Məhkəmə qərarları › İş №1(005)-227/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-227/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-227/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X14 Bəhram oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili Müdafiəçi1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 müdafiəçi “AİM” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X3 X11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 nümayəndəsi və vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X11 tərəfindən onun şərəf və ləyaqətini alçaldan, nüfuzunu ləkələyən, onu cinayət törətməkdə ittiham edən, barəsində böhtan xarakterli və təhqiredici yalan məlumatlar yayan X6 Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi və onun barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, X11 öz instaqram" sosial şəbəkə hesabından paylaşdığı video postlar və hekayələrdə X8 barəsində onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan yalan məlumatlar vermiş, sonuncunun şərəf və ləyaqətinə yönələn nalayiq ifadələr istifadə etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, X11 "İnstaqram” sosial şəbəkəsində etdiyi çıxışlar ilə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutmuş əməlləri törətmişdir və onun barəsində cinayət məsuliyyət tədbirləri həyata keçirilməlidir. X8 barəsində yayılan əsassız xəbərin mahiyyətinin həqiqətdən uzaq olması və yayılmış məlumatın ona qarşı təhqir və cinayət törətməkdə ittiham olunmaqla böhtan cinayətlərinin törədilməsini əsaslandırdıqdan sonra bu paylaşımların Ayan Əliyeva tərəfindən məhz məqsədli şəkildə və bil-bilə kütləviləşdirilməsi lazımi sübutlarla göstəriləcəkdir. Hüquqi şəxs olan “X15" MMC tələbələrə xaricdə təhsil almaq və işləmək imkanı təklif edən şirkət olmaqla bu mənada bazarda üstün mövqeyə malikdir. X8 isə məşhur bloger və “Kanal S" telekanalında yayımlanan verilişinin aparıcısı olmaqla yanaşı, həmin şirkətin fəaliyyətində də yaxından iştirakı ilə bilinir. Hazırkı iş üzrə X11 da "A-X12" MMC-nin təsisçilərindən biri kimi həmin bazarda sahibkarlıq fəaliyyətini həyata keçirməkdədir. Əliyeva Nigar xx.xx.2025-ci il tarixində “Kanal S" də yayımda olan veriliş zamanı müsahibə vermişdir. Müsahibədən sonra Ayan Əliyeva xx.xx.2025-ci il tarixində özünün təqribən 176.000 (yüz yetmiş altı min) izləyicisi olan “İnstaqram” sosial media platformasındakı “ayanalevel” adlı hesabından video postlar paylaşmışdır ki, həmin videoda aşağıdakı fikirlər səsləndirilmişdir: “Salam, siz yəqin ki, bilirsiz bu gün söhbət nədən gedəcək. Bu gün söhbət yalnız bu mövzudan gedib. Bəli, savadsız, təhsilsiz, əxlaqsız bir insan çıxıb kiminsə qızlarına söz atmaq, ay atasız qız, atalı qız və yaxud da özü atasız olan, özü qıraqdan uşağı olan və s. Yenə də qadın xeylağıdır, mən onu qınamaq istəmirəm, hamının taleyi bir cür gətirir amma bu insan öz adını təhsillə hallandıranda o zaman biz çıxıb sözümüzü deməliyik. Bakı şəhərinin yarısına pul atıb, Bakı şəhərinin yarısına pul borcludur və müqaviləni elə cür qururlar ki, camaata tələ qururlar. Camaatın nə pulunu qaytarırlar, nə universitetə otuzdururlar, nə viza verə bilirlər. Ay camaat, elementar filtrıvız olsun da. Yəni siz gedib pulu kimə verirsiz. Siz bir bu insanın xarici görünüşünə baxın, siz bir baxın görün bu insan hansı sahədədir. Necə bir insan çıxıb ucuz verilişləri apara bilər və üstəlik deyə bilər ki, mən Harvardı bitirmişəm və mən Azərbaycanda yeganə qadınam ki, mənim xaricdə təhsil holdinqim var. Ay balam, xaricdə təhsil hara, holdinq hara, nə danışırsan sən. Deməli Bakı şəhərinin yarısından pul alıb, Bakı şəhərinin yarısını nə universitetə otuzdurub, nə vizalar verilib, nə bir şey. Müqaviləni yenə də deyirəm elə cür qururlar ki, onlardan sonra nə qədər bizim üstümüzə gəlib o adamlar, mən kömək edə bilməmişəm, çünki mümkün deyil. Viza vəziyyətləri bərbad gündə, artıq orda kömək etmək olmur, otkaz otkaz üstündə. Universitetlərə götürmürlər çünki təbliğat edir ki, ingilis dili bilmədən gəl məni univeristetə otuzdurum. İndi də keçib olub dünya jurnalisti və camaata söz atır. Mən özüm atalı-analı evdə böyümüşəm, məni düzgün başa düşün, kompleks onun kompleksidir. Atasız qız özüdür və o, kompleks onun öz kompleksidir. O istəyir ki, çıxsın üzü ağ qadın kimi danışsın. Amma sən əxlaqsız, sən nə olar öz adını təhsillə hallandırma. Sən hara təhsil hara. Sən və təhsil ola bilməz. Onu da deyim ki, bu hələ təzə başlayıb və bu harasıdır. Mən ümid edirəm ki və mən öz ölkəmizi yiyəsiz hesab etmirəm. Ümid edirəm ki, o öz payını alacaq. Çünki bu cür çıxıb camaatın beynini yumaq, tərbiyəsizliyi təbliğat eləmək düzgün deyil və tərbiyəsiz insan təhsillə adı hallanmamalıdır, bu birmənalıdır." Digər video postunda isə aşağıdakı fikirləri səsləndirmişdir: “Bir də bunu da deyim ki, hal-hazırda başlayıblar ki, ay bizim hökumət, ay bizim dövlət, hər şey onları bu verilişlərə buraxanların günahıdır. Siz o günahı, kim ki, o verilişlərə baxır və öz uşaqlarına o verilişləri görsədir, siz tamamilə o məsuliyyəti öz boynunuza götürsəniz, siz başa düşəcəksiz ki, sizin uşağınızın beynini onun kimi əxlaqsızlar, savadsızlar onun kimi geridə qalmış insanlar yuya bilməz. Yəni sizin uşağınızın və hətta sizin baxdığınız verilişlərə siz tamamilə sizin seçiminizdir və siz ona birbaşa məsuliyyət daşıyırsız. Mən özüm Amerikada yaşayıram, siz bilsəz ki, Amerikada nə qədər tupoy Amerikanski şou, nə qədər sarsaq, axmaq Amerikanın tv şouları var, onların zarafatları bilirsiz nədir? Bizim 3 yaşlı uşaq gülməz o zarafata. Amma o verilişə baxmaq və ya baxmamaq sizin məhz sizin birbaşa seçiminizdir. Heç vaxtı heç kəsi günahlandırmayın. Əgər siz özünüz, sizin uşaqlarınız o verilişlərə baxırsa siz birinci günahı özünüzdə axtarın. Əslində deyirlər ki, hər bir insanın seçimi hər bir malın öz alıcısı var. Siz o malın alıcısız ki, siz o verilişlərə baxırsız və yaxud da sizin uşaqlarınız o verilişlərə baxır. İkinci sual orasındadır ki, bu cür insanlar tiktokdadır, instaqramdadır və bu cür insanlar camaatı pulnan, yəni instaqrama pul qoyur, tiktoka pul qoyur və reklam buraxır. Qəşəng pencəyini geyinir, iki dənə üç dənə söz öyrənir, çıxır deyir Harvardı da qurtarmışam, camaat inanır gedir onun şirkətinə pul verir. Bu xaricdə təhsillə məşğul ola bilər? Bu iki sözü bir birinə qovuşdura bilmir. Bu insan sarsaqdır, bu insan sadəcə olaraq ömür boyu başqa- başqa işlərlə məşğul olub. Nə təhsil, bu öz adını təhsillə hallandıra bilər? Amma reklamın sayəsində əlbəttə ki, camaat aldanır. Amma yenə də məntiqsiz insandan aldanır. Bir balaca siz o insanın danışığına qulaq assaz, hətta bu instaqramda qısa qısa kəsirlər də verilişlərdən ona qulaq assaz, siz başa düşəcəksiz ki, bu yalanının böyüyüdür. O hara, Harvard hara, o hara təhsil hara. Amma yenə də deyirəm bütün məsuliyyəti öz boynunuza götürün, heç kəsi günahlandırmayın, ümumiyyətlə Amerikanlar deyir ki, varlı insanlar televizora baxmır, kitab oxuyur". Bundan sonra Ayan Əliyeva xx.xx.2025-ci il tarixində yenidən öz İnstaqram hesabında videopost paylaşaraq aşağıdakıları qeyd etmişdir: "Salam dostlar. Mən bu gün bu videonu bir sübut kimi yazım qoyacam burda. Çünki gələcəkdə lazım ola bilər. Əslində istəməzdim heç vaxtı ümumiyyətlə hansısa mənasız bir məxluq haqqında danışım. Zamanım da yoxdur, vaxtım da yoxdur, əslində bu kanal bu səhifə sırf insanlara təhsil haqqında, beynəlxalq təhsil haqqında məlumat vermək, insanlan məlumatlandırmaq, bəzi saxtakar şirkətlərdən qorumaq. Çünki Azərbaycana saxta şirkətlər çoxdur. Və onlardan biri də bilmirəm soğan yemiyib içi niyə göynüyür, bu mənasız məxluqdur. Bilirsiz, mən hər yerdə hər yerdə mənim xoşuma gəlməyən insanları və yaxud da saxtakarları bloklamışam və mən görmürəm onları. Sadəcə olaraq mənə, inboxa gündə yüzlərlə mesaj gəlir və görürəm ki, başladılar göndərməyə ki, Ayan xanım, bu məxluq deyir ki, sizi məhkəmədə udub. Deyirəm, xeyr, məni məhkəmədə udmayıb, qətnaməm də var. Mən onu paylaşmaq istəməzdim, bilirsiz bu hər şey çox şəxsi bir şeylərdir. Və yenə də deyirəm, ümumiyyətlə o mənasız məxluqla mənim adım hallanmasın deyə mən o dərəcədə ondan öyrənirəm ki, istəməzdim ki, bu insanın adı, bu insanın ümumiyyətlə obrazı mənim obrazımla hansısa bir halda hallansın. Amma görürəm bu dayanmır, yəni Bakı şəhərinin 99 faizi söyüşün biri bir qəpikdən buna nələr yazıblar, necə söyüblər, nə cür biədəb biədəb videolar bunla bağlı çəkiblər, yenə də bunun işi mənlədi də, bu məndən əl çəkmir. Çıxıb yüz dənə stori yazıb ki, mən filan qadını... Mən çıxıb fikrimi söyləmişəm, o heç hamı kimi. Men filan qadını məhkəmədə udmuşam, sən məni məhkəmədə udmamısan, birincisi. Qətnamə də ki, storidədir. İndi Bütün Azərbaycan xalqını sən get məhkəməyə ver. Bu bir. Amma görürəm ki, sonradan onun bir xasiyyəti var ki, instaqramda pulnan gedir camaata kommentariya yazdırır. Görürəm başladılar mənim videolarımın altından yazmağa ki, ə sən kimsən, səni məhkəmədə udub. Sən udmusansa çıxıb bölüşərdün. Birincisi mən burda nəylə fəxr edim. Mən fəxr edim ki, mən hansısa axmaqla mənasız bir insanla məhkəmə olub məndə. Yəni o məni məhkəməyə verib? Mən çıxım sözün düzünü demişəm və onun şirkətindən tək deməmişəm, mən çıxıb orda sözün düzünü saxta Azərbaycanda tələbələri aldadan şirkətlərdən demişəm. Bu isə özünə götürüb, çünki soğan yeyib içi də göynüyür də, başa düşürsüz. Ona görə də Qətnamə storidədir, kimə maraqlıdır baxa bilərsiz. Məhkəməni də mən udmuşam. Aşağıda qeyd olunanlar xüsusi ittiham qaydasında şikayət verilən şəxsin savadsız, təhsilsiz, sarsaq, tərbiyəsiz, əxlaqsız, mənasız məxluq adlandırdığı şəxs qismində xüsusi ittihamçı Əliyeva Nigarı nəzərdə tutduğunu təsdiq edir. İlk növbədə nəzərinizə çatdıraq ki, xüsusi ittihamçının əlaqəli olduğu “X15" MMC şirkətinin sosial-media hesablarında paylaşılan postlarda tez-tez səsləndirilən fikir məhz heç bir dil bilmədən xaricdə təhsil və iş vizaların əldə edilməsi ilə bağlıdır. Müvafiq bazar üzrə xidmətlər təklif edən şirkətlər haqqında çox az məlumatlı olan hər kəs bu zaman nəzərdə tutulan şirkətin məhz iddiaçı hüquqi şəxs ola biləcəyini asanlıqla anlaya bilir. Bundan başqa Əliyeva Ayanın video postunda səsləndirdiyi fikirlər xüsusi ittihamçının xx.xx.2025-ci il tarixində "Kanal S" də yayımda olan veriliş zamanı müsahibədə öz fikirləri ilə birbaşa əlaqəlidir. Əliyeva Ayan xüsusi ittihamçının adını səsləndirməsə də, onun səsləndirdiyi digər fikirlərdən hamıya aydın olur ki, o Əliyeva Nigar barəsində və onun sıx əlaqəli olduğu “X15" MMC barəsində danışır. Təsadüfi deyil ki, həmin postun altında yazılan şərhlərlə tanış olduqda da asanlıqla eyni nəticəyə gəlmək olur. Belə ki, həmin postun altında şərh yazan onlarla izləyici burada nəzərdə tutulan şirkətin məhz iddiaçı hüquqi şəxs olduğunu qeyd etmişdir. Digər bir məqam isə Əliyeva Ayanın postunda səsləndirdiyi “Necə birinsən çıxıb ucuz verilişləri apara bilər və üstəlik deyə bilər ki, mən Harvardı bitirmişəm’ ifadəsi ilə bağlıdır. Yuxarıda da qeyd etdiyimiz kimi xüsusi ittihamçı X7 məşhur bloger və "Kanal S" telekanalında yayımlanan verilişinin aparıcısıdır. Hazırda adı keçən bazarda üstün mövqe tutan şəxslər arasında cavabdehin səsləndirdiyi həmin ifadəyə uyğun gələ biləcək yeganə şəxsin Nigar xanımın olduğu aydın olmaqdadır. Yuxanda qeyd olunan video postlardan göründüyü kimi, Ayan Əliyeva israrla Nigar Əliyevanı və ‘X15" MMC də daxil olmaqla Azərbaycanda mövcud olan təhsil şirkətlərini saxtakar adlandırmaqla birbaşa dələduzluq cinayət əməlində ittiham edir. Başa düşmək olmur ki, Ayan Əliyeva nə vaxtdan ədalət mühakiməsini həyata keçirmək səlahiyyətinə malikdir ki, xeyli sayda şirkəti birbaşa dələduzluq cinayətində ittiham etsin və bu paylaşımdan sonra “reytinqinin” artıdığını görüb, belə paylaşımı ilə qürur duyaraq, bu günə qədər cinayətkar əməlini daha da genişləndirib paylaşımlara davam edir. Bu günkü gündə Nigar Əliyeva barəsində bu tip əsassız xəbərlərin yayılması onun həyat və fəaliyyətinə ciddi surətdə mənfi təsir göstərməkdədir. O və onun ailə üzvləri yayılmış bu xəbərdən ağır formada sarsılmış, əsəb stressləri keçirmiş və travma almışdır. AR CM-nin 147-ci maddəsi olan böhtan əməli ilə əlaqədar cinayət məsuliyyətinin yaranması üçün müəyyən edilməli olan hər 3 hal hazırki faktda mövcuddur. Belə ki, bu hallar: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya nüfuzdan salması, həmin məlumatın doğru olmaması, belə məlumatların yayılmasıdır. İlk başda Əliyeva Ayanın yaydığı məlumatların xüsusi ittihamçının şərəfi və ləyaqətini ləkələməsi və onu nüfuzdan salması hissəsi ilə bağlı bildirilir ki, Nigar Əliyeva təhsil sahəsində yaxından əlaqəli olduğu şirkətlə böyük uğurlar əldə etmiş və cəmiyyətdə gənclər arasında təhsil sahəsi ilə bağlı olaraq önəmli rol daşıyır. Bundan başqa Nigar Əliyeva məşhur bloger olmaqla həm də aparıcı kimi fəaliyyət göstərir. Əliyeva Ayan tərəfindən müvəkkilimin saxtakar olması və çox adama pul atması iddiası ilə onun törətmədiyi dələduzluq cinayəti üzrə yayılan yalan məlumatlarla cəmiyyətdə Nigar Əliyevanın şərəf, ləyaqətinin cəmiyyətdə alçaldılmasına və onun nüfuzdan düşməsinə səbəb olmuşdur. Həmçinin şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsalat-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində yayılan məlumatlar başa düşülür. Digər tərəfdən Nigar Əliyeva barəsində yayılan məlumatların yalan olması ilə bağlı hissədə vurğulanmalıdır ki, Nigar Əliyeva heç kimə pul atmamışdır. Belə ki, Əliyeva Ayanın video postunda “Bakı şəhərinin yarısına pul atıb, Bakı şəhərinin yarısına pul borcludur" kimi ifadələr və onu saxtakar adlandırması Əliyeva Nigarı dələduzluqla ittiham etmək deməkdir. Bu isə tamamilə böhtandır. “X15” MMC-nin və Əliyeva Nigarın instaqram hesabında edilən paylaşımlarla öz sübutunu tapır ki, Əliyeva Nigar və sözügedən şirkət yüzlərlə gənclərin xaricdə təhsil almasına köməklik göstərmişdirlər. Müvəkkilim heç bir vaxt elə bir hadisə ilə əlaqədar təqsirləndirilən şəxs qismində cəlb olunmamış, həmçinin barəsində də heç bir məhkəmə hökmü çıxarılmamışdır. Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində açıq-aşkar göstərilmişdir ki, heç kəs məhkəmə hökmü olmadan cinayətdə təqsirli sayıla bilməz. X17 konstitusion normaları belə nəzərə almır. Yekun olaraq məlumatın yayılması hissəsi ilə bağlı onu bildiririk ki, qeyd olunan postlar hər kəsə açıq olan və 176 minə yaxın izləyicisi olan Əliyeva Ayanın aktiv sosial şəbəkə hesabında paylaşılmışdır. Davamlı olaraq yüzlərlə, minlərlə şəxs hesabın paylaşımlarına baxır. Əliyeva Ayanın əməlində digər bir cinayət tərkibi isə AR CM-in 148-ci maddəsidir. AR Cinayət Məcəlləsinin 148.1-ci maddəsinin tələbinə əsasən, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma təhqir hesab olunur. Əliyeva Ayan savadsız, təhsilsiz, sarsaq, əxlaqsız, tərbiyəsiz, mənasız məxluq kimi ifadələr işlətməklə xüsusi ittihamçının şərəf və ləyaqətinə qarşı nalayiq ifadələr işlətmiş, onu təhqir etmişdir. Əliyeva Ayanın hərəkətləri nəticəsində hüquqlarını müdafiə etdiyim X7 dərin iztirablar keçirmiş, mənəvi sarsıntılar yaşamışdır. Onun şəxsiyyətinə ləyaqətinə qarşı təhqirlər olunmuş və üstəlik bu təhqirlər yüz minlərlə insanın görə biləcəyi sosial şəbəkə hesabında olunmuşdur. Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Konstitusiyası ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Əliyeva Ayan isə sosial şəbəkə vasitəsilə minlərlə insan qarşısında xüsusi ittihamçı barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yaymış, onun şərəf və ləyaqətini ləkələyərək, nalayiq ifadələr istifadə etmişdir. Əgər belə insanlar cəzalanmasa hər bir insan digəri bir insan barəsində sosial şəbəkələrdə rahatlıqla danışıb onun şərəf və ləyaqətini ləkələyə bilər. Odur ki, Əliyeva Ayan cinayət məsuliyyətinə cəlb edilərək, barəsində müvafiq hüquqi tədbirlər görülməlidir. AR Konstitusiyasının 24-cü maddəsinin birinci hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. AR Konstitusiyasının 46-cı maddəsinin birinci hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır Həmin maddənin ikinci hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Xüsusi İttiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2014-cü iİ tarixli 3 saylı Plenum Qərarın 11-ci hissəsinə əsasən Məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Eyni qərarın 12-ci hissəsində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Nəzərə alsaq ki, sözügedən cinayətlər “İnstaqram" sosial şəbəkəsində törədilib və sözügedən sosial şəbəkə xaricdə hüquqi qeydiyyatdadır, bu zaman məlumatı yaymış şəxs olan Əliyeva Ayanın axırıncı yaşayış yerinə baxılmalıdır. Hal-hazırda Amerikada yaşayan Ayan Əliyevanın sonuncu yaşayış yeri Nərimanov rayonu ərazisində olduğu üçün şikayət aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. «Xüsusi İttiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2014-cü iİ tarixli 3 saylı Plenum Qərarında aşağıdakılar qeyd edilmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli "Mülki və siyasi hüquqlar haqqında’’ Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X2 haqqında" Avrona Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə səxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe basa düşülür. CM-nin 147 və 148-ci maddələrinin mənasına görə şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatlan yaymağa və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəsrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göründüyü kimi X18 Əliyeva barəsində eyni məzmunlu əsassız və onun şərəfləyaqətini alçaldan xəbər tipli postları dərc etməyə və yaymağa davam edir. Məhkəmə tərəfindən qanuna müvafiq formada cəzalanmadıqca Nigar Əliyevanın şərəf və ləyaqəti alçaldılmağa davam ediləcəkdir. Beləliklə, X1 Nigar Fərhad qızına böhtan atmaqla və onu təhqir etməklə Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir və qanuna müvafiq şəkildə cəzalandırılması labüddür. Əks təqdirdə onun Nigar Əliyeva haqqında əsassız yaydığı məlumatlar cəzasız qalacaqdır ki, bu da cəmiyyətdə cəzasızlıq mühiti yaradacaqdır. Bunun da nəticəsində həm həmin şəxslər, həm də başqaları bu cür əməl törətməkdə davam edəcəkdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili Müdafiəçi1 şikayətin məzmununu müdafiə edərək xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 müdafiəçisi Müdafiəçi2 xüsusi ittiham qaydasında verilmiş şikayətin qanunsuz və əsassız olduğundan icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmədə müəyyən edilmişdir ki, X3 nümayəndəsi və vəkili Müdafiəçi1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs özü haqqında, yəni soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi barədə məlumatları şikayətində göstərməli olduğu halda, şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili Müdafiəçi1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə X3 və X9 haqqında məlumatları tam şəkildə qeyd etməməklə, məşğuliyyət növü və vəzifəsi barədə məlumatları göstərməmişdir. Həmin Məcəllənin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği barədə məlumatları şikayətində göstərməli olduğu halda, şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili Müdafiəçi1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə bu məlumatlar tam şəkildə qeyd edilməmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə X3 nümayəndəsi və vəkili Hacıyev X5 Ayan Şahin qızının CM-in 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etsə də, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxsin böhtan və təhqir (CM-147 və 148) cinayət əməllərini törətməsinə yönələn hərəkətlərini hər bir cinayət əməlinə münasibətdə konkret qeyd etməmişdir. Bununla da CPM-in 293.3.1 və 293.3.2-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Ona görə də şikayətdə istinad edilmiş sübutlar şikayətçinin dəlillərini təsdiqləmədiyindən, əsassız hesab edilməli və CPM-in 300.1.3-cü maddəsinə əsasən icraata qəbul edilməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, X6 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 nümayəndəsi və vəkili Müdafiəçi1 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi Azərbaycan Respublikasının CPM-i ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham haqqında şikayət verilmiş şəxs X6 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5 iş saatına görə 55 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «A.İ.M» Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 299.1. 299.3, 300.1.3, 300.5, 302.1.8 və 302.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 nümayəndəsi və vəkili Müdafiəçi1 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən barəsində xüsusi ittiham haqqında şikayət verilmiş şəxs X6 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 55 (əlli beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həbib Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar