Məhkəmə qərarları › İş №1(005)-225/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-225/2025

29.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-225/2025 29.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə metadon əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən 02 ədəd bozumtul-qəhvəyi rəngli narkotik vasitə metadon dərman həbini əldə edib üzərində saxlamaqla 07 yanvar 2025-ci il tarixdə ünvan 3 ünvanına daşımış, 07 yanvar 2025-ci il tarixdə saat 19:10 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol hərəkəti qaydalarını pozduğuna görə Nərimanov RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanda saxlanılaraq, həmin tarixdə dərhal ünvan 4 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilərək üzərində video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən xeyli miqdarda, üzərində “Methado” yazıları olan blisket kəsiyində, üzərindəki göstəricilərə əsasən bir tabletdə 0,04 qram olmaqla tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən 02 ədəd bozumtulqəhvəyi rəngli narkotik vasitə metadon dərman həbi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmiş və narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuşdur. Narkotik vasitəni adətən tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Bakı şəhəri, Nərimanov rayonu ərazisindən əvvəllər tanıdığı, lakin haqqında anket məlumatlarını bilmədiyi “Saşa” adlı şəxs ona bədənində olan ağrıları kəsmək üçün 02 ədəd üzərində “M40” yazısı olan metadon həbini vermişdir. O həmin metadon həblərini üzərində saxlamışdır ki, ağrıları olan zaman istifadə edər. 07 yanvar 2025-ci il saat 19:10 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanında hərəkətdə olarkən qayda pozuntusuna görə YPX-nin əməkdaşları tərəfindən ona saxla işarəsi verildiyi üçün avtomobili yolun kənarında saxlamış və polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib qayda pozuntusu barədə məlumatlandırdıqdan sonra sənədlərini istəmişlər. Bu zaman o, özünü şübhəli apardığına polis əməkdaşları onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə şöbəyə getmiş, orada narkotik vasitələrin istifadəsində şübhəli olduğuna tutulmuş və xidməti otaqların birində polis əməkdaşları və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sol cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, idarə etdiyi “Toyota Prius” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını, yaşadığı evin açarını, həmin şalvarın sağ cibindən içərisində özünə məxsus sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, 02 ədəd plastik bank kartını, 02 ədəd üzərində “M40” yazılmış ağ rəngli metadon həbini çıxarıb təqdim etmiş, həmin həblərin narkotik vasitə olan metadon həbləri olduğunu bildirmişdir. Üzərindən başqa qanunsuz heç bir predmet aşkar olunmamışdır. Bundan sonra bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin həblər zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, həmin metadon həbini bir il olar ki, “Saşa” adlı şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etmişdir. Heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və ya bundan sonra ona qarşı hər hansı fiziki zor və psixi təzyiqlər göstərilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin X5 Şöbəsinin inspektoru Şahid2 bildirmişdir ki, 07 yanvar 2025-ci il tarixdə Nərimanov RPİ-nin X5 Şöbəsinin inspektoru, polis serjantı Şahid1 ilə birlikdə inzibati ərazidə 269 çağırışlı patrul avtomobilində xidmət aparmışdır. Həmin gün saat 19:10 radələrində ünvan 3 ünvanında xidmət aparan zaman “Toyota Prius’’ markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobil idarə etməsini görərək saxla işarəsi vermişlər və sürücü avtomobilin yolun kənarında saxladıqdan sonra sürücüyə xidməti vəsiqələrini göstərib qayda pozuntusunu izah etməklə sənədlərini təqdim etməsini xahiş etmişlər. Şəxsin sənədləri təqdim etmək istəməyib getməyə çalışdığını, özünü şübhəli apardığını, bədən və göz quruluşuna görə narkotik vasitə istifadəçisinə bənzədiyi üçün ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. Şəxs etiraz etməyərək şöbəyə gəlmiş və orada Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Raportla şöbənin rəhbərliyinə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs barəsində araşdırma başlanılmış, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla video çəkilişlə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Səməd əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd üzərinə “M40” yazılmış ağ rəngli həbi çıxarıb masanın üzərinə qoyaraq, onların narkotik vasitə olan metadon həbləri olduğunu bildirmişdir. Həmçinin Səməd cibindən bir sıra başqa əşyalar da çıxarıb təqdim etmişdir. Səmədin üzərində şəxsi axtarış davam etdirilmiş, lakin heç bir başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra iştirakçılarının iştirakı ilə Səmədin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Səməd tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak etməyən şahid - Nərimanov RPİ-nin X5 Şöbəsinin inspektoru Şahid1 ibtidai istintaq orqanına verdiyi oxşar məzmunlu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarın sağ cibindən içərisində 02 ədəd üzərinə “M40” yazılmış ağ rəngli həbi təqdim edib, onların narkotik vasitə olan metadon olmasını bildirmişdir. Həmin predmet kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. (i.v. 27-29) Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, görüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən qeydə alınmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokolun məzmunu həmin görüntülərlə eynilik təşkil edir. (i.v. 86-87) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/52 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..Təqsirləndirilən şəxs (imza)..” yazıları qeyd olunan zərfin içərisində, üzərində “..Methado.." yazıları olan blister kəsiyində ümumilikdə 2 (iki) ədəd bozumtul-qəhvəyi rəngli, dairəvi formalı dərman tableti narkotik vasitə - metadondur, 2 (iki) ədəd dərman tabletlərinin tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram (üzərindəki göstəricilərə əsasən 0,04 qram) təşkil edir. (i.v. 35-39) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 56 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və psixoaktiv maddə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 148-150) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd metadon həbi və şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 01 ədəd metadon həbi saxlanılması üçün Nərimanov RPİ-nin “Maddi sübutların saxlanması” otağına təhvil verilmiş, 01 ədəd DVD disk isə cinayət işinə əlavə edilmişdir. (i.v. 151-158) Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə, diskə baxış keçirilməsi haqqında, həmçinin digər istintaq hərəkətləri haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən başqa dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısına əsasən metadonun aşağı həddi 0,02 qram olduqda xeyli, aşağı həddi 1,6 qram olduqda külli, aşağı həddi 160 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:10-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli bilindiyinə görə tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gen saat 14:30-da ünvan 6 ünvanın qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Tyumen vilayəti X1 - Yuqra Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Rusiya Federasiyası CM-in 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsinin E və J bəndləri, 222-ci maddəsinin 1-ci hissəsi, 39-cu maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 14 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Rusiya Federasiyası Ali Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə Rusiya Federasiyası CM-in 222-ci maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilməsi hökmdən xaric edilərək üzərində qəti 13 il 6 ay azadlıqdan məhrum etmə saxlanılmış, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-in 29, 120.2.1, 29, 120.2.4, 228.1-ci maddələrinə uyğunlaşdırılmaqla 11 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 2 il 5 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş və cəza müddəti xx.xx.2016-cı il tarixdə başa çatmışdır. Məhkumluğu ödənilmişdir. İsmayılov X2 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2023cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 7 ay 2 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilməmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(022)-67/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(001)- 388/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ona Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(022)-67/2020 saylı hökmü ilə təyin edilmiş cəzanın 7 ay 2 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - 01 ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut - 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 45 iş saatına görə 495 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 7 yanvar 2025-ci il tarixdən 9 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 iyul 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 01 ədəd metadon həbi məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat olmaqla 45 iş saatına görə 495 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu və ya həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm protest və ya şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar