Məhkəmə qərarları › İş №1(005)-229/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-229/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-229/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər Məcidova Aynurə və Hacıyev Şahinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Məcidova Aynurə və Hacıyev Şahinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi açılmış, cinayət işinin məhkəmə baxışı Sumqayıt Ağır Cinayətlər Məhkəməsindədir. O, həmin ittihamda özünü təqsirli bilmir. Məcidova Aynurə və Hacıyev Şahin tərəfindən ona şər, böhtan atılmış, yalan ifadə verilərək hədə-qorxu gəlinərək Abşeron Rayon Polis İdarəsinin əməkdaşları ilə əlbir olaraq etmədiyi əmələ görə onu məsuliyyətə cəlb etmişlər. O, ünvan 1 ünvanında yaşayır və həmin şəxslər onunla Nərimanov rayon ərazisində görüşərək onların etibardan sui-istifadə edərək dələduzluqla 72.000 AZN vəsaiti mənimsədiyini iddia edir. Bu iddia əsassız və yalandır. Həmin şəxslər istintaq orqanına bilə-bilə yalan ifadə vermişlər. Şikayət vermiş şəxs X2 məhkəməyə ərizə ilə müraciət edərək Məcidova Aynurə və Hacıyev Şahin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında qəbul etdiyi qərarlardan biri də xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərardır. CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Hazırkı iş üzrə şikayət vermiş tərəf şikayətinin geri qaytarılmasını tələb etdiyindən, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməli və şikayət və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Məcidova Aynurə və Hacıyev Şahinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin, xüsusi ittiham qaydasında şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardan elan olunduqdan sonra 20 gün müddətində qərarı qəbul etmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar