Məhkəmə qərarları › İş №1(005)-226/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-226/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-226/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq iki ədəd bükümdə ayrılıqda çəkiləri 3,9 qram və 3,548 qram olmaqla ümumilikdə 7,448 qram çəkidə narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 fevral 2021-ci il tarixdə saat 13:30-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada saat 15:23-dən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıdığı iki ədəd bükümdə ayrılıqda çəkiləri 3,9 qram və 3,548 qram olmaqla ümumilikdə 7,448 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, CM-in 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. CM-də alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün CM-in müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Buna görə, CM-in 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs alternativ tərkibli cinayət əməlinin törədilməsində təqsirləndirilir (qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma) və onun təqsirləndirildiyi cinayət əməli alternativ hərəkətlərdən birinin törədilməsi, yəni qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda daşıması ilə başa çatmış hesab olunur. Məhkəmə hazırlıq iclasında isə Təqsirləndirilən şəxs narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda daşıması faktının ünvan 1 ünvanında aşkar olunması müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama əsasən o, narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 fevral 2021-ci il tarixdə saat 13:30-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada saat 15:23-dən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıdığı iki ədəd bükümdə ayrılıqda çəkiləri 3,9 qram və 3,548 qram olmaqla ümumilikdə 7,448 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə qeyd edir ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin hansı səbəbdən Yasamal rayonunda yox, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında (Nərimanov rayonunda yerləşir) aparıldığı aydın deyil. Yəni, başqa sözlə desək, cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən axtarış və götürmənin Təqsirləndirilən şəxs saxlanılmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlilin olmaması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 fevral 2021-ci il tarixdə saat 13:30da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanıldıqdan sonra tamamilə polisin nəzarəti altında olmuş və əynindəki şalvarın sağ yan cibində daşıdığı 02 ədəd bükümdə olan, ümumilikdə 7,448 qram çəkidə narkotik vasitə heroini hər hansı bir formada realizə etmək iqtidarında olmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Layıcov Azərbaycana qarşı” məhkəmə işi üzrə 10 aprel 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyil. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda daşıması Yasamal rayonunun ərazisində başa çatdığından, hazırki cinayət işinə aidiyyəti üzrə həmin cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində, yəni Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə həmçinin nəzərə alır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli, 4(005)-186/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 fevral 2021-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 299.3.1-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır; 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərar qətidir, şikayət və ya protest verilə bilməz. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar