Məhkəmə qərarları › İş №1(005)-23/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-23/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-23/2022 02.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Muradbəyli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını ələ keçirmək üçün 07 fevral 2021-ci il tarixdə saat 18 radələrində ünvan 2 ünvanındakı yarımtikili yaşayış sahəsinə müvəqqəti quraşdırılmış taxta hasardan aşmaqla qanunsuz daxil olub tikilidəki otaqdan Zərərçəkmiş şəxs2 məxsus 250 manat dəyərində 01 ədəd laqondanı, 175 manat dəyərində 01 ədəd perforatoru və 200 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 625 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədi ilə özgənin əmlakını ələ keçirmək üçün 16 fevral 2021-ci il saat 19 radəbrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanındakı “The Mood” restoranının anbarına plastmas qapının asma qıfılını sındırmaqla qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus ümumi dəyəri 2500 manat təşkil edən mis metal boşqabları gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 07 fevral 2021-ci il tarixdə Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 116 ünvanındakı yarımtikili yaşayış sahəsinə daxil olub oradan oğurluq etsə də, 16.02.2021-ci il tarixdə Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanındakı “The Mood” restoranın anbarına daxil olub oradan 2500 manat dəyərində mis metal boşqablar oğurlamamış və özünü təqsirli bilmədiyi üçün həmin xüsusat üzrə istintaqa ifadə verməkən imtina etmişdir. O, 07 fevral 2021-ci il saat 18 radələrində Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsindən keçən zaman yarımtikili yaşayış binasını görmüş və binanın girişində müvəqqəti olaraq taxta diklər qoyulmuşdür. O, kənardan evə baxmış və evdə heç kimin olmadığını görüb qərara gəlmişdir ki, həmin evə girərək oradan hansısa tikinti əşyasını oğurlasın. Ətrafa baxıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra taxta hasarı aşaraq həyətə daxil olmuş və yaşayış binasının giriş hissəsindəki otaqların birindən 01 ədəd laqondanı və 01 ədəd perfaratoru götürüb həmin yerdə olan 2 ədəd kisənin içinə qoymuş və daxil olduğu yerdən taxtanı itələyərək oğurladığı əşyaları oradan çıxarıb aparmışdır. Əldə etdiyi əşyaları səhərisi günü Binəqədi rayonu ərazisində xatırlamadığı məbləğə metal qəbulu məntəqəsində işləyən Asifə satmışdır. Satan zaman əşyaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Oğurluq edən zaman onu ətrafdan görən olmamışdır. O, qeyd edilən cinayətdən başqa heç bir oğurluq hadisəsi törətməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını və dəyən ziyanı tam ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, 2020-ci ilin okyabr ayından Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanında yerləşən «The Mood» restoranını icarəyə götürərək işlədir. 25 fevral 2021-ci il tarixdə səhər saat 09 radələrində restoranın admistratoru Oruczadə Ümid ona yığaraq restoranın saxlanc yerindən, yəni anbarından oğurluq olduğunu və oradakı kardon qutunun içindəki mis boşqabların aparıldığını bildirmişdir. O da həmin vaxtı işlərilə əlaqədar gələ bilmədiyi üçün Ümidə bu barədə polis bölməsinə müraciət etməyini demişdir. Buna görə də Ümid 16-cı polis bölməsinə oğurluq barədə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, oğurluq edən şəxs və ya şəxslər restoranın saxlanc yerinin, yəni anbarının plastmas qapısının üzərində olan asma qıfılı sındıraraq qapını açıb anbara daxil olmuş və oradan işlənməmiş vəziyyətdə kardon qutunun içərisində olan sayını dəqiq bilmədiyi, lakin ümumi dəyəri 2500 manat olan mis boşqabları oğurlamışdır. O, həmin boşqabları restoranı icarəyə götürən zaman Sədərək ticarət mərkəzindən almış və istifadə edilməmiş vəziyyətdə saxlamışdır. Həmin mis boşqablar qızılı rəngli mis boşqablar olmuşdur. Həmin boşqablar dairəvi və oval formalı olmuşdur. Lakin, hər birinin sayını hazırda dəqiq xatırlamır. Ona baş vermiş oğurluq hadisəsi nəticəsində 2500 manat maddi ziyan dəymişdir. Oğurluqda şübhələndiyi şəxs və ya şəxslər yoxdur. Oğurluq zamanı pandemiya ilə əlaqədar fəaliyyət göstərmədikləri üçün restoran işlək vəziyyətdə olmadığından kameralar da işləməmişdir. 15 fevral 2021-ci il tarixdə o, anbara baxan zaman həmin mis boşqablar kardon qutunun içərisində anbarda olmuşdur. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdığı, ona vurulmuş ziyanın tam ödənildiyini və hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, təxminən 2 ilə yaxındır ki, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 116 ünvanında yerləşən yaşayış evində usta kimi işləyir. Yaşayış evinin hörgü işi bitsə də evin fasadı və içərisinin təmiri yekunlaşmamışdır. 05.02.2021-ci il saat 18 radələrində həmin tikintidən çıxıb evə getmişdir. Növbəti günlər şənbə və bazar gününə təsadüf etdiyi üçün işə gəlməmişdir. 08.07.2021-ci il saat 08 radələrində işə gələn zaman görmüşdür ki, tikilinin 1-ci mərtəbəsindəki paltardəyişmə otağının qıfılı sındırılmış və divardan asılmış saxlanc otağının açarı yerində yoxdur. O, dərhal həmin mərtəbədə taxtalardan düzəldilmiş saxlanc otağına baxan zaman görmüşdür ki, saxlanc otağının qıfılı açarla açılmış vəziyətdədir və həmin otaqdan təxminən 200 metr uzunluğunda olan elektrik naqili götürülmüşdür. Həmin naqilin ümumi dəyəri 200 manatdır. Bundan sonra yaşayış binasının 2-ci mərtəbəsinə baxan zaman oradakı otağın künc hissəsinə qoyduğu 250 manat dəyərində 01 ədəd laqondanın və 175 manat dəyərində 01 ədəd pereparatorun orada olmadığını görmüşdür. O, oğurluq olduğunu başa düşdüyü üçün ev sahibinin icazəsini almadan polisə şikayət etməmiş və evin sahibinin razılığını aldıqdan sonra 13 fevral 2021-ci ildə ərizə ilə 16-cı PB-nə şikayət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 625 manat maddi ziyan dəymişdir və oğurlanmış əşyaların hamısı ona məxsus olmuşdur. Qeyd etdiyi yarımtikili sahəsinə giriş-çıxış sərbəst olmamış, yarımtikili yaşayış sahəsinin həyətində giriş qapısı vardır, lakin qaraj qapısı olmadığı üçün hasarın qarşısında müvəqqəti taxta hasar düzəldilmişdir və həmin taxta hasar da mismarla divara bərkidilmişdir ki, yaşayış evinin həyətinə kənar şəxslər daxil olmasın. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdığı, ona vurulmuş ziyanın tam ödənildiyini və hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Binədədi şossesi, 294 B ünvanda yerləşən metal qəbulu məntəqəsini işlətmişdir. Belə ki, o, həmin məntəqədə müxtəlif növ metal qəbulu işi ilə məşğul olmuş və orada özü işləmişdir. 07 fevral 2021-ci il tarixdə saat 20 radələrində Rauf adlı şəxs onun işlədiyi məntəqəyə gələrək bir ədəd laqonda və bir ədəd balaca ölçüdə prefarator gətirib satmaq istədiyini ona demişdir. Danışıq zamanı Rauf tikintidə usta işlədiyini, hazırda iş olmadığından pula ehtiyacı olduğunu, uşaqlarına dərman alacağını, satdığı əşyaların özünə məxsus olmasını bildirmişdir. O da Raufun sözlərinə inanmış və həmin əşyaları metal kimi çəki ilə 40 manata pul müqabilində almışdır. Alan zaman isə Raufun şəxsiyyət vəsiqəsinin sürətini də götürmüşdür. Bundan bir müddət sonra, yəni 16 fevral 2021-ci il tarixdə saat 20 radələrində Rauf onun istifadəsində olan mobil nömrəsinə zəng vuraraq ondan işdə olub-olmamasını soruşmuş, o da işdə olduğunu bildirdiyi üçün Rauf onun işlədiyi metal qəbulu məntəqəsinə gələcəyini bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra Rauf boz rəngli «Mersedes» markalı taksi avtomaşını ilə onun işlədiyi məntəqəyə gəlmiş və avtomobilin yük yerindən bir ədəd qara rəngli torbanı götürüb məntəqəyə daxil olmuşdur. Məntəqədə olan zaman Rauf torbanın içərisindən hazırda sayını xatırlamadığı, lakin ümumi çəkisi 35 kq olan qızılı rəngli mis boşqabları çıxardıb ona satmaq istədiyini demişdir. Həmin mis boşqabların içərisində əzilmiş boşqablar da olmuşdur. Rauf mis boşqabların özünə məxsus olduğunu, evindən gətirdiyini, uşağına dərman almaq üçün satmaq məcburiyyətində qaldığını bildirmişdir. O da Raufun sözlərinə inanıb həmin mis boşqabların bir kq-nı 10 manatdan olmaqla 350 manat almışdır. Alan zaman Raufun şəxsiyyət vəsiqəsinin sürəti əvvəlcədən onda olduğu üçün bu dəfə şəxsiyyət vəsiqəsinin sürətini tələb etməmişdir. Raufdan aldığı drel və prefaratoru, habelə mis boşqabları metal qəbul edən yerlərə satmış, lakin Raufun ona satdığı mis boşqablardan 7 ədəd mis boşqabı istintaqa könüllü təqdim etmək istəmişdir. Əlavə olaraq 2021-ci ilin fevral ayının sonlarında onun məntəqəsinə Nərimanov RPİ-nin 16-cı polis bölməsinin əməkdaşları gəlmiş və həmin vaxtı ona məlum olmuşdur ki, Raufun ona satdığı laqonda, prefarator və mis boşqablar oğurluq olmuşdur. Orada o, polis əməkdaşlarına Raufun ona satdığı mis boşqablardan qalıq qalan 7 ədəd boşqabı göstərmiş və polislər ona həmin boşqabları istintaqa gedən zaman müstəntiqə təqdim etməyini demişlər. İstintaqa mis boşqablardan başqa Təqsirləndirilən şəxs ona verdiyi şəxsiyyət vəsiqəsinin sürətini də təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanda fəaliyyət göstərən «The Mood» restoranında adminstrator kimi işləyir. Qeyd edilən restoranı Zərərçəkmiş şəxs1 Sahib oğlu icarəyə götürmüş və restorandakı bütün əşyalar Zərərçəkmiş şəxs1 məxsusdur. 25 fevral 2021-ci il tarixdə səhər saat 09 radələrində restorana gələn zaman restoranın anbarının plasmas qapısının üzərində olan asma qıfılın sındırıldığını və anbardan kardon qutunun içərisində olan sayını dəqiq bilmədiyi mis boşqabların yerində olmadığını aşkar etmişdir. O, dərhal bu barədə Zərərçəkmiş şəxs1 zəng vurub məlumat vermiş və restoranın anbarından oğurluq olduğunu, yəni mis boşqabların oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs1 də kənarda olduğunu, buna görə onun yerinə aidiyyatı polis bölməsinə müraciət etməyini bildirmişdir. O da 25 fevral 2021-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PB-nə gelərək baş vermiş oğurluq hadisəsi barədə müraciət etmişdir. Mis boşqabları Zərərçəkmiş şəxs1 2500 manata aldığından və özü oğurlanmış əmlakın dəyərinin 2500 manat olduğunu bildirdiyindən o da 16-cı polis bölməsində izahat verən zaman həmin məbləği göstərmişdir. Oğurlanmış mis boşqablar dairəvi və oval formalı boşqablar olmuş və istifadə edilməmiş vəziyyətdə anbarda saxlanılmışdır. Sonuncu dəfə, yəni 15 fevral 2021-ci il tarixdə həmin mis boşqablar anbarda olmuşdur. Cinayət işinin 9-13-cü vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 13 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X2, hal şahidləri X3 və X4 iştirakları ilə hadisə yerinə baxış keçirmişdir. Hadisə yeri Nərimnov rayonu, Y.V.Çəmənzəminli küçəsi 116 ünvanında yerləşən tikilidr. Sözü gedən tikili 4 mərtəbədən ibarət olmaqla qarşısında küçədən qarajı vardır. Qarajın giriş qapısı olmamışdır. Tikili hər tərəfdən fərdi yaşayış evləri ilə əhatəlidir. Tikilidə tikinti işləri yekunlaşsa da içərisində və qarşısında təmir işləri olmamışdır. Tikiliyə baxış zamanı müəyyən olundu ki, 1-ci mərtəbənin divarları və döşəməsi betondandır. 1-ci mərtəbədə tikintidə işləyən ustaların paltar dəyişmə otağı və tikinti materiallarının saxlanılması üçün otaq vardır. Hər iki otağın qapısı taxtadandır. Elektrik naqilləri saxlanc yerinin qapısının yanından və divarından oğurlanmışdır. Elektrik naqilləi divardan asılmış vəziyyətdə olmuşdur. Tikiliyə yuxarı mərtəbələrə hərəkət pilləkən vasitəsilədir. 01 ədəd loqonda və 01 ədəd preparator aparatı tikilinin 2-ci mərtəbəsindən oğurlanmışdır. Cinayət işinin 14-cü vərəqindən görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X6, icraatında olan vətəndaş Zərərçəkmiş şəxs2 şikayət ərizəsi əsasında toplanmış HK-1-152 saylı materiala əlavə edilməsi üçün 01 ədəd DVD diskdə olan video görüntülərə baxış keçirmişdir. Belə ki, həmin diskdə olan video görüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, əynində qara rəngli gödəkcə və göy rəngli şalvar olan bir nəfər naməlum şəxsin Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 116 ünvanın qarşısından piyada keçərkən qeyd olunan ünvanda yerləşən tikiliyə diqqətlə baxması daha sonra həmin tikilinin qarşısında müvəqqəti quraşdırılmış hasardan aşaraq tikilinin qarajından tikiliyə daxil olması və bir müddət sonra həmin şəxsin əlində 02 ədəd ağ rəngli torba ilə oradan çıxması video görüntüdə müşahidə olunmuşdur. Cinayət işinin 41-ci vərəqində olan 26 fevral 2021-ci il tarixli “Tutulma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-76-cı vərəqlərində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.02.2021-ci il tarixli, 4(005)-227/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin ibtidai istintaq müddətinin sonunadək, yəni 22 may 2021-ci il tarixədək müəyyən edilməsi, həbsetmənin əvvəlinin 26 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 81-83-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.12.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası və 2000 manat cərimə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 26 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin 89-97-ci vərəqlərində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.12.2018-ci il tarixli, 1(001)-488/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Ağcabədi Rayon Məhkəməsinin 12.12.2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 2000 manat cərimə cəzası hazırki hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən tamamilə birləşdirilərək üzrədində qəti olaraq 2000 (iki min) manat cərimə cəzası və 02 (iki) il 06 (altı) ay müdətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması hökm edilmişdir. Cinayət işinin 115-118-ci vərəqlərində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 25.02.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X5 Bakı şəhəri, Nərimanov rayonu, Atatürk parkı, 2A ünvanında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinə baxış keçirmişdir. Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Atatürk parkının içərisində yerləşən iki mərtəbəli binanın ikinci mərtəbəsində saxlanc yerinin içərisidir. Hadisə yerinin yaxınlığında müxtəlif növ ağaclar, müxtəlif iaşə obyektləri yerləşir. Hadisə yerinə qara rəngli dəmir pilləkənlərlə qalxılır. Cinayət işinin 127-ci vərəqində olan “CD-diskə baxış keçirilməsi haqqında” 27 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X7 icraatında olan ********* saylı cinayə işi ilə əlaqədar 16-cı PB-dən daxil olmuş, 27.02.2021-ci il tarixli məktubla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən metal qəbulu məntəqəsindən əldə edilmiş videomüşahidə kameralarının qeydə aldığı videogörüntülərin əks edildiyi 1 ədəd CD diskə baxış keçirmişdir. Diskdə olan fayla baxış keçirilən zaman müəyyən olundu ki, fayldakı görüntülər 16.02.2021-ci il saat 20:06da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən metal qəbulu məntəqəsinin qarşısında və məntəqənin içində olan görüntüləri əks etdirir. Görüntü 34 saniyə davam edir. Görüntüdə metal qəbulu məntəqəsinin qarşısında dayanmış taksi avtomaşının yük yerindən bir nəfər sərnişinin yük götürdüyü və məntəqəyə daxil olduğu, məntəqəyə daxil olan zaman həmin şəxs içərisində əşya olan qara torbanı qucağında apardığı və məntəqədə olan digər şəxsə yaxınlaşdığı əks edilir. Cinayət işinin 133-cü vərəqində olan “Könüllü təqdim etmə və baxış keçirilməsi haqqında” 23.03.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər Nərimanov RPi-nin İŞnin baş müstəntiqi X7 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* saylı cinayət işi üzrə Şahid1 istintaqa Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini və 07 (yeddi) ədəd mis boşqabı könüllü təqdim etmişdir. Baxış zamanı müəyyən edildi ki, təqdim edilmiş şəxsiyyət vəsiqəsi AZE ******** nömrəlidir, həmin şəxsiyyət vəsiqəsinin surəti xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsusdur. Təqdim edilmiş 07 ədəd boşqab isə dairəvi formalı, qızılı rəngli dayaz metal boşqablardır, həmin boşqablardan 06 ədədi yararlı, 01 ədədi isə əzilmiş vəziyyətdədir. Asim Məhrrəmov bildirmişdir ki, təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətini Təqsirləndirilən şəxs ona metal satan zaman vermiş, 07 ədəd mis boşqab isə Təqsirləndirilən şəxs ona 16.02.2021-ci il tarixdə axşam saatlarında satdığı mis boşqablardan qalmış boşqablardır. Cinayət işinin 146-cı vərəqində olan “Əşyanı tanınmaya təqdim etmək haqqında” 25.03.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X7, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq iş üzrə Zərərçəkmiş şəxs1 Mahir oğluna əşyanı tanınmaq üçün iş üzrə götürülmüş 07 ədəd bənzəri olmayan metal boşqabları təqdim etmişdir. Tanıyan şəxs Zərərçəkmiş şəxs1 ona tanınmaya təqdim olunmuş 07 ədəd metal boşqabları nəzərdən keçirib bildirmişdir ki, həmin boşqablar 15 fevral 2021-ci il tarixdən 25 fevral 2021-ci il arixədək müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanında yerləşən “The Mood” restoranının anbarından oğurlanmış mis boşqablardandır. Zərərçəkmiş şəxs1 həmin boşqabları rənginə, forma və görünüşünə görə tanıdığını bildirmişdir. Cinayət işinin 183-185-ci vərəqələrində olan Salyan Rayon Məhkəməsinin 7(057)- 444/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs ərizəsinin təmin edilməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 1(001)-488/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzası 01 mart 2021-ci il tarixdə başa çatan məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Cinayət işinin 204-207-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2021-ci il tarixli, 6/1266-9/1723 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: 6 ədəd sarı rəngli metaldan, diametri 25,5 sm olan boşqabın metalı mis əsaslı ərintisindən hazırlanmışdır, istifadəyə yararlıdır. Ümumi çəkisi 2,400 kq-dır; 1 ədəd sarı rəngli metaldan, deformasiya olunmuş və qırılmış hissələri, diametri təxminən 25,5 sm olan boşqabın metalı mis əsaslı ərintisindən hazırlanmışdır, qırıntı hesab olunur. Çəkisi 0,400 kq-dır. 1 kq mis metalın qırıntı kimi 11,00 manat olması nəzərə alınmaqla ekspertiza tədqiqatına təqdim edilmiş boşqabların 25.02.2021-ci il tarixə, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq orta bazar qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: 1 ədəd sarı rəngli, diametri 25,5 sm, mis əsaslı ərintidən hazırlanmış boşqabların orta bazar qiyməti 6,00 manat, 6 ədədi 36,00 manat, 1 kq mis metal qırıntı kimi 11,00 manat, 1 ədəd 0,400 kq – 4,40 manat. Cinayət işinin 215-224-cü vərəqlərində olan “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanınması haqqında” 21 aprel 2021-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Şahid1 götürülmüş Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti, 07 ədəd mis boşqablar, 07.02.2021-ci il tarixdə Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 116 ünvanındakı yarımtikilidən baş verimiş oğurluq hadisəsinin və 16.02.2021-ci il tarixdə Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanındakı “The Mood” restoranından oğurlanmış mis boşqabların Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində qeydə alındığı 02 ədəd CD diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınması qərara alınmışdır. Cinayət işinin 249-cu vərəqində olan 26.04.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 müstəntiq Elşən Zamanovdan 7 ədəd mis boşqabları təhvil almışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 08.09.2021-ci il tarixli ərizəsindən görünür ki, 1(005)-249/2021 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 01.11.2021-ci il tarixli ərizəsindən görünür ki, 1(005)-249/2021 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş AZE seriyalı 11224635 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 11.03.2010-cu il təvəllüdlü Hacıyev Elcanın atası Təqsirləndirilən şəxs, anası Hacıyeva Arzudur. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş AZE seriyalı 18826358 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 28.11.2013-cü il təvəllüdlü Hacıyeva Sətənətin atası Təqsirləndirilən şəxs, anası Hacıyeva Arzudur. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Amnistiya aktının tətbiq edilməsi barədə” 01 fevral 2022-ci il tarixli qərardan görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladlarının olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmasını, dəymiş ziyanın tam ödənilməsini və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.12.2018-ci il tarixli, 1(001)-488/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 12.12.2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 2000 manat cərimə cəzası hazırki hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən tamamilə birləşdirilərək üzrədində qəti olaraq 2000 (iki min) manat cərimə cəzası və 02 (iki) il 06 (altı) ay müdətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Salyan Rayon Məhkəməsinin 7(057)- 444/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin olunmuş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 1(001)-488/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzası 01 mart 2021-ci il tarixdə başa çatan məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməlləri 07 fevral 2021-ci il və 16 fevral 2021-ci il tarixlərdə törətmiş və həmin əməlləri törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 7(057)-444/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilməli və Azərbaycan Respublikasının CMnin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaya Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.12.2018-ci il tarixli, 1(001)-488/2018 saylı hökmü təyin olunmuş cəzanın çəkilməmiş qalan hissəsi qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Salyan Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.12.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2021-ci il tarixdən hesablanmalı (CPM-67.1, 76.6.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yerləşən tikilidən etdiyi oğurluğun görüntüləri olan 01 ədəd DVD formatlı disk və Bakı, şəhəri, Binəqədi şosesində yerləşən metal qəbulu məntəqəsindən əldə edilmiş videomüşahidə kameralarının qeydə aldığı görüntülər olan 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 65 (altmış beş) iş saatına görə cəmi 390 (üç yüz doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.12.2018-ci il tarixli, 1(001)-488/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 (beş) ay 26 (iyirmi altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 26 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 109,50 (yüz doqquz manat əlli qəpik) manat təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 65 (altmış beş) iş saatına görə 390 (üç yüz doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar