Məhkəmə qərarları › İş №1(005)-226/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-226/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-226/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, “Türker” LTD-də satış meneceri işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 14,071 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 101 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə saat 17:15-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 19:06-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki gödəkçənin sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kibrit qutusunda təmiz çəkisi 9,44 qram və 01 ədəd kağız bükümdə təmiz çəkisi 4,631 qram olmaqla ümumilikdə təmiz çəkisi 14,071 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 5 il olar ki, “nəşə” və ya “ot” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Həmin maddənin aludəçisi olmasa da, arabir ondan istifadə edirmiş. İstifadə etdiyi maddələri hər dəfə müxtəlif tanımadığı şəxslərdən alırmış. Sonuncu dəfə isə 29 yanvar 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsindən tanıdığı, adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən Bakı şəhəri, Sabunçu rayonu inzibati ərazisində olarkən 150 manata öz istifadəsi üçün qurudulmuş marixuana almışdır. Həmin marixuananı gödəkcəsinin cibinə qoymuşdur ki, istifadə edər. 30 yanvar 2023-cü il tarixdə saat 17:15 radələrində ünvan 2 ünvanın qarşısında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə narkotik vasitə qurudulmuş marixuana vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd kibrit qutusunu və 01 ədəd kağız bükülünü çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd kağız bükümdə və 01 ədəd kibrit qutusunda olan maddələrin narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Daha sonra təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilmişdir.Şifahi sorğu zamanı o, üstündən aşkar edilmiş, 01 ədəd kağız bükümdə və 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı 1 gün əvvəl, yəni 29 yanvar 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsindən tanıdığı, adını və ya anket məlumatlarını bilmədiyi şəxsdən Bakı şəhəri, Sabunçu rayonu inzibati ərazisində olarkən 150 manat müqabilində əldə etdiyini, lakin bu maddələri şəxsi istifadəsi üçün üstündə saxlamağını, özünün 5 il müddətdir ki, qurudulmuş marixuana istifadə etdiyini, bu maddələri heç kimə satmaq, pay və ya hədiyyə qismində vermək niyyətinin olmadığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd kağız bükümdə və 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşı tərəfindən qablaşdırılmışdır. Daha sonra isə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, eləcə də satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil edilmişdir. 30 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 17:15-də qeyd edilən küçədə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu Baş İdarəyə dəvət etmişlər. O da etiraz etmədən onlarla gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibindən 01 ədəd kibrit qutusunu və 01 ədəd kağız bükülünü çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kağız bükümdə və 01 ədəd kibrit qutusunda olan maddələrin narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kağız bükümə və 01 ədəd kibrit qutusuna baxış keçirilmişdir. Kağız bükümün və kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd kağız bükümdə və 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı 1 gün əvvəl, yəni 29 yanvar 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsindən tanıdığı, adını və ya anket məlumatlarını bilmədiyi şəxsdən Bakı şəhəri, Sabunçu rayonu inzibati ərazisində olarkən 150 manat müqabilində əldə etdiyini, lakin bu maddələri şəxsi istifadəsi üçün üzərində saxlamasını, özünün 5 il müddətdir ki, qurudulmuş marixuana istifadə etdiyini, bu maddələri heç kimə satmaq, pay və ya hədiyyə qismində vermək niyyətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd kağız bükümdə və 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Şahid1 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 yanvar 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 17:15-də Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 101 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd kibrit qutusunu və 01 ədəd kağız bükülünü, sağ yan cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəsini, plastik bank kartını, 50 manat pulunu və 01 ədəd qara rəngli mobil telefonunu təqdim etmişdir. Təqdim edilmiş kibrit qutusunun və kağız bükülünün içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Təqdim edilmiş kibrit qutusu, kağız bükülü, şəxsiyyət vəsiqəsi, bank kartı və mobil telefon götürülmüş, 50 manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 30 yanvar 2023-cü il tarixdə saat 19:06-da başlamış və həmin tarixdə saat 19:26-da başa çatmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 30 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 30 yanvar 2023-cü il tarixdə saat 17:15-də tutulmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 31 yanvar 2023-cü il tarixli 7/133 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunan maddələr” yazılar və imzalar olan sarı rəngli kağız paketdə 1 ədəd ağız hissəsi bağlanan polietilen paketdəki kibrit qutusunda təmiz çəkisi-9,440qram, 1 ədəd üzəri skoçla bağlanmış sellofan bağlamada kağız bükülüdə təmiz çəkisi-4,631 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi-14,071 qramdır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd kibrit qutusunda və 1 (bir) ədəd kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: Marixuanaların ümumi çəkisi -14,071 qram, tədqiqata sərf edildi cəmi-0,04qram (hər obyektdən 0,02qram), qalıq-14,031qram. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manatdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-139/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, CM-in 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Maddi sübut hesab edilməsi haqqında 03 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 14,031 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işi üzrə əməlin tövsuf edilməsi haqqında 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, Аzərbаycаn Rеspublikаsı CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X2 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2023-cü il tarixli 779 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-207/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığının müddəti xx.xx.2023-cü il tarixdək müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 fevral 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınması; Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 14,031 qram olan narkotik vasitə qurudulmuş marixuananın maddi sübut hesab edilməsi və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 14,071 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; qeydiyyat və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Yasamal-9 MMMC tərəfindən verilmiş xasiyyətnamə); himayəsində yetkinlik yaşına çatmayan övladının olması İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə və ev dustaqlığında saxlanıldığı 3 ay 02 gün (30 yanvar-02 may 2023-cü il), azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlıgı qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – BMCMİ-də saxlanışa verilmiş narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir (CM-in 93.1.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlıgında saxlanıldığı 3 ay 02 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 06 ay 04 ay ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlıgı qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut – BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi 14,031 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar