Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-240/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, X1 Etibar qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 20 fevral 2025-ci il tarixdə, saat 11 radələrində satış məqsədi olmadan, qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” - in İ siyahısına daxil olan 01 ədəd bükümdə təmiz çəkisi 0,567 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq 20 fevral 2025ci il tarixdə ünvan 2 ünvanın qarşısına daşımış, 20 fevral 2025-ci il tarixdə saat 15 radələrində Nərimanov RPİ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nərimanov RPİ-nin inzibati binasına dəvət edilmiş, şəxsi axtarış və götürmə zamanı əynindəki mavi rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli üzərində “Rothman” yazısı olan siqaret qutusunun içərisində olan ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,567 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində tanımadığı bir nəfər şəxsdən 50 manat pul müqabilində şəxsi istifadəsi üçün 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kağızın içərisində olan bükümdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini alıb üzərində saxlamışdır. Həmin gün saat 15 radələrində yaşadığı ünvan 5 ünvanın yaxınlığında olarkən mülki geyimdə iki nəfər şəxsin ona tərəf gəldiyini gördüyü üçün oradan uzaqlaşmaq istəmişdir. Bu şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirdikdən sonra onu şübhəli hərəkətlərinə görə polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə idarəyə gəlmiş və müdafiəçinin iştirakı ilə üzərində gəzdirdiyi psixotrop maddəni təqdim etmişdır. Təqdim etdiyi psixotrop maddə metamfetamin qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı fiziki və psixi zorakılıq edilməmişdir. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin keçmiş əməliyyat müvəkkili Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 20 fevral 2025-ci il tarixdə Nərimanov RPİ-nin NMB-nin rəisi Şahid1 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 5 ünvanın yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin inzibati binasına dəvət etmişlər. İdarədə müəyyən edilmişdir ki, vətəndaş ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. İdarədə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd “Rothman” markalı siqaret qutusunun içərisindən şəffaf rəngli selefonun içərisində ağ rəngli kağıza bükülmüş bükümü, pul və mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan ağ rəngli kristalşəkilli maddə psixotrop maddə metamfetamin olmasını və həmin maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Nərimanov rayonu, Montin qəsəbəsində tanımadığı şəxsdən 50 manat pul müqabilində özü istifadə etmək üçün aldığını bildirmişdir. Həmin büküm ağ rəngli kağız zərfə qoyularaq, üzərində müvafiq qeydlər aparıldıqdan sonra iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-NMB-nin rəisi Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsi axtarış və götürmə aparılması haqqında 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan mavi rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli üzərində Rothman yazısı olan siqaret qutusu və qutunun içərisində olan şəffaf rəngli sellofanın içərisində ağ rəngli kağıza bükülmüş bükümü, boz rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd 05 manatlıq, 11 ədəd 01 manatlıq pul əskinaslarını və ağ rəngli salfet kağızını, həmin gödəkçənin sol yan cibindən isə KGTEL markalı mobil telefon aparatını təqdim etmişdir. Aşkar olunmuş, siqaret qutusunun içərisində olan şəffaf rəngli sellofanda ağ kağıza bükülmüş ağ rəngli kristalşəkilli maddə içərisi boş olan kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş maddələri şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etmiş, saxlanılan zaman ona qarşı psixi və fiziki zor tətbiq olunmamışdır. (i.v. 24-25) DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, görüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən qeydə alınmışdır. Səxsi axtarış və götürmə aparılması haqqında 20 fevral 2025-ci il tarixli protokolun məzmunu həmin görüntülərlə eynilik təşkil edir. (i.v. 46) Məhkəmə-kimyəvi ekspertizasının 21 fevral 2025-ci il tarixli 6/824 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs (imza).” Sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,567 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir. (i.v. 29-33) Məhkəmə-narkoloji ekspertizasının 22 fevral 2025-ci il tarixli 1063 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. (i.v. 103-104) “Maddi sübut tanıma haqqında” 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,567 qram olan psixotrop maddə olan metmfetamin maddi sübut kimi tanınmışdır. Tədqiqata sərf edildikdən sonra qalıq qalmış çəkisi 0,517 qram təşkil edir. (i.v. 42-43) “Maddi sübut tanıma haqqında” 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan bir ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmışdır. (i.v. 44-45) Sübutların qiymətləndirilməsi haqqında 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi çəkisi - 0,567 qram olan psixotrop maddə metamfetamin və şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən 01 ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra psixotrop maddə metamfetaminin 0,517 qram qalığı saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş, 01 ədəd disk isə cinayət işinə əlavə edilmişdir. (i.v. 113- 121) Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə, diskə baxış keçirilməsi haqqında, həmçinin digər istintaq hərəkətləri haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən başqa dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın “Psixotrop maddələr” adlı İİ siyahısına əsasən metamfetaminin aşağı həddi 0,15 qram olduqda xeyli, aşağı həddi 2 qram olduqda külli, aşağı həddi 400 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Şübhəli şəxsin tutulması haqqında 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 15:00-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə tutulmuşdur. (i.v. 15) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. (i.v. 69-70) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və MSY-dən azad edilməsi haqqında 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlanıldığı MSY-dən azad edilmişdir. (i.v. 94-95) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 96-97) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında məhkumluq barədə heç bir məlumat yoxdur. (i.v. 90) Məhkəmə, Azərbaycan Respubikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qanunvericiliyin tələblərini, Avropa Məhkəməsinin tövsiyələrini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətinin müsbət xərakterizə olunmasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, azadlıqdan məhrum etmə cəzası təyin olunmadan cəzanın məqsədinə nail olmanın mümkünlüyünü, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu müddət (xx.xx.2025-xx.xx.2025) azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 fevral 2025-ci ildən 22 fevral 2025-ci ilədək tutulduğu 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 il 3 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov RPİ-nin “Maddi sübutların saxlanması” otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,517 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatına görə 11 (on bir) manat olmaqla 21 iş saatına görə 231 (iki yüz otuz bir) manat məbləğində vəsait dövlət büdcəsindən Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №1(005)-240/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-240/2025
04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver