Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-239/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurahmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, ünvan 2a yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək xuliqanlıq etmiş, həmçinin xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs tanışı Şahid1 pul borclu olduğu Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisəni aydınlaşdırmaq məqsədi ilə tanışları X1 və Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs söhbət edəcəkləri vədi ilə ünvan 3 ünvanda yerləşən “Xal-Xal” restoranına dəvət edib 02 yanvar 2024-cü il tarixdə saat 22 radələrində həmin restoranın ümumi zalında görüşdükdən sonra sonuncunun pul mübahisəsi ilə bağlı hüquqmühafizə orqanlarına müraciət etmə niyyətində olması kimi qanuni hərəkətlərini irad bildirməklə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs döyərək sonuncuya qəsdən qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burnunun yumşaq toxumalarının şişkinlik halında əzilməsi, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyündə yerdəyişən qəlpəli qapalı sınığından ibarət, Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır vurmaya, alının sol yarısının tüksüz hissəsinin və sol gicgah nahiyəsinin sıyrıqları, sol gözaltı nahiyənin qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən, üst dodağın sol yarısının iç səthinin qançırı, bu qançırın səthində səthi əzilmiş yara, üst çənədə mərkəzdən sola İİ-İİİ-İV dişlərin travmatik laxlanması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlərə yol verərək xuliqanlıq elmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, onlar çay içirmişlər. Orxan Kənana borc pul vermişdir, Kənan həmin borcu qaytarmalı idi. Pul üstündə bu zaman problem yaşamışlar və Orxanla əlbəyaxa olmuşlar. Hazırda Orxanla barışmışdır, Orxanın ona qarşı şikayət və tələbi yoxdur. Orxanı yumruqla vurduğuna görə peşmandır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Xal-xal” kafesinə söhbət etmək məqsədi ilə toplaşmışlar. Kənan ona Orxanla söhbət etməyə getməyi təklif etmişdir. Bildirmişdir ki, əgər Kənan borcunu verməsə, motosikleti girov olaraq saxlayacaqlar. Söhbət zamanı Kənan borclu olmadığını bildirmişdir. Orxan isə Kənanın borclu olduğuna israr etmişdir. Kafeyə ilk öncə Kənan, Vüsal və o getmişdir. X6 kafeyə dəvət etmişdir. Hamısı iş yoldaşı olduğundan bir-birilərini tanıyırlar. Onlar aralarında problem olmasını istəməmişlər. Orxan şikayət etməsə də edəcəyini demişdir. O da öz növbəsində Orxana şikayət etməməsini bildirən zaman Orxan nalayiq söyüşlər söymüşdür. Söhbət zamanı Orxan Kənana “əgər sən mənim pulumu vermirsənsə sən qeyrətsizsən” demişdir və o da ayağa durub getməyə hazırlaşmışdır. Bu zaman Orxan ona “niyyətin məni vurmaq idisə, vurmursansa...” demişdir və ardı ilə nalayiq ifadələr işlətmişdir və o, bu zaman geri qayıdıb Orxanı vurmuşdur. O, Orxanın göz nahiyəsinə 1-2 yumruq atmış və sonra oranı tərk etmişdir. O, getdikdən sonra Kənanla Vüsal orada qalmışdır. Həmin vaxt gözündən qan gəlməmişdir. Ehtimal edir ki, sonradan Orxanın gözündən qan gəlib. Hadisə 3-5 dəqiqə davam etmişdir. Onların əyləşdiyi masada onlardan başqa heç kəs olmamışdır. Hadisədən sonra onlar da çıxıb getmişlər. O, Orxanla da Kənanla da tanış olduğundan mübahisə yaranmasını istəməmişdir. Söhbət edərək məsələni qaydasına qoymağa çalışmışdır. O, söhbət əsnasında hiss etmişdir ki, Kənanın Orxana borcu var. Halbuki Kənan da borcu olmadığına israr edirdi. Nalayiq ifadələri Orxan Kənana qarşı pulu vermədiyinə görə işlətmişdir. Kafenin ərazisi böyükdür və iki mərtəbədən ibarətdir. Onlar ikinci mərtəbədə, digərləri isə aşağı mərtəbədə əyləşmişdir. Aralarında mübahisə olan zaman ora heç kəs gəlməmişdir. Kimlərin gəlməsini bilmir, çünki həmin vaxt o çıxıb getmişdir. Orxan ona qarşı söyüş söyənə qədər o, Orxana qarşı nalayiq ifadələr işlətməmişdir. İlk Orxan ona nalayiq ifadələr işlətmişdir. Onun Orxanı vurmaq niyyəti olmamışdır. İlk Orxan söyüşlər söyüb. Orxanın da onu vuracağından ehtiyyat etdiyindən o, Orxanı vurduqdan sonra dərhal qaçıb getmişdir. Orxan onun arxası ilə gəlsə də o qaçmışdır. Hadisədən əvvəl səsli mübahisə olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Kənanla onun ortaq dostu var və o, həmin ortaq dostuna yığaraq Kənanın ona borclu olduğu pulun qalan hissəni isə vermədiyini demişdir. Bildirmişdir ki, əgər borcu verilmirsə o, tədbir görmək istəyir və Kənanın pulu vermək niyyəti yoxdusa Kənana aid motosikleti götürüb sataraq borcunu götürsün. Həmin şəxs zəng edib Kənana bu barədə demişdir. O, yolda sifariş apararkən, Kənan ona zəng edərək görüşüb haqq-hesab aparmağı təklif etmişdir. Ondan biraz sonra isə ona Məhəmməd zəng etmişdir. O da “Xal-xal” kafesinə gəlmişdir. Orada Kənan demişdir ki, borcunu ödəmişdir. O da öz növbəsində ona pul gəlmədiyini bildirmiş və əgər ona pul göndərilibsə buna dair sübutlar təqdim etməsini tələb etmişdir. Sonra Kənan bankdan çıxarışları çıxardacağını bildirmişdir. O, haqqını yeyənlərə qarşı nalayiq ifadə işlətmişdir. Qəflətən Məhəmməd ona yumruq vurmuş və qaçmışdır. O da Məhəmmədin arxasınca qaçmışdır. Bundan sonra polislər gəlmişlər. Sonda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, birinci ona Kənan yığmışdır. Kafədə Kənan, Məhəmməd və Vüsal olmuşdur. Onunla Məhəmmədin arasındakı narazılıq “işverən” sözünə görə olmuşdur. Sonradan o, Məhəmmədi təhqir etmişdir. O, Məhəmmədə “məsələni həll etməyə gəlmisən, gəl həll et....” demişdir. Məhəmmədin onu vuracağını gözləməmişdir. Məhəmmədin ünvanına başqa nalayiq ifadə işlətməmişdir. Məhəmmədin dalınca qaçmışdır. O, Məhəmmədi vurmamışdır. Hadisə beş dəqiqə davam etmişdir. Söyüşlə əlbəyaxa arasında vaxt 1-2 dəqiqə olmuşdur. Onun arxası qapıya tərəf olduğu üçün kimlərin gəlməsini görməmişdir. Onlara sakitləşməyə dair kafe işçiləri irad bildirməmişlər. Onlara heç kəs yaxınlaşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş hadisə ona görə olmuşdur. Onun Orxana motosikletə görə borcu var imiş. Orxan ondan borcunu ödəməyi tələb etmişdir. O isə cavab olaraq maddi imkanının olmadığını bildirmişdir. Həmin vaxtı Orxan ona və Məhəmmədə qarşı nalayiq ifadələr işlətməyə başlamışdır və bundan sonra Məhəmmədlə Orxan əlbəyaxa olmuşlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Orxan ondan pulunu tələb etmişdir. Məhəmməd, o və Vüsal birlikdə ortaq tanışları qəza etdiyinə görə tanışlarının yanına Badamdara getmişlər. Oradan qayıdanda birlikdə çay içməyə getmişlər və Orxan da gəlmişdir. O, hər dəfə 300 manat məbləğində hissə-hissə ödənişlər etmişdir. Lakin üzərindən iki ay keçdikdən sonra bankın mobil tətbiqində ödənişlər yaddaşda qalmırdı. Ona görə də o, Orxandan birinci günə qədər vaxt istəmişdir ki, ödənişlərə dair çıxarışları bankdan gətirsin. Bu zaman Orxan “Mənim haqqımı heç kəs yeyə bilməz” demiş və nalayiq ifadə işlətmişdir. Məhəmməd özünü cilovlaya bilmədiyindən dava düşmüşdür. Onlar bir-birilərini itələmişlər, daha sonra onları ayırmaq istəsələr də Məhəmməd Orxana zərbə endirmişdir. Aralarındakı mübahisə təxminən 1 dəqiqə davam etmişdir. Kafenin həyətində mübahisə davam etməmişdir. Onların əyləşdiyi ikinci mərtəbədə onlardan başqa heç kəs olmamışdır və heç kəs də səsə-küyə gəlməmişdir. Orxan Məhəmmədə qarşı nalayiq ifadə işlətmişdir. Onlar çay içən zaman Orxan gəlmişdir və ondan sonra onlar Orxanın pula görə gəldiyini bilmişlər. Onlar hamısı dostdurlar, dəfələrlə birlikdə çay içmişlər, lakin pul məsələsinə görə heç vaxt toplaşmamışlar. Həmin vaxtı orada Vüsal, o, Məhəmməd və Orxan olmuşdur. Onlardan başqa heç kəs olmamışdır. Orxan ucadan söyüş söymüşdür. Bu vaxt birinci mərtəbədən gələn olmamışdır. Belə ki, ikinci mərtəbə həm hündüdür, həm də ki onlar dib tərəfdə əyləşmişlər. Pəncərə açıq olmamışdır. Sonradan kiminsə ora gəlməsini bilməmişdir. Məhəmməd Orxana “polisə xəbərçilik etmək düzgün deyil” demişdir və bundan sonra Orxan Məhəmmədi təhqir etməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixində o, Məhəmməd, Kənan və Orxan birlikdə “Xal-xal” kafesində çay içmək üçün toplaşmışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən vaxt o, telefonla oynamışdır. Sonra Məhəmməd və Orxan arasında çaxnaşma olmuş və Məhəmməd Orxana zərbə endirmişdir. Məhəmmədin zərbə endirməsinin səbəbi Orxanın ona qarşı nalayiq ifadə işlətməsi olmuşdur. Məhəmməd Orxanı əli ilə vurmuşdur. Orxanla Kənan arasında olan borc məsələsindən məlumatı olmamışdır. Sonradan məlumat almışdır. Əvvəl sözlü mübahisə yaranmış, bu mübahisə təxmini 10-15 dəqiqə davam etmişdir. İkinci mərtəbədə onlar əyləşmişlər. Çöldə hava soyuq olmuşdur və kafedə elə çox adam olmamışdır. O, mübahisə başladıqdan sonra məsələyə diqqət göstərmişdir. Əvvəl mübahisə Orxanla Kənan arasında başlamış və sonra Məhəmməd müdaxilə etmişdir. Məhəmməd müdaxilə etdikdə Orxan ona qarşı ailə ilə bağlı nalayiq ifadə işlətmişdir. Bu zaman Məhəmməd Orxanı vurmuşdur. Hesab edir ki, Orxana vurmağa səbəb Məhəmmədin ailə üzvlərindən birinin yaxın vaxtlarda rəhmətə getməsi olmuşdur. Mübahisə ilə Məhəmmədin Orxanı vurması arasında təxminən bir dəqiqə vaxt keçmişdir. Məhəmməd çıxıb getdikdən sonra, X7 avtomobili ilə getmişdir. Hadisədən sonra onlar aşağı mərtəbəyə enmişlər. Ondan sonra insanlar onlara yaxınlaşmağa başlamışlar. Orxanın sifətindən qan axmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 02 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə verdiyi məlumat əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Nərimanov rayonu, Təbriz küçəsi 100 saylı ünvanda yerləşən “Xal-Xal” restoranın qarşısıdır. Hadisə yerinin yaxınlığında müşahidə kameraları yoxdur. Hadisə yerinin fotoşəkilləri çəkilməklə protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X2 X5 15 yanvar 2024-cü il tarixli, 01 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması baş beyin silkələnməsi, burunun yumşaq toxumalarının şişkinlik halında əzilməsi, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyündə yerdəyişən qəlpəli qapalı sınığı, alnın sol yarısının tüksüz hissəsinin və sol gicgah nahiyəsinin sıyrıqları, sol gözaltı nahiyənin qançır, üst dodağın sol yarısının iç səthinin qançırı, bu qançırın səthində səthi əzilmiş yara, üst çənədə mərkəzdən sola İİ-İİİ-İV dişlərin travmatik laxlaması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 02 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” 04 fevral 2024-cü il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi qərara alınmışdır. **********087 nömrəli, xx.xx.2024-cü il tarixli notarial qaydada verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəyən zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir və ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 mart 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, zərərçəkmiş şəxslə barışmışdır və barəsində olan cinayət işi üzrə icraata AR CM-nin 127.2.3cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə olan hissədə xitam verilməsini xahiş edir. Beləliklə məhkəmə toplanmış sübutları məhkəmə istintaqı zamanı tədqiq edib, proses iştirakçılarını dinləyib, sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericilklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Cinayət qanununun bu maddəsinin tərkibi üçün istər əşyaların məhv etmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün 02 yanvar 2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını əhəmiyyətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla sonuncunun qapalı kəllə beyin travması baş beyin silkələnməsi, burunun yumşaq toxumalarının şişkinlik halında əzilməsi, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyündə yerdəyişən qəlpəli qapalı sınığı, alnın sol yarısının tüksüz hissəsinin və sol gicgah nahiyəsinin sıyrıqları, sol gözaltı nahiyənin qançır, üst dodağın sol yarısının iç səthinin qançırı, bu qançırın səthində səthi əzilmiş yara, üst çənədə mərkəzdən sola İİ-İİİ-İV dişlərin travmatik laxlaması və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsi həm təqsirləndirilən şəxsin özünün, həm zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həm də iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” X5 15 yanvar 2024-cü il tarixli, 01 saylı rəyi ilə təsdiq olunur. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 02 yanvar 2024-cü il tarixdə saat 22:00 radələrində Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Xal-Xal” kafesində olarkən Zərərçəkmiş şəxs Şahid1 borcunu istədikdən sonra həmin şəxslər arasında mübahisə yaranmış, bundan sonra Orxan Məhəmmədin ünvanına nalayiq söyüşlər söymüş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı söyüş söyməsindən sonra onların arasında mübahisə yaranmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vuraraq xəsarətlər yetirmiş və dərhal sonra kafedən qaçaraq uzaqlaşmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinin nədən ibarət olduğunu açıqlamamış, onun hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək onun müvafiq əməlini Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə tövsif etmişdir. İşin hallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs ittihamda göstərildiyi kimi heç bir ciddi əsaslı səbəb olmadan deyil, əksinə kifayət qədər əsaslı səbəbi olduğu halda, yəni Zərərçəkmiş şəxs onun ünvanına qarşı nalayiq söyüşlər söyməsindən sonra sonuncu ilə aralarında mübahisə yaranmış, daha sonra onu yumruqla vuraraq xəsarət yetirmişdir. Belə olan halda təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsindən söhbət gedə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, istintaq zamanı elan olunmuş ittihamın mahiyyəti, yəni Təqsirləndirilən şəxs təqsirləndirildiyi xuliqanlıq hərəkətlərinin mahiyyəti açıqlanmamışdır. İşin obyektiv vəziyyətindən isə aydın olur ki, ictimai qaydanın kobud surətdə pozulması hadisənin baş verdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 100 ünvanında yerləşən “Xal-Xal” restoranın ümumi zalı ilə ifadə olunmuş (hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokol), lakin ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş xuliqanlıq ittihamında onun Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 100 ünvanında yerləşən “Xal-Xal” restoranının ümumi zalında zərərçəkmişə xəsarət yetirməsi göstərilsə də, bununla yanaşı xuliqanlıq cinayətinin qanunda təsbit olunmuş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin konkret hansı hərəkətlərdə ifadə olunması göstərilməmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olması ibtidai istintaqda olduğu kimi məhkəmə istintaqı zamanı da sübut olunmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin, yəni kənar şəxslərin toplaşması (halbuki yuxarıda qeyd olunan ünvanda baş vermiş hadisədə zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və onlarla birgə kafedə əyləşən dostları, yəni iş üzrə şahidlər Şahid1 və Vüsal Mirzəzadə olmuşdur), hansı kənar şəxslərin toplaşması, mübahisənin aradan qaldırılması məqsədi həmin şəxslərin hadisəyə müdaxilə etməsi müəyyən edilməmiş, əgər kənar şəxslər olmuşlarsa da, həmin şəxslərin ifadələri alınmamış, şahidlər siyahısında göstərilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 və Vüsal Mirzəzadə, həmçinin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə yeri “Xal- Xal” kafesinin ikinci mərtəbəsidir. Hadisə baş verən zaman kənar şəxslər olmamışdır. Onların arasındakı mübahisə 1-2 dəqiqə davam etmişdir. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurduqdan sonra dərhal qaçaraq oradan uzaqlaşmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 146.1-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında vurğulanır: “Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.” Beləliklə məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə verilmiş ittihama münasibətdə isə qeyd edir ki, iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin tərkibinin olmadığı, onun əməlində yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tərkibinin aşkar müəyyən edildiyi halda ibtidai istintaq orqanı iş üzrə düzgün nəticəyə gəlinməsi və təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları ümumiyyətlə nəzərə almadan onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, qanunvericilikdə göstərilən əməlin tərkibinin yaranması üçün şəxsin ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurması öz əksini tapmışdır. Lakin yuxarıda da qeyd edildiyi kimi işin hallarından müəyyən olunur ki, 02 yanvar 2024-cü il tarixdə saat 22:00 radələrində Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Xal-Xal” kafesində olarkən Zərərçəkmiş şəxs Şahid1 borcunu istədikdən sonra həmin şəxslər arasında mübahisə yaranmış, bundan sonra Təqsirləndirilən şəxs mübahisəyə müdaxilə etdikdə Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər söymüş, daha sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vuraraq xəsarətlər yetirmişdir. Hadisənin baş vermə mexanizmi yuxarıda qeyd edilən kimi olmasına baxmayaraq istintaq orqanı əsassız olaraq təqsirləndirilən şəxsin əməlində “niyyətinin xüliqanlıq” olaması qənaətinə gəlmişdir. Halbuki, işin faktiki hallarından göründüyü kimi münaqişənin başqa cür desək zərərçəkmiş şəxsin vurulmasına səbəb onun öz qanunazidd davranışı olmuşdur. Belə olan halda təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına zərər vurmasına dair hərəkətlər etməsindən söhbət gedə bilməz. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa az ağır xəsarət yetirmə kimi tövsif edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma – iki ilədək islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif olunmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin hissədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidi. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 127.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-239/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-239/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver