Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-234/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X4 iştirakları ilə xx.xx.1999-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumlugu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, hal hazırda ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 12.10.2021 -ci il tarixdə, saat 11 radələrində yuyucu işlədiyi ünvan 2 ünvanda yerləşən avtomobil yuma məntəqəsinin içərisində olan asılqandan asılmış pul kisəsinin içərisindən iş yoldaşı Zərərçəkmiş şəxs məxsus 810 manat pulu gizli yolla talayaraq oğurluq etmişdir. X1 Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ona CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, 28 may küçəsi ev 126 A ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır. Maddi durumu yaxşı olmadığından 2021-ci ilin oktyabr ayında təxminən 5-6 gün ünvan 3 ünvanda yerləşən avtoyuma məntəqəsində Zərərçəkmiş şəxs yanında işləmiş və gündəlik olaraq pulunu almışdır. 11.10.2021 -ci il tarixdə axşam saatlarında iş vaxtı qurtardığına görə Musa ona həmin gün işlədiyinə görə 20 manat pul vermişdir. Musadan xahiş etmişdir ki, atasının səhhəti yaxşı deyil, əlavə olaraq ona 30 manat pul versin. Həmin pulu atasına göndərsin və növbəti günlər işləyərək həmin pulu ona qaytarcaqdır. Musa ona istədiyi 30 manat pulu vermiş və bildirmişdir ki, ona verdiyi pul avtoyuma məntəqəsinin icarə puludur. Həmin məbləği Musadan götürüb evlərinə getmişdir. Səhəri gün yəni, 12.10.2021 -ci il tarixdə səhər saat 10 radələrində işə gəldiyi zaman Musa işdə olmuşdur. Əlində tutduğu dönəri yeyib işə başlayacağını Musaya bildirmişdir. Musa həmin vaxt avtomaşın yumaqla məşğul olmuşdur. O, paltarları dəyişmə otağına keçmişdir. Həmin otaqda Musaya məxsus əl çantasının divardan asıldığını görüb çantanın içərisində olan Musaya məxsus pulları götürüb bayıra çıxmışdır. Musaya bildirmişdir ki, marketə gedib gəlir. Oradan uzaqlaşdıqdan sonra Şirvan şəhərinə yola düşmüşdür. Yolda Musanın çantasından oğurladığı pulları sayaraq 180 manat məbləğində olmasını görmüşdür. Musaya məxsus olan pul kisəsindən 810 manat pulunun oğurlanmasını izah edə bilmir. Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftiçlər” metrostansiyası yaxınlığında yerləşən bərbərxanadan bir ədəd “Samsunq” markalı mobil telefon oğurladığına görə hal hazırda Nizami Rayon Məhkəməsi tərəfindən barəsində hökm çıxarılmış və 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Törətdiyi əməldən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 01.04.2021-ci il tarixdən 06 iyun 2021-ci il tarixə qədər Şahid ilə onun arasında olan əmək müqaviləsinə əsasən avtoyumada yuyucu işləmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra avtoyuma məntəqəsini tərk edib getmişdir. İşsiz qaldığı üçün 01 oktyabr 2021-ci il tarixdə Bakirə yaxınlaşıb avtoyumada işləmək istədiyini söyləmişdir. Bakirlə razılığa gələrək, hər ayda 800 manat icarə haqqı verməklə avtoyumada işləməyə başlamışdır. 07.10.2021-ci il tarixdə özünü Cavid kimi təqdim edən şəxs ona yaxınlaşıb avtoyumada işləmək istədiyini bildirmişdir. Ona şəxsiyyət vəsiqəsini təqdim etmək şərti ilə sabahdan işə gəlməsini bildirmişdr. Səhəri gün Cavid avtoyuma məntəqəsinə gəlmiş, lakin şəxsiyyət vəsiqəsini gətirməmişdir. Onun avtoyuma məntəqəsində işləməsinə icazə vermişdir. Cavidə gündəlik işlədiyi işininin müqabilində aldığı pulun 20 faizini vermişdir. 12.10.2021-ci il tarixdə Cavid səhər işə gəmiş və atasının xəstə olduğunu bildirərək ondan 30 manat borc pul istəmişdir. O, avtoyuma məntəqəsinin içərisində yerləşən əl çantasının içərisindən 30 manat pul götürərək Cavidə vermiş və ona demişdir ki, həmin pul verəcəyi icarə haqqının pulundandır, tezliklə qaytarmaq lazımdır. Cavid borcu işləyib ödəyəcəyini söyləmişdir. Cavidin əlində həmin vaxt dönər olmuş və dönəri yedikdən sonra əynini dəyişib işə başlayacağını söyləmişdir. Həmin vaxt məntəqənin qarşısında avtomobil yumaqla məşğul olduğundan Cavidin avtoyuma məntəqəsindən çıxaraq getdiyini görmüşdür. Avtomobili yuduqdan sonra müştərinin ona verdiyi pulun qalığını qaytarmaq üçün avtoyuma məntəqəsindəki yardımçı otağa geçərək divardan asılmış əl çantasından pul götürmək istəmiş, lakin çantanı açanda orada saxladığı 810 manat pulun olmadığını görmüşdür. Dərhal küçəyə çıxmış, lakin Cavidi tapa bilməmişdir. Başa düşmüşdür ki, həmin 810 manat pulu Cavid 01.04.2021-ci il tarixdə oğurlamışdır, dərhal DİN-nin 102 zəng mərkəzinə bu barədə məlumat vermişdir. Bundan sonra ona Nərimanov RPİ-nin 16-cı polis bölməsindən polis əməkdaşı zəng edərək bölməyə dəvət edərək hadisə barədə ərizə ilə müraciət edərək izahat vermişdir. Həmin gün də bölmənin təhqiqatçısı ilə birlikdə hadisə yerinə gələrək hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Hadisə barədə avtoyumanın sahibi Bakirə də məlumat vermişdir. Bakir məntəqəyə gələrək hadisəni ətraflı öyrəndikdən sonra onun özbaşına, ondan icazəsiz işçi götürdüyünü, işçinin də oğurluq etdiyini öyrənərək onun avtoyumada işləməyinə etiraz edərək işdən qovmuşdur. O, axırıncı dəfə cəmi 12 gün idi ki, həmin avtoyumada işləmişdir. Talanmış 810 manat pulu da avtomobil yumaqdan əldə edib icarə haqqı üçün toplamışdır. Əl çantasında olan 810 manat məbləğində pulu həmin gün Cavidə 30 manat borc verən zaman gördüyündən və Caviddən başqa avtoyuma məntəqəsinə heç kim girmədiyindən 810 manat pulun onun tərəfindən oğurlanmasına tam əmin olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək ona dəymiş zərərin ödənilməsini, X5 qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanda yerləşən avtoyuma məntəqəsi ona məxsusdur. Həmin avtoyuma məntəqəsi bir yardımçı tikilidən ibarətdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsi 14.12.2004-cü il tarixdə qeydiyyatdan keçmişdir. Həmin tarixdən fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergi ödəyir. Zərərçəkmiş şəxs 10 ilə yaxındır ki, tanıyır. Musa bir neçə dəfə fasilələrlə həmin məntəqədə avtomobil yuma ilə məşğul olmuşdir. Yəni o, avtoyuma məntəqəsinə gələrək bir həftə, beş gün işləmiş, sonra isə getmişdir. Axırıncı dəfə Musa avtoyumada işləmək üçün ona 2021-ci ilin mart ayının axırlarında müraciət etmiş və onunla 01.04.2021 -ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. 30 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ilə onun arasında olan əmək müqaviləsinə xitam verilmişdir. Zərərçəkmiş şəxs həmin tarixdən avtoyuma məntəqəsini tərk edib getmişdir. 01 oktyabr 2021-ci il tarixdə Musa yenə də ona müraciət edərək avtoyumada işləmək istədiyini bildirmişdir. Onunla razılığa gələrək, ayı 800 manat icarə haqqı verməklə avtoyumada işləməsinə icazə vermişdir. 2021-ci ilin oktyabr ayının 30-da Musa, razılaşdıqları kimi kimi 800 manat icarə haqqını ona ödəməli və o da Musa ilə əmək müqaviləsi rəsmiləşidirilməlidir. 12 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində Musa onun mobil telefonuna zəng edərək bildirmişdir ki, avtoyama məntəqəsində özünə köməkçi götürdüyü Cavid adlı şəxs onun çantasından 810 manat pulu gizli oğurlayaraq qaçıb gizlənmişdir. O, bunu eşitdikdən sonra başa düşmüşdür ki, Musa aylıq icarə haqqını verə bilməyəcəkdir. Ona görə də Musa ilə əmək müqaviləsi bağlamaqdan imtina edərək onu işə qoymamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 14.02.2022-ci il tarixli tələbnamədən görünür ki, X6 əvvəllər Şirvan Apellyasiya Məhkəməsinin 01.10.2019-cu il tarixli qərarı ilə AR CM-in 333.1-ci maddəsinə əsasən Tər-Tər Hərbi Məhkəməsinin 14.08.2019-cu il tarixli hökmü dəyişdirilməklə N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası dəyişdirilərək ona 6 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 1(007)-14/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və və cəzaçəkmə müddətinin başlanğıcı 15 yanvar 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 12.10.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs, X2 və X3 iştirakı ilə ünvan 4 ünvanda yerləşən avtoyuma məntəqəsinə baxış keçirilmişdir.Mıntəqənin giriş qapısı aliminum materialdan olan jalüzdən ibarətdir. Avtoyumanın girişinin qarşısında qəhvəyi rəngli dolab divarda asılqan vardır. Ogurlanmış 810 manat divardan asılmış əl çantasının içindən oğurlanmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 19 fevral 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə Ağayev Cavid Famil oğluna Azərbaycan Respublikası CM-nin 177.1-cü maddəsi ilə ittiham elan edilsin və barəsində seçilmiş həbs etmə haqqında qərar qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.1ci maddəsinə əsasən məhkumluğu olmayan şəxs hesab edilməsi nəzərə alınsın. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokol, “hadisə yerinə baxış keçirilməsi barədə” protokol və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilsin. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X6 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özü tərəfindən qismən etiraf edilmiş, eləcə də mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayəthüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə, təqsirləndirilən şəxs X4 təqsirini qismən etiraf etməsi, yəni oğurladığı pulun 180 manat məbləğində olması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, həmin ifadə onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilmişdir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, hətta məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər sübutlarla tam təkzib edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 əməli CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X4 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X5 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxs X5 cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli qismən etiraf etməsi və əməlindən peşman olmasını; zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş zərəri ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını; Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, X5 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, X5 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, cəzanın məqsədləri X5 CM-in 177.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə qeyd edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən X6 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qeyd edir ki, X6 hazırki cinayət əməlini Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-14/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl, yəni 12.10.2021-ci il tarixdə törətmişdir. Buna görə də CM-in 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X6 CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-14/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalı (CM-66.5), cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X4 CM-in 177.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X4 məhkəmə iclaslarında hüquqlarını müdafiə edən Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-14/2022 nömrəli, 25 fevral 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və üzərində qəti olaraq 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 15 yanvar 2022-ci il tarixdən hesablansın. X6 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X4 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-234/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-234/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver