Məhkəmə qərarları › İş №1(005)-230/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-230/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-230/2025 23.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:50 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 15 saylı vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilmiş, işləməyən, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Qahab kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 satışı ilə məşğul olduğu spirtli içki məhsullarını müxtəlif müştərilərə satmaqda vasitəçilik edib həmin məhsulların satılmasına nail olaraq ona gəlir qazandırmaqla onda özünə qarşı inam yaradıb qazandığı etibarından sui-istifadə edərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna və Zərərçəkmiş şəxs1 spirtli içki məhsullarını alaraq müştərilərə satıb pulunu sonradan ödəyəcəyinə dair yalan vəd verib onu aldadaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 təsisçisi olduğu Müstəqil 'Rəcəb" Kiçik Müəssisəsinə məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən anbara gələrək orada istehsal olunan 21.830 manat dəyərində spirtli içki məhsullarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 21.830 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tütün və uşaq şirniyyat məhsullarının ticarəti ilə məşğul olması barədə Zərərçəkmiş şəxs2 həqiqətəuyğun olmayan məlumatlar verib ona həmin ticarət fəaliyyətinə yatırım edəcəyi təqdirdə birgə qazanc əldə edəcəklərinə dair qəsdən yalan vədlər verib etibarından sui-istifadə edərək kart hesabına köçürülməsi yolu ilə xx.xx.2023-cü ildə 2.500 manat, 30 07.2023-cü ildə 3.000 manat və 2023-cü ilin avqust ayında nağd şəkildə olmaqla ünvan 2 ünvanının yaxınlığında isə 500 manat Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda ümumilikdə 6.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə müxtəlif ərzaq məhsullarının və spirtli içkilərin pərakəndə satışı ilə məşğul olan Zərərçəkmiş şəxs3 özünü Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən "Moon Crown" restoranının icarədarı kimi təqdim edərək onun etibarından sui-istifadə etməklə, pulunu sonradan ödəyəcəyinə dair yalan vəd verib aldadaraq xx.xx.2023 cü il tarixdə 902 manat 77 qəpik, 19.12 2023-cü il tarixdə 1030 manat 37 qəpik, xx.xx.2023-cü il tarixdə 690 manat 14 qəpik, xx.xx.2023-cü il tarixdə 2207 manat 37 qəpik, xx.xx.2023-cü il tarixdə 519 manat 25 qəpik, xx.xx.2023-cü il tarixdə 1511 manat 54 qəpik, xx.xx.2023-cü il tarixdə 1684 manat 70 qəpik, xx.xx.2023-cü il tarixdə 1061 manat 28 qəpik, xx.xx.2023-cü il tarixdə 969 manat 85 qəpik, xx.xx.2023-cü il tarixdə 455 manat 24 qəpik, xx.xx.2023-cü il tarixdə 6835 manat 95 qəpik, xx.xx.2023-cü il tarixdə 835 manat 03 qəpik olmaqla Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən "Moon Crown” restoranında Zərərçəkmiş şəxs3 gətirdiyi ümumilikdə 18.703 manat 49 qəpik dəyərində olan spirtli içki, qida və qeyri-qida məhsullarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 18.703 manat 49 qəpik maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı X1 ilə məşğul olduğutikinti sahəsində istifadə olunan əlcəkləri müxtəlif müştərilərə sataraq ona gəlir qazandırmaqla özünə qarşı inam yaradıb qazandığı etibarından sui-istifadə edərək pulunu sonradan ödəmək şərti ilə ona tikinti sahəsində istifadə olunan əlcəkləri alaraq həmin əlcəkləri müştərilərə satıb pulunu sonradan ödəyəcəyinə dair yalan vəd verib aldadaraq 13 may 2024-cü ildə sonuncunun əlcəkləri müqavilə əsasında saxladığı Bakı şəhəri Nərimanov rayonu ərazisində Bakı Metropoliteninin “Ulduz” stansiyasının yaxınlığında yerləşən anbara gələrək orada Zərərçəkmiş şəxs4 məxsus olan 19.680 manat dəyərində 40.000 cüt tikintidə istifadə olunan əlcəkləri ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 19.680 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 ilə yaxın müddətdir ki, Bakı şəhərində restoran işlətmək fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, 2023-cü ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən “Moon Crown” adlı restoranı icarəyə götürüb müəyyən təmir işləri gördükdən sonra həmin restoranı işlətməyə başlamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs3 ilə 2023-cü ilin dekabr ayının sonlarında tanış olduğunu bildirmişdir. İlkinlə danışıb razılaşmışlar ki, İlkin hər gün restoranda istifadə edilən ərzaq, spirtli və spirtsiz içkiləri, qeyri-qida məhsullarını alıb gətirib restorana verməli, o isə 2-3 güdən bir İlkinin pulunu ödəməli idi. Həmin dövrdə İlkin 10-12 gün ərzində təxminən 18.500 manat məbləğində restorana bazarlıq edib gətirmişdir. O, özü də İlkinlə görüşüb restorana hansı məhsullar gətirdiyini öyrənirmiş. İlkinə ərzaq məhsullarının pulunu 2-3 gündən bir verəcəyini bildirsə də, sonradan işləri qaydasında getmədiyi üçün onun pulunu ödəyə bilməmişdir. Belə ki, restoranın əlavə digər xərcləri olduğu üçün pulu həmin xərclərin ödənilməsinə vermişdir. İlkndən aldığı ərzaq və qeyr-qida məhsullarının pulunu vaxtında ödəyə bilmədiyi üçün aralarında narazılıq yaranmış və İlkin restorana ərzaq malları verməkdən imtina etmişdir. O, İlkindən aldığı məhsulların pulunu 2024-cü ilin yanvar ayı ərzində ödəyəcəyinə söz versə də sonradan buna maddi imkanı çatmamışdır. 15 yanvar 2024-cü il tarixdə restoranda yaranmış problemlərlə bağlı o, restoranı təhvil vermişdir. Zərərçəkmiş şəxs3 vurulmuş ziyanı tam ödədiyini və barışdıqlarını bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs4 ilə 2024-cü ilin may ayının əvvəllərində tanış olduğunu bildirmişdir Tanış olduqdan sonra Sabir ona tikintidə istifadə olunan əlcəklərin satışı ilə məşğul olduğunu, əlcəklərin satışının təşkil olunmasında ona köməklik etməsini xahiş etmişdir. O, da Sabirin xahişini nəzərə alıb müştəri tapmış və həmin dövrdə 6.000 manat dəyərində əlcəyin satışına köməklik etmişdir. Bundan sonra 2024-cü ilin may ayının ortalarında aralarında olan şifahi razılaşmaya əsasən pulunu sonradan ödəmək şərti ilə Zərərçəkmiş şəxs4 ümumi dəyəri 19.860 manat olan 48.000 cüt tikintidə istifadə olunan əlcək almışdır. O, razılaşmaya əsəsən əlcəkləri aparıb rayonlarda satışını təşkil etməli və Sabirin pulunu isə 1 ay müddətində hissə-hissə ödəməli imiş. O, əlcəklərin satışın təşkil etdikdən bir neçə gün sonra Sabir ondan malın pulunu istəməyə başlamış, o, isə aralarında olan danışığın bu şəkildə olmadığını və pulu 1 aya müddətində ödəməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, o, həmin dövrdə “Moon Crown" adlı restoranı yenidən icarəyə götürüb və restoranda təmir işləri gördüyü üçün o, əlcəklərin satışından əldə etdiyi pulun restoranın xərclərinə sərf etmişdir. Hazırda bütün ziyanı ödədiyini və Zərərçəkmiş şəxs4la barışdığını bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 2021-ci ildən tanıdığını qeyd etmişdir. Əli ilə aralarında münasibət yaranmışdır. 2023-cü ilin yanvar ayında Əli ona müraciət edib pulu olduğunu və həmin pulu işlətmək istədiyini bildirmişdir. O, da sonradan təklif etmişdir ki, Əli özündə olan pulu ona versin və o, da hər həftə Əliyə müəyyən məbləğdə xeyir versin. 2023-cü ilin ortalarında Əli ona hissə-hissə olmaqla ümumilikdə 5.500 manat pul vermişdir. O, həmin pula görə hər həftə Əliyə 200-250 manat xeyir olaraq pul verməyə başlamışdır. Həmin pula görə Əliyə təxminən 14.000 manata yaxın xeyri ilə birlikdə pul vermişdir. Hazırda Zərərçəkmiş şəxs2lə barışdığımı və ona vurulmuş ziyanın qaytarıldığını bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 təxminən 5-6 ilə yaxın müddətdir tanıyır. Həmin dövrdə Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən sexdə spirtli içkilərin istehsalı ilə məşğul olurmuş. Zərərçəkmiş şəxs1la tanış olduqdan sonra aralarında şifahi şəkildə razılaşma olmuşdur ki, o, Zərərçəkmiş şəxs1 istehsal etdiyi məhsulların satışı ilə məşğul olsun və qazancdan 10 faiz xeyir götürsün. Təxminən 2018-ci ilin ortalarından sonra onlar qarşılıqlı şəkildə işləməyə başlamışlar. Tofiqın işlədiyi sexdən spirtli içki məhsullarını götürüb rayonlarda satışını təşkil edirmiş və qazancdan isə 10 faiz xeyir götürürmüş, 2019-cu ilin yay aylarında o, Zərərçəkmiş şəxs1 götürdüyü spirtli içkilər keyfiyyətsiz olduğu üçün satışını təşkil edə bilməmiş və həmin dövrdə satdığı məhsulların bir qismi yarasız olduğu üçün ona geri qaytarılmış və eyni zamanda satdığı məhsulların pullarını vaxtında yığa bilmədiyi üçün Zərərçəkmiş şəxs1 pulunu ödəyə bilməmişdir. Həmin dövrdən Zərərçəkmiş şəxs1 5.000 manat borcu qalmışdır. 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 onu yenidən Masazır qəsəbəsində yerləşən ofisinə dəvət edib təklif etmişdir ki, istehsal etdiyi viski içkisinin satışını təşkil etsin. O, Zərərçəkmiş şəxs1 təklifi ilə razılaşmış, lakin Tofiq 2019-cu ildə aralarında olan pul mübahisəsinə görə ona məhsulları bu dəfə akt tərtib edərək verəcəyini bildirmişdir. O, da bununla razılaşmış, sonra aralarında akt tərib olunmuş, aktda onun Zərərçəkmiş şəxs1 rəhbərlik etdiyi “Rəcəb" Kiçik Müəssisəsinə 15.786 manat dəyərində borcunun olduğu göstərilmiş və o, da həmin aktın sonunda hər ay 200 manat olmaqla borcunu qaytaracağını öz xətti ilə yazmış və imzalamışdır. Bunu onlar bu formada etmişlər ki, Tofiq ona satması üçün 15.786 manat dəyərində spirtli içki məhsulları versin. O, həmin günün sabahısı Tofiqlə əlaqə saxlayıb məhsulları götürmək üçün gəldiyini bildirdik də, Tofiq ona spirtli içki məhsullarını verməmiş və 2019-cu ildə ona olan borcunu ödəmək üçün bu şəkildə onu aldadaraq sənəd imzalatdırdığını qeyd etmişdir. Buna görə də onların arasında sözlə mübahisə baş vermişdir. Hazırda Zərərçəkmiş şəxs1 bütün ziyanı qatardığını, lakin Tofiq Rəcənov tərəfindən barışıq əldə edilə bilmədiyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq qeyd etmişdir ki, zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəmişdir. Buna görə dövlət büdcəsinə də ödəniş etmişdir. Lakin Zərərçəkmiş şəxs1la barışıq əldə edə bilmədiyi üçün həmin epizod üzrə ziyana dair dövlət büdcəsinə ödəniş edə bilməmişdir. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki. barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 2019-cu ilin may ayında tanış olmuşdur. O, həmin dövrdə "xxxx" Kiçik Müəssisəsinin təsisçisi olaraq Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən sexdə spirtli içkilərin qablaşdırılması ilə məşğul olurmuş. Cabirin əmisi qızı Dilşad onların müəssisədə çalışırmış, sonuncu Cabirlə onu tanış etmiş və Cabirin spirtli içkilərin satışı ilə məşğul olduğunu bildirmişdir. O, da Cabirlə görüşmüş sonuncu Bakı şəhərində spirtli içkilərin satışı ilə məşğul olduğunu və qarşılıqlı şəkildə işləyə biləcəklərini bildirmişdir. Cabir spirtli içkiləri pulunu sonradan ödəmək şərti ilə götürmək istədiyini bildirmiş, o, əvvəlcə bu təkliflə razılaşmamışdır. Lakin Cabir etibarlı adam olduğunu, heç vaxt onu aldatmayacağını, Bakı şəhərində hamının onu tanıdığını, qardaşı Sabirin isə polis zabiti olduğunu bildirməklə onda özünə qarşı etibar yaratmışdır. Bundan sonra onlar razılaşmışlar və Cabir 2019-cu ilin may ayında bir neçə dəfə ondan xırda məbləğlərdə spirtli içkilər alıb dediyi vaxtda məhsulun pulunu ödəmişdir. Cabir müəssisədən ümumilikdə 21.830 manat dəyərində spirtli içkilər götürmüş, sonrakı müddətdə Cabir müəssisəyə 1.370 manat ödəniş etmiş və pulun qalan hissəsini isə ödəməmişdir. Cabir söz verdiyi müddət ərzində götürdüyü məhsulun pulunu ödəmədiyi üçün o, dəfələrlə Cabirə zəng edib pulu ödəməsini xahiş etmişdir. Cabir isə hər dəfə bir bəhanə gətirib pulun ödənməsi ilə bağlı vaxt istəmiş, o, isə Cabirə inandığı üçün pulun ödənilməsi ilə bağlı vaxt vermişdir. Sonra görmüşdür ki, Cabir onu aldadır. Bundan sonra o, Cabirlə sərt şəkildə danışmış və pulu ödəməsini, əks halda bu barədə polisə şikayət edəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir, həmin vaxt yaxınları tərəfindən mənə qismən ödəniş edilmiş hissə-hissə olmaqla ödəniş edilmişdir, qalan 11000 manat pulu hər ay ödəyəcəklərini bildirsələr də heç bir ödəniş etməmişlər. İbtidai istintaq zamanı natariusa gedərək barışması və şikayət və tələbinin olmamasını bildirsə də, aldadıldığını, ona ziyanın qaytarılmadığını bildirmiş və məhkəmədə verdiyi ifadəsinin qbul olunmasını xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan 11000 manatını qaytarmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs şikayətçidir və barəsində cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2021-ci ildə tanış olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən “Sicilia” adlı restoranı işlədirmiş. Cabirlə aralarında dostluq münasibətləri yaranmışdır. Cabir 2023-cü ilin yanvar ayında söhbət əsnasında ona bildirmişdir ki, o, restoran işlətməklə bərabər Naxçıvan MR-dan tütün və uşaq şirniyyat məhsulları alıb gətirib Bakı şəhərində satışını təşkil etməklə də məşğul olur Cabir həmin məhsulların Naxçıvanda ucuz olduğu üçün oradan alıb Bakı şəhərinə gətirib satışını təşkil etməkdə qazanc olduğunu qeyd etmişdir. Cabir ona təklif etmişdir ki, həmin işə yatırım edərsə ona da qazanc verə bilər. Onun özünə məxsus pulu olduğu üçün Cabirin təklifi ilə razılaşmışdır. İlk dəfə 16 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, R.İ.Həşimov küçəsində yerləşən “Araz" marketdən ödəniş terminalı vasitəsi ilə Cabirin ona verdiyi bank hesabına 2.500 manat pul köçürmüşdür. Bundan sonrakı müddətdə Cabir hissə-hissə olmaqla ona ümumilikdə 750 manat xeyir olaraq pul vermişdir O, isə Cabirdən işlərin gedişatı ilə bağlı soruşduqda sonuncu hər dəfə bildirmişdir ki, işlər qaydasında gedir və bir müddətdən sonra 2023-cü ilin iyul ayının sonlarında Cabir ona müraciət edib Naxçıvandan əvvəlkindən daha çox tütün və uşaq şirniyyat məhsulları alıb gətirmək istədiyini bildirmiş və ondan əlavə olaraq 3.000 manat pul istəmişdir. O, da Cabirin təklifi ilə razılaşıb pulu karta göndərmişdir. Cabir sonuncu dəfə həmin işə yatırım etmək adı ilə ondan əlavə olaraq 500 manat pul istəmiş və o. da 2023-cü ilin avqust ayında Cabirə nağd şəkildə 500 manat pul vermişdir. Bununla da o, birlikdə ticarət fəaliyyəti ilə məşğul olub qazanc əldə etmək adı ilə Cabirə ümumilikdə 6.000 manat pul vermiş olmuşdur. Cabir isə məhsulları satıb onun pulunu tez bir zamanda qaytaracağına söz versə də, 2-3 ay keçməsinə baxmayaraq Cabir pulu qaytarmamışdır. O, təkrar Cabirə müraciət etmiş və sonuncu pulun qaytarılması ilə bağlı əlavə vaxt istəmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxs birgə ticarət fəaliyyəti ilə məşğul olaraq qazanc vermək adı ilə aldadaraq ondan 16 01.2023-cü il tarixdə 2.500 manat, xx.xx.2023-cü il tarixdə 3.000 manat və 2023-cü ilin avqust ayında isə 500 manat pul alıb ələ keçirdiyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurmuş olduğu maddi ziyanı tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu narədə ərizələrinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2023-cü ilin dekabr ayının ortalarında tanış olmuşdur. Belə ki, o, həmin dövrdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Keşlə" bazarında təsadüfən Zaur Məmmədov adlı şəxslə tanış olmuş, söhbət zamanı Zaur ona “Moon Crown" adlı restoranda nəzarətçi işlədiyini və restoranı işlədən Təqsirləndirilən şəxs adlı şəxsin restorana gündəlik ərzaq məhsulları alıb verə biləcək şəxs axtardığını bildirib, ona təklif etmişdir ki, istəyirsə həmin restoranı işlədən Cabir adlı şəxslə onu tanış edə bilər. O, da Zaurun təklifi ilə razılaşıb elə həmin günü Zaurla birlikdə “Moon Crown” adlı restoranı getmişlər. Zaur restoranda onu Təqsirləndirilən şəxsla tanış etmişdir. Cabir ona həmin restoranın müdiri olduğunu bildirmiş və onunla söhbət edərək gündəlik olaraq restoranda istifadə ediləcək ərzaq məhsullarını və spirtli içkiləri alıb gətirib restorana verməsini və 2-3 gündən bir onun pulunun ödəniləcəyini bildirmişdir. O, Cabiri yaxşı tanımadığını və pulun nağd şəkildə ödənilməsini xahiş etmişdir. Bu zaman Cabir özünün etibarlı iş adam olduğunu, “Moon Crown” adlı restorandan başqa şəhərdə digər obyektlər də işlətdiyini və böyük qardaşının polis rəisi olduğunu bildirib, onda özünə qarşı etibar və güvən yaratmışdır. Bundan sonra o, bir daha Cabirlə görüşüb qarşılıqlı şəkildə hansı formada işləyəcəkləri barədə danışmışlar və o. işə başlamışdır. Restoranda nəzarətçi işləyən Zaur hər axşam vaxtı ona alınacaq ərzaq və içki məhsullarının siyahısını göndərirmiş və o, da sabahı günü səhər vaxtı həmin məhsulları, yəni meyvə-tərəvəz, ət və süd məhsullarını, qeyri-qida məhsullarını, spirtli və spirtsız içkiləri “Keşlə”, “Yaşıl", "Meyvəli” bazarlarında və eləcə də müxtəlif topdan satış məntəqələrində alıb aparıb restoranda Çingiz Əliyev adlı şəxsə təhvil verirmişdir. O, hər dəfə məhsulları restorana verən zaman Cabirlə görüşüb ondan ödəniş etməsini istəmiş, lakin Cabir gecikdirirmiş, onunla elə bir inandırıcı şəkildə danışırmış ki, o, Cabirə etibar edib məhsul verməkdə davam edirmiş. O, sonuncu dəfə 30 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ərzaq məhsulları verdikdən sonra sonuncu ona narahat olmamasını və 02 yanvar 2024-cü il tarixdə ona olan borcunun bir hissəsini ödəyəcəyini bildirmişdir. O, da Cabirə borcunu ödəyəndən sonra restorana ərzaq məhsulları verə biləcəyini qeyd etmişdir. Cabir ondan xahiş edib yeni il gecəsi restoranda müştəri çox olacağını və restorana yenə də ərzaq məhsulları verməsini xahiş etmiş, lakin o, Cabirin təklifi ilə razılaşmamışdır. Ümumilikdə 18.703 manat 49 qəpik məbləğində ərzaq, içki və qeyri-qida məhsulları verdiyini, məhsulları verməmişdən qabaq şəxsən Təqsirləndirilən şəxsla danışdığını və verilən məhsulların pulunun Təqsirləndirilən şəxs tərəfindən ona ödəniləcəyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurmuş maddi ziyanın tam şəkildə ödənildiyini bildirmişdir. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş ərizələrin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2024-cü ilin may ayının əvvəllərində tanış olmuşdur. Həmin dövrdə o, tikinti sahəsində istifadə olunan əlcəklərin satışı ilə məşğul olurmuş. Təqsirləndirilən şəxs bu barədə məlumatı olduqdan sonra sonuncu əlcəklərin satışını təşkil etmək üçün ona müştəri tapmasını təklif etmişdir. Bundan bir neçə gün sonra o, Cabirin tapdığı müştəriyə 6.000 manat məbləğində tikinti sahəsində istifadə olunan əlcəklər satmış, əldə olunan xeyirdən isə hörmət əlaməti olaraq Cabirə 300 manat pul vermişdir. Aralarında heç bir narazılıq olmamışdır. Bundan bir neçə gün sonra Cabir təklif etmişdir ki, pulunu sonradan ödəmək şərti ilə ondan əlcəklər alsın, aldığı əlcəklərin satışını rayonlarda təşkil etsin, aldığı malın pulunu isə qısa zamanda, yəni 3-5 gün ərzində ödəsin. O, əvvəlcə Cabirin təklifi ilə razılaşmasa da sonradan Cabirin onunla etibarlı şəkildə danışması, özünü normal şəkildə fəaliyyət göstərən kiçik sahibkar kimi göstərməsi onda Cabirə qarşı etibar yaratmışdır. Cabir böyük qardaşının polis rəisi olduğunu bildirməsi, onun Cabirə olan etibarını daha da gücləndirmişdir. Bundan sonra o, 13 may 2024-cü il tarixdə 19.680 manat dəyərində olan tikintidə istifadə olunan əlcəyi pulunu sonradan, yəni 3-5 gün ərzində ödəmək şərti ilə Təqsirləndirilən şəxs satmışdır. O, bir cütü 41 qəpik olmaqla Cabirə ümumilikdə 48.000 cüt əlcək vermişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqdim edilən ərizələrin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəsatəti əsasında dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır və onunla aralarında yaxın münasibət olmuşdur. Bildiyi qədəri ilə Təqsirləndirilən şəxs biznes fəaliyyəti ilə məşğul olmuşdur və bu fəaliyyət ilə əlaqədar müəyyən şəxslərə borcu yaranmışdır. Borclu olduğu şəxslərdən biri də Zərərçəkmiş şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən sonra onun İstintaq Təcridxanasında olması səbəbindən qardaşı tərəfindən ona konvertdə pul verilmiş və o, həmin pulu Zərərçəkmiş şəxs1 notarusda vermişdir və Zərərçəkmiş şəxs1 da barışıq ərizəsini vermişdir. Lakin həmin konvertin içində olan pulun hansı məbləğdə olmasını bilməmişdir. Məhkəmənin sualına cavab olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin konvertdəki pul azz məbləğdə olmuşdur, daha sonra hər ay 2000 manat olmaqla qalan pulu qaytaracaqlarına söz verdikləri üçün barişiq ərizəsini notarius vasitəsilə vermişdir. Lakin, qalan 11000 manat pulu qaytarmamışlar. Ona görə də ərizənin nəzərə alınmamasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1204/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç ay) həddində həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəlinin 25 sentyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 205-1, 178.2.1-ci maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il taridə cərimə məbləği dövlət nəfinə tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs4 tərəfindən yazılmış və notarial təstiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən və xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onunla barışmışlar. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış və notarial təstiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən və xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. "xxxx" ASC-yə məxsus xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 9605,00 manat dövlət hesabına ödəniş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1507/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddəti ibtidai istintaq müddətinin sonunadək müəyyən edilmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış və notarial təstiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən və 29.05 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış və notarial təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də olmayacaqdır. “Polisin nəzarəti altına vermə qətimkan tədbirnin seçilməsi haqqında” 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladı (xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6) var. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və işdə olan digər istintaq sənədləri ilə tam sübut olunur. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1a dəymiş ziyanı tam ödəməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır. Qeyd olunan ifadənin özünümüdafiə xarakter daşıdığı və məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyü qənaətinə gəlir. Həmçinin qeyd olunan hal məhkəmə istintaqında kifayət qədər sübutlarla, zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə təkzib olunmuşdur. Bununla yanaşı Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini əsas götürməklə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın qismən ödənilməsi və hazırda 11000 manat məbləğində ziyanın ödənilməməsi ilə bağlı ifadəsi ilə razılaşır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs maddi ziyandan 3 zərərçəkmiş şəxsə münasibətdə tam ödənilməsini və dövlət büdcəsinə ödəniş edilməsini, 1 zərərçəkmiş şəxsə isə qismən ödənilməsini, zərərçəkmiş şəxslərin üçü ilə barışıq əldə edilməsini, ailəsinin yeganə gəlir mənbəyi olmasını, himayəsində iki nəfər yetkinlik yaşına çatmayn övladlarının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq dövründə həbsdə və ev dustaqlığında saxlanıldığı (xx.xx.2024-xx.xx.2025-ci il tarixləri) müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və dərhal məhkəmə iclas zalından azad olunmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi hər iş saatı üçün 11 (altı) manat olmaqla 60 (altımış) iş saatı üçün 660 (altı yüz altımış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı (xx.xx.2024-xx.xx.2025ci il tarixləri) müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il, 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 20:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Bakı şəhəri 15 saylı vəkil Bürosunun vəkili X10 tərəfindən istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat olmaqla 60 (altımış) iş saatı üçün 660 (altı yüz altımış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar