Məhkəmə qərarları › İş №1(005)-236/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-236/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-236/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:30 Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli 01 azyaşlı övladı olan, işləməyən, məhkumluğu olan və ödənilməyən, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi sıra 12, ev 46-da qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2022-ci il tarixli qərarla barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 05 oktyabr 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 5 manat müqabilində özünün narkotik vasitəyə təlabatını ödəmək niyyəti ilə satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 0,472 qram olan Azərbaycan Respublikasında dövriyyəsi qadağan edilmiş narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq ünvan 1 ünvanın qarşısına daşımış və həmin gün saat 12 radələrində Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, Bakı şəhəri, Nərimanov rayonu F.X.Xoyski 83A ünvanında yerləşən 16-cı polis bölməsinin inzibati binasına gətirilmiş, xidməti otaqların birində onun üzərinə video çəkilişlə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarının sağ ön kiçik cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi - 0,472 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən 2 il olar ki, istifadə edir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Papanin” deyilən ərazidə əvvəllər tanımadığı, lakin üzdən tanıdığı, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 5 manat dəyərində 1 ədəd bükümdə narkotik vasitə olan “heroin” alıb, cibinə qoyub saxlamış, ünvan 1 ünvanın qarşısına gəlmişdir. Həmin gün sat 12 radələrində həmin ünvanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra 16-cı Polis Bölməsinə gətirmişlər. Xidməti otaqda dəvət edilmiş vəkilin iştirakı ilə ona hüquqları tam izah edildikdən sonra videogörüntü ilə üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya varsa könüllü olaraq təqdim etsin. O, da bundan sonra əynində olan şalvarının sağ ön kiçik cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə qəhvəyi rəngli, spesifik qoxuya malik olan “heroin” narkotik vasitəni cibindən çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən zərfdə qablaşdırılmış və möhürlənmiş, qablaşmanın üzəri o, və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, üzərindən Nokia markalı mobil telefon, ***-***-**-** saylı mobil nömrə, bir ədəd elektron siqaret olmuşdur. Sonra bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. O, həmçinin bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir zor və təzyiq göstərilməmişdir. Son olaraq əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı övladının olmasını qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. 05 oktyabr 2022-ci il tarixdə saat 12:30 radələrində o, 16-cı PB-nin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xidməti ərazidə olduqları zaman, ünvan 4 ünvanın qarşısında olarkən bir nəfər şəxsin yerişi, davranışları və hərəkətlərinin onun narkotik vasitə aludəçisi olmasını əks etdirdiyindən, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması şübhəsini yaratdığından, ona yaxınlaşaraq özlərini təqdim edib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra, üzərinə şəxsi axtarış keçirilməsi üçün 16-cı PB-nə dəvət etmişlər. Şəxsiyyəti müəyyənləşdirilən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə üzərinə şəxsi axtarış aparılacağı bildirilərək, onun hüquq və vəzifələrinin müdafiə edilməsi məqsədilə müdafiəçi xidmətindən istifadə etmə hüququnun olması izah edilmiş və dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Tərəflərindən videoçəkilişlə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şəxsi axtarışa başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarının kiçik cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülü içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik olan “heroin” narkotik vasitəni özü çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən zərfdə qablaşdırılmış və möhürlənmiş, qablaşmanın üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş və ifadəsi digər Şahid2 ilə eyni məzmunlu olmuşdur. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 05 oktyabr 2022-ci il tarixli protokola və DVD diskə baxış keçirilərkən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd Nokia markalı mobil telefonu, sol yan cibindən 01 ədəd '‘Glo” markalı elektron siqaret cihazını, onun enerji doldurucusunu və şalvarının sağ ön kiçik cibindən isə içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan siqaretin gümüşü rəngli kağıza bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddə narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Papanin adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bükümü 5 manata almışdır. Həmin narkotik vasitəni əynindəki qara rəngli şalvarının sağ ön kiçik cibində öz istifadəsi üçün saxlamışdır. xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, 2-ci Şimal Şitilliyi küçəsi 28 saylı ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 06 oktyabr 2022-ci il tarixli 6/5734 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 218 nömrəli möhür əks olan, “..Təqsirləndirilən şəxs..” sözləri,imzlar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,472 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Narkoloji X4 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 1473 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən "xxxx" MMC-dən alınan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 05 avqust 2022-ci il tarixdə 07:00-dan 01 oktyabr 2022-ci il tarixdə saat 23:00-dək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısını, əhatə dairəsini, SMS mətinlərini əks etdirən məlumatlarla bağlı CD diskə baxış keçirilməsi ilə bağlı protokoldan və çıxarışlardan görünür ki, müxtəlif vaxtlarda “Ramin” və “İlqar” adlı şəxslərlə 2022-ci ilin avqust ayından əlaqə saxladığı və onalardan öz istifadəsi məqsədi ilə Papanin adlanan yerdən narkotik vasitə alaraq istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 13 mart 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin ümumi çəkisi 0,472 qram maddə sübut kimi tanınmış həmçinin tədqiqata sərf edildikədən sonra qalıq qalmış 0,422 qram çəkidə narkotik vasitə heroinin saxlanc üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin şəxsin üzərinə axtarış keçirilməsi ilə bağlı videogörüntünü əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-255/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il, 05 ay, 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(001)-559/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(005)-255/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 ay, 04 günü Azərbayan Respublikasının Cinayət Məcəlləsini 52-1.5-ci maddəsinə əsasən 02 ay, 17 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Barəsində axtarış elan edilərək xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2022-ci il tarixdə saat 14:00-da şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxs barəsində qətimkan” tədbirinin seçilməsinə aid xx.xx.2022-ci il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair barəsində polisin nəzarəti altına vermə növündə iltizam qətimkan tədbiri seçilmişdir. AZ-İİ № 511028 seriyalı Doğum haqqında Şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cü il təvəllüdlü İbrahimli Ayxan adlı azyaşlı övladı vardır. Azərbyacan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/40/2-1790/2023 saylı məktubundan aydın olur ki, məhkum Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR CM-nin 52-1.5 maddəsinə əsasən cəzasının əvvəli tutulduğa andan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla 2 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin qərarla müəyyən edilmiş cəza müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərin edilməsini, 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərin edildiyini nəzərdə tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı ilkin verdiyi etirafedici ifadəsi, cinayət işində olan xx.xx.2023-cü il tarixli, 1473 nömrəli tibbi müayinə aktına əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması, məhkəmə bioloji ekspertizasının rəyinə əsasən ümumi çəkisi 0,472 qram narkotik vasitə heroinin olması aşkar olunan narkotik vasitənin çəkisinin düzgün olduğunu və Təqsirləndirilən şəxs tərəfindən şəxsi istifadəsi üçün əldə edərək saxladığını və daşıdığını bir daha təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs səmimi peşman olması və himayəsində 01 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətmiş cinayət əməlinə görə barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq, məhkum cəzanın icrası zamanı qanunvericiliklə onun üzərinə qoyulmuş tələbləri pozaraq cəza çəkdiyi dövrdə islah yoluna qədəm qoymamışdır. Bu səbəbdən də ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası məhkəmə qərarı əsasında azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bununla da məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın icrasından boyun qaçırması, hökmlə onun üzərinə qoyulmuş vəzifələri icra etməməsi təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalı və həmin cəzanın onun islah olunmasına xidmət etmədiyi qənaətinə gəlinməlidir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), yuxarıda qeyd olunan şəxsiyyətini mənfi səciyyələndirən hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (05-07 oktyabr 2022-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərinə qəti olaraq cəza təyin edilməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu qeyd edilmişdir və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Azərbaycan Respublikası CM-in 93.1 və 93.1.2-ci maddələrində göstərilmişdir ki, məhkəmə cinayət törətmiş narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirləri təyin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respulikası DİN-nin Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,422 qram çəkidə narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 110 (yüz on manat) pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçina məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (05-07 oktyabr 2022-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni 12 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respulikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,422 qram çəkidə narkotik vasitə heroinin məhv edilsin. Cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on manat) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar