Məhkəmə qərarları › İş №1(005)-236/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-236/2025

13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-236/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 fevral 2024-cü il tarixdə saat 10:00 radələrində müvəqqəti yaşadığı ünvan 1 ünvanında Zərərçəkmiş şəxs məxsus mavi rəngdə dəyəri 2000 (iki min) manat olan “İphone 13 Pro Max" markalı mobil telefonu, həmin mobil telefonda istifadə etdiyi balansında 10 manat məbləğində danışıq konturu olan ***-***-**-** saylı mobil telefon nömrəni, həmin telefonun üzərində dəyəri 50 (əlli) manat olan kaburasını, həmin kaburanın arxasında olan 200 (iki yüz) manat pulu, dəyəri 150 (yüz əlli) manat olan qızılı rəngli kişi üçün qol saatını və dəyəri 55 (əlli beş) manat olan tünd qəhvəyi rəngli kişi üçün üst gödəkcəsini gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 2465 (iki min dört yüz altmış beş) manat maddi ziyan vurmaqla özgə əmlakını oğurlamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, heç bir xəstəliyi, o cümlədən psixi xəstəliyi yoxdur. 2024-cü ildə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ilə “Tik-Tok" sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs onu Qanboy yox, Orxan adı ilə tanımışdır. 2024-cü ilin fevral ayında Bakı şəhərində yaşadığı kirayə evdən çıxdığı üçün qalmağa yeri olmamış və bu barədə 10 fevral 2024-cü il saat 21 radələrində Zərərçəkmiş şəxsə bildirdikdə, sonuncu birlikdə qala biləcəklərini təklif etmişdir. Təklifdən sonra o həmin gün Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən kirayə yaşadığı evə getmişdir. Aralarında olan danışığa görə evin kirayə haqqı olan 300 manatı yarıbayarı ödəməklə birlikdə qalmaq barədə də razılaşmışlar. İki gecə orada qaldığı müddətdə heç bir problemləri olmamışdır. Lakin sonrakı gün Elgün ona evə qonaq gələcəyini bildirməklə bu səbəbdən həmin gün oraya gəlməməsini xahiş etmişdir. Həmin vaxt hava çox soyuq olduğuna və Elgünün onu belə soyuq havada kiməsə görə çöldə qoyduğuna görə 12 fevral 2024-cü il gecə saat 04 radələrində qonağın kim olduğunu öyrənmək üçün evə getmiş və açıq olan qapıdan içəri daxil olduqda Elgünün yatdığını görüb masanın üzərindən sonuncuya məxsus “iPhone 13 Pro Max” markalı mobil telefonu üzərində olan kaburası və içərisindəki mobil nömrəsi ilə birlikdə götürmüş, Elgünün müvəqqəti istifadə üçün ona verdiyi qızılı rəngli kişi üçün qol saatını və tünd qəhvəyi rəngli kişi üçün gödəkçəni götürərək evdən çıxmış və Bərdə rayonuna getmişdır. Bunları etməkdə məqsədi Elgünü cəzalandırmaq olmuşdur. Elgün onunla əlaqəyə keçdikdən bir neçə gün sonra “iPhone 13 Pro Max” markalı mobil telefonu üzərində olan kaburası və içərisindəki mobil nömrəsi ilə birlikdə tanımadığı taksi sürücüsü ilə ona geri göndərmişdir. Digər əşyalar olan qızılı rəngli kişi üçün qol saatını və tünd qəhvəyi rəngli kişi üçün gödəkçəni isə Elgünə geri göndərməmişdir. Çünki ona məxsus 40 manat dəyərində qara rəngli qol saatı və 115 manat dəyərində yaşıl rəngli “TomFord” markalı gödəkçəni Elgünün yaşadığı evdə qoymuşdur. Fikirləşmişdir ki, Elgün onları qaytaranda o da götürdüyü saat və gödəkçəni geri qaytarar. Elgün onu gecə vaxtı soyuqda qoyduğuna görə cəzalandırmaq üçün bu hadisəni törətmişdir, sonradan peşman olduğuna görə isə mobil telefonu qaytarmışdır. Habelə qeyd edir ki, mobil telefonun kaburasında 200 (iki yüz) manat olsa da həmin pul saxta olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə 2024-cü ilin əvvəllərində “Tik-Tok” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşlar və aralarında səmimi münasibət yaranmışdır. O, Qanboyu Orxan adı ilə tanımış, çünki Qanboy özünü Orxan kimi təqdim etmişdir. Yalnız oğurluq hadisəsindən sonra adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Qanboyun dedikləri yalnışdır, o, ibtidai istintaq orqanına verdiyi ifadəsini təsdiq edir və bildirir ki, Qanboya yaxşılıq edərək sonuncunu yaşamağa yeri olmadığı üçün 10 fevral 2024-cü il tarixdə Nərimanov rayonu, Daş Karxanası küçəsi 46 ünvanında yerləşən kirayə yaşadığı evə dəvət etmiş, hətta evinə gəlməsi üçün taksi pulunu da cibindən ödəmişdir. Qanboy iki gecə orada qaldıqdan sonra bir yerdə qala bilməyəcəklərini başa düşdüyünə görə Qanboya evə qonaq gələcəyini deyib getməsini xahiş etmişdir. Qanboy da evdən çıxıb getmiş, 12 fevral 2024-cü il saat 03 radələrində ona zəng edib havanın soyuq olduğunu, qalmağa yerinin və pulunun olmadığını bildirmiş, o, da dözməyib taksi ilə evə gəlməsini, yol pulunu çatanda özünün ödəyəcəyini demişdir. Qanboy təxminən 1 saat sonra taksi ilə evə gəlmiş və o, ödəniş etdikdən sonra yorğun olduğu üçün gedib yerində yatmışdır. 12 fevral 2024-cü il saat 10 radələrində yuxudan oyanandan sonra Qanboyun evdə olmadığını, masanın üzərində olan ona məxsus 2000 manat dəyərində “iPhone 13 Pro Max" markalı mobil telefonu, həmin mobil telefonun üzərində olan 50 manat dəyərində kaburanı, həmin mobil telefonun kaburasının arxasında olan bir ədəd 200 manatlıq əskinası, 150 manat dəyərində qızılı rəngli kişi üçün qol saatını və 55 manat dəyərində tünd qəhvəyi rəngli kişi üçün gödəkçəni oğurlayaraq evdən getdiyini müəyyən etmişdir. Telefonun içərisində olan ***-***-**-** saylı mobil nömrənin balansında 10 manat kontur vəsaiti olmuşdur. Əvvəlcə bu məsələni öz aralarında həll etmək üçün Qanboyu axtarıb tapmış, lakin Qanboy götürdüyü əşyaları qaytarmayacağını bildirmiş, buna görə də o, polisə müraciət etmişdir. Həmin söhbətlərdə Qanboyun qohumları da iştirak etmiş, söhbətlər zamanı məlum olmuşdur ki, Qanboy onun mobil telefonunu 600 manata Gəncə şəhərində telefon mağazalarının birinə satmışdır. O, polisə şikayət etdikdən sonra Qanboy taksi sürücüsü ilə yalnız telefonu ona qaytarmışdır. Telefon ona çatanda format olunmuş vəziyyətdə olmuş, yəni telefonun içərisindəki məlumatlar sıfırlanmış, çoxsaylı şəkilləri silinmişdir. Polis orqanında araşdırma aparılarkən Qanboy telefondan başqa oğurladığı digər əşyalara görə 400 manat pul ödəmiş və ona vurulmuş maddi ziyanı ödəmişdir. Ona görə də Qanboy tərəfindən maddi ziyanın ödənilməsi və sonuncudan şikayət və tələbinin olmaması barədə polisə ərizə ilə müraciət etmişdir. Hazırda da Qanboy barəsində heç bir şikayət və tələbi yoxdur. Qanboyun onun evində qaldığını dediyi əşyaları hazırda evindədir, onları Qanboy özü bəyənmədiyi üçün orada qoyub getmişdir, nə vaxt istəsə götürə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 12 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən mənzildir. (i.v. 8-9) Axtarış elan edilməsi haqqında 18 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v. 75-77) Axtarışda olan şəxsin tutulması barədə 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:30-da saxlanılaraq şöbəyə gətirilmişdir. (i.v. 84-85) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuşdur. (i.v. 101-102) Təqsirləndirilən şəxsin müvəqqəti saxlanıldığı yerdən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v. 125-126) Qətimkan tədbirinin seçilməsi haqqında 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 127-130) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 28 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (i.v. 34) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 may 2024-cü il tarixli 9/2433 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 01 ədəd “iPhone 13 Pro Max" markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1450 manat müəyyən olunur. (i.v. 38-40) Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. (i.v. 124) Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nəticələri əsaslandıran hallar: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən onun qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs ona ittiham elan olunmuş əməl üzrə özünü qismən təqsirli bilməsi, Zərərçəkmiş şəxs aid əmlakı sonuncunu cəzalandırmaq üçün götürməsi, oğurluq etmək niyyətinin olmaması və ittihamda göstərilən 200 manat pulun saxta olması barədə məhkəmə icraatı zamanı verdiyi ifadələrini öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirməklə bu xüsusatlara münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək maddi çətinliyinin olduğunu bildirməklə əməli tamah niyyəti ilə törətdiyini təsdiq etmiş, məhkəmə baxışında ittihamda göstərilən bütün əmlakı götürdüyünü bildirsə də, özünü Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilməmiş, bu hərəkətləri əsəbi olduğu üçün etdiyini qeyd etmişdir. Lakin məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus əmlakları məhz tamah niyyətilə talamış, sonuncunun təkid və təşəbbüsü, habelə polis orqanına şikayətindən sonra yalnız mobil telefonu geri qaytarmış, digərlərini isə özündə saxlamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsində 200 manat pulu ümumiyyətlə mobil telefonun keysinin arxasında görmədiyini və götürmədiyini desə də, məhkəmə iclasında sözügedən pulun saxta olmasını qeyd etmişdir. Məhkəmə bu halları nəzərə alıb hesab edir ki, şəxsin eyni xüsusat üzrə iki müxtəlif şəraitdə və vaxtda iki müxtəlif ifadə verməsi, yəni əvvəlcə 200 manat pulu görməməsini, sonra isə sözügedən 200 manat pulun saxta olmasını bildirməsi onun məhkəmə qarşısında dürüstlüyünü şübhə altına almaqla ifadələrində səmimi və inandırıcı olmadığını təsdiq edir. Halbuki zərərçəkmiş Zərərçəkmiş şəxs cinayət işinin ibtidai istintaqından hazırkı mərhələsinədək eyni məzmunlu ifadələr verməsi məhkəmə tərəfindən daha səmimi qarşılanır və hakimin daxili inamını formalaşdırır. Bu əsaslardan çıxış edərək məhkəmə Təqsirləndirilən şəxs ona ittiham elan olunmuş əməl üzrə özünü qismən təqsirli bilməsi, Zərərçəkmiş şəxs aid əmlakı sonuncunu cəzalandırmaq üçün götürməsi, oğurluq etmək niyyətinin olmaması və ittihamda göstərilən 200 manat pulun saxta olması barədə məhkəmə icraatı zamanı verdiyi ifadələrini öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirir və əsassız hesab olunması qənaətinə gəlir. Bununla yanaşı, məhkəmə əməlin tövsifinə təsir etməsə də, təqsirləndirilən şəxsə verilmiş ittihamın həcmi və hadisənin törədilməsi vaxtı ilə razılaşmır, ittihamın həcminin azaldılmasını və hadisənin törədilməsi vaxtının xx.xx.2024-cü il saat 10 radələri deyil, xx.xx.2024-cü il 04 radələri kimi müəyyən olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Belə ki, iş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 may 2024cü il tarixli 9/2433 saylı rəyindən görünür ki, 01 ədəd “iPhone 13 Pro Max" markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1450 manat müəyyən olunsa da, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda həmin mobil telefonun dəyəri 2000 manat kimi göstərilmişdir. Halbuki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Göründüyü kimi, hazırki iş üzrə zərərçəkmiş şəxsə məxsus olan 01 ədəd “iPhone 13 Pro Max" markalı mobil telefonun cinayət törədilən vaxta olan faktiki dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən müstəntiq tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə və oğurlanmış həmin əmlakın dəyərinin cinayət törədilən vaxt üçün ekspert tərəfindən müəyyən edilməsinə baxmayaraq müstəntiq zərərçəkmiş şəxsin öz əmlakına verdiyi dəyəri müvafiq ekspert rəyindən üstün tutaraq bunun səbəbini əsaslandırmaq zərurəti görmədən əmlakı zərərçəkmiş şəxsin göstərdiyi məbləğ üzrə qiymətləndirərək təqsirləndirilən şəxsə ittiham elan etmişdir. Məhkəmə müvafiq ekspert rəyi ilə cinayətin törədildiyi vaxt üçün 01 ədəd “iPhone 13 Pro Max" markalı mobil telefonun 1450 manat müəyyən edilməsini, bu məbləğin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə əsasən əmlakın orta bazar qiymətinə daha uyğun olmasını hesab edərək əsas götürməklə, talanmış digər əmlakların dəyəri barədə hər hansı mübahisəli halın olmamasını nəzərə alıb onlara dair hissədə razılaşaraq şəxsə verilmiş ittiham üzrə müəyyən olunan 2465 manat miqdarında maddi ziyanın 550 manat azaldılaraq 1915 manat miqdarında müəyyən edilməli olması qənaətinə gəlir. Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini 12 fevral 2024-cü il saat 10 radələrində deyil, həmin gün saat 04 radələrində, yəni gecə vaxtı törətdiyini bildirmişdir. Habelə Zərərçəkmiş şəxs da təqsirləndirilən şəxsə uyğun ifadə verərək sonuncunun 12 fevral 2024-cü il saat 04 radələrində evə gəldiyini, yorğun olduğu üçün özünün yatdığını, hadisənin baş verməsini yuxudan oyananda saat 10 radələrində müəyyən etdiyini bildirmişdir. Qeyd olunanları və həqiqətin müəyyən olunmasının məhkəmə icraatının konstitusion vəzifəsinin olduğunu nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, hadisə 12 fevral 2024cü il saat 04 radələrində törədilmişdir. Bununla da məhkəmə icraatı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 fevral 2024-cü il saat 04 radələrində müvəqqəti yaşadığı ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs kirayə əsaslarla istifadə etdiyi evdən sonuncuya məxsus 1450 manat dəyərində “İphone 13 Pro Max” markalı mobil telefonu, həmin mobil telefonda istifadə etdiyi balansında 10 manatlıq danışıq konturu olan ***-***-**-** saylı mobil nömrəni, həmin mobil telefonun üzərində olan 50 manat dəyərində kabronu (telefon üçün keysi), kabronun içərisində olan 200 (bir ədəd 200 manatlıq əskinas) manat pulu, 150 manat dəyərində qızılı rəngli kişi üçün qol saatını və 55 manat dəyərində tünd qəhvəyi rəngli kişi üçün gödəkçəni gizli talayaraq Zərərçəkmiş şəxs 1915 manat maddi ziyan vurmaqla özgə əmlakını oğurlamışdır. Məhkəmə qeyd edir ki, göstərilən hal əməlin tövsifinə təsir etmədiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və aradan qaldırmasını (mobil telefonu qaytarmaqla) (CM-59.1.13), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını (CM-59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran hallarım olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bərdə rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00dan saat 06:30-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bərdə Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə mülki iddianın olmadığını və vurulmuş ziyanın ödənilməsini, habelə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 6 iş saatına görə 11 manat hesablanmaqla, ümumilikdə 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:30-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 6 iş saatına görə 11 (on bir) manat hesablanmaqla, ümumilikdə 66 (altmış altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar