Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-231/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2 və onun vəkili Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili və nümayəndəsi X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 iştirakları ilə, X2 X9 və X10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 148-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmaları barədə xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək X9 və X6 CM-in 148-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmaları barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər - X9 və X1 nümayiş etdirilən internet informasiya ehtiyatında onu təhqir etmiş, yəni kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışlar. Belə ki, onlar şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan ifadələr işlətməklə, video yayım formasında olan çıxışında nalayiq hərəkətlər etməklə - yəni üzərində müəyyən təhqiredici jestlər nümayiş etdirməklə kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatı sayılan “AzerFreedom” TV-nin youtube kanalında yayıb onu təhriq etmişlər. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən X9 və X10 şəxsi-qərəzlik, şəxsi və maddi maraqları məqsədi ilə onun haqqında həqiqətə uyğun olmayan, nüfuzuya və şəxsiyyətinə zərər vuran, imicinə ləkə gətirən, şərəf və ləyaqətimi alçaldan, onu nüfuzdan salan nalayiq sözlər söyləməklə, haqqında ələ salıcı ifadələr işlətməklə, həmçinin çıxışının nümayiş etdirildiyi video yazıya müdaxilə edib nalayiq formalı təhqiredici jestlər etməklə həmin məlumatları internet informasiya ehtiyatı sayılan “AzerFreedom” TV-nin youtube kanalında kütləvi nümayiş etdirmişlər. Kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında məzmunu yayılan 2 saat 57 dəqiqə 49 saniyəlik video faylın l:08:40-cı saniyəsindən 1:14:45-ci saniyəsinə kimi və l:42:38-ci saniyəsindən l:53:30-cu saniyəsinə kimi olan hissələrində şərəf və ləyaqətini nalayiq formada alçaldan təhqir edici xarakterli məlumatlar və edilən hərəkətlər aşağıdakılardır: barəsində deyilən nalayiq sözlər - yalançı, fırıldaqçı, müqəvva, yaramaz, alçaq qadın, küçə qadını, murdar, nəslinin ləkəsi və s.; barəsində edilən təhqiredici hərəkətlər - kanalda nümayiş etdirilən çıxışının video yazısının üzərində əlavə söz və ifadələr yazmaqla sinə nahiyəsinə sağdan və soldan oxlar istiqamətləndirilmişdir. O, bir Azərbaycan qadınıdır və şəhid ailəsidir. Həyat yoldaşı birinci Qarabağ müharibəsində vətən uğrunda şəhid olmuşdur. Belə olan halda aydın olur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən səxslər - X9 və X1 informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında onun sərəf və ləyaqətini ləkəyən informasiyanı qəsdən yaymaqla onu təhqir etmişlər, yəni onlar ayrı-ayrı şəxsləri yayımladıqları verilişə cəlb etməklə kütləviliyi təmin edərək şəxslərin təhqirlərdə iştirakına şərait yaradıb kütləvi informasiya vasitəsində qəsdən onun şərəf və ləyaqəqitini alçaldan ifadələr işlətməklə, nalayiq formalı təhqir edici hərəkətlər etməklə, mənəvi-əxlaqi dəyərlərə zidd onu ələ salan sözlərdən istifadə eməklə şərəf və ləyaqətini alçaldan və onu nüfuzdan salan məlumatları 21 yanvar 2022-ci il tarixdə “AzerFreedom” TV-nin youtube kanalında kütləvi şəkildə yaymışdır. Bununla da X9 və X6 bu əməli Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin təsiri altına düşür. Onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan, imicinə ləkə gətirən, onu nüfuzdan salan təhqir edici məlumatları və hərəkətləri kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatı sayılan - “AzerFreedom” TV-nin youtube kanalında 21 yanvar 2022-ci il tarixdə yayaraq təhqir etmiş barəsində xüsusi niham qaydasında şikayət verilən X9 və X6 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilmələri və onlara həmin maddənin sanksiyasında nəzərdə tutulan ən ağır həddə cəza təyin olunması barədə ittiham hökmü çıxarılması, verilmiş mülki iddianı icraata qəbul etməklə törədilən əməl nəticəsində ona vurduqları mənəvi zərərin əvəzi olaraq barəsində xüsusi ittiham qaydasında şikayət edilən, mülki cavabdehlər X9 və X4 ayrı-ayrılıqda hərəsindən 30.000 manat olmaqla cəmi 60.000 məbləğində pulun alınaraq ona ödənilməsini təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X7 və onun vəkili nümayəndəsi X8 şikayətin məzmununu müdafiə edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 şikayəti qəbul etməyərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmuş barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X9 məhkəmə hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 299.11-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasını barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-in 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. CPM-in 74.1-ci maddəsində cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılması, 74.2.1-ci maddəsində uzanan cinayətin başa çatdığı yerin onun törədildiyi yer hesab olunması, 74.2.2-ci maddəsində cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yerin davam edən cinayətin başa çatdığı yer hesab olunması, 74.3-cü maddəsində xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aid olması müəyyən olunmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Lakin, xüsusi ittiham qaydasında şikayət vermiş X7 CPM-in 74-cü maddəsi ilə müəyyən olunmuş məhkəmə aiddiyyəti qaydalarını pozaraq böhtan və ya təhqir xarakterli sonuncu məlumatların yayıldığı kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəməsinə müraciət etməli olduğu halda, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraiət etmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayətdən göründüyü kimi, X9 və X10 “AzerFreedom” TVnin youtube kanalında 2 saat 57 dəqiqə 49 saniyəlik video faylın 1:08:40-cı saniyəsindən 1:14:45-ci saniyəsinə kimi və 1:42:38-ci saniyəsindən 1:53:30-cu saniyəsinə kimi olan hissələrində şərəf və ləyaqətini nalayiq formada alçaldan təhqir edici xarakterli məlumatlar və edilən hərəkətlər etdiyi göstərilmişdir. Göstərildiyi kimi, həmin məlumatlar “AzerFreedom” TV vasitəsilə “Youtube” internet portalında yayılmışdır ki, göstərilən internet portalının hüquqi ünvanının məlum olmaması, yaxud da onun xaricdə qeydiyyata alınması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, işə məhz Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmasını təsdiq edən sənədləri təqdim etmək vəzifəsi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin üzərinə düşdüyündən, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs isə həmin sübutları şikayətə əlavə etmədiyindən şikayətin məhkəmə aidiyyatı üzrə göndərilməsi mümkün deyildir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Lakin göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs sonuncu məlumatların yayıldığı, yəni törədilməsi ehtimal olunan cinayət əməlinin başa çatdığı internet portalının hüquqi ünvanı və ya bü ünvanın məlum olmaması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin xüsusi ittiham qaydasında şikayətdə X5 ata adı düzgün qeyd edilməmiş, Cəlal əvəzinə Cəlil göstərilmiş və bununla da CPM-in 293.3.3-cü maddəsinin tələblərini pozmuşdur. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-in 293.3.1-293.3.7-cü maddəsində göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair tələblərinə riayət edilmədən verildiyindən, yəni xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyətini müəyyən etmək mümkün olmadığından və işə məhz Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmasını təsdiq edən sənədləri təqdim etmək vəzifəsinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin üzərinə düşdüyündən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 X9 və X10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmalarsı barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-231/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-231/2022
18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver