Məhkəmə qərarları › İş №1(005)-235/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-235/2025

05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-235/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, İ.Məmmədov küçəsi, ev 26A-da qeydyyatda olmaqla yaşayan, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,252 qram kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin və 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,19 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış az miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq 11 yanvar 2025-ci il tarixdə ünvan 1 ünvanının qarşısına daşımış və 11 yanvar 2025-ci il tarixdə, saat 18:00 radələrində Nərimanov RPİnin 16-cı Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq orada üzərində şəxsi axtarış aparılarkən əynindəki sarı rəngli qolsuz gödəkcəsinin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı «Sobranie» markalı siqaret qutusunda 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,252 qram kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin, 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,19 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış az miqdarda narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd yarı hissəsi kəsilmiş siqaretin içərisində ümumi çəkisi 0,18 qram qarışıq kütlən n tərkibində cüzi miqdarda narkotik vasitə qurudulmuş marixuana hissəcikləri aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, çörəkpulu qazanmaq üçün 10 ildən çoxdur ki, tikintidə usta işləyir, iki ilə yaxındır ki, narkomanlar arasında «patı» kimi tanınan metamfetamin və «nəşə» kimi tanınan qurudulmuş marixuana qəbulu ilə məşğul olur. 11 yanvar 2025-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında yerləşən usta kimi işlədiyi yeni inşa olunan binanın yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 20 (iyirmi) manata 1 (bir) ədəd bükümdə narkomanlar arasında «patı» kimi tanınan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bükümdə narkomanlar arasında «nəşə» kimi tanınan qurudulmuş marixuana alıb cibindəki «Sobranie» markalı siqaret qutusjnun içərisinə qoyub gizlətmişdir. Saat 18 radələrində marixuananın bir qismini tütünlə qarışdıraraq siqaretə doldurub çəkmək üçün işlədiyi binanın həyətinə çıxmışdır. Həyətdə bu məqsədlə əlverişli yer axtaran zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin vaxt polis əməkdaşları onu diqqətlə müşahidə etdiklərindən imkan tapıb cibindəki «patı» və «nəşə» bükümlərini kənara tullaya bilməmişdir. Polis əməkdaşları ondan adını və soyadını, habelə hansı ünvanda yaşadığını soruşaraq üzərində narkotik vasitə və ya psixotrop maddə varsa, onlara təqdim etməsini təklif etmişlər. Məcburiyyət qarşısında qalıb üzərində olan şəxsiyyət vəsiqəsini və əynindəki sarı rəngli gödəkcəsinin sağ yan cibindən içərisində «patı» və «nəşə» olan «Sobranie» markalı siqaret qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi siqaret qutusunu zərfə qoyub qablaşdırmışlar. Həmin zərfi imzalamışdır. Sonra polis əməkdaşlarının müşayiəti ilə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinə getmişdir. Nərimanov rayon Polis İdarəsinin 16-cı polis Şöbəsində təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmaqla şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Sonra həmin vəkilin, həmçinin polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla təqdim etdiyi siqaret qutusunda «patı» və «nəşə» bükümlərinə baxış keçirilərək sənədləşmə aparılmışdır. Həmin sənədləşdirməni imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 11 yanvar 2025-ci il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır, onunla qohumluğu yoxdur, aralarında əlaqə və münasibət, habelə ədavət və ziddiyyət olmamışdır. 11 yanvar 2025-ci il tarixdə Şamil adlı şəxsin Bakı şəhəri, Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nərimanov RPİ-nin 16-cı Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar şöbə rəisinə raportla məruzə edərək əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmiş və Şamil adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilərək yaxalanmasından ötrü onun rəhbərliyi altında 16-cı Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. 11 yanvar 2025-ci il tarixdə saat 18:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində videoçəkiliş aparılmaqla Şamil adlı şəxs ünvan 3 ünvanının qarşısında saxlanılmışdır. Onun şəxsiyyəti dəqiqləşdirilikdən sonra üzərində narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs buna cavab olaraq əynindəki sarı rəngli gödəkcəsinin sağ yan cibindən «Sobranie» markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusuna baxış keçirilən zaman içərisində 1 (bir) ədəd kağız bükümdə spesifik qoxuya malik psixotrop maddə metamfetaminə oxşar ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kütləsi, digər 1 (bir) ədəd kağız bükümdə isə spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar yaşılımtıl rəngli, xırdalanmış bitki mənşəti kütlə aşkar olunmuşdur. Aşkar olunmuş həmin maddələr barədə Təqsirləndirilən şəxs soruşduqda o, bükümlərdən birində “patı”, digərində isə “nəşə” olduğunu söyləmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin “patı” və “nəşə” bükümlərini tanımadığı şəxsdən öz istifadəsi üçün 20 (iyirmi) manata alıb əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç bir qanunsuz maddə və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş «Sobranie» markalı siqaret qutusundakı bükümlər zərfə qoyulub qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Sonra müvafiq yoxlama aparılması üçün Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 16-cı Polis şöbəsinə dəvət edib gətirmişlər. 16-cı Polis şöbəsində Təqsirləndirilən şəxs, əməliyyat müvəkkili Şahid2 və baş əməliyyat müvəkkili Şahid3 iştirakları ilə şübhəli şəxsin üzərində axtarış və götürmə aparılması haqqında protokol tərtib etməklə Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması üçün şöbə rəisinə raportla məruzə etmişdir. 16-cı Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Emin Səfərov tərəfindən müdafiə hüququ təmin edilməklə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra onun, əməliyyat müvəkkili Şahid2, baş əməliyyat müvəkkili Şahid3 və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkil X5 iştirakları ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl X6 tərəfindən Təqsirləndirilən şəxs, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş «Sobranie» markalı siqaret qutusunun içərisindəki həmin bükümlərə Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakları ilə təhqiqatçı tərəfindən baxış keçirilərək zərfə qoyulub qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. X6 tərəfindən baxış və götürmə aparılmasına dair müvafiq protokol tərtib olunmuş, tərtib olunmuş protokol və zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs imza etmişdhir. O da öz növbəsində həmin protckolu və zərfi imzalamışdır. Protokol tərtib edilərkən iştirakçılar, eləcə də üzərində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair 16-cı Polis şöbəsinə heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 11 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2025-ci il tarixdə, saat 19:20 radələrində şübhəli şəxs qismində tutulmuşdur; “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında 11 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunan əşyalara baxış və götürmə aparmış. Axtarış zamanı Nərimanov RPİ-nin 16cı Pş-nin əməliyyat müvəkkili, polis leytenantı oğlu 01 ədəd zərfi təqdim edərək, zərfin içərisində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Sobraine” markalı siqaret qutusunda 01 ədəd siqaretin ağ kağızına bükülmüş ot şəkilli, spesifik qoxuya malik ot şəkilli maddə və 01 ədəd siqaretin ağ kağızına bükülmüş kristal şəkilli, spesifik qoxuya malik maddəni olduğunu bildirdi. Təqdim olunmuş 02 ədəd bükümlərə baxış keçirilən zaman 01 ədəd bükümdə içərisindən spesifik qoxuya malik, qurudulmuş şəkildə ota bənzər maddə, həmçinin 01 ədəd bükümdə isə kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə, 05 ədəd siqaret və “sobranie” markalı siqaret qutusu ilə birgə aşkar edilərək ayrı-ayrı zərflərə qoyularaq 218 nömrəli möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 yanvar 2025-ci il tarixli, 6/137 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....(imza) Şamil Əzimov...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,252 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlannış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,252 qr, tədqiqata sərf edildi 0,050 qr, qalıq -0,202 qram. Ekspertiza tədqiqatının dəyəri 81 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 yanvar 2025-ci il tarixli, 7/60 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....(imza) Şamil Əzimov...” yazıları və imzalar olan paketdə üzərində “Sobranie” yazısı olan siqaret qutusunda 01 ədəd kağız bükümdə təmiz çəkisi -0,19 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır. Həmin paketdə siqaret qutusundan 01 ədəd uc hissəsi bürülüraq bükülmüş siqaretdəki təmiz çəkisi 0,42 qram olan bitki mənşəli kütlə-tütündür. 01 ədəd yarı hissəsi kəsilmiş siqaretin içərisində ümumi çəkisi 0,18 qram qarışıq kütlənin tərkibində tütün hissəcikləri ilə cüzi miqarda narkotik vasitə qurudulmuş marixuananın hissəciləri vardır. Həmin hissəciklər cüzi miqdarda olduğu üçün çəkisi müəyyən edilməmişdir. Ekspertiza tədqiqatının dəyəri 72 manat təşkil edir. Qeyd: marixuananın təmiz çəkisi-0,19 qr, tədqiqata sərf edildi 0,02 qr, qalıq -0,17 qram. Siqaretdə olan tütünün təmiz çəkisi-0.42 qram, tədqiqata sərf edildi 0,02 qr, qalıq - 0,40 qram. Qarışıq kütlənin çəkisi-0.18 qram, tədqiqata sərf edildi 0,02 qr, qalıq -0,16 qram. Azərbaycan Respublikası Məhkəmə X2 X7 Ambulator Məhkəmə Psixiatrik Eksertizasının xx.xx.2025-ci il tarixli, 443 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəssində anlaqlı hesab edilməlidir. -“Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, X4 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-in İstintaq Şöbəsinin müstəntiqi Rahib Əliyevin xx.xx.2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Videogörünütünun əks olunduğu CD-yə baxış keçirilməsi haqqında 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Sobraine” markalı siqaret qutusunda 01 ədəd siqaretin ağ kağızına bükülmüş ot şəkilli, spesifik qoxuya malik ot şəkilli maddə və 01 ədəd siqaretin ağ kağızına bükülmüş kristal şəkilli, spesifik qoxuya malik maddəni olduğunu bildirdi. Təqdim olunmuş 02 ədəd bükümlərə baxış keçirilən zaman 01 ədəd bükümdə içərisindən spesifik qoxuya malik, qurudulmuş şəkildə ota bənzər maddə, həmçinin 01 ədəd bükümdə isə kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə, 05 ədəd siqaret və “sobranie” markalı siqaret qutusu ilə birgə aşkar edilərək ayrı-ayrı zərflərə qoyularaq 218 nömrəli möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə narkoloji ekspertizasının 12 fevral 2025-ci il tarixli, 796 nömrəli rəyindən görünür ki, Müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Baxış keçirilməsi haqqında 25 fevral 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə ötürülənn məlumatlara Azərcell Telekom MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 1735 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD-R formatlı diskə baxış keçirilmiş və baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik heç bir hal aşkar edilməmişdir. İşdə olan 66 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan doğum haqqında şəhadətnaməlırin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 yetkinlik yaşına çatmayan övladı var. “Sübutların qiymətləndirilməsi haqqında” 01 aprel 2025-ci il tarixli qərarla görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,252 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,19 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış az miqdarda narkotik vasitə qurudulmuş marixuana, içərisində təmiz çəkisi -0.42 qram tütün olan 1 ədəd uc hissəsi burularaq bükülmüş siqaret, habelə içərisində ümumi çəkisi - 0,18 qram qarışıq kütlənin tərkibində tütün hissəcikləri ilə cüzi miqdarda narkotik vasitə qurudulmuş marixuana hissəcikləri olan 1 ədəd yarı hissəsi kəsilmiş siqaret maddi sübut hesab edilmiş və ekspert tədqiqatından sonra qalıq qalmış 0,202 qram metamfetamin, 0,17 qram qurudulmuş marixuana, eləcə də qeyd olunan 2 ədəd siqaret Nərimanov RPİ-yə təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və götürmə prosesini əks etdirən videogörüntünün olduğu 2 (iki) ədəd CD disk sübut növü hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məkəmə iclasına gəlməmiş Təqsirləndirilən şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(005)-235/2025 saylı qərarı ilə axtarış elan edilərək barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlə Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxsxx.xx.2025-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,252 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı X1 cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra - 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CMin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsinə 3 yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı (xx.xx.2025-xx.xx.2025-ci il) həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o dərhal məhkəm iclas zalından azad edilməli, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 0,202 qram metamfetamin, 0,17 qram qurudulmuş marixuana, eləcə də qeyd olunan 2 ədəd siqaret məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 04(dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu iki gün, məhkəmə istintaqı zamanı həbsdə saxlanıldığı 20 gün, cəmi 22 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay, 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspert tədqiqatından sonra qalıq qalmış 0,202 qram metamfetamin, 0,17 qram qurudulmuş marixuana, eləcə də 2 ədəd siqaret məhv edilsin. İş üzrə maddi sübut - “Şəxsi axtarış və götürmə aparılması” haqqında 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 153(yüz əlli üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar