Məhkəmə qərarları › İş №1(005)-227/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-227/2021

30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-227/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1982-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2erləşən yataqxanada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, silah qismində istifadə olunan əşya - şüşə butulkadan istifadə etməklə zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətdə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2020-ci il tarixdə saat 22 radələrində ictimai yer sayılan ünvan 3 ünvanda yerləşən “Şah Lahmacun” restoranının qarşısında ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, yəni orada dayanmış Zərərçəkmiş şəxs ona olan 40 manat borcunu tələb edərək heç bir əsaslı səbəblər olmadan onunla mübahisə edib cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına zidd olaraq sonuncu ilə dalaşmış, həmin vaxt restoranın qarşısından keçən şəxslərin müdaxiləsindən sonra sakitləşərək oradan uzaqlaşsa da, 15 dəqiqədən sonra yenidən hadisə yerinə qayıdıb, Zərərçəkmiş şəxs restoranın məişət tullantılarının atıldığı zibil qutularına tərəf getdiyini görüb arxa tərəfdən ona yaxınlaşaraq özündə olan, silah qismində istifadə etdiyi əşya - şüşə butulka ilə sonuncunun baş nahiyəsindən bir zərbə vuraraq yerə yıxdıqdan sonra, təpiklə onun bədəninin müxtəlif nahiyələrindən qəsdən zərbələr vurmaqla, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin döş qəfəsinin sağ yarısının İX qabırğanın yerini dəyişən qapalı sınığı ilə nəticələnən sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya, sağ təpə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya, sol gözaltı nahiyənin qançırı, sol almacıq və burun belinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 127.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərarı ilə CMin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət işinin Təqsirləndirilən şəxs həmin Məcəllənin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsinə xitam verilmiş və o, CM-in 127.1-ci maddəsi ilə məsuliyyətdən azad edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığındakı “Şah Lahmacun” restoranında işlədiyi vaxtdan tanıyır və onunla münasibəti normal olmuşdur. Hadisə baş verməmişdən iki ay əvvəl Təbrizə 40 manat borc pul vermiş, lakin Təbriz borcunu qaytarmamışdır. 14 sentyabr 2020-ci il tarixdə axşam saatlarında Təbrizin işlədiyi restoranın qarşısında onunla rastlaşmış və Təbrizdən verdiyi 40 manat pulu qaytarmasını tələb etmişdir. Lakin, Təbriz pulu qaytarmaq əvəzinə onunla kobud danışmışdır. Təbrizin onunla kobud danışması xoşuna gəlməmiş, bununla əlaqədar Təbrizlə aralarında mübahisə yaranmışdır. Həmin vaxt Təbrizə iki dəfə yumruqla üzündən və bir dəfə sinəsindən zərbə ilə vurmuşdur. Bu zaman Təbriz aldığı yumruq zərbələrindən yerə yıxılmışdır. Ətrafda olan tanımadığı şəxslər onları ayırıb sakitləşdirmişlər. Aradan bir qədər keçmiş o, həmin restoranın yaxınlığında dayandığı zaman Təbriz ona tərəf gəlib yenə də mübahisə etməyə cəhd etmiş, lakin o, mübahisəni davam etdirməyərək oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxslə aralarında baş vermiş mübahisə təxminən 5-6 dəqiqə davam etmişdir. Təbrizin sifətindən və sinəsindən yalnız yumruqla zərbə vurmuşdur. Təbrizlə mübahisə zamanı onun əlində heç bir əşya olmamışdır. Yəni, Təbrizin baş nahiyəsindən butulka ilə vurub xəsarət yetirməmişdir. Həmin hadisəyə qədər Təbrizlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Əksinə, Təbrizlə münasibəti yaxşı olduğuna görə ona borc da vermişdir. Hadisə zamanı onları ayırmış şəxsləri isə tanımır. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, xuliqanlıq əməli törətdiyini inkar etmir, lakin o, zərərçəkmiş şəxsə xəsarəti yumruğu ilə yetirmiş, əlində hər hansı silah qismində istifadə edilə bilən əşya olmamışdır. Buna görə də ona CM-in 221.3-cü maddəsi ilə verilən ittihamla razılaşmır. Hazırda zərərçəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Şah Lahmacun” restoranında kuryer işləmişdir. 14 sentyabr 2020-ci il tarixdə axşam saatlarında iş yerinin həyətində dayandığı zaman əvvələr tanıdığı Anar adlı şəxs ona yaxınlaşmış, ondan borclu olduğu 40 manat pulu qaytarmasını tələb etmişdir. O isə Anara borcunu qaytardığını bildirmişdir. Anar isə borcu qaytarmadığını söyləmiş və bununla əlaqədar aralarında mübahisə və dava-dalaş yaranmışdır. Həmin vaxt onları ətrafdan keçən tanımadığı şəxslər aralamışlar. Bundan təxminən 15 dəqiqə keçdikdən sonra o, işlədiyi restoranın məişət tullantılarını atmaq üçün zibil qutularına tərəf gedən zaman Anarın arxadan ona tərəf gəldiyini görmüşdür. Anar ona yaxınlaşan kimi onun başından bir zərbə vurmuşdur. Aldığı zərbədən başından kəskin qan axdığı üçün özünü itirərək yerə yıxılmışdır. Yerdə uzanıqlı halda olduğu zaman Anar təpik və yumruqla onun bədəninin müxtəlif nahiyələrindən zərbələr vurub oradan uzaqlaşmışdır. O, özünü toplayıb ayağa qalxmış və bu barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gələrək onu polis şöbəsinə dəvət etmişlər. Baş nahiyəsindən aldığı xəsarət nəticəsində axan qan kəsmədiyi üçün polis şöbəsinə təcili yardım çağırılmış və onu xəstəxanaya aparmışlar. Baş vermiş dava-dalaş zamanı o, Anara heç bir xəsarət yetirməmiş və aralarındakı mübahisə təxminən 5-6 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərmişdir ki, Anar onu vurarkən əlində şüşə butulka və ya digər predmet olmamışdır. Sadəcə qaranlıq olduğu üçün və zərbə möhkəm dəydiyi üçün zənn etmişdir ki, Anar onu bərk əşya ilə vurmuşdur. Lakin, sonradan hadisəni xatırlayıb bilmişdir ki, Anarın əlində heç nə olmamışdır. Sonradan bunu polisə də bildirmişdir. İstintaq zamanı verdiyi ifadəsini oxumadan imzalamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən kafe-çayxanada xidmətçi vəzifəsində işləyir. Kafenin həyətində ağacların altında müştərilərə xidmət edilməsi üçün stol-stullar qoyulmuşdur. İşlədiyi kafenin yaxınlığında məişət tullantılarının yığılması üçün yeşiklər vardır. 13 sentyabr 2020ci il tarixdə axşam saatlarında kafenin həyətində müştərilərə xidmət etdiyi zaman məişət tullantılarının yığıldığı yeşiklərin yaxınlığında dava-dalaş baş verdiyini görmüşdür. Hadisə baş verdiyi yerdə dalaşan şəxsləri görmüşdür. Hadisə yerinə çoxlu adamlar toplaşmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə toplaşmış adamlar dağılışıb getmişlər. Dalaşanların əlində hər hansı əşya olmamışdır. İstintaq zamanı verdiyi ifadəni oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən kafe-çayxanada aşbaz-xidmətçi vəzifəsində işləyir. Kafenin həyətində ağacların altında müştərilərə xidmət edilməsi üçün stol-stullar qoyulmuşdur. İşlədiyi kafenin yaxınlığında məişət tullantılarının yığılması üçün yeşiklər vardır. 13 sentyabr 2020-ci il tarixdə axşam saatlarında mətbəxdə müştərilərə xidmət üçün yemək və çay hazırladığı zaman məişət tullantılarının yığıldığı yeşiklərin yaxınlığında dava-dalaş səsləri gəldiyini eşitmişdir. Hadisə baş verdiyi yerdə dalaşan şəxsləri görmüşdir. Davadalaş yerinə çoxlu adamlar toplaşmış, lakin o, həmin şəxsləri tanımır. Sonra isə ara sakitləşmiş və ora toplaşmış adamlar dağılışıb getmişlər. Dalaşanlardan bir nəfər şəxsin başı yarılmışdır. Dalaşanların əlində hansısa əşya olmamışdır. İstintaq zamanı verdiyi ifadəni oxumadan imzalamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş ekspert X4 izahatında göstərmişdir ki, Nərimanov RPİ-nin müstəntiqi Möhsüm Cabbarovun 05 yanvar 2021-ci il tarixli qərarına əsasən təyin olunmuş əlavə məhkəmə tibbi ekspertiza onun tərəfindən aparılmış və tərəfindən 02 fevral 2021-ci il tarixli, 04/28/677 nömrəli rəy verilmişdir. Ekspertiza təyin olunması barədə qərarda qoyulan suala, yəni Zərərçəkmiş şəxs şüşə butulka ilə xəsarət yetirilməsi barədə məlumata müvafiq olaraq və zərərçəkmiş şəxsin iş materiallarında bu barədə ifadəsini nəzərə alaraq xəsarətin həmin əşya ilə yetirilməsinin istisna olunmadığı rəydə qeyd edilmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, yumruq da küt əşya hesab olunur və Zərərçəkmiş şəxs oğlunun təpə nahiyəsindəki yara yumruq nəticəsində də yarana bilərdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2/7515 nömrəli, 14 sentyabr 2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs həmin günü ayıq olmuşdur; “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Mirsaleh Cavadov Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Doyum Dönər” evinin arxa hissəsinə baxış keçirtmişdir. Göstərilən ünvan bir sıra xidmət və mağazalardan ibarətdir. Zərərçəkmiş şəxs bildirdi ki, göstərilən ünvanda Anar adlı şəxslə aralarında baş vermiş mübahisə nəticəsində sonuncu vət. Abdullayevin baş nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Göstərilən ünvanın yaxınlığında heç bir müşahidə kamerası aşkar olunmadı. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən maddi sübut götürülmədi; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Nərimanov rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 28 sentyabr 2020-ci il tarixli, 677 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - sol gözaltı nahiyənin qançırı, sol almacıq və burun belinin sıyrıqları, sağ təpə nahiyəsinin əzilmiş yarası - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 13.09.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilər. Xəsarətin sağlamlığa zərər vurma dərəcəsi barədə əlavə məlumat zərər çəkmişin 3 saylı kliniki xəstəxanasında adına çəkilmiş rentgen şəkil təqdim edildikdən sonra təyin edilə bilər. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyil; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Nərimanov rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 09 oktyabr 2020ci il tarixli, 28/677 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər döş qəfəsinin sağ yarısının İX qabırğanın yerini dəyişən qapalı sınığı, sol gözaltı nahiyyənin qançırı, sol almacıq və burun belinin sıyrıqları, sağ təpə nahiyəsinin cərrahi tikişə ehticacı olan əzilmiş yarası - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 13.09.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyil; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 yanvar 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23.07.2002-ci il tarixli hökmü ilə CM-in 120.2.1, 120.2.4, 120.2.11, 181.3.2, 180.2.1, 180.2.2, 180.2.4 və 307.1 (CM-in 66.3-cü maddəsinə əsasən) 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08.02.2014-cü il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 07.02.2021-cü il tarixli qərarı ilə 08 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuş və 05.11.2014-cü il tarixdə sınaq müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Nərimanov rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 02 fevral 2021-ci il tarixli, 04/28/677 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər döş qəfəsinin sağ yarısının İX qabırğanın yerini dəyişən qapalı sınığı, sol gözaltı nahiyənin qançırı, sol almacıq və burun belinin sıyrıqları, sağ təpə nahiyəsinin cərrahi tikişə ehticacı olan əzilmiş yarası - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 13.09.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilər. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər motosikletdə oturmuş şəxsin bir yumruq zərbəsindən yıxılaraq yuxarıda qeyd olunan xəsarətlərin alması inandırıcı deyildir. Belə ki, xəsarətlərin bədənin müxtəlif nahiyələrində yerləşmələrini, yaranma mexanizmini və bir sıra morfoloji xüsusiyyətləri nəzərə alaraq demək olar ki, qeyd olunan xəsarətlər kənar şəxs (şəxslər) tərəfindən küt alət (alətlə) vurulma nəticəsində törənmələri daha inandırıcıdır, sağ təpə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası isə kənar şəxs tərəfindən şüşə butulka ilə başına vurması nəticəsində əmələ gəlməsi istisna olunmur. Qeyd edilən xəsarətlərdən döş qəfəsinin sağ yarısının İX qabırğanın yerini dəyişən qapalı sınığı, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, sağ təpə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası - dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sol gözaltı nahiyənin qançırı, sol almacıq və burun belinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir; “Şübhəli şəxsin tutulması haqqında” 27 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-317/2021 nömrəli, 29 mart 2021-ci il tarixli qərarından görünür ki, CM-in 127.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 mart 2021ci il tarixdən hesablanmaqla 16 may 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (müvafiq düzəliş qərarı nəzərə alınmaqla). Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətdə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirmişdir. Bu normanı tətbiq edərkən, təqsirkarın hərəkətlərini xarakterizə edən maddənin dispozisiyasında göstərilən əlamətlərin mövcudluğu mütləqdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq əməlinin, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərin törədilməsi sübuta yetirilsə də, istintaq orqanı onun əməlini düzgün tövsif etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, təqsirləndirilən şəxsin törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş xuliqanlıq əməli tövsif edilərkən səhvə yol verilmişdir. CM-in 221.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, göstərilən maddənin tərkib hissəsinin yaranması üçün bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci tarixli qərarında qeyd edilir ki, CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə istintaqında əldə edilən və qiymətləndirilən mötəbər sübutlarla müəyyən olundu ki, hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilən zaman sonuncunun əlində silah və ya silah qismində istifadə edilən əşya mövcud olmamışdır. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə CM-in 221.3-cü maddəsi ilə ittiham irəli sürülməsinə əsas olan və ittihamda qeyd olunduğu kimi, zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən silah qismində istifadə olunan əşya şüşə butulka vasitəsilə xəsarət yetirilməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxsin əlində hər hansı əşya olmadığını, hadisə qaranlıq şəraitdə baş verdiyindən və zərbə möhkəm olduğundan ona xəsarətin şüşə butulka ilə yetirildiyini güman etdiyini, lakin sonradan xəsarətin ona təqsirləndirilən şəxs tərəfindən yumruq zərbəsi ilə yetirildiyini anladığını, həmçinin istintaq zamanı ifadələrini oxumadan imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs isə həm ibtidai istintaq, həm də məhkəmə istintaqında verdiyi ifadələrində əlində heç bir əşya, o cümlədən şüşə butulka olmadığını, zərərçəkmiş şəxsə xəsarəti yumruğu ilə yetirdiyini bildirmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilən şahidlər də ifadələrində dalaşan şəxslərin əlində heç bir əşyanın olmadığını göstərmişlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə əsas - Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı xəsarətin ona şüşə butulka ilə yetirilməsi barədə verdiyi ifadə olmuşdur. Zərərçəkmiş şəxs ifadəsini ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə üzləşmə istintaq hərəkəti aparılan zaman da təsdiq etmişdir. Lakin, məhkəmə istintaqında Zərərçəkmiş şəxs həmin ifadəsini təsdiq etməmiş və təqsirləndirilən şəxsin onu vurarkən əlində hər hansı əşya, o cümlədən şüşə butulka olmadığını bildirmişdir. Məhkəmə, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə dair qeyd edir ki: - cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları, hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edən, insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edən CPM-in təqsirlizlik prezumpsiyası prinsipinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (CPM-in 21-ci maddəsi); - hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər (CPM-in 25-ci maddəsi); - məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir (CPM-in 349-cu maddəsi). Nəzərə alınmalıdır ki, CPM-lə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə, eyni zamanda məhkəmə-tibbi ekspertizasının 02 fevral 2021-ci il tarixli, 04/28/677 nömrəli rəyinə münasibətdə aşağıdakıları qeyd edir: Sözügedən rəydə Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin motosikletdə oturmuş şəxsin bir yumruq zərbəsindən yıxılaraq almasının inandırıcı olmaması, xəsarətlərin bədənin müxtəlif nahiyələrində yerləşmələrini, yaranma mexanizmini və bir sıra morfoloji xüsusiyyətlərini nəzərə alaraq, qeyd olunan xəsarətlərin kənar şəxs (şəxslər) tərəfindən küt alətlə vurulma nəticəsində törənməsinin daha inandırıcı olması, sağ təpə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarasının isə kənar şəxs tərəfindən şüşə butulka ilə başına vurması nəticəsində əmələ gəlməsinin istisna olunmaması qeyd edilmişdir. Həmin rəyi vermiş ekspert X1 məhkəmə istintaqı zamanı verdiyi izahatından göründüyü kimi, o, zərərçəkmiş şəxsə xəsarətin şüşə-butulka ilə yetirilməsinin istisna olunmadığı barədə nəticəyə ekspertiza təyin olunması barədə qərarda qoyulan suala, yəni Zərərçəkmiş şəxs şüşə butulka ilə xəsarət yetirilməsi barədə məlumata müvafiq olaraq və zərərçəkmiş şəxsin iş materiallarında bu barədə ifadəsini nəzərə alaraq gəlmişdir. Həmçinin, rəydə xəsarətin küt əşya ilə yetirilməsi göstərilsə də, ekspert izahatında yumruğun da küt əşya hesab olunduğunu və Zərərçəkmiş şəxs təpə nahiyəsindəki yaranın yumruq nəticəsində də yarana biləcəyini qeyd etmişdir. Bundan başqa ibtidai istintaq zamanı hadisə yerinə keçirilmiş baxış zamanı oradan iş üzrə əhəmiyyət kəsb edən maddi sübut tapılmamışdır. Belə ki, şüşə butulka və ya onun qalıqları müəyyən olunaraq iş üzrə maddi subut kimi tanınmamışdır. CPM-in: 33.3-cü maddəsinə əsasən sinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.1-ci maddələrinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək Təqsirləndirilən şəxs törətdiyi xuliqanlıq hərəkətlərinin silah qismində istifadə olunan əşya vasitəsilə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunması barədə verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapmaması nəticəsinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirərkən silah qismində şüşə butulkadan istifadə etməsi hər hansı sübutla öz təsdiqini tapmır. Əldə olunmuş və yuxarıda qeyd edilən sübutlarla isə əksinə, onun zərərçəkmiş şəxsə xəsarət yetirərkən əlində hər hansı əşya olmadığı müəyyən olunur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şüşə butulka ilə xəsarət yetirməsini təsdiq edən mötəbər sübutlar əldə edilmədən ona qarşı CM-in 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, ehtimal və mülahizələrə əsasən belə bir ittiham əsasında Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətinə cəlb olunması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətdə pozulmasına səbəb olmuş xuliqanlıq etmiş və həmin əməl istintaq orqanı tərəfindən əsassız olaraq silah qismində istifadə olunan əşya - şüşə butulkadan istifadə edilməklə törədilən xuliqanlıq əməli kimi qiymətləndirilərək CM-in 221.3-cü maddəsi ilə tövsif edilmişdir. CPM-in: 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, məhkəmə iclasında araşdırılan və qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək və CPM-in 318.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməsini qanuni və əsaslı hesab edir. CPM-in: 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir; 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 221.1-ci maddəsi ilə ittiham hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: təqsirləndirilən şəxsin törətdiyi əməli qismən etiraf etməsi və əməlindən peşman olmasını; zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs əməli CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməli, o, CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altmış) iş saatı üçün cəmi 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 27 mart 2021-ci il tarixdən hesablansın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 60 (altmış) iş saatı üçün cəmi 360 (üç yüz altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar