Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-228/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Qobustan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Qobustan şəhəri, Nərimankənd kəndində qeydiyyatda olmaqla, yaşayan, hazırki iş üzrə barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-112/2022 saylı, 22.02.2022-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, bir bükümdə 0,206 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üstündə saxlamaqla daşımış və 08.11.2021-ci il tarixdə saat 01:30-da ünvan 1 ünvanın qarşısında olarkən, özünü şübhəli apardığından həmin ərazidə xidmətdə olan Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, RPİ-nin inzibati binasına gətirilmiş, müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş həmin bir bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07.11.2021-ci il tarixdə axşam saatlarında o, Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında piyada hərəkət edərkən yerdə 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü diqqətini çəkdiyindən əyilib həmin bükülüləri qaldırıb açmışdır. Bükülünü açdıqda içərisində metamfetamin narkotik maddəsinin olduğunu görmüşdür. Onun üçün maraq kəsb etdiyi üçün o, həmin maddənin bir qismini şüşə qabın içərisində qızdırıb çəkmək üsulu ilə istifadə edib, qalan maddəni isə həmin bükümün içərisində şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Ertəsi gün, yəni 08.11.2021-ci il tarixdə saat 01:30 radələrində ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edərkən 02 (iki) nəfər mülki geyimli şəxsin ona diqqətlə baxdıqlarını görüb onların polis əməkdaşları olduqlarından şübhələnmişdir. Üzərində metamfetamin maddəsi olduğundan həmin ünvandan uzaqlaşmağa başlamışdır. Bu zaman həmin şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib onun narkotik maddələrdən istifadə etməyindən şübhələndiklərini deyərək onlarla Nərimanov RPİ-nə getməyini bildirmişlər. O da həmin şəxslərlə Nərimanov RPİ-nə getmişdir. İdarədə ona bildirmişlər ki, üzərində narkotik maddə olmasından şübhələndiklərinə görə üzərində axtarış və götürmə aparacaqlar. Ona görə də hüquqlarını izah edib vəkil dəvət etmişlər. X5 adlı vəkil gəldikdən sonra vəkilin və onu Nərimanov RPİ-nə gətirmiş əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşı ona təklif etmişdir ki, əgər üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O da 07 noyabr 2021-ci il tarixdə, axşam saatlarında Əhmədli metrostansiyasının yaxınlığından taparaq şəxsi istifadəsi üçün üzərində saxladığı, şəffaf rəngli sellofana bükülmüş içərisində metamfetamin maddəsi olan 01 (bir) ədəd bükülünü könüllünü olaraq təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi içərisində metamfetamin olan 01 (bir) ədəd bükülünü zərfə qoyaraq qablaşdırmış və möhürləyib götürərək bu barədə protokol tərtib etmişdir. O, hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. Əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, RPİ-nin inzibati binasında üzərinə baxış keçirilən zaman, cibindən çıxan ağ rəngli üzərinə 602 nömrəsi yapışdırılmış plastik kartı yaşadığı ərazidə yerdən tapmışdır. Qeyd edir ki, onu necə və harada istifadə edildiyini bilmirmiş. Çünki üzərində heç bir nişan və yazı yoxdur. Üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Təxminən 1 ildir ki, narkotik vasitə istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olmamışdır. Qanunsuz olaraq narkotik maddələr, narkotik vasitələr əldə etmənin cinayət olduğunu bilir və əməlindən peşmandır. Bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, o, RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid2 ilə birlikdə 08 noyabr 2021-ci il tarixdə saat 01:30 radələrində Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 23 ünvanının yaxınlığında xidmətdə olarkən təxminən 25-30 yaşlarında olan bir nəfər kişinin hərəkətlərini və davranışı ilə özünü şübhəli apardığını görüb ona yaxınlaşıb sifətinə baxdıqda, həmin şəxsin gözlərinin ‘‘axdığını" görüb, xidməti vəsiqələrini göstərməklə, özlərini təqdim edib, həmin şəxsin adını, soyadını soruşduqda, həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd tələb etdikdə üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirmişdir. Bundan sonra onlar həmin şəxsi Nərimanov RPİ-nə dəvət etmişlər. Polis İdarəsində həmin şəxsin həqiqətən də xx.xx.1991-ci il təvəllüdlü Qobustan rayonu, Nərimankənd ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Nərimanov RPİ-nə gətirilməsi barədə RPİ-nin rəhbərliyinə raportla məruzə etdikdən sonra, rəhbərliyin göstərişi ilə İbrəhimov X4 RPİ-nin Təhqiqat Şöbəsinin təhqıqatçısı, polis kapitanı Orxan Məmmədovun iş otağına aparılmışdır. Bundan sonra Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən hüquqlarını müdafiə edilməsindən ötrü müdafiəçi-vəkil dəvət edilmişdir və Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılması üçün şübhəli şəxs qismində tutularaq, şübhəli şəxsin hüquq və vəzifələri ona izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik varsa könüllü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli kristal hissəciklərdən ibarət 01 ədəd bükümü çıxararaq stolun üstünə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində psixotrop maddə olan metamfetamindir, 07.11.2021-ci il tarixdə axşam saatlarında Əhmədli metrostansiyası yaxınlığında tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən 01 ədəd “Samsung’' markalı mobil telefon və 01 ədəd F 81940242 nömrəli 1 manatlıq pul əskinası və 602 rəqəmi yazılmış ağ rəngli plastik kart aşakar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim edərək, içərisində psixiatrop maddə olduğunu bildirdiyi həmin sellafan büküm zərfə, üzərindən götürüldüyü digər əşyalar isə digər zərfə qoyulmuşdur. Zərflərin üzəri möhürlə möhürlənmiş və Təqsirləndirilən şəxs, onun müdafiəçisi və onların tərəfindən imzalanmış, bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunduqdan sonra düzgünlüyü onların, eləcə də Təqsirləndirilən şəxs və onun vəkili tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesi əvvəlcədən axıradək “İphone" markalı mobil telefonun kamerası ilə çəkilmişdir. Çəkiliş başlamamışdan əvvəl çəkiliş barədə Təqsirləndirilən şəxs bildirilmiş və o, heç bir etirazının olmadığını bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddənin psixiatrop maddə və ya narkotik vasitə olub olmamasını müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. Alınmış ekspert rəyi ilə həmin maddənin kustar üsulla hazırlanmış psixiatrop maddə metamfetamin olduğu müəyyən edildiyindən toplanmış material Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət əməlini törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 08.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08.11.2021-ci il tarixdə, saat 01:30-da şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması” barədə 08.11.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X2, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili X3 iştirakları ilə protokol tərtib edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon cihazını və 01 ədəd F 81940242 nömrəli 01 manatlıq pul əskinasını çıxardıb təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əynində olan həmin şalvarın sol yan cibindən, üzərində 602 rəqəmləri yazılmış ağ rəngli plastik kartı və şəffaf rəngli sellofana bükülmüş, içərisində ağ rəngli kristal hissəciklərdən ibarət maddələr olan 01 ədəd bükümü çıxardıb təqdim etmişdir. Həmin vaxt bükümün içərisində nəyin olduğu soruşulanda, o, təqdim etdiyi 01 ədəd bükümün içərisində narkotik vasitə olan metamfetamin olduğunu bildirmişdir. O, həmin narkotik vasitəni 07.11.2021-ci il tarixdə aşxam saatlarında, Əhmədli metrostansiyasının yaxınlığında taparaq, şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Bundan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş təqdim edilən büküm zərfə qoyaraq bağlanmış, möhürlənmiş və orada olan şəxslər, həmçinin O.Məmmədov protokolu və zərfin üstünü imzalamışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.11.2021-ci il tarixli, 6/4949 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksi “Şübhəli şəxs imza Təqsirləndirilən şəxs....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,206 qr ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psoxotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri” -in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi-0,206 qram, tədqiqata sərf edildi -0,05 qr., qalıq -0,156 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88,70 manatdır; “İcraatda olan cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 08.11.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi istintaqın davam etdirilməsi məqsədilə istintaq aidiyyəti üzrə Nərimanov RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 08.11.2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə olan ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün icraatına qəbul edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Maddi sübut kimi tanıma haqqında 10.11.2021-ci il tarixli qərardan görünür ki, çəxsi axtarış və götürmə haqqında 08.11.2021-ci il tarixli istintaq hərəkətinin videoçəkilişini əks tdirən 1 ədəd DVD-R disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 09.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 09.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; 01.01.2022-ci il tarixdə cinayət təqibi üzrə icraat dayandırılmış, 31.01.2022-ci il tarixdə, Təqsirləndirilən şəxs tutulmuş, 01.02.2022-ci il tarixdə dayandırılmış icraat təzələnmiş, 02.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmiş, 02.02.2022-ci il tarixli qərarla barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 03.02.2022-ci il tarixli, 490 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Əraz: narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16.11.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Sübutların qiymətləndirilməsi haqqında” 14 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,206 qram olan psixotrop maddəmetamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübüt kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalan təmiz çəkisi 0,156 qram olan kustar üsulla hazırlanmış metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-122/2022 saylı, 22.02.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində istintaq edilən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirləndirilən şəxs - xx.xx.1991-ci ildə Qobustan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, Qobustan rayonu, Nərimankənd kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlanma müddəti 3 ay müəyyən edilmişdir. Həbsetmənin əvvəli 20.02.2022-ci il tarixdən, saat 17:00-dan hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,206 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08.11.2021-ci il tarixdən 09.11.2021ci il tarixədək, 31.01.2022-ci il tarixdən 02.02.2022-ci il tarixədək tutulduğu müddət, yəni 3 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində hazırki iş üzrə seçimiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləgv edilməli və barəsində “həbs” qətimkan tədbiri seçilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-112/2022 saylı, 22.02.2022-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalı, cəzasının əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-in 93.1.2), iş üzrə maddi sübut - psixotrop maddə metamfetaminin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08.11.2021-ci il tarixdən 09.11.2021-ci il tarixədək, 31.01.2022-ci il tarixdən 02.02.2022-ci il tarixədək tutulduğu müddət, cəmi 3 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçimiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləgv edilsin və barəsində “həbs” qətimkan tədbiri seçilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-112/2022 saylı, 22.02.2022-ci il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Cəzasının əvvəli 12 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq çəkisi 0,156 qram kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin məhv edilsin. İş üzrə ekspertiza xərci 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-228/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-228/2022
12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver