ki, ilkin olaraq aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Xüsusi ittiham qaydasında şıkayətin məzmununun CPM-nin tələblərinə uyğunluğu ilə bağlı məhkəmə qeyd edir ki, həmin şikayət tərtib edilərkən CPM-nin 293.3.1-ci maddələrinin tələblərinə tam riayət edilməmişdir. Belə ki, şikayətdə şikayət verilmiş şəxs haqqında məlumatlar tam göstərilməmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6-cı və 302.1.7-ci maddələrinə əsasən «şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda», «cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda» və “şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə ”məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Belə ki, faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan öz rəyini ifadə etmək azadlığını pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında nəzərdə tutulanlara uyğun olaraq məhkəmə hesab edir ki, hazırki xüsusi ittiham qaydasında verilmiş şikayətin dəlilləri yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi baxımından fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq “açıqlanmış fikir qiymətləndirici mülahizə sayıldığı halda belə, müdaxilənin mütənasib olub-olmamasına verilən qiymət etiraz olunmuş rəyin yetərli faktual əsasının varlığından asılı ola bilər. Hətta hər hansı faktual əsasa söykənməyən qiymətləndirici mülahizəyə qarşı müdaxilə tədbirinin özü də zəruri həddi aşa bilər.” (Yerusəlim Avstriyaya qarşı. 2001, Dixand və başqaları Avstriyaya qarşı, 2001) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar