Məhkəmə qərarları › İş №1(005)-233/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-233/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-233/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul, əvvəllər məhkum olunmamış, ünvan 4-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla havadamcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda və İTS.GOV.AZ portalından sms vasitəsi ilə ona 10.10.2021-ci il tarixdə göndərilmiş inzibati və cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlığa məhəl qoymayaraq, özünün təcrid qaydalarını pozaraq 14 oktyabr 2021-ci il tarixdə saat 16:50 radələrində yaşadığı ünvan 1 ünvanını tərk edərək piyada Bakı Metropoliteni QSC-nin “Gənclik” stansiyasına gəlməklə müəyyən olunmuş qaydalara riayət etməyərək karantin rejimini və “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitargigiyena qaydalarını pozaraq digər şəxsləri yoluxdura biləcəyi istisna edilmədiyi halda xəstəliyin yayılması üçün real təhlükə yaratmış və həmin gün saat 17:00 radələrində Metropolitenin “Gənclik” stansiyasında xidmət aparan Bakı Metropolitenində Polis Şöbəsinin PPX-nin əməkdaşı tərəfindən koronavirus (Covid 19) infeksiyasına yoluxduğu halda karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığından saxlanılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2019-cu ildən hal-hazıra kimi Bakı şəhəri, Binəqədi rayonu, Yaşıllaşdırma idarəsində fəhlə işləyir. 10.10.2021 -ci il tarixdə o, 18 saylı poliklinikaya gedərək yaxma vermişdir. 09.10.2021 -ci il tarixdə saat 08 radələrində o, metronun “Dərnəgül” stansiyasının yanında yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Yaşıllaşdırma idarəsinə işə getmişdir. Həmin gün Nahar fasiləsindən sonra səhətində ağırlaşma olduğundan briqadir Xanlar müəllimə yaxınlaşaraq ondan həkimə getmək üçün icazə almışdır. Lakin həmin gün həkimə yox evə getmişdir. Vəziyyəti pisləşdiyi üçün o, növbəti gün yəni 10.10.2021 -ci il tarixdə səhər saatlarında 18 nömrəli poliklinikaya gedərək “Covid-19” bağlı test vermişdir. Həmin vaxt ondan yaxma götürən həkim istifadəsində olan mobil nömrəni soruşmuşdur. O, həmin vaxt həkimə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni vermişdir. Yaxma verdiyi gün onun istifadəsində olan mobil nömrəyə İTS.GOV.AZ sayıtından sms gəlmişdir. Həmin smsdə onun 10.10.2021- ci il tarixdə verdiyi testin nəticəsi pozitiv olması bildirilmişdir. Həmin smsdə həmçinin o və ailə üzvlərinin yaşadıqları evi tərk etməmələri bildirilmişdir. Yaşadığı evi tərk edəcəyi halda Azərbaycan Respublikası CM-nin və İnzibati Xətalar məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq qeyd edilmişdir. 14.10.2021 -ci il tarixdə günorta saatlarında yaşadığı ünvan 4 ünvanını tərk edərək piyada gəzə-gəzə metronun “Gənclik” stansiyasına gəlmişdir. Metronun “Gənclik” stansiyasına daxil olarkən polis əməkdaşı onu saxlamış və tibbi maskadan düzgün istifadə etmədiyini bildirmişdir. Sonra onun ad və soyadını portal sistemində yoxlamış və pozitiv “Covid-19” xəstəsi olmağını bildirmişdir. Polis əməkdaşları onunla proflaktiki söhbət apardıqdan sonra onu polis avtomobili ilə yaşadığı evə gətirib düşürtmüşlər və müalicə aldığı müddətdə yaşadığı evi tərk etməməyi barədə xəbərdarlıq etmişlər. Bundan başqa o, 14.10.2021-ci il tarixdən başqa digər tarixlərdə yaşadığı ünvanı tərk etmədiyini, yalnız sağaldıqdan sonra bu barədə tibbi sənədi iş yerinə təqdim edib işə çıxdığını, o, əvvəllər yəni 2021-ci ilin may ayında 1 doza üzrə 2021-ci ilin iyun ayında 2-ci doza üzrə vaksin vurdurduğunu bildirmişdir. Etdiyi əməldən peşmandır. Ailəlidir, himayəsində bir yetkinlik yaşına çatmayan övladı var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2004-cü ildən DİO-da, 2021-ci ildən isə Bakı Metropolitenində Polis Şöbəsində xidmət edir. 14.10.2021-ci il tarixdə saat 17:00 radələrində Bakı Metropoliteni QSC-nin “Gənclik” stansiyasında xidmətdə olmuşdur. Həmin vaxt təxminən 40-45 yaşlarında bir nəfər şəxsin tibbi maskadan düzgün istifadə etmədiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşıb ona özünü təqdim etmişdir. Həmin şəxs ondan nə üçün onu saxladığını soruşmuşdur. O, həmin şəxsə tibbi maskadan düzgün istifadə etmədiyini bildirmişdir. Həmdə o, həmin şəxsə Bakı Metropoliteni QSC-nin qapalı məkan olduğunu və həmin məkandan tibbi maskdan istifadənin məcburi olduğunu bildirmişdir. Sonra həmin şəxs özünü ona təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O, həmin şəxsin təqdim etdiyi ad və soyadı təhkim edilmiş portal sisteminə daxil etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs pozitiv “COVİD-19” xəstəsi olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs pozitiv “Covid-19” xəstəsi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonu çıxaraq həmin telefonun sms bölməsinə daxil olmuşdur. Telefona baxan zaman ona 10.10.2021-ci il tarixdə İTS.GOV.AZ sayıtından pozitiv xəstə olmağı ilə bağlı sms gəldiyini görmüşdür. Bundan başqa o, Təqsirləndirilən şəxs saxlayan zaman onun üzərində tibbi maska olduğunu, lakin həmin tibbi maskanı təyinatı üzrə düzgün istifadə etmədiyini, çənə nahiyyəsində saxlayaraq burun nahiyyəsinin və ağız boşluğunun tibbi maska vasitəsi ilə örtürülməsinin təmin olunmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş üzrə 14 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung" markalı mobil telefona baxış keçirilən zaman telefonun SMS bölməsində olan 17 ədəd SMS-dən birinin İTS.GOV.AZ-dan ünvanlandığı müəyyən edilmişdir. Həmin SMS 10 oktyabr 2021-ci il tarixdə saat 11:09 daxil olmuşdur. SMS-də Hormetli BEXTİYAR MUXTAROV.Sizin 10.10.2021-ci il tarixinde COVİD-19 ilə bağlı verdiyiniz testin nəticəsi POZİTİVDİR. Xahish olunur, siz və ailə üzvlərinizin yashayış yerinizi terk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə, Azerbaycan Respublikasının inzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmush qaydada məsuliyyətə cəlb oluna bilərsiniz. İD: **********.tel:1542 mətni əks olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nərimanov Rayonu Gigiyena və Epidemiologiya mərkəzindən alınmış 16 oktyabr 2021-ci il tarixli 3913/19 saylı məktubdan müəyyən olumuşdur ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 11.10.2021 -ci il tarixində Covid 19 diaqnozu təsdiqlənmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən alınmış 27 oktyabr 2021-ci il tarixli PHŞ-1.1-2-2021-3925 saylı məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 10.10.2021-ci il tarixdə COVİD-19 virus infeksiyasına görə götürülən testin nəticəsi pozitiv olmuş və 14 gün müddətində yaşayış yerini tərk etməsi qadağan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 14 oktyabr 2021-ci il tarixli raporta əlavə olunmuş 01 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2021-ci il tarixdə Bakı Metropolitenində Polis Şöbəsinin polis əmədaşları tərəfindən Bakı Metropoliteni QSC-nin “Gənclik" stansiyasında yoxlanılan zaman pozitiv “COVİD 19” xəstəsi olmağı müəyyən edilmişdir və Təqsirləndirilən şəxs həmin görüntüdə pozitiv “COVİD-19" xəstəsi olduğunu bildiyini və 14 oktyabr 2021-ci il tarixdə yaşadığı evi tərk etdiyini bildirmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anamotimya birliyindən alınmış 19 yanvar 2022-ci il tarixli 21/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komisiyası aşağıdakı nəticəyə gəlir: 10.10.2021-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış labarator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19’' virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxslərin xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. İş üzrə 03 fevral 2022-ci il tarixli “Götürmə haqqında" protokoldan görünür ki, təqsirləndirilən şəxs hər iki doza vaksin olunmağı ilə bağlı “VACCİNATİON CARD” təqdim etmiş və protokolla götürülmüşdür. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 29.12.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamuşdur. “Qətimkan tədbiri seçilməsi haqqında” 25.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barədə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” 17 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmə iltizam” qətimkan tədbiri qanuni və əsaslı olduğundan, dəyişmədən qüvvəsində saxlanılmiş, Cinayət işinin materiallarına əlavə edilmiş 14 oktyabr 2021-ci il tarixli raporta əlavə edilmiş 01 ədəd diskə baxış protokolu, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”-dən alınmış 27 oktyabr 2021-ci il tarixli PHŞ-1.1-2-2021-3925 saylı məktub, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kommunikasiya-İformasiya İdarəsindən daxil olmuş 1 ədəd DVD formatlı diskə baxış protokolu, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anamotimya birliyindən alınmış 19 yanvar 2021-ci il tarixli 21/KEŞ nömrəli ekspert rəyi, mobil telefona baxış protokolu 03 fevral 2022-ci il tarixli və 04 fevral 2022-ci il tarixli götürmə protokolları sübut növü kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi Azərbaycan Respublikası ərazisində adamların sağlamlığının qorunmasında və möhkəmləndirilməsində, cismən və ruhən inkişafında, fəal uzunömürlüyündə vətəndaşların və cəmiyyətin hüquq və mənafelərini həyata keçirməyin zəruri şərti kimi əhalinin sanitariyaepidemioloji salamatlığı sahəsində ictimai münasibətləri tənzimləyir; 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır: - dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi; - insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; - sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; - gigiyena tənzimlənməsi və epidemioloji tənzimləmə qaydasının müəyyənləşdirilməsi, sanitariya normalarının və qaydalarının hazırlanması; - əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən iqtisadi mexanizmin yaradılması; - sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; - vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması; 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülkihüquq məsuliyyətinə cəlb edilə bilərlər. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü və dördüncü hissələrinə uyğun olaraq hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli, 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın: 1.2-ci bəndinə əsasən yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Qaydalarda göstərilən tədbirlərin tətbiqi barədə qərar qəbul edir. Həmin qərarın icrası və icrasına nəzarət Azərbaycan Respublikasının Nazirlər Kabineti və ya müəyyən edilən dövlət orqanı, komissiya, qərargah və yaxud digər qurum tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda, vəziyyətin kəskinliyi nəzərə alınmaqla aşağıdakı müvəqqəti tədbirlər görülə bilər: - xüsusi sanitar rejim (yoluxucu xəstəliyə yoluxmuş, yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin və onlarla təmasda olan digər şəxslərin təcrid edilməsi və müalicəsi üçün xüsusi qaydaların tətbiqi; yoluxucu xəstəliyə yoluxmuş, yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin təcrid edilməsi və müalicəsi üçün ayrılmış tibb müəssisələrinin idarə edilməsi, həmin müəssisələrdə sanitariya-epidemioloji, məhdudlaşdırıcı, qidalanma, xəstələrin çeşidlənməsi, laborator müayinə, tibbi tullantıların idarə edilməsi və digər sahələrdə xüsusi qaydaların tətbiq edilməsi istiqamətində göstəriş verilməsi); - xüsusi hərəkət rejimi (kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması, vətəndaşların hərəkət sərbəstliyinin məhdudlaşdırılması, Azərbaycan Respublikasının ərazisinə və ya onun ayrıayrı hissələrinə giriş-çıxışa məhdudiyyətlərin müəyyən edilməsi, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması, habelə nəqliyyat vasitələrinin sürücülərinin və sərnişinlərinin yoxlanılması); 3.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinin pozulması Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. CM-in 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yeni növ koronavirus - COVİD-19 infeksiyasına yoluxmasına və bu barədə İTS.GOV.AZ portalından sms vasitəsi ilə ona 10.10.2021ci il tarixdə göndərilmiş inzibati və cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlığa, habelə karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəyi barədə ona xəbərdarlıq edilməsinə məhəl qoymayaraq, yaşayış yerini tərk etmiş və bununla da karanlin rejimini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Yəni, xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədi ilə tətbiq edilən məhdudiyyətlər Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib peşman olmasını, ailə vəziyyətini, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını, İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməllərində cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar