Məhkəmə qərarları › İş №1(005)-226/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-226/2022

12.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-226/2022 12.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ermənistan Respublikası, Meqri rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün Şahid4 və X1 etibarından sui-istifadə edib onlar arasında qaçış yarışı təşkil edərək saniyə ölçənlə vaxtı müəyyən etmək üçün istifadələrində olan mobil telefonlarını alıb yarışdan sonra qaytaracağına dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanın qarşısında Şahid4 Zərərçəkmiş şəxs4 məxsus 1000 manat dəyərində «Mİ 10 Lite 5G» markalı, N.Məmmədlidən Zərərçəkmiş şəxs3 məxsus 550 manat dəyərində «Redmi Note 9 Pro» markalı mobil telefonları ələ keçirib, vahid niyyətlə əhatə olunan qəsdlə oradan uzaqlaşıb Zərərçəkmiş şəxs4 1000 manat, Zərərçəkmiş şəxs3 isə 550 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün Şahid5 və Şahid6 etibarından sui-istifadə edib uşaqlar arasında qaçış yarışı təşkil edərək saniyə ölçənlə vaxtı müəyyən etmək üçün istifadələrində olan mobil telefonlarım alıb yarışdan sonra qaytaracağına dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində ünvan 4 ünvanın qarşısında Şahid5 Zərərçəkmiş şəxs5 məxsus 300 manat dəyərində «Redmi 9» markalı, Şahid6 Zərərçəkmiş şəxs5 məxsus 330 manat dəyərində «Redmi 9» markalı mobil telefonları ələ keçirib, vahid niyyətlə əhatə olunan qəsdlə oradan uzaqlaşıb Zərərçəkmiş şəxs5 umuınilikdə 630 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün 07 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində Xətai rayonu, Nobel prospektində yerləşən 59 saylı orta məktəbin qarşısından keçən, fərdi taksi fəaliyyəti göstərən Zərərçəkmiş şəxs7 məxsus «Toyota Corolla» markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri qismində əyləşərək onu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 119 ünvanında yerləşən «Ağ Çiçəyim” gül mağazasının qarşısına aparmasını xahiş etmiş, qeyd olunan ünvana çatdıqda o, danışmaq adı ilə Zərərçəkmiş şəxs7 məxsus 250 manat dəyərində «Samsung A-50» markalı mobil telefonu aldıqdan sonra avtomobildən düşüb qaçaraq Zərərçəkmiş şəxs7 də avtomobildən düşüb onun arxasınca qışqırmaqla onu təqib etməsinə məhəl qoymadan qəsdən oradan uzaqlaşıb Zərərçəkmiş şəxs7 məxsus «Samsung A-50» markalı mobil telefonu açıq talayaraq ona 250 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün 22 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Ayna Sultanova» heykəlinin yaxınlığında yol kənarında dayanmış fərdi taksi fəaliyyəti göstərən Zərərçəkmiş şəxs6 etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz E270 CDİ» markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri qismində əyləşərək onu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 119 ünvanında yerləşən «Laçın Ticarət Mərkəzi»nin qarşısına aparmasını xahiş etmiş, qeyd olunan ünvana çatdıqda o, Zərərçəkmiş şəxs6 gediş haqqının qalıq pulunu qaytarmaq adı ilə xırda əskinazlardan ibarət 50 manat nağd pulu və danışmaq adı ilə sonuncuya məxsus 650 manat dəyərində «X14 9 Pro» markalı mobil telefonu aldıqdan sonra avtomobildən düşüb qaçaraq Zərərçəkmiş şəxs6 də avtomobildən düşüb onun arxasınca qışqırmaqla onu təqib etməsinə məhəl qoymadan qəsdən oradan uzaqlaşaraq Zərərçəkmiş şəxs6 məxsus xırda əskinazlardan ibarət 50 manat nağd pulu və «X15 9 Pro» markalı mobil telefonu açıq talayaraq ümumilikdə ona 700 manat maddi ziyan vurmaqla təkrar soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını tamah məqsədi ilə ələ keçirmək üçün Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 5 ünvanında Zərərçəkmiş şəxs1 yaxınlaşaraq ondan zəng etmək üçün mobil telefonunu istəmiş, Zərərçəkmiş şəxs1 özünə məxsus 1500 manat dəyərində "İPHONE 11" markalı mobil telefonunu Təqsirləndirilən şəxs verdikdən sonra sonuncunun xahişi ilə Zərərçəkmiş şəxs1 yaxınlıqda olan binada yaşayan anasını çağırmaq üçün binanın 3-cü mərtəbəsinə qalxdıqda Təqsirləndirilən şəxs mobil telefon ilə birlikdə qəsdən oradan uzaqlaşaraq aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 1500 manat dəyərində "İPHONE 11" markalı mobil telefonu ələ keçirərək ona maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Nərimanov rayonu, F.Yusifov 75 ünvanında yerləşən binanın giriş hissəsində Zərərçəkmiş şəxs2 zəng etmək üçün mobil telefonunu istəmiş, Zərərçəkmiş şəxs2 özünə məxsus 650 manat dəyərində “Samsung A31” markalı mobil telefonunu Təqsirləndirilən şəxs verdikdən sonra sonuncunun xahişi ilə Zərərçəkmiş şəxs2 yaxınlıqda olan binada yaşayan qardaşını çağırmaq üçün 3-cü mərtəbəyə qalxdıqda Təqsirləndirilən şəxs mobil telefon ilə birlikdə qəsdən oradan uzaqlaşaraq aldatma yolu Zərərçəkmiş şəxs2 məxsus 650 manat dəyərində “Samsung A31” markalı mobil telefonu ələ keçirərək ona maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 180.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 05 yanvar 2021-ci ildə saat 14 radələrində ünvan 9 ünvanın qarşısından keçən zaman orada azyaşlı uşaqların oynadığını və əllərində telefon olduğunu görmüşdür. O, həmin vaxtı pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, həmin uşaqları aldadıb telefonlarını ələ keçirsin. Buna görə həmin uşaqlara yaxınlaşıb idmanla bağlı suallar verərək kimin yaxşı qaçdığını soruşmuş və aralarında qaçış yarışı keçirməyi təklif etmişdir. Onlar da bununla razılaşmışlar. O da uşaqlar qaçan zaman telefondakı saniyə ölçənlə hər birinin qaçış vaxtını müəyyən etmək üçün uşaqlardan istifadələrində olan mobil telefonları istəmişdir ki, yarışdan sonra qaytaracaqdır. Buna görə də orada olan 2 nəfər azyaşlı mobil telefonda saniyə ölçəni qoşub 2 ədəd, yəni «XİOMİ Note 10» və «Redmi Note 9 Pro» markalı mobil telefonları ona vermişlər. Onun komandası ilə onlar "Gənclik" metrostansiyası istiqamətində qaçmışlar, o da onların uzaqlaşdığını görüb, onu görmədiklərinə əmin olduqdan sonra oradan uzaqlaşmış, əldə etdiyi telefonları isə xatırlaımdığı yerdə tanımadığı şəxsə satmışdır. Satan zaman telefonların özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa, həmin gün, yəni 05 yanvar 2021-ci ildə saal 16 radələrində ünvan 10 ünvanın qarşısından keçən zaman orada 2 nəfər azyaşlı uşaqların oynadığını və əllərində telefon olduğunu görmüşdür. O, həmin vaxt pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, həmin uşaqları aldadıb telefonlarını ələ keçirsin. Buna görə həmin uşaqlara yaxınlaşmışdır. Danışıq zamanı onların 2 qardaş olduğunu, adlarının İbrahim və Xalid olduğunu bilmişdir. Həmin uşaqlara özünü idmançı kimi təqdim edib idmanla bağlı suallar verərək kimin yaxşı qaçdığını soruşmuş və aralarında qaçış yarışı keçirməyi təklif etmiş, onlar da bununla razılaşmışlar. O da onlar qaçan zaman telefondakı saniyə ölçənlə hər birinin qaçış vaxtını müəyyən etmək üçün İbrahim və Xaliddən istifadələrində olan mobil telefonları istəmiş və yarışdan sonra qaytaracağını bildirmişdir. Buna görə də onlar 2 ədəd «Redmi 9» markalı mobil telefonları vermişlər. Onun komandası ilə onlar binanın yuxarı mərtəbəsinə pilləkanla qalxmışlar, o da onların uzaqlaşdığını görüb və onu görmədiklərinə əmin olduqdan sonra oradan uzaqlaşmışdır. Həmin günü əldə etdiyi mobil telefonları isə xatırlamadığı yerdə tanımadığı şəxslərə ayrı-ayrılıqda salmışdır. Satan zaman telefonların özünə məxsus olduğunu bildirmişdir. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 07 oktyabr 2021-ci il tarixdə saal 14 radələrində Xətai rayonu, Nobel prospektində yerləşən 59 saylı orta məktəbin qarşısında yoldan keçən, fərdi taksi fəaliyyəti göstərən, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs7 məxsus «Toyota Corolla» markalı avtomobili saxlatdırmışdır. Avtomobilə müştəri qismində əyləşərək onu Nizami rayonu, Qara Qarayev prospekti 119 ünvanında yerləşən «Ağ Çiçəyim» gül mağazasının qarşısına aparmasını xahiş etmişdir. Qeyd olunan ünvana çatdıqda o, danışmaq adı ilə sürücüdən zəng etmək üçün telefonunu istəmişdir. Sürücü «Samsung A-50» markalı mobil telefonu ona vermişdir. O, telefonu götürdükdən sonra avtomobildən düşüb qaçmağa başlamışdır. Sürücünün də avtomobildən düşüb qışqırmaqla onu təqib etdiyini görmüşdür. Buna görə qaçaraq metronun «Xalqlar Dostluğu» stansiyasının keçidinə düşmüşdür. Oradan metroya minib «20 Yanvar» stansiyasına getmişdir. Metrodan düşüb əldə etdiyi telefonu yaxınlıqda olan mobil telefonların alqı-salqısı ilə məşğul olan mağazaya 150 manata satmışdır. Telefonu salarkən özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş və telefonu qəbul edən şəxsə həmin telefonun özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satdığını bildirmişdir. Bundan bir neçə gün sonra, yəni 22 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində «Ayna Sultanova» heykəlinin yaxınlığında yol kənarında dayanmış fərdi taksi fəaliyyəti göstərən sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs6 idarə etdiyi «Mercedes Benz E270 CDİ» markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri qismində əyləşmiş və onu Qara Qarayev prospekti 119 ünvanında yerləşən «Laçın Ticarət Mərkəzi»nin qarşısına aparmasını xahiş etmişdir. Qeyd olunan ünvana çatdıqda o, sürücüdən danışmaq adı ilə telefonunu istəmişdir. Sürücü «X14 9 Pro» markalı mobil telefonu cibindən çıxarıb ona vermişdir. O, telefonu aldıqdan sonra avtomobildən düşüb qaçmağa başlamışdır. Sürücünün də avtomobildən düşüb qışqırmaqla onu təqib etdiyini görüb qaçaraq «Metro Ticarət Mərkəzi» nə girmişdir. Ticarət köşklərinin arası ilə qaçaraq uzaqlaşmışdır. Bundan sonra metronun «Xalqlar Dostluğu» stansiyasına gəlmiş, oradan metroya minib «20 Yanvar» stansiyasına getmişdir. Orada metrodan düşüb əldə etdiyi telefonu yaxınlıqda olan mobil telefonların alqı-salqısı ilə məşğul olan mağazaya satmışdır. Telefonu satarkən özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş və telefonu qəbul edən şəxsə həmin telefonun özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satdığını bildirmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Nərimanov rayonu, Atatürk prospekti 5 ünvanından keçən zaman qarşıdan bir nəfər az yaşlı oğlanın gəldiyini görmüşdür. O, həmin oğlana axsayaraq yaxınlaşıb onu avtomobil vurduğunu demiş və zəng etmək üçün mobil telefonunu istəmişdir. Daha sonra yalandan bir nömrəyə zəng edib telefonu qulağına tutmuşdur. Sonra isə mobil telefonu ona verən oğlandan yaxınlıqda olan binanın 3-cü mərtəbəsinə qalxaraq anasını çağırmasını xahiş etmişdir. Həmin oğlan da ona inanaraq binanın 3-cü mərtəbəsinə qalxmışdır. O da oğlanın uzaqlaşdığını görüb mobil telefon ilə birlikdə oradan qaçaraq uzaqlaşmışdır. Sonra 20 yanvar metro stansiyasının yanına getmişdir. Oğlandan götürdüyü “İPHONE 11” markalı mobil telefonu 20 yanvar metro stansiyasının yaxınlığında olan tanımadığı mobil telefon mağazalarından birinə 180 manata satmışdır. Bundan sonra həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə saat 14 radələrində ünvan 12 ünvanında yerləşən binanın qarşısından keçən zaman bir nəfər uşaq görüb ona yaxınlaşmışdır. Həmin uşağa qəza törətdiyini, ayağı zədəli olduğu üçün onu evi aparmağa köməklik etməsini xahiş etmişdir. O, binanın giriş qapısını göstərib orada qaldığını bildirmişdir. Qeyd etmişdir ki, o, həmin binada qalmır. Uşaq onu göstərdiyi giriş qapısına aparmış və onlar binaya daxil olmuşlar. O, həmin uşaqdan qardaşına zəng etmək üçün mobil telefonunu istəmişdir. Həmin uşaq da mobil telefonunu ona vermişdir. Daha sonra isə yalandan 3-cü mərtəbədə digər qardaşının qaldığını deyib onu yanına çağırmasını xahiş etmişdir. Həmin uşağın pilləkənlərlə 3-cü mərtəbəyə qalxdığını görüb oradan qaçaraq uzaqlaşmışdır. Sonra 85 saylı sərnişin avtobusuna əyləşib 20 yanvar metro stansiyasının yanına getmişdir. Uşaqdan götürdüyü “Samsung A31“ markalı mobil telefonu 20 yanvar metro stansiyasının yaxınlığında olan tanımadığı mobil telefon mağazalarından birinə 200 manata satmışdır. Bundan sonra həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 11 radələrində Nərimanov rayonu, Atatürk prospekti 5 saylı ünvanla piyada oxuduğu Azərbaycan Bədən Tərbiyəsi Akademiyasına getdiyi zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb onu maşın vurduğunu bildirmişdir. Həmin şəxs axsaq halda olmuşdur. Ondan zəng etmək üçün mobil telefonunu istəmişdir. O, həmin şəxsə inanıb özünə məxsus “İphone 11” markalı mobil telefonunu ona danışmaq üçün vermişdir. Həmin şəxs mobil telefonla bir nəfərə zəng etmiş və ayağının ağrıdığını demişdir. Daha sonra ondan xahiş etmişdir ki, yaxınlıqda olan 5 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinə qalxıb anasını çağırsın. O da həmin şəxsə inanıb mobil telefonunu həmin şəxsdə qoyub binanın 3-cü mərtəbəsinə qalxıb mənzilin qapısını 2 dəfə döymüşdür. Qapını açan olmadığı üçün həmin şəxsi səsləmiş, lakin həmin şəxs cavab vermədiyindən tez geri qayıtmışdır. Geri qayıtdıqda həmin şəxsin orada olmadığını görmüşdür. O, ətrafı axtarsa da onu tapa bilməmişdir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin sonlarında oğlu Seymura 1000 manat dəyərində «XİOMİ Note 10 Lite» markalı mobil telefonu almışdır. 05 yanvar 2021-ci ildə saat təxminən 14 radələriııdə oğlu evə gələrək bildirmişdir ki, həyətdə, yəni Nərimanov rayonu, F.X.Xoyski küçəsi 85 ünvanın qarşısında dostları ilə oynayan zaman bir nəfər şəxs onlara yaxınlaşıb idmanla bağlı suallar verərək kimin yaxşı qaçdığını soruşmuş və onlar arasında qaçış yarışı keçirməyi təklif etmişdir. Uşaqlar da buna razılaşdıqdan sonra saniyə ölçənlə vaxtı müəyyən etmək üçün istifadələrində olan mobil telefonları alıb yarışdan sonra qaytaracağını bildirmişdir. Buna görə də oğlu Seymur istifadəsində olan mobil telefonda saniyə qoşanı işə salıb telefonu həmin şəxsə vermişdir. Sonra isə Seymur və digər uşaqlar həmin şəxsin sözünə əsasən "Gənclik" metrostansiyası istiqamətində qaçaraq geri gəlmişlər. Geri qayıdan zaman isə həyətdə həmin şəxsi tapa bilməmişlər. Oğlu Seymur bu barədə ona bildirdikdən sonra o da ərizə ilə 16-cı PB-nə şikayət etmişdir. Oğurlanmış mobil telefon «XİOMİ Note 10 Lite» markalı olmuş, həmin telefonun dəyəri 1000 manat olmuşdur. Telefonda 5 manat dəyərində ***-***-**-** nömrəsi istifadə edilmiş, həmin nömrədə isə 2 manat dəyərində danışıq vaxtı olmuşdur. Həmin telefonu o, 2020-ci ilin noyabr ayında alıb oğlu Seymurun istifadəsinə vermişdir. Həmin telefonun faktiki sahibi o, özüdür. Ona ümumilikdə 1007 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs4 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, özünə məxsus «Toyota Corolla» markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur. 07 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində Xətai rayonu, Nobel prospektində yerləşən 59 saylı orta məktəbin yaxınlığından keçən zaman yol kənarında dayanmış əvvəllər tanımadığı şəxs ona əl edərək avtomobilini saxlatmışdır. Avtomobilə yaxınlaşan həmin şəxs metronun «Xalqlar Dostluğu» stansiyasına gedib qayıtmaq istədiyini bildirmişdir. Gediş haqqını razılaşdırdıqdan sonra o, avtomobilinə əyləşmişdir. Onu təxminən saat 14:45 radələrində idarə etdiyi avtomobil ilə Qara Qarayev prospekti 119 ünvanında yerləşən «Ağ Çiçəyim» gül mağazasının qarşısına gətirmişdir. Sərnişin telefonunun cərəyanının bitdiyini deyərək onun istifadəsində olan mobil telefonu danışmaq adı ilə istəmişdir. O, etiraz etməyib «Samsung A-50» markalı mobil telefonunu ona vermişdir. Sərnişin təxminən bir dəqiqə telefonla danışdıqdan sonra qəfildən avtomobilin qapısını açaraq avtomobildən düşüb qaçmağa başlamışdır. O, sükan arxasında olduğundan bir müddət sonra düşüb onun arxasınca qaçmışdır. O, qaçarkən qışqıraraq ətrafdakı şəxslərə oğlanın mobil telefonunu götürüb qaçdığını demişdir. Həmin şəxs onun dalınca qaçdığını görüb metronun «Xalqlar Dostluğu» stansiyasının keçidinə düşmüşdür. O da həmin şəxsin arxasınca keçidə düşsə də onu tapa bilməmişdir. Sonda Zərərçəkmiş şəxs7 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz E270 CDİ» markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində «Ayna Sultanova» heykəlinin yaxınlığında yol kənarında dayanmış bir cavan oğlan sərnişin qismində avtomobilinə əyləşmiş və onu «Laçın Ticarət Mərkəzi» adlanan yerə aparmağı, oradan həyat yoldaşını götürüb geri qayıdacağını demişdir. O, da razlaşmşdır. Həmin sərnişini «Laçın Ticarət Mərkəzi» adlanan yerə gətirmişdir. Ünvana çatdıqda sərnişin ondan 50 manatdan qalıq qaytara bilib-bilmədiyini soruşmuşdur. O, həmin şəxsə 50 manat məbləğində xırda əskinazlardan ibarət nağd pul vermişdir. Bundan sonra oğlan cibinə baxaraq guya ona vermək üçün 50 manatlıq axtardığı təəssüratı yaratmışdır. Sonra isə həyat yoldaşına zəng vurmaq üçün mobil telefonunu istəmişdir. O, istifadə etdiyi «X14 9 Pro» markalı mobil telefonunu həmin şəxsə vermişdir. Bundan sonra avtomobildən düşüb telefonla danışmağa başlamışdır. Birdən oğlan avtomobilin yanından metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığında yerləşən «Metro Ticarət Mərkəzi» istiqamətində qaçmağa başlamışdır. O, sükan arxasında olduğundan bir müddət sonra düşüb onun arxasınca qaçmağa başlamışdır. O. həmin şəxsin arxasınca qaça-qaça ucadan qışqıraraq dayanmasını, mobil telefonunu və pulunu qaytarmasını demişdir. Ətrafdakı şəxslərə də oğlanın qarşısını kəsmələrini, onun mobil telefonunu oğurlayıb qaçdığını demişdir. Lakin heç kim oğlanın qarşısını kəsməmişdir. O, bir müddət onun arxasınca qaçdıqdan sonra nəfəsi daraldığından dayanmışdır. Oğlan isə aralanıb satış köşklərinin arasında gözdən itmişdir. Bundan sonra o, Nizami RPİ-nin 24-cü PŞ-nə gedərək hadisə barədə ərizə yazmışdır. Sonda Zərərçəkmiş şəxs6 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin iyun ayında böyük oğlu İbrahimə 330 manat, balaca oğlu Xalidə isə 300 manat dəyərində «Redmi 9» markalı mobil telefonu almışdır. 05 yanvar 2021-ci ildə saat təxminən 16 radələrində oğlu İbrahim və Xalid evə gələrək bildirmişlər ki, həyətdə, yəni Nərimanov rayonu, M.Əlizadə küçəsi 132 ünvanın qarşısında birlikdə oynayan zaman bir nəfər şəxs onlara yaxınlaşıb idmanla bağlı suallar verərək kimin yaxşı qaçdığını soruşmuş və onlar arasında qaçış yarışı keçirməyi təklif etmişdir. Uşaqlar da buna razılaşdıqdan sonra saniyə ölçənlə vaxtı müəyyən etmək üçün istifadələrində olan mobil telefonları alıb yarışdan sonra qaytaracağını bildirmişdir. Buna görə də oğlu İbrahim və Xalid istifadələrində olan mobil telefonda saniyə qoşanı işə salıb telefonu həmin şəxsə vermiş, gödəkçələrini isə çıxarıb oturacağın üzərinə qoymuşlar. Sonra isə İbrahim və Xalid həmin şəxsin sözünə əsasən qaçaraq qeyd edilən yaşayış binasının 4-cü mərtəbəsinə qalxıb geri gəlmişlər. Geri qayıdan zaman isə həyətdə həmin şəxsi görməmişlər. Onlar həmin şəxsi axtarmağa başlamışlar və qeyd edilən ünvanın yaxınlığında həmin şəxsin iti addımlarla getdiyini görüb ona dayanmağı bildirmişlər və həmin şəxsə tərəf qaçmışlar. Bu zaman həmin şəxs onları görüb qaçmağa başlamış və oğlu İbrahim, Xalid də onun arxası ilə qaçmışdır. Qaçan vaxtı həmin şəxsə oğlu İbrahimin istifadə etdiyi mobil telefonu yerə tullamış, Xalidin istifadə etdiyi telefonu isə özü ilə aparmışdır. Xalid və İbrahim yerdən telefonu götürsələr də həmin telefonun işlək olmadığını, yarasız hala düşdüyünü görmüşlər. Oğlu İbrahim və Xalid bu barədə ona bildirdikdən sonra o da ərizə ilə 16-cı PB-nə şikayət etmişdir. İbrahimin mobil telefonu "Redmi 9" markalı olmuş, həmin telefonun dəyəri 330 manat olmuşdur. Telefonda 12 manat dəyərində ***-***-**-** nömrəsi istifadə edilmiş, həmin nömrədə isə 8 manat dəyərində danışıq vaxtı olmuşdur. Həmin telefonu o, 2020-ci ilin iyun ayında alıb oğlu İbrahimin istifadəsinə vermiş və telefonun faktiki sahibi o, özüdür. Qeyd edilən telefonu hadisə zamanı yararsız hala düşdüyü üçün istifadə edilmədiyindən tullamışdır. Eyni ilə Xalidin mobil telefonu “Redmi 9” markalı olmuş, həmin telefonun dəyəri 300 manat olmuşdur. Telefonda 8 manat dəyərində ***-***-**-** nömrəsi istifadə edilmiş, həmin nömrədə isə 7 manat dəyərində danışıq vaxtı olmuşdur. Həmin telefonu da o, 2020-ci ilin iyun ayında alıb oğlu Xalidin istifadəsinə vermiş və telefonun faktiki sahibi də o, özüdür. Sonda Zərərçəkmiş şəxs5 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmişlər. Bundan başqa, Zərərçəkmiş şəxs3 və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdikləri ifadələrini təsdiq etmişdir. Cinayət işinin İ cildinin 204-205-ci vərəqələrində olan X2 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2020-ci ilin sonlarında oğlu Nurana 550 manat dəyərində «Redmi Note 9 PRO» markalı mobil telefonu almışdır. 05 yanvar 2021-ci ildə saat təxminən 14 radələrində oğlu evə gələrək bildirmişdir ki, həyətdə, yəni ünvan 9 ünvanın qarşısında dostları ilə oynayan zaman bir nəfər şəxs onlara yaxınlaşıb idmanla bağlı suallar verərək kimin yaxşı qaçdığını soruşmuş və onlar arasında qaçış yarışı keçirməyi təklif etmişdir. Uşaqlar da buna razılaşdıqdan sonra saniyə ölçənlə vaxtı müəyyən etmək üçün istifadələrində olan mobil telefonları alıb yarışdan sonra qaytaracağını bildirmişdir. Buna görə də oğlu Nuran istifadəsində olan mobil telefonda saniyə qoşanı işə salıb telefonu həmin şəxsə vermişdir. Sonra isə Seymur və digər uşaqlar həmin şəxsin sözünə əsasən “Gənclik’' metrostansiyası istiqamətində qaçaraq geri gəlmişlər. Geri qayıdan zaman isə həyətdə həmin şəxsi tapa bilməmişlər. Oğlu Nuran bu barədə ona bildirdikdən sonra o da ərizə ilə 16-cı PB-nə şikayət etmişdir. Mobil telefon «Redmi Note 9 Pro» markalı olmuş, həmin telefonu o, 2020-ci ilin avqust ayında 550 manata almışdır. Telefonda 20 manat dəyərində ***-***-**-** nömrəsi istifadə edilmiş, həmin nömrədə isə 5 manat dəyərində danışıq vaxtı olmuşdur. Həmin telefonu o, 2020-ci ilin avqust ayında alıb oğlu Nuranın istifadəsinə vermişdir. Həmin telefonun faktiki sahibi o, özüdür. Ona ümumilikdə 575 manat maddi ziyan dəymişdir. Cinayət işinin İ cildinin 85-86-cı vərəqələrində olan Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə saat 14 radələrində tanışı Eldar ilə birlikdə məktəbdən evə gələn zaman yaşadığı binanın qarşısına çatdıqda Eldar ondan ayrılıb öz evinə getmişdir. O, yaşadığı binanın qarşısında olan zaman bir nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxs avto qəza törətdiyini, ayağı zədəli olduğu üçün ona evinə getməyə köməklik etməyini xahiş etmişdir. Həmin şəxs binanın giriş hissəsini göstərib orada yaşadığını bildirmişdir. O da həmin şəxsə göstərdiyi binaya qədər getməsi üçün köməklik etmişdir. Binanın giriş hissəsindən içəri daxil olduqda tanımadığı həmin şəxs zəng etməsi üçün ondan mobil telefonunu istəmişdir. O da özünə məxsus "Samsung A31" markalı mobil telefonunu həmin şəxsə vermişdir. Daha sonra telefonu verdiyi şəxs qardaşını çağırmağı üçün 3-cü mərtəbəyə getməyini xahiş etmişdir. O da pilləkənlərlə yuxarı qalxmışdır. 2-ci mərtəbəyə çatdıqda düşünmüşdür ki, bəlkə də həmin şəxs onu aldadır. O, 1-ci mərtəbəyə düşdükdə mobil telefonunu verdiyi şəxsin orada olmadığını görmüşdür. Ətrafı axtarsa da həmin şəxsi tapa bilməmişdir. Bundan sonra o, evə gedib atası Elbrusa baş vermiş hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 05 yanvar 2021-ci ildə saat 16 radələrində ünvan 4 ünvanın qarşısında qardaşı İbrahimlə oynayan zaman bir nəfər şəxs onlara yaxınlaşıb idmanla bağlı suallar verərək kimin yaxşı qaçdığını soruşmuş və aralarında qaçış yarışı keçirməyi təklif etmiş, onlar da bununla razılaşmışlar. Həmin şəxs onlar qaçan zaman telefondakı saniyə ölçənlə hər birinin qaçış vaxtını müəyyən etmək üçün ondan və qardaşı İbrahimdən istifadələrində olan mobil telefonları istəmişdir ki, yarışdan sonra qaytaracaqdır. Buna görə də o və İbrahim istifadələrində olan mobil telefonda saniyə ölçəni qoşub həmin şəxsə vermişlər. Həmin şəxsin komandası ilə o və İbrahim Nərimanov rayonu, M.Əlizadə küçəsi 132 ünvanında yerləşən yaşayış binasının 4-cü mərtəbəsinə qaçaraq qalxmışlar və geri qayıtmışlar. Lakin həyətə gələn zaman həmin şəxsi orada görməmişlər. Onlar həmin şəxsi axtarmağa başlamışlar və qeyd edilən ünvanın yaxınlığında həmin şəxsin iti addımlarla getdiyini görüb ona dayanmağını bildirərək qardaşı ilə birgə həmin şəxsə tərəf qaçmışlar. Bu zaman həmin şəxs onları görüb qaçmağa başlamış və onlar da onun arxası ilə bir qədər qaçmışlar. Qaçan vaxt həmin şəxs qardaşı İbrahimin istifadə etdiyi mobil telefonu yerə tullamış, onun istifadə etdiyi telefonu isə özü ilə aparmışdır. Onlar həmin şəxsin arxası ilə qışqırıb dayanmağını bildirsələr də, o buna məhəl qoymayaraq oradan uzaqlaşmışdır. Baş verən hadisə barədə isə atası Vasifə bildirmişlər. Onu da qeyd etmişdir ki, qardaşı İbrahimin telefonu sındığı üçün artıq işlək vəziyyətdə olmamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid6 digər şahid X3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 5 ilə yaxındır ki, mobil telefon alqı-satqısı ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə bir nəfər şəxs mağazaya gələrək özünə məxsus “Samsung A50” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. O, mobil telefona baxdıqdan sonra 150 manata ala biləcəyini demişdir. Həmin şəxs də onunla razılaşmış və o, həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin surətini çıxarıb həmin kağızın üzərinə öz əl yazması ilə özünə məxsus olması barədə yazdırmışdır. Daha sonra o, həmin şəxsə 150 manat pul vermiş və həmin şəxs oradan getmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1, X4 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Bundan başqa, qeyd edilən şahidlərin məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə göndərilməsinə baxmayaraq həmin şəxslərin məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1, X4 və Şahid4 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 10-12-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 13 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Nərimanov rayonu, F.Yusifov 75 ünvanında yerləşən binanın giriş hissəsidir. Cinayət işinin İ cildinin 32-ci vərəqində olan “Tutma haqqında” 16 dekabr 2021-ci il tairxli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sahib oğlu 16 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 50-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 06 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 13 ünvan 5 mərtəbəli yaşayış binalarının həyətidir. Yaşayş binasının həyəti asfalt örtüklüdür. Hadisə 5 mərtəbəli yaşayış binasının blokunun qarşısında baş vermişdir. Cinayət işinin İ cildinin 102-103-cü vərəqələrində olan “Təqsirləndiirlən şəxsin MSYdən azad etmə və qətimkan tədbirinin seçilməsi barədə” 18 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulmadan azad edilərək saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 128-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs4 şikayət ərizəsi ilə əlaqədar olaraq baxış keçirilən yer Bakı şəhəri, ünvan 14 ünvanda 5 mərtəbəli yaşayış binaları, uşaq bağçası və müxtəlif markalı avtomobillər vardır. Cinayət işinin İ cildinin 136-cı vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, vətəndaşı Zərərçəkmiş şəxs3 şikayət ərizəsi ilə əlaqədar baxış keçirilən yer ünvan 15 ünvanın qarşısıdır. Həmin ünvanda 5 mərtəbəli yaşayış binaları, uşaq bağçası və müxtəlif markalı avtomobillər vardır. Cinayət işinin İ cildinin 144-cü vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs5 şikayət ərizəsi ilə əlaqədar olaraq baxış keçirilən yer ünvan 17 ünvanda 8 bloklu olmaqla 5 mərtəbəli yaşayış binası yolun qarşı tərəfində “Tennis” Akademiyası, asfalt örtüklü yol mövcuddur. Cinayət işinin İİ cildinin 15-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs6 Nizami rayonu, Q.Qarayev prospekti 119 ünvanındakı yeri kimi göstərərək naməlum şəxsin ona məxsus mobil telefonu və 50 manat nağd pulu alaraq qaçmışdır. Cinayət işinin İİ cildinin 21-ci vərəqində olan “CD diskə baxış keçirilməsi haqqında” 22 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı vət. Zərərçəkmiş şəxs6 mobil telefonunu və 50 manat pulunu naməlum şəxs xx.xx.2021-ci il tarixdə saat 14:20-də ünvan 18 ünvanın yaxınlığından götürərək qaçması müəyyən edilmişdir. Cinayət işinin İİ cildinin 61-ci vərəqində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 18 ünvanda yerləşən “Ağ çiçəyim” gül dükanının qarşısıdır. Cinayət işinin İİ cildinin 77-78-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək CM-in 93.1.2-ci maddəsi hökmdən çıxarılmış və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİ cildinin 92-ci vərəqində olan “Şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 01 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 118-ci vərəqində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 19 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 167-ci vərəqində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(007)-426/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanma müddətinin 02 (iki) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 19 dekabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 182-189-cu vərəqələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(105)-91/2021 saylı qərarından görünür ki, dövlət ittihamçısı X6 tərəfindən verilmiş apellyasiya protestinin qismən təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 1(067)-93/2020 saylı, 27 avqust 2020-ci il tarixli hökmünün dəyişdirilməsi, hökmdən “Təqsirləndirilən şəxs barəsində CMnin 93.1.2-ci maddəsinə əsasən narkotikdən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın” müddəasının çıxarılması, Təqsirləndirilən şəxs üzərində yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata durmaq və cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifəsinin qoyulması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 226-cı vərəqində olan “Təqdim olunmuş diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd CD diskin içərisində olan “Whatsap Video 2021-10-23 at 09.40.00” saylı faylın içərisində olan video görüntüyə baxış keçirilən zaman müəyyən edildi ki, əynində qara rəngli gödəkçə və göy rəngli cins şalvar olan şəxs qaçaraq gözdən itir. Təqdim edilmiş 01 ədəd CD diskin içərisində olan “Whatsap Video 2021-10-23 at 09.40.01” saylı faylın içərisində olan video görüntüyə baxış keçirilən zaman müəyyən edildi ki, əynində qara rəngli gödəkçə və göy rəngli cins şalvar olan şəxs qaçaraq avtomobil yoluna doğru hərəkət edir və gözdən itir. Təqdim edilmiş digər 02 ədəd CD diskin içərisində olan “Whatsap Video 2021-10-23 at 09.40.03” saylı faylın içərisində olan video görüntüyə baxış keçirilən zaman müəyyən edildi ki, əynində qara rəngli gödəkçə və göy rəngli cins şalvar olan şəxs surətlə insanların arasından qaçaraq gözdən itir və həmin şəxsin arxasınca da bir nəfər şəxs qaçır. Təqdim edilmiş digər 02 ədəd CD diskin içərisində olan “Whatsap Video 2021-10-23 at 09.40.04” saylı faylın içərisində olan video görüntüyə baxış keçirilən zaman müəyyən edildi ki, əynində qara rəngli gödəkçə və göy rəngli cins şalvar olan şəxs surətlə insanların arasından qaçaraq gözdən itir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, video görüntülərdə olan şəxs özüdür, arxasınca qaçan şəxsin isə xx.xx.2021-ci il tarixdə “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında olan zaman bir nəfər taksi sürücüsündən ona məxsus “Redmi Note 9” markalı mobil telefonunu götürüb qaçdığı şəxsdir. Cinayət işinin İİ cildinin 233-248-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi barədə” 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə 01 ədəd CD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 21-1/3- 21525-10 nömrəli məktubundan görünür ki, Əliyev X8 Rayon Məhkəməsinin 1(067)- 93/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin təsiri altına düşdüyü üçün Xətai Rayon Məhkəməsinin 7(011)-679/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cəza müddəti 1 il azaldılmış və cəza müddəti bitdiyi üçün xx.xx.2022-ci ıi tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.2 və 180.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, o əvvəllər məhkum olunsa da, onun bu məhkumluğu (Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(067)-93/2020 nömrəli hökmü) azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 180.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in onun təqsirli bilindiyi 178.2.2 və 180.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, təyin olunmuş cəzalar qismən toplanılmaqla cəza müəyyən edilməli (CM-66.2.), istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən hesablanmalı (CPM-158.2.1., 158.6., CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış –01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 57 (əlli yeddi) iş saatına görə 342 (üç yüz qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 4 (dörd) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 19 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış –01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 57 (əlli yeddi) iş saatına görə 342 (üç yüz qırx iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar