Məhkəmə qərarları › İş №1(005)-234/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-234/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-234/2024 11.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Ağdam rayonu, Başqərəvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Başqərəvənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan, xeyli miqdarda olmaqla 01 ədəd bükümdə təmiz çəkisi 0,410 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2024-cü il tarixdə, saat 17:45 radələrində ünvan 2 ünvanında olan zaman ərazidə xidmət aparan Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Bakı şəhəri Nərimanov rayonu X14 küçəsi 83A ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasına gətirilərək, həmin polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli gödəkcənin sol sinə cibindən 01 ədəd bükümdə xeyli miqdarda olmaqla, 01 ədəd bükümdə təmiz çəkisi 0,410 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd şpris və bir ədəd içərisində metamfetaminin izləri olan şüşə ampul aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığı «patı» adlanan maddəni qəbul etməsi üçün şpris və 50 mln şüşə ampula alıb boş siqaret qutusunda geyindiyi gödəkçəsinin sol sinə cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 17:45 radələrində Nərimanov rayonu, Azadlıq prospekti ilə akademik Həsən Əliyev küçəsinin kəsişməsində avtobus dayanacağında dayanarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində xidməti otaqların birində üzərində “MAC” adlı boş siqaret qutusundan istifadə etmədiyi şprisi, 1 (bir) ədəd başı sındırılmış boş şüşə ampulanı, sellofan torbacığın içərisində 1 (bir) ədəd şəffaf sellofana bükülmüş «patı» adlanan metamfetamini təqdim etmişdir. Təqdim etdiyi içərisində metafetamin olan büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri onun və şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmış və zərfin üzəri möhürlənmişdir. Onun üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol onun və axtarışda iştirak elmiş digər şəxslər tərəfindən imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 10 yanvar 2024-cü il tarixdə saat 17:45 ıadələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə xidmətdə olan zaman ünvan 6 ünvanın qarşısında avtobus dayanacağında bir nəfər şəxsin hərəkətlərindən özünü şübhəli apardığını görmüşlər. Bu səbəbdən ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsə özünü təqdim etməsini bildirdikləri zaman, o, danışarkən suallardan yayınmağa və oradan getməyə çalışmışdır. Onun rabitəsiz danışığından narkotik vasitənin təsiri altında olmasından və üzərində narkotok vasitə daşımasından şübhələnib onu Nərimanov RPİ-nin 16-cı PŞ-nə dəvət etmişlər. PŞ-də məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Odur ki, bu barədə 16-cı PŞ-nin rəisinin adına raport tərtib edib Təqsirləndirilən şəxs PŞ-nə təhvil vermişlər. PŞ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin olunmaqla onların iştirakı ilə üzərində şəxsi axtarış və götürmə zamanı ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddə vardırsa, həmin əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunduqda, o, əynindəki tünd göy rəngli plaş gödəkçəsinin sol sinə cibindən üzərində “MAC” yazılmış boş siqaret qutusundan 1 (bir) ədəd istifadə olunmamış şpris, 1 (bir) ədəd başı sındırılmış boş şüşə ampula, sellofan torbacığın içərisində 1 (bir) ədəd şəffaf sellofana bükülmüş şəffaf rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamini təqdim edərək həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını, xx.xx.2024-cü il tarixdə saat 17:45 radələrində Nərimanov rayonu, Azadlıq prospekti, 116 nömrəli yaşayış binasının qarşısındakı avtobus dayanacağında polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdi. Aşkar olunmuş üzərində “MAC” yazılmış boş siqaret qutusundan 1 (bir) ədəd istifadə olunmamış şpris, 1 (bir) ədəd başı sındırılmış boş şüşə ampula, sellofan torbacığın içərisində 1 (bir) ədəd şəffaf sellofana bükülmüş şəffaf rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə zərfə qablaşdırılaraq möhürlə möhürləndi. Bu barədə protokol tərtib olundu, protokol iştirakçılara ucadan oxundu, təsdiqlənməsi üçün imzalara təqdim olundu və iştirakçılar tərəfindən imzalandı. Məhkəmə iclasında şahid qismində dindirilmiş hal-hazırda Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 14-15-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 25-26-cı vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ 16-cı PŞ-nin baş təhqiqatçısı X7 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51-ci və 246.2.1-ci maddələrinin tələbinə əsasən Nərimanov RPİ 16-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və vəkil X3 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparmışdır. Müəyyən olundu: xx.xx.2024-cü il tarixdə saat 17:45 radələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 nömrəli yaşayış binasının qarşısındakı avtobus dayanacağında saxlanılaraq şübhəli şəxs qismində polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərində hər hansı bir qanunsuz əşya və ya maddənin olması, həmin əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli plaş gödəkçəsinin sol sinə cibindən üzərində MAC yazılmış boş siqaret qutusundan 1 (bir) ədəd istifadə olunmamış şpris, 1 (bir) ədəd başı sındırılmış boş şüşə ampula, selofan torbacığın içərisində 1 (bir) ədə şəffaf selofana bükülmüş şəffaf rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetamini təqdim edərək həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə saat 15 radələrində «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını, həmin psixotrop tərkibli maddəni əynindəki tünd göy rəngli gödəkçəsinin sol sinə cibində saxladığını, 116 nömrəli yaşayış binasının qarşısındakı avtobus dayanacağında polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Aşkar olunmuş üzərində MAC yazılmış boş siqaret qutusundan 1 (bir) ədəd istifadə olunmamış şpris, 1 (bir) ədəd başı sındırılmış boş şüşə ampula, selofan torbacığın içərisində 1 (bir) ədəd şəffaf selofana bükülmüş şəffaf rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetamin Təqsirləndirilən şəxs və digər iştirakçıların şahidliyilə zərfə qablaşdırılaraq 218 nömrəli möhürlə möhürləndi. Cinayət işinin 38-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/128 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 218” dairəvi möhür əksi, “(imza) Paşayev Qənəhot “sözlər, imzalar olan zərfdəki, üzərində “Mac” yazısı olan siqaret qutuda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,410 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd şüşə ampulun içərisində metamfetamin izləri vardır. İz şəklində olduğu üçün, metamfetaminin təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Həmin qutuda olan 2,5 sm-lik şprisin içərisində narkotik və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Cinayət işinin 77-78-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 12 yanvar 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Ayxan Səfərlinin xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSYdən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 79-80-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 96-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin Ambulator X1 dair xx.xx.2024-cü il tarixli, 177 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.8-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xəstəlikləri olan şəxslərə narkomanlıq xəstəliyinə düçar olmuş şəxs kimi hal-hazırda narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4 və 326.1-ci maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1, 66.3-cü maddələri ilə 04 il müddətinə azadlıqdan mərum etmə cəzasına məhkun edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 11 ay 22 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 109-110-cu vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1554/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsi və çəkilməmiş 11 (on bir) ay 22 (iyirmi iki) gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Cinayət işinin 134-cü vərəqində olan AZE seriyalı 11705051 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. Cinayət işinin 135-ci vərəqində olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Cinayət işinin 136-137-ci vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,410 qram psixotrop maddə olan metamfetaminin maddi sübut kimi tanınması və qalıq qalmış 0,360 qram çəkidə psixotrop maddə olan metamfetaminin saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 139-148-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 07 mart 2024-cü il tarixli qərardan görünür ki, 10 yanvar 2024-cü il tarixli qərarla “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması” haqqında istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD və "xxxx" MMC-dən alınmış 1 ədəd DVD diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və cinayət işinin istintaq materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-234/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 09 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə Binəqədi rayon icra və probasiya şöbəsində cəriməni tam ödədiyi üçün xx.xx.2012-ci il tarixdə üzərində nəzarət dayandırılmış və müvafiq qaydada qeydiyyatdan çıxarılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin sol sinə cibindən 01 ədəd bükümdə ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, 01 ədəd şpris və bir ədəd şüşə ampulun aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetaminin təmiz çəkisi 0,410 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı övladlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, ibtidai istintaq zamanı tutuma altında saxlanıldığı 2 (iki) gün və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 3 (üç) ay 5 (beş) gün (cəmi 3 ay 7 gün) müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, (CPM-198.1), o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - 2 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutuma altında saxlanıldığı 2 (iki) gün və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 3 (üç) ay 5 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (6 ay 14 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,360 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - 2 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar