Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-233/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X5, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də sürücü işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, X18 Karxanası, ev 110 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur.. Belə ki, Təqsirləndirilən şəxs adına xx.xx.2017-ci il tarixdə verilmiş BC kateqoriyalı, AF014155 №-li sürücülük vəsiqəsi əsasında, 20 oktyabr 2024-cü il tarixdə, saat 19 radələrində texniki cəhətdən saz olan, özünə məxsus Mercedes Benz-E 240 minik markalı, 90KN089 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nərimanov rayonu, X19 Türk küçəsi ilə “Ulduz” metrostansiyası istiqamətində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X18 Karxanası, ev 110 saylı ünvan istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tələbləri görməli olduğu halda hadisənin qarşısıni almağa texniki imkanı olmasına baxmayaraq bunlara əməl etməmiş və avtomobilin sağ qabaq hissəsi ilə yolu keçmək istəyən piyada X7 ehtiyatsızlıqdan vuraraq ona - qapalı kəllə - beyin travması, kəllə - tağı və əsas sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma, sağ və sol göz ətrafı nahiyyənin hematoması, burun sümüklərinin sınıqları, sağ gicgah nahiyyəsinin, sağ sağrı nahiyyəsinin, sağ və sol diz oynağının, sol baldırın sıyrılmış yaraları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaların altına qansızma ilə nəticələnən və ölümünə səbəb olan xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. 2011-ci ildə əldə etdiyi AF 014155 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsi ilə özünə məxsus “Mercedes Benz E klass 240” minik markalı, Az 90KN089 dövlət qeydiyyat nişanlı avtomobili 20 oktyabr 2024-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X19 Türk küçəsi ilə, üzü “Ulduz” metrostansiyası istiqamətində idarə etdiyi zaman dairəni keçmiş, dairədən qabağa sağa, yaşadığı məhəllə istiqamətində hərəkətdə olan zaman avtomobilinin qabaq sağ künc hissəsinə nəyinsə çırpılmasını eşitmiş, avtomobilinin sağ qabaq şüşəsinə kişi cinsinə məxsus bir şəxsin çırpılmasını və qabaq asfalt örtüyə düşdüyünü görmüşdür. Avtomobilini dərhal saxlayaraq, avtomobilindən düşmüş, yerdə uzanan həmin şəxsin nəbzini yoxladıqda, nəbzin yüngül döyündüyünü bilmiş və dərhal “102” xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Ətrafda olan tanımadığı şəxslər isə TTYS-yə zəng vurub həkim çağırmışlar. Bir qədər sonra hadisə yerinə TTYS-in əməkdaşları gəlmiş, həmin şəxsin ölməsini görüb getmişlər. Hadisə zamanı idarə etdiyi avtomobil 50- 60 km/saat sürətlə hərəkətdə olmuşdur. Piyadanı avtomobilin sol farasının qarşısında sağa keçərkən görmüşdür. Piyadanı gördüyü anda idarə etdiyi avtomobil ilə piyada arasında təxminən 5-6 metr məsafə olmuşdur. Sonda törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və dəymiş ziyanın ödənilməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərdi ki, atası Rövşən Xəlilovun təxminən 20 ildir Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsində yaşadığını, ancaq yaşadığı ünvanı dəqiq bilmədiyini göstərmişdir. 20 oktyabr 2024-cü il tarixdə, saat 23 radələrində İmişli rayonunda, evində olduğu vaxt, xatırlamadığı şəxs ona zəng edərək atasını yolda avtomobil vurduğunu və vəfat etdiyini xəbər vermişdir. Səhərə yaxın atasının meyitini ata evləri olan Kürdəmir rayonu, Sovla kəndinə gətirdiklərini və kənd qəbirstanlığında dəfn etdiklərini qeyd etmişdir. Əldə etdiyi məlumata görə atası axşam vaxtı evinə gedərkən yoldan keçən avtomobil onu vurmuş və atası aldığı zərbədən vəfat etmişdir. Hadisəni törədən avtomobilin sürücüsünün kim olduğunu istintaq zamanı öyrənmişdir. Sonda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara dəymiş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” barədə 20 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, X17 prospekti 19/86 saylı ünvanda baş vermişdir. 20 oktyabr 2024-cü il tarixdə Səfərov X4 Benz-E 240 minik markalı, 90KN089 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nərimanov rayonu, X19 Türk küçəsi ilə “Ulduz” metrostansiyası istiqamətində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X18 Karxanası, ev 110 saylı ünvan istiqamətində hərəkətdə olan zaman piyada X7 vuraraq öldürmüşdür. Avtomobili vurduğu yerdən tərpətməmişdir.xxxxxxxxxxxxxxxx oğlunun üzərində aşkar olunmuş, içərisində 4 (dörd) ədəd şəffaf sellofana bükülmüş büküm bir ədəd kağız zərfdə, 1 ədəd qara rəngli sellofana bükülmüş büküm çanta ilə birlikdə sellofan paketdə qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənib götürülmüşdür (cild 1, iş vərəqi 35-36). “Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə” 20 oktyabr 2024-cü il tarixli, 2/58147 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. AB 602089 nömrəli, 25 fevral 2011-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz-E 240” minik markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir. “Avtomaşına baxış keçirilməsi haqqında” 22 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, “Mercedes Benz-E 240” minik markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobil 1999-cu il buraxılışlı, gümüşü rənglidir, avtomobilin sağ qabaq hissəsi sınmış vəziyyətdədir. Avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. AF 014155 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə xx.xx.2027-ci il tarixədək etibarlı olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. “SD diskə baxış keçirilməsi haqqında” 05 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X17 prospekti 19/86 saylı ünvanda Təqsirləndirilən şəxs üzü Daş Karxanası 110 istiqamətində dörd zolaqlı yol ilə sağdan sola istiqamətində birinci zolaqda yolu hərəkət istiqamətində sol səkidən sağ səki istiqamətində səkiyə nisbətən diaqonal vəziyyətdə keçən xx.xx.1976-cı il təvəllüdlü X7 vurur və avtomobili saxlayaraq dərhal avtomobildən düşüb yerdə uzanaqlı vəziyyətdə olan X8 yaxınlaşır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X13 05 noyabr 2024-cü il tarixli, 143 nömrəli ekspert rəyindən görünür ki, 1966-cı il təvəllüdlü X2 meyitinin məhkəmə - tibbi müayyinəsi zamanı aşkar edilmiş xəsarətlər qapalı kəllə - beyin travması, kəllə - tağı və əsası sümüklərinin çoxsaylı qəlpəli açıq sınıqları, baş beyin və qişalarına qansızma, sağ və sol göz ətrafı nahiyyənin hematoması, burun sümüklərinin sınıqları, sağ gicgah nahiyyəsinin, sağ sağrı nahiyyəsinin, sağ və sol diz oynağının, sol baldırın sıyrılmış yaraları, həyatı olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidirlər. X2 ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin sınığı nəticəsində baş beyin toxumasının əzilməsi, yan mədəciklərə və qişaların altına qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2- 4 saat əvvələ uyğun gəlir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi təsdiq edir. X2 meyitindən götürülmüş qanda məhkəmə - kimyəvi tədqiqatı nəticəsində 0,83%o-li etil spirti aşkar edilmişdir, bu qatılıq rəsmi cədvəl üzrə canlı şəxslərdə yüngül dərəcəli sərxoşliğun əlamətlərini daşıyır. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 11 dekabr 2024-cü il tarixli notarial qaydada yazmış olduğu ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 19 mart 2025-ci il tarixli, 8/3171-4/1796 nömrəli ekspert rəyindən görünür ki, «Mercedes-Benz E240» markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manatdır “Sübutların qiymətləndirilməsi haqqında” 08 aprel 2025-ci il tarixli qərardan görünür ki, «Mercedes-Benz E240» markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut kimi tanınaraq saxlanması üçün sürücü Təqsirləndirilən şəxs təhvil verilmişdir. “Qətimkan tədbiri seçmək haqqında” 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 17 aprel 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə ünvanlandığı 02 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 56.1.2 (Azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisələrinin növləri): ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələri müəyyən edilir. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 131 (Ekspertin rəyi): Ekspertin rəyi – onun tərəfindən aparılmış tədqiqatlar və onların nəticələri barədə bu Məcəllənin müddəalarına uyğun tərtib edilmiş yazılı sənəddir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının: 21-ci bəndinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamına əsasən, onların məcmusunu ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam və birmənalı şəkildə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək hadisənin baş vermə faktını etiraf etsə də, onun təqsirliliyi yalnız bu etirafla deyil, iş üzrə toplanmış və bir-biri ilə uzlaşan mötəbər sübutların məcmusu ilə təsdiqini tapmalıdır. Təqsirləndirilən şəxsin təqsirini sübuta yetirən həlledici sübut kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2025-ci il tarixli, 8/3171-4/1796 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspert rəyi çıxış edir. Həmin rəyə əsasən, «Mercedes-Benz E240» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bu rəy, öz elmi əsaslılığı və prosessual qanunvericiliyin tələblərinə uyğun əldə edilməsi səbəbindən heç bir şübhə doğurmur və ittihamın əsasını təşkil etmək üçün tam yararlıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Ekspert rəyində müəyyən edilmiş bu xüsusat, yəni təqsirləndirilən şəxsin hadisənin qarşısını almağa texniki imkanının olması faktı, onun yol verdiyi qayda pozuntusu ilə baş vermiş ağır nəticə – X2 ölümü arasında birbaşa və zəruri səbəbli əlaqənin mövcudluğunu sübut edir. Məhz Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin imperativ tələbini – hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görmək vəzifəsini pozması, nəticənin baş verməsinin əsas səbəbi olmuşdur. Cinayətin subyektiv cəhəti, yəni təqsirin forması olan ehtiyatsızlıq təqsirləndirilən şəxsin hərəkətlərinin xarakterindən aydın görünür. Belə ki, sürücülük vəsiqəsinə malik olan və nəqliyyat vasitəsini idarə edən hər bir şəxs yüksək təhlükə mənbəyinin sahibi kimi, öz hərəkətlərinin ictimai təhlükəli nəticələr verə biləcəyini qabaqcadan görməli və bu nəticələrin qarşısını almaq üçün lazımi diqqət və ehtiyatlılıq göstərməlidir. Təqsirləndirilən şəxs bu vəzifəyə riayət etməmiş, özünə arxayınlıq göstərərək və ya laqeydlik edərək piyadanın həyatı üçün real təhlükə yaradan vəziyyətdə qanunun tələb etdiyi zəruri tədbirləri görməmişdir. Bu isə onun əməlində ehtiyatsızlıq formasında təqsirin olmasını müəyyən edir. X2 qanında 0,83% etil spirtinin aşkar edilməsi faktı məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarının 21-ci bəndinə uyğun olaraq qiymətləndirilir. Bu hal, yəni zərərçəkmişin hərəkətlərində ehtiyatsızlığın olması (prima facie), təqsirləndirilən şəxsin məsuliyyətini tamamilə aradan qaldırmır, çünki sürücünün vəzifəsi istənilən, o cümlədən qaydaları pozan piyadaya qarşı belə, maksimal ehtiyatlı davranmaqdır. Lakin bu xüsusat, hadisənin baş verməsinə təsir edən obyektiv şəraitin bir elementi kimi cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə toplanmış digər sübutlar, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” protokolu, hadisənin baş vermə anını əks etdirən videogörüntülər, məhkəmə-tibbi ekspertizasının 05 noyabr 2024-cü il tarixli rəyi və şahid ifadələri bir-birini tamamlayaraq, ekspert rəyi ilə müəyyən edilmiş faktiki halları təsdiq edir və ittihamın sübuta yetirilməsi üçün mötəbər və kifayət edən sübutlar məcmusunu təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran və ya onu cinayət məsuliyyətindən azad edən hallar müəyyən edilmədiyindən, ona qanunla nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsində təsbit edilmiş fundamental prinsipləri – qanunçuluq (maddə 5), qanun qarşısında bərabərlik (maddə 6), təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8) və humanizm (maddə 9) prinsiplərini, cəzanın məqsədlərini (maddə 41) və cəza təyin etmənin ümumi əsaslarını (maddə 58) rəhbər tutur. Məhkəmə həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının izahlarına istinad edir. Törədilmiş cinayət əməli öz xarakterinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlər kateqoriyasına aid olsa da, ictimai təhlükəlilik dərəcəsinə görə son dərəcə ağırdır. Belə ki, bu əməlin nəticəsində Konstitusiya ilə qorunan ali dəyər – insan həyatına son qoyulmuşdur. Cəmiyyətin yol hərəkəti təhlükəsizliyi ilə bağlı ictimai münasibətlərə vurulan zərər, xüsusilə insan tələfatı ilə nəticələnməsi, məhkəmə tərəfindən cəza növü və müddəti seçilərkən ciddi şəkildə nəzərə alınır. Bununla yanaşı, ədalət prinsipi tələb edir ki, cəza yalnız törədilmiş əməlin ağırlığına deyil, həm də təqsirkarın şəxsiyyətinə, onun əmələ və nəticələrinə münasibətinə uyğun olsun. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini təhlil edərək aşağıdakıları müəyyən edir: o, əvvəllər məhkum olunmamış, müsbət xarakterizə olunur, ailəlidir və himayəsində azyaşlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini (CM 59.1.1), himayəsində azyaşlı uşağın olmasını (CM 59.1.4) törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində vurulmuş zərərin tamamilə ödənilməsini (CM-in 59.1.13) yüngülləşdirici hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bu kontekstdə, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini zəruri hesab edir. Həmin normanın tələbinə görə, Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-in 263.2-ci maddəsinin sanksiyasının yuxarı həddi 6 il olduğundan, Təqsirləndirilən şəxs təyin ediləcək cəza 4 il 6 aydan çox ola bilməz. Yuxarıda şərh edilən bütün halları – törədilmiş əməlin ictimai təhlükəliliyinin yüksək dərəcəsini, eyni zamanda təqsirin ehtiyatsızlıq formasında olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, çoxsaylı və əhəmiyyətli yüngülləşdirici halların mövcudluğunu, ağırlaşdırıcı halların olmamasını və zərərçəkmiş tərəfin mövqeyini təhlil edən məhkəmə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsinin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bu cəza həm sosial ədalətin bərpasına, həm təqsirləndirilən şəxsin islahına, həm də gələcəkdə bu cür cinayətlərin qarşısının alınmasına xidmət edəcəkdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Bu səbəbdən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən «Mercedes-Benz E240» markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, ekspertiza tədqiqatının dəyəri 200 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 iş saatına görə 165 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi bütün nəticələr yalnız məhkəmə istintaqında bilavasitə tədqiq edilmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq əldə edilmiş və qiymətləndirilmiş mümkün, mötəbər sübutların məcmusuna əsaslanır. Bu sübutlar məhkəmə tərəfindən irəli sürülmüş ittihamın və hökmdə əksini tapmış digər halların təsdiqi üçün kifayət hesab edilmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara tam uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - «Mercedes-Benz E240» markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri – 200 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 iş saatı üçün cəmi 165 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-233/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-233/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver