Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-236/2021 27.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmayan, Göyçay rayonu, 8 mart küçəsi, dalan 5, ev 1-də qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 fevral 2021-ci il tarixdə saat 17:55-də X2 məxsus sonuncunun oğlu Zərərçəkmiş şəxs işlətdiyi bina hesab edilən Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 39B ünvanında yerləşən “Ordubadlının dönəri 085” adlı dönər evinin arxa divarını dəmir parçası ilə uçuraraq qanunsuz daxil olub oradan hər birinin qiyməti 400 manat olan 2 ədəd elektriklə işləyən dönər sobasını, üzərində “Volf max topmoc” yazısı olan 7 litr su tutumuna malik, 40 manat dəyərində 1 ədəd elektriklə işləyən su qaynadan aparatı və dönər evində olan soyuducudan hər birinin qiyməti 1 manat olan 9 ədəd “Fusetea” sərinləşdirici içkilərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 849 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yerləşən dönər evində hər gün 15 manat əmək haqqı almaq şərti ilə işləyirdi. Təxminən 3 ay işlədikdən sonra həmin dönər evini işlədən Soltan adlı şəxs dönər evini təhvil verib çıxdığı üçün obyektin sahibi Zərərçəkmiş şəxs hər ay 300 manat icarə haqqı vermək şərti ilə özü işlətməyə başlamışdır. İki ay həmin obyekti özü işlətmiş və iki aydan sonra obyekti işlədə bilmədiyindən əvvəllər tanıdığı Zahid adlı şəxsi çağırıb Nizami ilə tanış etmiş və Zahid hər ay Nizamiyə 700 manat icarə haqqı vermək şərti ilə obyekti icarəyə götürmüşdür. O, isə həmin obyektdə dönərçi kimi işləməyə başlamışdır. Təxminən 3 aydan sonra obyektdə işlər getdikcə yaxşılaşdığından Zahid onu işdən çıxardıb öz adamını dönərçi kimi işə götürmüşdür. Buna görə də o, Göyçay rayonuna qayıtmış və orada kafelərdə ofisiant kimi işləməyə başlamışdır. Təxminən 2021-ci ilin fevral ayında iş axtarmaq məqsədi ilə Göyçay rayonundan Bakı şəhərinə gəlmiş və qalmağa yeri olmadığı üçün İçərişəhərdə yerləşən gecəsi 3 manatlıq evlərdə qalmağa başlamışdır. İş tapa bilmədiyindən və pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Buna görə, 22.02.2021-ci il tarixdə saat 00:30 radələrində əvvəl işlədiyi ünvan 3 ünvanında yerləşən dönər evinə gələrək mişar daşları ilə hörülmüş divarına yerdən tapdığı dəmir parçası ilə bir neçə dəfə vurub dağıdıb içəri daxil olaraq iki ədəd dönər aparatını, bir ədəd su qaynatmaq üçün aparatı və soyuducuda olan 9 ədəd Fustea sərinləşdirici içkiləri oğurlayaraq yaxınlıqda dayanmış və orada dönərçi işləyən zaman tanıdığı taksiyə yükləyərək İçərişəhərdə gecələdiyi bir günlük evə aparmışdır. Dönər evinin divarını uçurduğu dəmir parçasını hazırda xatırlamadığı yerə atmışdır. Səhəri gün yoldan bir taksi tutaraq oğurladığı əşyaları satmaq üçün Nəsimi rayonu, 3-cü mikrorayon bazarına gəlmişdir ki, dönər sobalarını və elektriklə işləyən su qaynadan aparatı satmaq üçün alıcı tapsın. 3-cü mikrorayon bazarında əşyaları sata biləcəyi adam tapa bilmədiyi üçün elə oradaca bir nəfər yaşlı kişini idarə etdiyi Opel Astra markalı, avtomobillə kirayədə yaşadığı İçərişəhərdəki evə getmişdir. Oğurladığı iki ədəd dönər sobasını və elektrik su qaynadan aparatı həmin avtomobilə qoyub əvvəlcə 8-ci km bazarına aparmışdır ki, orada satsın. Əşyaları nənəsinin evindən satmaq üçün götürdüyünü bildirib oğurluq olması barədə sürücüyə heçnə deməmişdir. Lakin həmin bazarda sata bilmədiyi üçün həmin Opel Astra markalı avtomobillə 3-cü mikrorayonda yerləşən bazara qayıtmışdır. Lakin həmin bazarda da sata bilmədiyi üçün bazardan çıxıb yolüstü dönərxanalara və restoranlara dəymişdir və Nəsimi rayonu ərazisindəki Papanin adlanan ərazidə yerləşən Quzu restoranını işlədən əvvəllər tanımadığı Tural adlı şəxsə həmin aparatları göstərəndən sonra iki ədəd dönər aparatlarını 350 manata satmağa razılaşmışdır. Tural ona 330 manat pul və 20 manat dəyərində kabab vermişdir. Kofe aparatını da ona pay vermişdir. Oğurladığı sərinləşdirici içkiləri isə gecələdiyi evdə qalan tanımadığı uşaqlara paylamış və onlara həmin içkiləri oğurlamağı barədə heçnə deməmişdir. Turaldan aldığı 330 manat pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək bunun nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında anasına məxsus 26,3 kvadrat metr sahəsi olan qeyri yaşayış sahəsi vardır və həmin qeyri yaşayış sahəsini dönər ev kimi işlədir. 21.02.2021-ci il tarixdə saat 22 radələrində dönər evini bağlayıb evə getmişdir. 22.02.2021-ci il tarixdə saat 07:30-da dönər evinə gələndə görmüşdür ki, naməlum şəxs dönər evinin arxa divarını sökərək içəri daxil olub içəridən hər biri 850 manat olan iki ədəd dönər aparatını, bir ədəd 100 manat dəyərində olan kofe aparatını və müxtəlif növ sərinləşdirici içkiləri oğurlamışdır. Buna görə də o, “102” xidmətinə məlumat vermişdir. Sonradan bilmişdir ki, onun dükanından oğurluq edən əvvəllər orada işləyən Təqsirləndirilən şəxsdur. Hadisə nəticəsində ona 849 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, özünə məxsus olan Toyota Prius markalı **-UK-*** dövlət nömrə nişanlı avtomaşını ilə taksi faəliyyəti ilə məşğul olur. 22.02.2021-ci il tarixdə saat 01 radələrində ünvan 4 ünvanından keçən zaman bir nəfər şəxs ona əl edib saxlatdıraraq işlətdiyi dönər evindən dönər aparatlarını yaşadığı ünvana aparmaq istədiyini bildirmiş və o da onu yaşadığı ünvan kimi, dediyi Tarqovu deyilən əraziyə aparmaq üçün 10 manata danışıb razılaşdıqdan sonra həmin ünvana aparıb düşürərək çıxıb getmişdir. O, həmin dönər evinə yaxın ərazidə dayandığı üçün əvvəllər bir neçə dəfə ondan dönər almış və onun həmin dönər evində dönərçi işlədiyini bilmişdir. Adını bilməmişdir, lakin üzdən tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Opel Astra markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşqul olur. 23.02.2021-ci il tarixdə saat 08:30 radələrində 3-cü mikrorayon qəsəbəsində yerləşən bazara girən zaman bir nəfər ona əl edərək boş olduğunu soruşmuş və gedib Tarqovudan aparatlar götürüb qayıdacaqlarını demişdir. Bundan sonra həmin ünvana getmişlər. O, maşında gözləmiş, həmin şəxs isə maşından düşüb demişdir ki, nənəsinin evindən iki ədəd özünün dediyinə görə dönər aparatlarını götürüb gəlir. O, həmin şəxsi gözləmiş və iki ədəd dönər aparatlarını maşına qoyandan sonra 8-ci km. bazarına getmişlər. Həmin bazarda təxminən iki saat gözlədikdən sonra 3-cü mikrorayon bazarına qayıtmışlar. Həmin bazarda da aparatları sata bilmədiyi üçün Papanin qəsəbəsinə sürməyini bildirmiş və o da Papanin qəsəbəsinə sürdükdən sonra “Quzu” restoranında həmin aparatları sataraq ona 40 manat pul verib çıxıb getmişdir. Həmin şəxs ona dönər aparatlarının oğurluq olduğunu bildirməmişdir. Hətta evdən götürən zaman demişdir ki, nənəsinin evidir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 5-9-cu vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 22.02.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Ceyhun Hüseynov tərəfindən həmin İdarənin təhqiqatçısı Emin Səfərovun, əməliyyat müvəkkili Rauf Xankişiyevin, inspektor kriminalisti Emin Yusubovun və iki hal şahidinin iştirakı ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Zərərçəkmiş şəxs DİN 102 zəng mərkəzinə verdiyi məlumat əsasında Həsən Əliyev küçəsi 39 ünvanına gələrək baxış keçirmişdir. Həmin ünvanda üzərində “Ordubadlının dönəri 085” yazısı olan dönər evi var. Dönər evinin yerləşdiyi yer yol kənarıdır. Dönər evi bir mərtəbədən ibarətdir və yola baxan hissəsi plastik şüşələrdəndir. İçəri daxil olduqda içəridə müştərilər üçün stol, stullar, dönər masası və bir ədəd sərinləşdirici işkilər üçün nəzərdə tutulmuş soyuducu var. Dönər evinin sağ divarı sökülmüş vəziyyətdədir. Zərərçəkmiş şəxs bildirdi ki, həmin dönər evi anası X2 məxsusdur və oranı özü işlədir. Dönər evində dönərlə yanaşı sərinləşdirici içkilər də satılır. Zərərçəkmiş şəxs bildirdi ki, həmin dönər evini hər gün səhər saat 09:00-dan axşam saat 22:00-dək işlədir. 21.02.2021-ci il tarixdə axşam saat 22:00-da həmin dönər evini bağlayıb evə getmişdir. 22.02.2021-ci il tarixdə saat 08:30-da həmin ünvana yaxınlaşaraq müəyyən etmişdir ki, naməlum şəxslər dönər evinin arxa tərəfindən sağ divarı uçuraraq içəri daxil olub, içəridən hər biri 850 manat dəyərində iki ədəd dönər aparatı, 100 manat dəyərində bir ədəd çay termosu və 100 manat dəyərində müxtəlif sərinləşdirici içkilər oğurlayaraq ona ümumilikdə 1900 manat maddi ziyan vurmuşlar. Zərərçəkmiş şəxs həmin oğurluq hadisəsi ilə əlaqədar olaraq, heç kimdən şübhələnmədiyini qeyd etdi. Cinayət işinin 11-ci vərəqində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların dövlət qeydiyyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı, 29.11.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 39B ünvanında yerləşən ümumi sahəsi 26.3 kv.m birmərtəbədən ibarət tikinti X1 xüsusi mülkiyyətidir. Cinayət işinin 37-38-ci vərəqələrində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 25.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 70-71-ci vərəqələrində olan “Təqsirləndiriən şəxsin MSY-dən azad edilməsi haqqında” 26.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilməsi və onun barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 74-75-ci vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 26.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 81-83-cü vərəqələrində olan “Əşyaların baxışının aparılması və götürülməsi haqqında” 26 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X4 tərəfindən Şahid1 və zərərçəkmiş Zərərçəkmiş şəxs, hal şahidlərinin iştirakı ilə həmin protokol ondan ötrü tərtib edilmişdir ki, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 könüllü olaraq iki ədəd gümüşü rəngli elektriklə işləyən dönər sobasını və bir ədəd tünd göy rəngli su qaynadan aparatı təqdim edib bildirdi ki, həmin əşyaları ona əvvəllər tanımadığı Təqsirləndirilən şəxs satmışdır. 26 fevral 2021-ci il tarixdə, saat 12:30 dəqiqədə Şahid1 təqdim etmək arzusunda olduğu əşyaların baxışına başlanılmışdır. Təqdim olunmuş iki ədəd elektriklə işləyən dönər sobası gümüşü rəngli olmaqla istifadə olunması müşahidə olunur. Hər iki sobanın üzərində xüsusi yazı və işarələri yoxdur. Bundan başqa bir ədəd tünd göy rəngli su qaynadan elektriklə işləyən aparatın həcmi 7 litr su qaynatmaq üçün nəzərdə tutulub. Üzərində “Wolf max tepmoc” sözləri həkk olunmuşdur. Dönər sobalarının və su qaynadan aparatın üzərində kənar təsirdən yaranan hər hansı bir əzilmə və sürtünmə izlərinin olması müşahidə edilmədi. Zərərçəkmiş şəxs ona təqdim olunmuş iki ədəd gümüşü rəngli elektriklə işləyən dönər sobasını və bir ədəd elektriklə işləyən su qaynadan aparatı nəzərdən keçirib bildirdi ki, həmin əşyalar ona məxsusdur və 22 fevral 2021-ci il tarixdə onun işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 39B ünvanında yerləşən “Ordudbadlının dönəri 085” adlı dönər evindən oğurlanmışdır. Həmin elektriklə işləyən iki ədəd dönər sobası və bir ədəd elektriklə işləyən su qaynadan aparat öz xüsusiyyət və əlamətlərinə, mənşəyinə, üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyini nəzərə alaraq gələcəkdə ekspertiza tədqiqatına təqdim olunub müvafiq rəyin alınmasına, maddi sübut kimi tanıma, digər istintaq və ya prosessual hərəkətlərin icra edilməsi məqsədilə götürüldü, hal şahidlərinin və digər iştirakçının iştirakları ilə qablaşdırıldı və Nərimanov rayon Polis İdarəsinin zərflər üçün nəzərdə tutulmuş 44 saylı möhürü ilə möhürləndi. Cinayət işinin 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 09.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 98-99-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 29.03.2021-ci il tarixli, 9/1556 nömrəli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 ədəd gümüşü rəngli elektriklə işləyən dönər sobasının hər birinin qiyməti 400 manat olmaqla 2 ədədinin qiyməti 800 manat, 1 ədəd tünd göy rəngli üzərində Volf max tepmoc yazıları olan 7 litr su tutumuna malik elektriklə işləyən su qaynadan aparatın qiyməti 40 manatdır. Ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri 840 manat müəyyən olunur. Cinayət işinin 102-103-cü vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 06 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə götürülmüş 2 ədəd gümüşü rəngli elektriklə işləyən dönər sobasının və 1 ədəd tünd göy rəngli üzərində Volf max tepmoc yazıları olan 7 litr su tutumuna malik elektriklə işləyən su qaynadan aparatın cinayət işi üzrə maddi sübut kimi tanınması və müvafiq məhkəmənin yekun qərarınadək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 105-ci vərəqində olan 06 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə 2 ədəd dönər sobasını və 1 ədəd su qaynadan aparatı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil almışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 1(006)-24/2021 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 fevral 2020-ci il tarixdən 22 fevral 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddətin bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəlinin 06 mart 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 13.09.2021-ci il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs ilə barışmasını və dəymiş ziyanın onun tərəfindən ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 1(006)-24/2021 nömrəli hökmünə əsasən məhkum olunsa da, onun hazırki iş üzrə törətdiyi cinayət əməlini həmin məhkumluğun yaranmasından əvvəl törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (25-26 fevral 2021-ci il) 1 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş 06 mart 2021-ci il tarixdən hesablanmalı (CPM- 158.2.1., 158.6., CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), onun hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 2 ədəd gümüşü rəngli elektriklə işləyən dönər sobasının və 1 ədəd tünd göy rəngli üzərində “Volf max tepmoc” yazıları olan 7 litr su tutumuna malik elektriklə işləyən su qaynadan aparatın zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(006)-24/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 06 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, onun hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut olan 2 ədəd gümüşü rəngli elektriklə işləyən dönər sobasının və 1 ədəd tünd göy rəngli üzərində “Volf max tepmoc” yazıları olan 7 litr su tutumuna malik elektriklə işləyən su qaynadan aparatın zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təhvil alınması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-236/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-236/2021
27.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver