Məhkəmə qərarları › İş №1(005)-228/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-228/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-228/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xocasən qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə saat 00:30 radələrində orta dərəcəli sərxoş vəziyyətdə ünvan 3 ünvanında yerləşən “Cənnət” adlı ərzaq mağazasına daxil olub, mağazanın müdiri Zərərçəkmiş şəxs heç bir səbəb olmadan nalayiq söyüşlər söyərək, əvvəllər həmin mağazada satıcı işləmiş “Elvin” adlı şəxsi yenidən işlə təmin etməsini bildirmiş, həmçinin mağazada olan nisyə dəftərini istəmiş, bundan sonra Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng vurmasını bəhanə edib, əslində isə heç bir əsaslı səbəb olmadan özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, həmçinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə, sonuncunun üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib Zərərçəkmiş şəxs ağız nahiyəsindən yumruqla bir dəfə vuraraq ona, alt dodağın iç selikli qişasının səthi əzilmiş yarası ilə nəticələnən, sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayına kimi ünvan 4 ünvanında kirayədə yaşamışdır. Zərərçəkmiş şəxs da həmin ünvanda yaşadığı dövrdə tanımış və əvvəllər Muxtarla aralarında heç bir qərəzli münasibət olmamışdır. Belə ki, Muxtar yaşadığı evin yaxınlığında “Cənnət” adlı ərzaq mağazasını işlədirdi. Daimi olaraq həmin mağazaya gedib alış-veriş etmişdir. Həmin mağazada həmin vaxtlar Elvin adlı şəxs satıcı işləyirdi. xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində həmin mağazaya getmiş, həmin vaxt biraz spirtli içki içdiyindən sərxoş vəziyyətdə olmuşdur. Marketə girəndə satıcı Elvinin olmadığını görüb Muxtardan Elvinin harda olmasını soruşduqda, sonuncu kobud şəkildə bildirmişdir ki, “Sən bilmirsən ki, mən Elvini işdən çıxarmışam?! Bilmirsən Elvin mənim başıma nə oyun açıb?!”. Muxtar həmin vaxt onunla qışqıra-qışqıra danışdığı üçün ona “Nə qışqırırsan əə, Tula?!” deyə cavab vermişdir. Buna görə də Muxtarla aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı Muxtar marketin giriş qapısını içəridən bağlamışdır. Muxtarın mağazanın giriş qapısını içəridən bağlması onu daha da qıcıqlandırmış və Muxtarın yaxasından tutub dartışdırmışdır. Eləcə də, Muxtar da onun yaxasından tutub dartmağa başlamışdır. Həmin vaxt protezdən olan üst dişləri ağzından düşüb itmiş, daha sonra marketin içərisində dişlərini axtarmış, Muxtar isə telefonla polisə zəng etmişdir. Dişlərini tapa bilmədiyi üçün Muxtarın üstünə gəlib ondan dişlərinin harada olmasını soruşmuşdur. Muxtarla aralarında olan mübahisə zamanı Muxtarın yaxasından tutub onu kassa aparatının yanında sıxışdırmış və kassanın qarşısından götürdüyü butulkanı qaldırıb onu vurmaq istəmiş, lakin vurmamışdır. Daha sonra yenidən mübahisələri davam etmiş və yumruqla Muxtarın ağız nahiyyəsindən bir dəfə vurmuşdur. Daha sonra vitrindən götürdüyü plastik su butulkası ilə onu vurmaq istəsə də, yenə də vurmamışdır. Muxtardan itirdiyi protez dişlərini tapıb qaytarmasını tələb etmiş, daha sonra hadisə yerinə polis əməkdaşları gəlib onları Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinə aparmışlar. Sonda Təqsirləndirilən şəxs, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ildən Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən “Cənnət” adlı marketi icarə şərtləri əsasında işlədir. Təqsirləndirilən şəxs təxminən 2020- 2021-ci illərdən etibarən tanıyır. Emin mütəmadi olaraq onun işlətdiyi marketə müştəri kimi gəlirdi. Elvin adlı şəxs işlətdiyi marketdə bir neçə günlük kassir işləmişdir. Lakin, Elvinin işindən razı olmadığı üçün onu işdən çıxarmışdır. Bundan təxminən 1-2 gün sonra, xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə marketə gələrək onun ünvanına nəlayiq ifadələr işlətmiş, Elvin adlı şəxsin yenidən işlə təmin etməyini tələb etməyə başlamışdır. Emin sərxoş vəziyyətdə olduğu üçün ona fikir verməməyə çalışmış və onu sakitləşdirib mağazadan uzaqlaşdırmaq istəmişdir. Lakin, Emin marketdə onun ünvanına nalayiq söyüşlər söyməyə davam etmiş, Elvini yenidən işə qəbul etməsə onu döyəcəyi ilə hədələmiş, həmçinin nisyə dəftərini istəmişdir. Belə ki, onun bir neçə tanışının mağazaya borcu var idi və həmin borcları silməsini tələb edirdi. Nisyə dəftərini Eminə verməmiş, həmçinin bacardığı qədər təmkınlə onu yola verməyə çalışmışdır. Lakin, artıq mümkün olmadığını görüb DİN-in 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Emin bunu gördükdə vitrindən “Zeytun bağı” adlı şüşə yağ butulkasını götürüb onun baş nahiyəsindən vurmuş, bu zaman ondan uzaqlaşaraq telefon əlində 102 xidmətinə zəng etmək istəmişdir ki, hadisə yerinə polis çağırsın. Həmin vaxt Emin vitrindən götürdüyü dəmir konserva qabını onun üstünə atmış və konserva onun baş nahiyəsinə dəymişdir. Daha sonra vitrinlərin arası ilə arxa tərəfə keçmişdir ki, polis gələnə kimi Emindən uzaq olsun. Lakin, Emin öz xuliqanlıq əməllərindən əl çəkməyərək onun dalınca düşüb vitrindən götürdüyü “Borjomi” adlı şüşə su butulkası ilə ağız nahiyəsinə vurmuş və nəticədə dodağı partlamışdır. Vitrinlərin arxa tərəfində olduğu zaman Emin kassaya yaxınlaşaraq orada nisyə dəftərini axtarmışdır ki, dəftəri götürüb getsin. 102 xidmətinə zəng etməyindən sonra polis əməkdaşları gəlmiş və Emini 17-ci polis bölməsinə aparmışlar Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə Şahid məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 8-18-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən marketdə keçirilmişdir. Baxı zamanı müəyyən olundu ki, market binanın birinci mərtəbəsində yerləşir. Marketdə rəflər, rəflərdə müxtəlif növ ərzaq məhsulları vardır. Marketə daxil olduqda bir neçə ərzaq məhsullarının yerdə olduğu müəyyən olundu. Baxış zamanı marketdə qan və ya digər izlər aşkar olunmadı. Cinayət işinin 23-24 vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 01 noyabr 2022-ci il tarixli 1122 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət: alt dodağın iç selikli qişasının səthi əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarəti şəxsin özü - özünə yetirə bilməsi inandırıcı deyildir. Cinayət işinin 38-ci vərəqində olan “Diskə baxış keçirilməsi barədə” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X6 Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Bakı şəhəri Nərimanov RPİ-nin inzibati binasında, icraatında olan HK-1-3217 nömrəli material üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi hadisənin baş verməsinə dair video görüntülər olan 01 ədəd CD diskə baxış keçirmişdir. Diskə baxış zamanı diskin yaddaşında 03 ədəd video görüntü faylları vardır. Diskin yaddaşında olan fayllar açılan zaman müəyyən olundu ki, videomüşahidə qurğusunun kameralarının qeydə aldığı video görüntülərdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işlətdiyi ərzaq mağazasının içərisində sonuncunun üstünə hücum edib əlləri ilə sifət və baş nahiyəsinə zərbələr vurur, daha sonra mağazanın içərisindən götürdüyü içərisində ağ rəngli maye olan plastik butulka ilə bir neçə dəfə Zərərçəkmiş şəxs vurmaqla hədələyir, həmçinin dəfələrlə sonuncunun üzərinə hücum edib ona əl-qol atır. Daha sonra Təqsirləndirilən şəxs mağazada satıcı əyləşən masanın üzərində nəisə axtarır, sonra isə mağazanın içərisində olan istintaqa məlum olmayan müştərilərə məhəl qoymayıb öz hərəkətlərini davam etdirərək, yenidən Zərərçəkmiş şəxs üzərinə gedib ona əl-qol atır, mağazadan götürdüyü plastik yağ butulkası ilə sonuncun baş nahiyəsinə zərbələr vurur. Bundan sonra Təqsirləndirilən şəxs yenə də mağazada satıcı əyləşən masaya yaxınlaşıb nəisə axtarır, sonra yenə də dəfələrlə Zərərçəkmiş şəxs üzərinə gedib ona nələrsə deyib əl-qol atır. Cinayət işinin 68-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 84-85-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cinayət törətçməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 100-101-ci vərəqələrində olan “Şübhəli şəxsin saxlanıldığı X5 azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 23 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin MSY-dən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 142-149-cu vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə 01 ədə CD diskin maddi sübut qismində tanınması qərara alınmışdır. Cinayət işinin 164-165-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 221.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, müdafiəçi X3 08 aprel 2024-cü il – 17 iyul 2024-cü il tarixlərdə keçirilmiş 7 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 25 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (4 gün) çıxılsın və üzərində qəti olaraq 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar