Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-236/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X12 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, X1 informasiya vasitələrində, internet resurslarında barəsində həqiqətə uyğun olmayan böhtan dolu məlumatlar yaymış və onu təhqir etmişdir. Belə ki, Rasim Xudaverdiyev 15 yanvar 2024-cü il tarixdə "Tik-Tok" sosial platformasında "X15" səhifəsində barəsində böhtan dolu məlumatlar yaymış, onu "dələduz" adlandıraraq təhqir etmişdir. Belə ki, həmin videoda göstərir ki, guya o, Zəminə və Samirə adlı şəxslərlə əlbir olaraq, özlərini Rusiya Federasiyasının vətəndaşı kimi təqdim edərək, ona saxta qızıllar verib, həmin saxta qızılları müxtəlif lombardlara girov qoyaraq pul götürmüşlər. Daha sonra o bildirir ki, 2022ci ilin ortalarında Zəminə adlı şəxs onunla yaxınlıq etmiş, onların şəxsiyyət vəsiqələrinin Rusiya Federasiyasına məxsus vəsiqə olduğunu əsas gətirərək onun adına lombarda girov qismində qızıl qoyub pul götürülməsi ilə bağlı razılıq əldə edilmişdir. Bundan sonra, guya Zəminə Samirə ilə birlikdə onun adına müxtəlif lombardlara qızılları girov qoyub pullar götürülmüşdür. Bir müddətdən sonra Vüqar adlı şəxs, yəni onun da guya onlara qoşulduğunu bildirmişdir. Bundan sonra ona yenidən lombarda girov qoyulması üçün 230 qram qızıl verilmiş, həmin qızılı yoxlatdırdıqda qızılların saxta olduğu müəyyən edilmişdir. Bu barədə, hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirdikdə guya zorla həmin qızıllar ondan geri alınmışdır. Bundan sonra Abşeron rayon polis idarəsinə şikayət edərək saxta qızılın onda olan 2 ədədi və lombardlarda olan qızıllarla bağlı şikayət vermişdir. Daha sonra Abşeron rayon polis idarəsində bu şikayətə baxılmadığını bildirir və "cənab nazir sizə müraciət edirəm: Mən bu dələduzlardan təzyiq görürəm, bu dələduzlar məni təhdid və təhqir edir, xahiş edirəm bu cinayətkar qrupları zərərsizləşdirəsiniz" deyir. Bundan sonra onun məhkumluq həyatı yaşadığını bildirir. Bununla bağlı bildirmək istəyir ki, Rasim Xudaverdiyevin dedikləri yalandır, o, onu tanımır, yalnız tanışı Zəminənin telefonu vasitəsi ilə danışmışdır, ondan heç vaxt qızıl-zinət əşyaları almamışdır, onunla heç bir iş birliyi olmamışdır. Bu barədə Abşeron rayon polis idarəsində də izahat verərkən bildirmişdir və Abşeron rayon polis idarəsinin müstəntiqi Fuad Nəsirovun qəbul etdiyi 02 noyabr 2023-cü il tarixli qərarla həmin şikayət ərizəsi ilə bağlı Rasim Xudaverdiyevin dedikləri öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi Rasim Xudaverdiyev qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olmamasına baxmayaraq, onun barəsində dələduz və cinayətkar ifadələrini işlədir, ona böhtan atır. Bundan sonra Rasim Xudaverdiyev yenə də, "Tik-Tok" sosial platformasında, özünə məxsus olan "r.x.yeraz" adlı səhifədə (Rasim Xudaverdiyev yeraz) də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət ünvanlamış, onu dələduz adlandıraraq təhqir etmiş və barəsində yalan məlumatlar yaymaqla ona böhtan atmış, həmin videonun şərh bölməsində isə “Atlas xanim xeyirxah ve durushdu inşandı sadece Samire qe...e zemine qe...e lez ar ooo Vüqar arvadın si...im şer atilar cammata" sözlərini yazmaqla kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Daha sonra həmin video səhifədən silindiyi üçün nə vaxt yerləşdirilməsini bilmirlər. Bunlardan əlavə Rasim Xudaverdiyev 04 fevral 2024-cü il tarixdə, "5sumqayt7" adlı səhifədə onun və tanışları Zəminə Məhərrəmova ilə X10 haqqında video paylaşaraq, həmin videoda nə vaxtsa sosial şəbəkələrdə qoyduqları şəkilləri göstərməklə onların guya dələduzluqla məşğul olduqlarını göstərməklə barəsində yalan məlumatlar yaymaqla ona və həmin şəxslərə də böhtan atmışdır. Həmin videonun sonunda "Range rover" markalı avtomobili göstərib guya həmin avtomobili dələduzluqla əldə etdiklərini göstərmişdir. Bununla da Rasim Xudaverdiyev onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan sala məlumatlar paylaşmaqla Azərbaycan Respublikası CM-nin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Rasim Xudaverdiyevin yuxarıda göstərilən cinayət əməlləri hazırki şikayət ərizəsinə əlavə etdiyi informasiya resurslarından çıxarışlarla, həmin çıxarışların linkləri ilə, 02 noyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla və şahidlər X5 (Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov küçəsi, 9) və X7 (Ünvanı: Bakı şəhəri, Nizami rayonu, M.Ağayev küçəsi, ev 40, mənzil 1) ifadələri ilə təsdiq edilir. Qeyd etdiklərinin nəzərə alınaraq X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilib həmin maddələrin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 Rasim Məhəmməd oğlunun barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətindən imtina etdiyini və işə baxılmadan şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 32.2.8-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X12 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 tərəfindən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-236/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-236/2024
08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver