Məhkəmə qərarları › İş №1(005)-237/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-237/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-237/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X4 Bəhram oğlunun sədrliyi, Məmmədova Aygün Fərhad qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Salyan rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 3 il 3 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(008)-247/2025 saylı hökmü ilə 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həbs edilənədək ünvan 2 ünvanında yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamaqla daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,994 qram kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq 06 mart 2025-ci il tarixdə ünvan 3 ünvanının qarşısına daşımış və Nərimanov RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nərimanov RPİ-nə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Kent 4” markalı siqaret qutusunun içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,994 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Sosial şəbəkələrin birində tanımadığı “Baba” adlı şəxslə tanış olduğunu və bu şəxsdən ona psixotrop maddə metamfetamin satmasını istədiyini bildirmiş, həmin şəxs də psixotrop maddə metamfetamini atdığı yeri ona deyərkən həmin gün saat 16:15 radələrində ora getmiş, orada olarkən ünvan 3 ünvanının qarşısında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb ona sual verərkən üzərində psixotrop maddə metamfetamin olduğu üçün həyəcanalanaraq suallara cavab vermədikdə, polis əməkdaşları ondan şübhələnərək Nərimanov RPİ-nə dəvət etdiklərindən, polis əməkdaşları ilə birlikdə bölməyə getdiyini, bölmədə müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilən zaman onun əynində olan qara rəngli gödəkçənin sağ cibindən 01 ədəd “Kent 4” markalı siqaret qutusununun aşkar olunduğunu və qutuya baxış keçirilən zaman 01 ədəd ağ rəngli sellofan büküm aşkar edildiyini, bükümdə isə psixotrop maddə metamfetamin, sol yan cibindən 01 ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefonu, əynində olan qara şalvarın sol yan cibindən 01 ədəd “Bakı Kart” gediş kartı, 80 qəpik pul, 01 ədəd yaşıl rəngli alışqanın olduğunu demişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 mart 2025-ci il saat 16:15 radələrində Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Nərimanov rayonu, Ə.Əliyev küçəsi 63 ünvanın yaxınlığında dayanan Təqsirləndirilən şəxs özünü qeyri-adekvat apardığından ona yaxınlaşmış və bir neçə sual verdikdən sonra onun şübhəli hərəkətlərini görərək, həmin şəxsi polis bölməsinə apardığını, polis bölməsində həmin şəxsin üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin sağ cibindən 01 ədəd “Kent 4” markalı siqaret qutusununun aşkar olunduğunu və qutuya baxış keçirilən zaman 01 ədəd ağ rəngli sellofan büküm aşkar edildiyini, bükümdə isə psixotrop maddə metamfetamin, sol yan cibindən 01 ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefonu, əynində olan qara şalvarın sol yan cibindən 01 ədəd “Bakı Kart” gediş kartı, 80 qəpik pul, 01 ədəd yaşıl rəngli alışqanı çıxarıb təqdim etdiyini gördüyünü, daha sonra həmin maddə zərfə qoyulub möhürlənib protokol tərtib olunaraq götürüldüyünü bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsi ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək Təqsirləndirilən şəxs cinayət əməlini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxs kimi tutulma haqqında” 06 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v 15-16) xx.xx.2025-ci il tarixli «şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Nadir Rzazadə tərəfindən tərtib olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, o, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən ağ rəngli sellofana bükülmüş bir ədəd bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda məlum olur ki, bükümün arasında psixotrop maddə olan metamfetaminə oxşar kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün arasında psixotrop maddə olan metamfetamin olduğunu, psixotrop maddə metamfetamini “Whatsapp” proqramı vasitəsilə “Baba” adlı şəxslə əlaqə saxlayaraq ondan 80 manat müqabilində zakladka yolu ilə əldə edərək öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd “Bakı kart” gediş kartı, 80 qəpik pul, 01 ədəd yaşıl rəngli alışqan aşkar edilir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində axtarış aparmışlar. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. (Cild 1 i.v. 25-26) Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 6/1002/2025 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Arayışlar üçün №44” dairəvi möhür əksi olan, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.994 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 0.994 qram, tədqiqata sərf edilmişdir 0,1 qram, qalıq 0,894 qram. (Cild 1 c i.v 34-37) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X3-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2025-ci il tarixli 1428 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. (cild 1 i.v. 104-105) Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 0.994 qram kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və ekspert tədqiqatından sonra qalıq qalmış 0,894 qram psixotrop maddə metamfetamin Nərimanov RPİ-yə saxlanışa verilmişdir. (Cild 1 i.v. 115-122) Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və götürmə prosesini əks etdirən videogörüntülərin olduğu bir ədəd CD disk sübut növü hesab edilmişdir. (Cild 1 i.v. 115- 122) İş üzrə CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə bir ədəd fayl vardır. Faylda olan videogörüntü 6 mart 2025-ci il tarixli və 12 dəqiqə 02 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşları Nərimanov RPİ-nin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir. Təqsirləndirilən şəxs qara rəngli gödəkcənin sağ yan cibindən “Kent 4” markalı siqaret qutusunun içərisində saxladığı 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək bildirir ki, bükümün içərisindəki maddə psixotrop maddə olan metamfetamindir. Bu psixotrop maddəni sosial şəbəkədən tanış olduğu “Baba” adlı İran İslam Respublikasının vətəndaşından 80 manat pul müqabilində zakladka yolu ilə əldə etdiyini bildirir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd ***-***- **-** mobil nömrəli “Samsung” markalı smartfon, 01 ədəd “Bakı kart” gediş kartı, 80 qəpik pul, 01 ədəd yaşıl rəngli alışqan aşkar edilir və özünə qaytarılır. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürülür. (Cild 1 i.v. 82) xx.xx.2025-ci il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs məxsus «Samsung A12» markalı mobil telefona baxış keçirilərək nəticəsi protokollaşdırılmışdır. Baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan hər hansı xüsusat müəyyən edilməmişdir. (Cild 1 i.v. 98) Cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən ***-***-**-** saylı mobil nömrənin xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək anten dairəsi haqqında məlumatların, eləcə də həmin mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısının ələ keçirilməsinə dair DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsinə sorğu verilmiş və həmin sorğuya cavab olaraq daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı diskdə 03 ədəd fayl aşkar edilmişdir. Fayllara baxış keçirilmiş və CD diskdə iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. CD diskə baxıldıqdan sonra həmin disk qablaşdırılaraq cinayət işinə əlavə olunmuşdur. (Cild 1 i.v.101) “Təqsirləndirilən şəxs qismində cəlb etmə” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1 i.v: 54-55) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsinin imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi” barədə 08 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Tural Səfiyevin 08 mart 2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v: 76-78) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən və Bakı Şəhəri Səbail Rayon Məhkəməainin xx.xx.2020-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 3 il 3 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (Cild 1 i.v. 87-89, 108-114) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-247/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 1 il 9 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli, 1(008)- 247/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD diskə baxış keçirilərkən onun əynində olan 01 ədəd “Kent 4” markalı siqaret qutusunun içərisində 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 3 il 3 ay 29 gün müddətinə azadlıqdan məhrum cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 3 (ay) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 06 mart 2025-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli, 1(008)-247/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplanılmaqla cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət (06-08 mart 2025-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-247/2025 saylı hökmü ilə müəyyən edilmiş 14 may 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli, 1(008)- 247/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət (06-08 mart 2025-ci il), həmçinin Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hökmü ilə istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət (19-21 dekabr 2024-cü il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 14 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,894 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar