Məhkəmə qərarları › İş №1(005)-229/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-229/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-229/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə, Müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs sonuncunun oğlu Şahid2 Daxili İşlər Orqanlarına işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin may ayının əvvəllərində 5.000 manat, 6.200 manat 12 may 2023-cü il tarixdə isə Şahid1 vasitəsilə 1.500 manat pulunu Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Marqarita” adlı kafedə alıb, ümumilikdə 12.700 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 təxminən 4 ildir ki, tanıyır. Eldəniz onun dostu Yusif Xələfovun atasıdır. Zərərçəkmiş şəxs isə Eldənizin vasitəsi ilə tanımışdır. Təxminən 2023-cü ilin aprel ayı olardı, dostu Yusifin atası Eldənizlə görüşdükdə o, bir nəfər tanışının oğlunu polisə işə düzəltmək istədiyini demiş və ondan həmin şəxsə kömək etmək imkanının olub-olmadığını soruşmuşdur. Çünki həmişə onlara özünü geniş əlaqəli, hər yerə əli çatan, müxtəlif işləri həll etmək imkanı olan şəxs kimi tanıtmışdır. Həmin ərəfədə pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, Eldəniz vasitəsi ilə həmin şəxsin pulunu alıb ələ keçirsin. Bu məqsədlə Eldənizə həmin işi həll edə biləcəyini, bunun üçün 10.000 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra Eldəniz Qasım adlı tanışı ilə danışmış və ona birlikdə görüşməyi təklif etmişdir. Qasım rayonda yaşadığı üçün Eldənizə bildirmişdir ki, Qasım gələndə oğluna məxsus müəyyən sənədlərin surətini, həmçinin verməli olduğu pulun yarısını gətirsin ki, işə başlasınlar. 2023-cü ilin may ayının əvvəllərində ünvan 2 ünvanında “Metropark” ticarət mərkəzinin yanında yerləşən “Marqarita” adlı kafedə görüşmüşlər. Həmin vaxt Qasım qohumu ilə birlikdə gəlmiş, onlar söhbət edən zaman o, Qasımı inandırmışdır ki, guya oğlunu polisdə Post Patrul Xidmətinə işə düzəldəcəkdir. Daha sonra Qasımdan oğlu Samidin sənədlərinin surətini və 5.000 manat pulu almışdır. Qasımla söhbətləri bitdikdən sonra onlar çıxıb getmişlər. Əlavə pula ehtiyacı olduğu üçün düşünmüşdür ki, Qasımı tələsdirsin və pulun qalanını istəsin. Buna görə də telefonu götürüb danışmaq adı ilə Eldənizdən ayrılmışdır ki, guya işi həll edən şəxslə danışır. Biraz kənarda telefonla danışan kimi gəzişmiş və geri qayıdıb Eldənizə bildirmişdir ki, işi düzəldən adam pulu tam şəkildə istəyir, həmçinin, həkim komissiyasından keçməsi üçün əlavə 1200 manatda lazımdır. Bundan sonra Eldəniz Qasıma zəng edib bu barədə məlumat vermiş, təxminən 2-3 gün sonra Eldəniz pulun hazır olduğunu bildirmiş və onlarla yenidən “Margarita” adlı kafedə görüşmüşlər. Bu dəfə Qasım oğlu Samidlə birlikdə gəlmiş, yenə də o, sonuncuları işin həll olunacağına dair inandırmış və Qasımdan 6200 manat pulu almışdır. Həmin zaman söz vermişdir ki, guya 18 iş günü ərzində məsələ həllini tapacaqdır. Həmçinin hiss etmişdir ki, Qasımdan əlavədə pul ala bilər. Buna görə də onlara bildirmişdir ki, əgər Samidi bir-başa yaşadıqları Kürdəmir rayonunda Polis Şöbəsinə işə düzəlməsini istəyirsə əlavə 5000 manatda verməlidir. Lakin, Qasım o qədər pulunun olmadığını bildirmiş, buna görə də pulun yarısını əvvəlcədən verməsini, qalan yarısını isə işə düzəldikdən sonra alacağını bildirmişdir. Beləliklə Qasımla razılaşıb ayrılmış, 12 may 2023-cü il tarixdə Eldəniz ona zəng edərək Qasımın 1500 manat pulu onun kartına göndərdiyini bildirmiş, bundan sonra həmin gün axşam Eldənizlə “Margarita” adlı kafedə görüşüb 1500 manat pulu ondan almışdır. Beləliklə Zərərçəkmiş şəxs ümumilikdə 12700 manat pul alıb ələ keçirmiş və aldığı pulları öz şəxsi işlərinə xərcləmişdir. Həmin pullardan Eldənizə və ya digər bir şəxsə hər hansı məbləğdə pul verməmişdir. Söz verdiyi vaxt gəlib çatdıqda isə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. 2023-cü ilin iyun ayının 23-də Yasamal rayon məhkəməsinin qərarı ilə həbs olunmuş, buna görə də Qasımın pulunu qaytara bilməmişdir. Sonradan Eldənizin vasitəsi ilə Qasıma 4.000 manat pul qaytarmışdır ki, şikayət etməsinlər, həbsdən çıxdıqdan sonra pulunu ödəyər. Lakin, Qasım onunla razılaşmamış və barəsində şikayət etmişdir. Həmçinin, Qasımın pulunu ələ keçirmək niyyətinin olması barədə Eldənizin heç bir məlumatı olmamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 onun həmkəndlisidir. Şahid1 uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs isə Eldənizin vasitəsi ilə tamımış və onunla cəmi 2 dəfə görüşmüşdür. Belə ki, 27 iyul 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə Bakı şəhərində yerləşən hazırda adını xatırlamadığı şadlıq sarayında qohumu Dinarın övladının kiçik toyunda olarkən Şahid1 da həmin məclisdə iştirak etmişdir. Bir qədər sonra hal-əhval tutmaq məqsədilə Eldənizlə birlikdə restoranın foyesinə çıxmış, söhbət zamanı Eldənizə oğlu Samidi polisə işə düzəltmək istədiyini bildirdikdə X8 Nazirliyində işləyən tanışının olduğunu və onun vasitəsilə oğlunu pul qarşılığında işə düzəldə biləcəyini bildirmişdir. O, Eldənizlə razılaşmış və toydan sonra ailəsi ilə birlikdə yaşadığı Kürdəmir rayonu, Atakişili kəndinə qayıtmışdır. Təxminən 2023-cü ilin may ayının əvvəlləri Eldəniz ona zəng edib oğlunun işə düzəlməsi ilə bağlı məsələni danışdığını, Samidin polis orqanlarına serjant kimi işə düzəldilməsi üçün 10.000 manat pul lazım olduğunu, pulun yarısının əvvəlcədən, qalan hissəsini isə oğlu işə düzəldikdən sonra verməli olduğunu demişdir. Eldənizlə razılaşmış və Eldənizin ona tapşırdığı oğlu Samidə məxsus müəyyən sənədlərin surətini, eləcədə 5.000 manat pulu düzəldib Eldənizə məlumat vermişdir. Eldəniz görüşmək üçün onu Bakı şəhərinə çağırmış, o 2023-cü ilin may ayının əvvəllərində Bakı şəhərinə gəlmiş və qaynı Şahid3la birlikdə Nərimanov rayonunda yerləşən “Metropark” ticarət mərkəzinin yanındakı “Marqarita” adlı kafedə Eldənizlə görüşmüşdür. Həmin vaxt Eldəniz onu Təqsirləndirilən şəxs adlı şəxslə tanış etmiş, söhbət zamanı Oruc özünü geniş əlaqəli şəxs kimi göstərərək, atasının Prezident mühafizə xidmətində işlədiyini, özünün də həmin xidmətdə bölmə rəisi olduğunu bildirmişdir. Bir qədər sonra əyləşdikləri kafedə 5.000 manat pulu və oğluna məxsus sənədlərin surətini masanın üzərinə qoymuş, Eldəniz dərhal həmin pulu sayıb götürmüşdür. Daha sonra Eldəniz və Oruc söz vermişlər ki, 18 gün ərzində oğlunun işi həll olunacaqdır. Bundan sonra qaynı ilə birlikdə onlarla sağollaşıb ayrılmış və yaşadığı Kürdəmir rayonuna qayıtmışdır. Yolda olarkən Eldəniz ona zəng edərək oğlu Samidin işə düzəlməsi üçün verməli olduğu qalan 5.000 manatıda tapıb çaldırmağını istəmişdir. Həmçinin, Eldəniz bildirmişdir ki, onlardan ayrıldıqdan sonra Oruc kimləsə danışıb və həmin şəxslər pulun tam ödənməli olduğunu demişlər. Oğlunun işi həll olunsun deyə onlarla razılaşmış, səhəri gün Eldəniz yenidən zəng edib idman normativləri və həkim komissiyası üçün əlavə olaraq 1200 manatda ödəməli olduğunu demişdir. Artıq işə başladığı üçün və Eldənizə inandığı üçün onlarla razılaşmışdır. Daha sonra borc-xərc edib ümumilikdə 6.200 manat pulu düzəldərək oğlu Samidlə birlikdə Bakı şəhərinə gəlmiş və Nərimanov rayonunda yerləşən “Metropark'' ticarət mərkəzinin yanındakı “Marqarita” adlı kafedə Eldəniz və Orucla görüşmüşdür. Söhbət zamanı 6.200 manat pulu oğlu Samidin yanında sayıb masanın üstünə qoymuşdur. Bu dəfə də pulu Eldənizi götürüb sayaraq cibinə qoymuş, həmçinin onlar bildirmişlər ki, Samidin əmrinin birbaşa Kürdəmir rayon Polis Şöbəsinə verilməsi üçün əlavə 3.000 manat da lazım olacaqdır. Həmin məbləğdə pulu tapa bilməyəcəyini dedikdə, onlar bildirmişlər ki, məbləğin yarısını, yəni 1500 manatını əvvəlcədən, qalan 1500 manatı isə Samidin əmri verildikdən sonra ödəyə bilər. Yenə də onlara inanıb razılaşmış və oğlu ilə birlikdə rayona qayıtdıqdan sonra xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə müraciət edərək kredit götürüb bu barədə Eldənizə məlumat vermişdir. Eldəniz isə 1500 manata görə Bakıya gəlməyə ehtiyac olmadığını demiş və "whatsapp” proqramı vasitəsilə öz adına olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169-7387-8934-2205 saylı bank kartının fotoşəklini ona göndərərək pulu həmin karta göndərməyini istəmişdir. Həmin gün, yəni 12 may 2023-cü il tarixdə 1500 manat pulu "xxxx" ASC-nin Kürdəmir rayon filialından Eldənizin göndərdiyi karta köçürmüşdür. Lakin, Eldəniz və Orucun söz verdikləri vaxt gəlib çatsa da onlar vədlərinə əməl etməmişlər. Eldəniz və Orucla əlaqə saxladıqda onlar müxtəlif bəhanələrlə vaxtı uzadır, ondan biraz daha gözləməyini istəmişlər. Bir müddət sonra həmin şəxslər ümumiyyətlə onun zənglərinə cavab verməmiş, artıq Eldəniz və Oruc tərəfindən aldadıldığını başa düşüb onlardan pulunu qaytarmalarını tələb etməyə başlamışdır. Bir təhər Eldənizdən 4.000 manat pulunu geri alsa da, qalan məbləği ala bilməmişdir. Buna görə də onların barəsində şikayət etmək qərarına gəlmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin tam ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs isə təxminən 1 ildən çoxdur ki, tanıyır. 27 may 2022-ci il tarixdə Bakı şəhərində keçirilən toy məclisində həmkəndlisi Zərərçəkmiş şəxsla görüşmüş, bir qədər sonra hal-əhval tutmaq məqsədilə Qasımla birlikdə restoranın foyesinə çıxmış, söhbət zamanı Qasım oğlunu polisə işə düzəltmək istədiyini bildirmiş və bu işdə ona köməklik edə biləcək bir şəxs tapmağını xahiş etmişdir. Elə bir adam olarsa ona xəbər edəcəyini demiş, bundan sonra Qasım atasından onun mobil nömrəsini alaraq ara-sıra ona zəng edib oğlunun işə düzəlməsinə köməklik etməyini xahiş etmişdir. Özü də bu barədə dost-tanışlarına demiş, həmin ərəfədə oğlu Yusifin vasitəsi ilə onun tanışı Təqsirləndirilən şəxsla tanış olmuşdur. Söhbət zamanı Oruc Xüsusi Dövlət Mühafizə Xidmətində çalışdığını, polis və prokurorluq orqanlarında nə iş olsa həll etmək imkanında olduğunu demiş, həmin zaman Oruca Qasımın oğlunun iş məsələsini danışmışdır. Oruc isə həmin işi həll edəcəyinə söz vermişdir. Bundan sonra Oruc işin həll olunması üçün 10.000 manat pul istəmiş, pulun yarısının əvvəlcədən, qalan hissəsinin isə uşaq işə düzəldikdən sonra verilməli olduğunu demişdir. Bu barədə Qasıma dedikdə sonuncu razılaşmışdır. Daha sonra 2023-cü ilin may ayının əvvəllərində Qasımı Nərimanov rayonunda yerləşən “Metropark” ticarət mərkəzinin yanındakı “Marqarita” adlı kafedə Orucla görüşdürmüş, həmin vaxt Qasım qohumu Şehmanla birlikdə gəlmişdir. Söhbət zamanı Oruc Qasıma söz vermişdir ki, qısa vaxt ərzində onun oğlunu X5 polis serjantı kimi işə qəbul etdirəcəkdir. Daha sonra Qasım özü ilə gətirdiyi 5.000 manat pulu və oğluna məxsus sənədlərin surətini masanın üzərinə qoymuşdur. Qasım ondan pulu sayıb götürməyini xahiş etmiş, həmin vaxt həmin pulu sayıb Oruca vermişdir. Oruc bildirmişdir ki, 18 gün ərzində Qasımın oğlunun işi həll olunacaqdır. Bundan sonra Qasım Orucun telefon nömrəsini götürmüş və qohumu ilə birlikdə getmişdir. Oruc isə telefonu götürüb zəng etmək üçün çölə çıxmışdır. Biraz sonra geri qayıdaraq bildirmişdir ki, guya işi düzəltdiyi şəxslə danışıb, həmin şəxs pulun hamısını tam istəyir. Həmçinin idman normativləri və həkim komissiyası üçün əlavə olaraq 1200 manat da ödəməli olduqlarını demişdir. Yenidən Qasıma zəng edib bu barədə məlumat vermiş, Qasım 2-3 gün ərzində pulu düzəldib ona bildirmişdir. Daha sonra Qasım oğlu Samidlə birlikdə Bakı şəhərinə gəlmiş, yenə də Nərimanov rayonunda yerləşən “Metropark” ticarət mərkəzinin yanındakı “Margarita” adlı kafedə görüşmüşlər. Bu dəfə Qasım 6200 manat pulu sayıb masanın üstünə qoymuş və ondan pulu saymağını istəmişdir. Həmin pulu götürüb sayaraq Oruca vermişdir. Həmin vaxt Oruc bildirmişdir ki, Samidin əmrinin birbaşa Kürdəmir rayon polis şöbəsinə verilməsi üçün əlavə 3.000 manat da lazım olacaqdır. Məbləğin yarısı, yəni 1500 manatı əvvəlcədən, qalan 1500 manatı isə Samidin əmri verildikdən sonra ödənilməlidir. Qasım isə həmin məbləğin üzərində olmadığını bildirmiş və ancaq rayona getdikdən sonra göndərə biləcəyini demişdir. Bundan sonra Qasım oğlu ilə birlikdə getmiş, sonra Qasım ona zəng edib pulun hazır olduğunu demişdir. Qasıma 1500 manata görə Bakı şəhərinə gəlməyə ehtiyac olmadığını bildirmiş və “whatsapp” proqramı vasitəsilə öz adına olan "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169-7387-8934-2205 saylı bank kartının fotoşəklini Qasıma göndərmişdir ki, pulu həmin karta köçürsün. Qasım da elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə 1500 manat pulu Kürdəmir rayonundan birbaşa onun kart hesabına göndərmişdir. Elə həmin gün “Metropark” ticarət mərkəzinin yanında yerləşən “Margarita” adlı kafedə Orucla görüşüb 1500 manat pulu sonuncuya vermişdir. Oruc bir daha ona bildirmişdir ki, heç nədən narahat olmasın. Lakin, aradan bir müddət keçsə də, Oruc söz verdiyi işi həll etməmişdir. Qasım ona zəng edib işlə maraqlanmış, özü də Orucdan soruşub ona cavab vermişdir. Oruc isə həm onu, həm də Qasımı aldadır, işi danışdığını, tezliklə həll olunacağını bildirir, müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Lakin, sonra Oruc verdiyi vədə əməl etməmiş və digər şəxslərə qarşı da dələduzluq etdiyi üçün polis tərəfindən həbs olunmuşdur. Bundan sonra Qasım Oruca verdiyi pulları ondan tələb etməyə başlamışdır. Özü də Orucun atası ilə görüşüb vəziyyəti ona izah etmişdir. Bundan sonra hissə-hissə Orucgildən 4.000 manat pul alıb Qasıma qaytarmışdır. Lakin, qalan məbləği ala bilmədiyi üçün Qasıma bildirmişdir ki, Orucun barəsində şikayət etsin. Qasım isə onu tanıdığını, pulu ona görə verdiyini deyib ondan pulunu tələb etməyə başlamışdır. Daha sonra isə Qasım Orucla yanaşı ondan da şikayət etmişdir. Orucun dələduzluq niyyəti olmasını əvvəlcədən bilməmişdir. Oruc Zərərçəkmiş şəxs alıb ələ keçirdiyi 12.700 manat puldan ona hər hansı məbləğdə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid1 tanıyır. Təqsirləndirilən şəxs isə Eldənizin vasitəsi ilə tanımış, cəmi bir dəfə onunla görüşmüşdür. Azərbaycan Dövət Bədən tərbiyəsi və İdman Akademiyasında ali təhsil almış və 2021-ci ildə akademiyanı bitirmişdir. Bundan sonra X5 işə düzəlmək istəmiş, lakin maraqlansa da boyu qısa olduğu üçün DİN-də polis serjantı kimi işə qəbul olunmağı mümkün olmamışdır. Təxminən 2023-cü ilin may ayının əvvəlləri olardı, atası Qasım ona demişdir ki, Eldəniz adlı həmkəndlisi ilə danışıb və Eldəniz onun polis serjantı kimi işə qəbul olunmağına köməklik edəcəkdir. Atası bildirmişdir ki, Eldəniz bu iş üçün ondan 10.000 manat pul istəmiş, pulun yarısını əvvəlcədən, qalan pulun hissəsini isə özü işə düzəldikdən sonra verəcəkdir. Daha sonra atası Eldənizin tapşırdığı müəyyən sənədləri düzəltməyini istəmiş və özü də diplomunun, ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətlərini, hərbi biletinin surətini, eləcə də yaşayış yerindən arayış, sağlamlıq haqqında “forma 86” arayış və tərcümeyi halını düzəldib atasına vermişdir. Atası isə 2023-cü ilin may ayının əvvəllərində həmin sənədləri və 5.000 manat pul götürüb Eldənizlə görüşmək üçün Bakı şəhərinə getmişdir. Atası qayıtdıqdan sonra bildirmişdir ki, dayısı Şehmanla birlikdə Eldənizlə görüşüb onun işə düzəlməyi üçün 5.000 manat pulu və qeyd etdiyi sənədləri Eldənizə və onun yanında olan Təqsirləndirilən şəxs adlı şəxsə vermişdir. Eldəniz və Oruc isə söz veriblər ki, guya 18 gün ərzində işi həll olunacaqdır. Həmçinin atası bildirmişdir ki, Eldəniz işin alınması üçün pulun qalan 5.000 manatını, əlavə olaraq idman normativləri və həkim komissiyası üçün isə 1.200 manat ödəməyini istəmiş, bundan sonra borc-xərc edib ümumilikdə 6.200 manat pul düzəltmişlər və atası Eldənizə zəng edib məlumat vermişdir. Eldəniz isə Bakı şəhərində görüşməyi təklif etmiş, daha sonra atası ilə birlikdə Bakı şəhərinə gəlmiş və Nərimanov rayonunda yerləşən “Metropark” ticarət mərkəzinin yanındakı “Marqarita” adlı kafedə Eldəniz və Orucla görüşmüşlər. Söhbət zamanı atası 6200 manat pulu sayıb masanın üstünə qoymuşdur. Eldəniz isə həmin pulu götürüb sayaraq cibinə qoymuşdur. Həmçinin özünün əmrinin birbaşa Kürdəmir Rayon Polis Şöbəsinə verilməsi üçün onlardan əlavə 3.000 manat da istəmişlər. Atası isə həmin məbləğdə pulu tapa bilməyəcəyini dedikdə, onlar məbləğin yarısını, yəni 1500 manatını əvvəlcədən, qalan 1500 manatını isə işə düzəldikdən sonra verilməli olduğunu demişlər. Rayona qayıtdıqdan sonra atası xx.xx.2023-cü il tarixdə Rabitəbankdan kredit götürüb elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə 1500 manat pulu "xxxx" ASC-nin Kürdəmir rayon filialından Eldənizin göndərdiyi karta köçürmüşdür. Lakin, Eldəniz və Orucun söz verdikləri vaxt gəlib çatsa da vədlərinə əməl etməmişlər. Sonradan atası verdiyi pulun 4.000 manatını Eldənizdən geri ala bilsə də, qalan məbləği ala bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun yeznəsi, yəni bacısının həyat yoldaşıdır. Eldəniz və Oruc adlı şəxsləri isə əvvəllər tanımamışdır. Qasım oğlu Samidi polisə işə düzətmək istəmiş, təxminən 2023-cü ilin may ayının əvvəlləri olardı, Qasım ona zəng edib demişdir ki, oğlu Samidin polisə işə düzəlməsi üçün Eldəniz adlı şəxslə danışıb və onunla görüşüb ona pul verməlidir. Qasım xahiş etmişdir ki, onunla birlikdə getsin. Qasımla razılaşmış və Qasımla Bakı şəhərində Bayıl qəsəbəsində görüşmüşlər. Qasım Eldənizlə danışdıqdan sonra Nərimanov rayonunda yerləşən “Metropark” ticarət mərkəzinin yanında görüşməyi planlaşdırmışlar. Daha sonra taksi çağırıb Qasımla birlikdə Nərimanova gəlmişdir. Yolda olarkən Qasım bildirmişdir ki, Samidin işini həmkəndlisi Eldəniz həll edir. “Metropark” ticarət mərkəzinin yanındakı “Marqarita” adlı kafedə Eldənizlə görüşmüşlər. Həmin vaxt Eldənizin yanında başqa bir şəxs də var idi. Eldəniz həmin şəxsi Təqsirləndirilən şəxs kimi təqdim edərək onlarla tanış etmişdir. Söhbət zamanı Oruc özünü geniş əlaqəli şəxs kimi göstərmişdir. Eldəniz bildirmişdir ki, Orucun atası Prezident mühafizə xidmətində işləyib, Oruc özü isə həmin xidmətdə bölmə rəisi işləyir. Bir qədər söhbət etdikdən sonra Qasım Samidə məxsus sənədləri və 5000 manat pulu masanın üzərinə qoymuşdur. Eldəniz də həmin pulu sayıb götürmüşdür. Onlar söz vermişlər ki, 18 gün ərzində Samidin əmri veriləcəkdir. Bundan sonra sağollaşıb onlardan ayrılmışlar. Daha sonra Qasımla birlikdə Bayıla gəlmiş və birlikdə çörək yedikdən sonra Qasımı rayona yola salmaq üçün Lökbatan dairəsinə aparmışdır. Yolda olarkən Eldəniz Qasıma zəng edib işin danışıldığını bildirmiş, lakin həll olunması üçün qalan pulu da çatdırmalı olduğunu demişdir. Qasım da rayona getdikdən sonra pulu düzəldib çatdıracağını bildirmişdir. Bundan sonra Qasımı rayona yola salmış, aradan bir neçə gün keçdikdən sonra Qasımla danışarkən ona məlum olmuşdur ki, Samidin işə düzəlməsi üçün Eldənizə ümumilikdə 12.700 manat pul vermişdir. Belə ki, həmin pulun 10.000 manatını işə qəbul üçün, 1200 manatını həkim komissiyası və idman normativləri üçün, 1500 manatını isə Samidin əmrinin birbaşa Kürdəmir rayonuna verilməsi üçün Eldənizə vermişdir. Lakin, bir müddətdən sonra məlum olmuşdur ki, Eldəniz və Oruc Qasımı aldadaraq onun pulunu ələ keçirmişlər. Belə ki, onlar verdikləri vədə əməl etməmiş, nə Samidin işə düzəlməsi üçün bir iş görmüş, nə də Qasımdan aldıqları pulu qaytarmamışlar. Buna görə də Qasım onların barəsində şikayət etmişdir. Cinayət işinin 11-ci vərəqində olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X***** E***** H***** oğluna məxsus 416973******2205 nömrəli karta xx.xx.2023-cü il tarixdə 1500 manat məbləğində pul göndərilmişdir. Cinayət işinin 12-ci vərəqində olan "xxxx" ASC-yə məxsus kartın fotoşəklindən görünür ki, 4169 7387 8934 2205 nömrəli kart ELDANİZ KHALAFOV adlı şəxsə məxsusdur. Cinayət işinin 30-cu vərəqində olan “Təqdim edilmiş CD diskə baxış keçirilməsi və götürülməsi barədə” 29 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X6 Azərbaycan Respublikası CPM-nin 51, 85, 242-247-ci maddələrinə əsasən protokol tərtib etmişdir ondan ötrü ki, icraatında olan ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs içərisində Şahid1 səs yazılaları və fotoşəkillər olan 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşında 11 ədəd səs yazma faylları, xx.xx.2023-cü il tarixdə 416973******2205 nömrəli kart hesabına 1.502 manat pul köçürülməsinə dair qəbzin, Şahid1 məxsus 4169 7387 8934 2205 nömrəli "xxxx" bank kartının və iki ədəd şəxslərin fotoşəkilləri mövcuddur. Həmin səs yazma fayllar açılaraq, keçirilmiş baxış zamanı müəyyən olundu ki, “WhatsApp Audio 2023-11-02 at 17.41.46 (1)” adlı faylda Şahid1 bildirir ki, “bax mənim yanımda girdi danışdı elədi, getdi girdi mənim yanımda kadrlara dedi sənə nə qədər pul vermişəm, dedi bu qədər, dedi ala bunu da qospitalı həll edirsən, bu da rayona düşməlidir, rayonunda haqq hesabınında yarısını gətirirəm sabah verəcəm sənə, yarısını da gələndə özü gələcək bura, onda gəlib qalanını verəcəm” deyə bildirir. Digər səsyazma fayllarında isə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat aşkar edilməmişdir. Cinayət işinin 77-ci vərəqində olan Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin 16 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidməti (Xüsusi Dövlət Mühafizə Xidməti) sıralarında xidmət etməyib və hal-hazırda xidmət etmir. Cinayət işinin 85-87-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 73- 1.2-ci maddəsinə əsasən xitam verilmişdir və o cinayət məsuliyyətindən azad edilmişdir. Bundan başqa, həmin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Yasamal RPİ-də Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan başqa, həmin tələbnamədən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, həmin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nərimanov RPİ-də Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan başqa, həmin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Yasamal RPİ-də Azərbaycan Respublikası CMnin 178.2.2.4-cü maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan başqa, həmin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Səbail RPİ-də Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə CPM-nin 40.3-cü maddəsinə və CM-nin 73.2-ci maddəsinə əsasən rədd edilmişdir. Cinayət işinin 88-96-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-52/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-272/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-272/2023 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsinin nəzərə alınması hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-51/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-52/2024 saylı hökmü ilə təyin olunmuş 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 23 iyun 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-52/2024 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsinin nəzərə alınması hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli iddia ərizəsindən görünür ki, 8.700 (səkkiz min yeddi yüz) manat maddi və 1.500 (bin beş yüz) manat mənəvi zərərin, həmçinin dövlət rüsumu kimi ödədiyi 107 manatın və vəkil xərci üçün 400 (dörd yüz) manat, ümumilikdə 10.707 (on min yeddi yüz yeddi) manat məbləğində pul vəsaitinin cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-yə məxsus 7058 nömrəli qəbzdən görünür ki, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə cəmi 107 (yüz yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Zərərçəkmiş şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli müqavilədən irəli gələrək vəkil Nümayəndə 400 (dörd yüz) manat ödəniş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərəçəkmiş şəxsə dəymiş maddi ziyanın qismən (4000 manat) ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun hazırki iş üzrə cinayət əməli həmin hökm üzrə məhkumluğunun yaranmasından əvvəl törədilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-51/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-51/2024 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki iddia verərək, 8.700 (səkkiz min yeddi yüz) manat maddi və 1.500 (bin beş yüz) manat mənəvi zərərin, həmçinin dövlət rüsumu kimi ödədiyi 107 manatın və vəkil xərci üçün 400 (dörd yüz) manat, ümumilikdə 10.707 (on min yeddi yüz yeddi) manat məbləğində pul vəsaitinin cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Məhkəmə, iddia tələbinin mənəvi ziyana görə 1.500 manat ödənilməsinə dair hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı tələb etdiyi məbləğin hansı qaydada hesablanması və nəyə əsaslanması məhkəmə araşdırması zamanı sübut edilməmiş və həmin halları təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən iddianı təsdiq edəcək sübutları məhkəməyə təqdim etmək, yəni qeyd etdiyi halları sübut etmək bir mənalı olaraq iddiaçının vəzifəsidir. Bu baxımdan mülki iddia tələb edilən mənəvi zərərlə bağlı pul məbləğində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Beləliklə məhkəmə hesab edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxsnın mülki iddiası qismən təmin edilməli, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 8700 (səkkiz min yeddi yüz) manat maddi ziyan, 107 (bir yüz yeddi) manat dövlət rüsumuna görə ödənilmiş pulun əvəzi, 400 (dörd yüz) manat vəkil məsrəflərinə görə ödənilmiş pulun əvəzi, cəmi 9207 (doqquz min iki yüz yeddi) manat məbləğində pul tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs xeyrinə ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir İş üzrə maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, müdafiəçi X3 08 aprel 2024-cü il – 09 oktyabr 2024-cü il tarixlərdə keçirilmiş 12 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-51/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-51/2024 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 8700 (səkkiz min yeddi yüz) manat maddi ziyan, 107 (bir yüz yeddi) manat dövlət rüsumuna görə ödənilmiş pulun əvəzi, 400 (dörd yüz) manat vəkil məsrəflərinə görə ödənilmiş pulun əvəzi, cəmi 9207 (doqquz min iki yüz yeddi) manat vəsait tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar