Məhkəmə qərarları › İş №1(005)-241/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-241/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-241/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Qəhrəmanov Tural Rasim oğlunun, təqsirləndirilən şəxs İsmayılov Şəfa Elman oğlunun və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Hüseynov Səfər Gülüm oğlunun iştirakları ilə, xx.xx.1991-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Zəngilan rayonunun Cahangirbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 6, mənzil 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan İsmayılov Şəfa Elman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İsmayılov Şəfa Elman oğlu özgənin əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 06 iyul 2019-cu il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 101A ünvanında yerləşən “Diplomat” geyim mağazasına müştəri qismində daxil olaraq həmin vaxt mağazada olan digər müştəri Qasımov Zaur Zahid oğlunun özünə məxsus pul kisəsini paltar rəfinin üstünə qoymasını gördükdən sonra Zərərçəkmiş şəxs və mağazanın işçilərinin fikirlərinin yayınmalarından istifadə edərək həmin pul kisəsini götürüb içərisindəki 850 manat nağd pulu gizli yolla talayaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 850 (səkkiz yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, İsmayılov Şəfa Elman oğlu CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş İsmayılov Şəfa Elman oğlu irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 iyul 2019-cu il tarixdə saat təxminən 21:00 radələrində o, özünə köynək almaq məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 101A ünvanında yerləşən “Diplomat” geyim mağazasına daxil olmuşdur. Həmin vaxt mağazada ondan başqa əvvəllər tanımadığı, adlarını bilmədiyi bir nəfər satıcı, bir nəfər nəzarətçi və bir nəfər, adı istintaq zamanı ona məlum olan Zaur Qasımov adlı müştəri olmuşdur. O, mağazada satışa qoyulmuş geyim əşyalarına baxarkən Zaur Qasımovun pul kisəsini paltarlar asılmış dolablardan birinin yanındakı ayaqqabı vitrininin üzərinə qoyduğunu görmüşdür. Həmin vaxt maddi çətinlikləri olduğundan, pula ehtiyacı olduğundan o, həmin pul kisəsinin içərisindəki pulları oğurlamaq qərarına gəlmişdir. Bundan sonra o, guya özünə köynək axtarma görünüşü yaradaraq həmin vitrinin ətrafında dolanmağa və əlverişli an axtarmağa başlamışdır. Qısa müddət sonra o, həm Zaur Qasımovun, həm də mağazanın işçilərinin başlarının qarışıq olmasını, pul kisəsinin olduğu vitrin istiqamətinə baxmadıqlarını görüb, yaranmış şəraitdən istifadə edərək dərhal Zaur Qasımova məxsus pul kisəsini vitrinin üzərindən götürərək açıb içərisindəki 850 manat pulu götürərək cibinə qoymuş, pul kisəsini isə qaytarıb yerinə qoymuşdur. Bundan sonra o, üzərində şübhə yaranmaması üçün bir neçə dəqiqə də müxtəlif geyim əşyalarına baxaraq mağazada gəzmiş, sonra isə sakitcə mağazanı tərk edib getmişdir. O, mağazadan çıxdıqdan sonra yaşadığı evə getmişdir. Sonradan o, oğurluq nəticəsində əldə etdiyi 850 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı oğurladığı pulun məbləğinin 150 manat olması barədə ifadə verməkdə məqsədi məsuliyyətdən yayınmaq olmuşdur. Hazırda səmimi ifadə verərək təqsirini tam etiraf edir. Əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qasımov Zaur Azad oğlu ifadəsində göstərmişdir ki, o, 06 iyul 2019-cu il tarixdə özünə geyim əşyaları almaq məqsədi ilə ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 101A ünvanında yerləşən “Diplomat” geyim mağazasına daxil olmuşdur. O, mağazaya daxil olduqdan sonra pul kisəsini paltar rəfinin üstünə qoymuş və mağazadakı geyim əşyalarına baxmağa başlamışdır. Həmin vaxt mağazada bir nəfər satıcı və bir nəfər nəzarətçi olmuşdur. O, geyim əşyalarına baxarkən mağazaya bir nəfər, əvvəllər tanımadığı, təxminən 25-30 yaşlarında, üzü saqqallı olan kişi daxil olmuşdur. Həmin şəxs də müştəri qismində mağazadakı geyim əşyalarına baxmış və qısa müddət sonra mağazanı tərk edib getmişdir. Həmin müştəri getdikdən sonra mağazanın satıcısı ona, az müddət əvvəl mağazadan çıxan şəxsdən şübhələnməsini bildirmiş və pul kisəsinə baxmasını xahiş etmişdir. O, dərhal rəfin üzərində olan pul kisəsinə baxmış və pul kisəsinin içərisindəki 850 manat məbləğində nağd pulunun oğurlanmasını aşkar etmişdir. Bundan sonra onlar mağazada quraşdırılmış müşahidə kameralarının qeydə aldığı videogörüntülərə baxış keçirmiş və müəyyən etmişlər ki, ondan qısa müddət sonra mağazaya daxil olan, üzü saqqallı şəxs onun, o cümlədən mağaza işçilərinin gözündən yayınaraq ani bir zamanda paltar rəfinin üzərinə qoyduğu pul kisəsini açaraq içərisindəki pulları götürdükdən sonra pul kisəsini yerinə qoyub mağazanı tərk etmişdir. Bundan sonra onlar başa düşmüşlər ki, ona məxsus pullar məhz həmin müştəri tərəfindən oğurlanmışdır. Onlar küçəyə çıxıb həmin şəxsi axtarsalar da, onu tapa bilməmişlər. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona 850 manat maddi ziyan dəymişdir. O, ilkin araşdırma zamanı ərizə və izahatında, pul kisəsinin içərisindən təxminən 800-850 manat oğurlanmasını qeyd etmiş, lakin sonra dəqiq hesablama aparıb müəyyən etmişdir ki, pul kisəsindən oğurlanmış pulun məbləği 850 manatdır. Zərərçəkmiş şəxs Qasımov Zaur Azad oğlu təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Yusubzadə Əhməd Rafiq oğlu və Həmidov Murad İlqar oğlu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid Yusubzadə Əhməd Rafiq oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, 2018-ci ilin dekabr ayından hazırki vaxtadək Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 101A ünvanında yerləşən “Diplomat” paltar mağazasında nəzarətçi işləyir. Ondan başqa həmin mağazada Həmidov Murad İlqar oğlu adlı şəxs satıcı işləyir. 06 iyul 2019-cu il tarixdə saat təxminən 21 radələrində o, Murad Həmidovla birlikdə “Diplomat” geyim mağazasında iş başında olarkən həmin mağazaya əvvəllər tanımadığı, adı sonradan ona məlum olan Qasımov Zaur Zahid oğlu ailə üzvləri ilə birlikdə müştəri qismində daxil olmuş və mağazada satılan geyim əşyalarını nəzərdən keçirməyə başlamışdır. Satıcı Murad Həmidov həmin müştəriyə xidmət göstərməyə başlamışdır. Qısa müddət sonra mağazaya əvvəllər tanımadığı, təxminən 30-35 yaşlarında, üzü saqqallı bir oğlan daxil olmuş və mağazada satılan köynəklərə baxmağa başlamışdır. O, Murad Həmidovun digər müştəriyə, yəni Zaur Qasımova xidmət göstərməsini görüb həmin oğlana yaxınlaşmış və xidmət göstərməyə başlamışdır. Həmin oğlan bir neçə geyim əşyalarına baxmış, bəzilərini geyinib-soyunmuş, lakin nəticədə heç bir paltar almayıb tələsik mağazanı tərk etmişdir. Həmin naməlum şəxs mağazanı tərk etdikdən sonra Zaur Qasımov piştaxtanın üzərinə qoyduğu pul kisəsini götürmüş və içərisinə baxaraq pul kisəsində təxminən 800-850 manat məbləğində pulların olmadığını bildirmişdir. Bundan sonra onlar mağazada quraşdırılmış müşahidə kameralarının qeydə aldığı görüntülərə baxış keçirmişlər və müəyyən etmişlər ki, Zaur Qasımovdan qısa müddət sonra mağazaya daxil olan, üzü saqqallı şəxs mağazadakı bütün şəxslərin gözündən yayınaraq ani bir zamanda Zaur Qasımova məxsus olan və piştaxtanın üzərinə qoyulmuş pul kisəsini açaraq içərisindəki pulları götürdükdən sonra pul kisəsini yerinə qoyub mağazanı tərk etmişdir. Bundan sonra onlar başa düşmüşlər ki, Zaur Qasımova məxsus pul kisəsinin içərisindəki pullar məhz həmin müştəri tərəfindən oğurlanmışdır. Şahid Həmidov Murad İlqar oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən məlum oldu ki, o, 2019-cu ilin may ayından həmin ilin sentyabr ayınadək Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 101A ünvanında yerləşən “Diplomat” paltar mağazasında satıcı işləmişdir. Ondan başqa həmin mağazada Yusubzadə Əhməd Rafiq oğlu adlı şəxs nəzarətçi işləyir. 06 iyul 2019-cu il tarixdə saat təxminən 21 radələrində o, Əhməd Yusubzadə ilə birlikdə “Diplomat” geyim mağazasında iş başında olarkən həmin mağazaya əvvəllər tanımadığı, adı sonradan ona məlum olan Qasımov Zaur Zahid oğlu ailə üzvləri ilə birlikdə müştəri qismində daxil olmuş və mağazada satılan geyim əşyalarını nəzərdən keçirməyə başlamışdır. O, həmin müştəriyə yaxınlaşaraq xidmət göstərməyə başlamışdır. Qısa müddət sonra mağazaya əvvəllər tanımadığı, təxminən 25-30 yaşlarında, üzü saqqallı bir oğlan daxil olmuş və mağazada satılan köynəklərə baxmağa başlamışdır. O, Zaur Qasımova xidmət göstərdiyi üçün Əhməd Yusubzadə həmin şəxsə yaxınlaşaraq xidmət göstərməyə başlamışdır. Həmin oğlan mağazaya daxil olduqdan sonra bir neçə geyim əşyalarına baxmış, bəzilərini geyinib-soyunmuş, lakin nəticədə heç bir paltar almayıb tələsik mağazanı tərk etmişdir. O, həmin naməlum şəxsin mağazanı tələsik tərk etməsindən şübhələnmiş və az müddət əvvəl xidmət göstərdiyi müştərinin özünə məxsus pul kisəsini piştaxtanın üzərinə qoymasını xatırlayaraq Zaur Qasımovdan pul kisəsini yoxlamasını xahiş etmişdir. Zaur Qasımov dərhal piştaxtanın üzərinə qoyduğu pul kisəsini götürmüş və içərisinə baxaraq pul kisəsində təxminən 800-850 manat məbləğində pullarının olmadığını bildirmişdir. Bundan sonra onlar mağazada quraşdırılmış müşahidə kameralarının qeydə aldığı görüntülərə baxış keçirmişlər və müəyyən etmişlər ki, Zaur Qasımovdan qısa müddət sonra mağazaya daxil olan, üzü saqqallı şəxs mağazadakı bütün şəxslərin gözündən yayınaraq ani bir zamanda Zaur Qasımova məxsus olan və piştaxtanın üzərinə qoyulmuş pul kisəsini açaraq içərisindəki pulları götürdükdən sonra pul kisəsini yerinə qoyub mağazanı tərk etmişdir. Bundan sonra onlar başa düşmüşlər ki, Zaur Qasımova məxsus pul kisəsinin içərisindəki pullar məhz həmin müştəri tərəfindən oğurlanmışdır. Onlar həmin şəxsi tapmaq məqsədi ilə küçəyə çıxıb nə qədər axtarsalar da tapa bilməmişlər. Bundan sonra Zaur Qasımov DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 09 iyul 2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Həmidov Murad İlqar oğlu Qasımov Zaur Zahid oğlunun şikayət ərizəsi ilə əlaqədar hal şahidlərinin iştirakı ilə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən yer Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 101A ünvanında yerləşən birmərtəbəli, üstündə “Diplomat” yazısı və şüşəli vitrində 6 manekeni olan paltar mağazasıdır. Mağazanın içərisinin ölçüsü 230 kv.m-dir. Mağaza iki yerə bölünür. Mağazada girişdəki sol tərəfdə kişilər, sağ tərəfdə isə qadınlar üçün nəzərdə tutulmuş paltarlar satılır. Kişiər üçün nəzərdə tutulmuş sahədə asılqanda müxtəlif ölçülü uzun və qısaqol köynək və tenniskalar, kostyumlar, ayaqqabılar var. Baxışda iştirak edən Murad Həmidov bildirdi ki, xx.xx.2019-cu il tarixdə baxış keçirilən yerdə köynəklər üçün nəzərdə tutulmuş rəfdə Zaur Qasımov pul kisəsini qoymuşdur. Digər müştəri isə pul kisəsindəki pulu oğurlamışdır; 09 iyun 2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞnin təhqiqatçısı, polis mayoru Mürsəlov Faiq Nazim oğlu tərəifndən protokol tərtib olunmuşdur. Qasımov Zaur Zahid oğlunun, F.X.Xoyski küçəsi 101A ünvanda yerləşən “Diplomat” mağazasında paltar rəfinin üstündə qoyduğu pul kisəsindən 800-850 manat pulunun oğurlanması barədə yazdığı şikayət ərizəsi ilə əlaqədar kamera görüntülərində əks olunmuş şəxsin video görüntüsü mağazanın satıcısı Murad İlqar oğlu Həmidov tərəfindən “Whatsapp” vasitəsi ilə ötürülmüş və həmin görüntü diskə yazılaraq materiala əlavə edimişdir; 09 iyul 2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Mürsəlov Faiq Nazim oğlu xx.xx.2019-cu il tarixdə F.X.Xoyski küçəsi 101A ünvanda yerləşən “Diplomat” paltar mağazasında vət.Qasımov Zaur Zahid oğluna məxsus və paltar rəflərinin üstünə qoyduğu pul kisəsindən 800-850 manat pulun oğurlaması ilə bağlı diskə yazılmış videogörüntüyə baxış keçirtmişdir. Video görüntü 2 (iki) hissədən ibarətdir. 1-ci hissəsinin çəkilişi 22 (iyirmi iki) saniyə, 2-ci hissə isə 59 (əlli doqquz) saniyə davam edir. 1-ci hissədə vət.Zərərçəkmiş şəxs həyat yoldaşı ilə birlikdə özünə paltar seçməsi, digər müştərinin isə bundan istifadə edib paltar rəfinin üstündən götürdüyü pul kisəsindən nə isə götürməsi və pul kisəsini götürdüyü yerə qoyması əks olunmuşdur. 2-ci hissədə isə yenə də Zərərçəkmiş şəxs və yanında dayanmış həyat yoldaşının iştirakı ilə rəflərdən paltar seçməsi, onlara mağazada satıcı işləyən iki nəfər şəxsin xidmət göstərməsi və Zərərçəkmiş şəxs məxsus olan pul kisəsindən oğurluq etmiş müştəri qismində daxil olmuş şəxs əks olunmuşdur; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, İsmayılov Şəfa Elman oğlu əvvəllər dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli hökmü ilə CM-in 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir; Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-381/2019 nömrəli, 02 dekabr 2019-cu il tarixli hökmündən görünür ki, İsmayılov Şəfa Elman oğlu CM-in 177.2.5ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 69.3cü maddəsinə əsasən İsmayılov Şəfa Elman oğlunun 11 sentyabr 2019-cu il tarixindən 02 dekabr 2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 21 (iyirmi bir) gün, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 02 (iki) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. CM-in 67.1 və 66.2-ci maddələrinə əsasən İsmayılov Şəfa Elman oğluna hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 avqust 2014-cü il tarixli, 1(007)-244/2014 saylı hökmü ilə (həmin hökm Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 04 yanvar 2018-ci il tarixli, 7(003)- 104/2018 saylı qərarı ilə qanuna uyğunlaşdırılmışdır) təyin edilmiş 3.000 (üç min) manat cərimə cəzası ilə tam toplamaq yolu ilə ona qəti olaraq 3.000 (üç min) manat cərimə cəzası və 02 (iki) il 06 altı) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İsmayılov Şəfa Elman oğlunun barəsində 3.000 (üç min) manat cərimə cəzası CM-in 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır; “İfadənin yerində yoxlanılması haqqında” 04 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Pərviz Məmmədov icraatında CM-in 177.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Nurəliyev Səyyad Əlimirzə oğlunun, Nərimanov RPİ-nin MSY-nin polis nəfəri, polis serjantı Ramin Qənbərlinin iştirakları ilə cinayət işi üzrə şübhəli şəxs İsmayılov Şəfa Elman oğlunun ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ifadəsini yerində yoxlamışdır. İfadənin yerində yoxlanması başlandıqdan sonra, şübhəli şəxs İsmayılov Şəfa Elman oğluna istintaq zamanı vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları hadisənin baş verdiyi yerə getməklə əyani olaraq göstərmək təklif olundu. Daha sonra şübhəli şəxs İsmayılov Şəfa Elman oğlunun iştirakı ilə Nərimanov RPİ-nin MSY-dən xidməti avtomobillə hərəkətə başladıqdan sonra onun göstərdiyi yol üzrə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 101A ünvanında yerləşən “Diplomat” geyim mağazasının qarşısına gəlindi. Həmin geyim mağazasının qarşısında o, avtomobildən düşməyi təklif etdi. Avtomobildən düşdükdən sonra Şəfa İsmayılovun təklifi ilə “Diplomat” geyim mağazasına daxil olundu. Mağazanın içərisində şübhəli şəxs İsmayılov Şəfa Elman oğlu bildirdi ki, o, 06 iyul 2019-cu il tarixdə saat təxminən 21:00 radələrində özünə köynək almaq məqsədi ilə həmin geyim mağazasına daxil olmuşdur. Həmin vaxt mağazada ondan başqa əvvəllər tanımadığı bir nəfər satıcı, bir nəfər nəzarətçi və bir nəfər, adı sonradan istintaqda ona məlum olan Zaur Qasımov adlı müştəri olmuşdur. Bundan sonra Şəfa İsmayılov paltarlar asılmış dolablardan birinin yanındakı ayaqqabı vitrinini göstərərək bildirdi ki, o, mağazada satışa qoyulmuş geyim əşyalarına baxarkən Zaur Qasımovun pul kisəsini həmin yerə qoyduğunu görmüş, pula ehtiyacı olduğundan həmin pul kisəsinin içərisindəki pulları oğurlamaq qərarına gəlmiş, bundan sonra guya özünə köynək axtarma görünüşü yaradaraq həmin vitrinin ətrafında dolanmağa və əlverişli an axtarmağa başlamışdır. Qısa müddət sonra o, həm Zaur Qasımovun, həm də mağazanın işçilərinin başlarının qarışıq olmasını, pul kisəsinin olduğu vitrin istiqamətinə baxmadıqlarını görüb, yaranmış şəraitdən istifadə edərək dərhal Zaur Qasımova məxsus pul kisəsini vitrinin üzərindən götürərək açıb içərisindəki 3 ədəd 50 manatdan ibarət, ümumilikdə 150 manat pulu götürərək cibinə qoymuş, pul kisəsini isə qaytarıb yerinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs bildirdi ki, o, pul kisəsindən pulları oğurladıqdan sonra üzərində şübhə yaranmaması üçün bir neçə dəqiqə də müxtəlif geyim əşyalarına baxaraq mağazada dolanmış, sonra isə mağazanı sakitcə tərk edib getmişdir; “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınma haqqında haqqında” 05 iyun 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 101A ünvanında yerləşən “Diplomat” geyim mağazasında quraşdırılmış mühafizə kameralarının qeydə aldığı videogörüntülər olan 01 ədəd DVD diskin iş üzrə sübut əhəmiyyəti kəst etməsi nəzərə alınmaqla cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir; “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 04 iyun 2020-ci il tarixli protokoldan görünür ki, İsmayılov Şəfa Elman oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 05 iyun 2020-ci il tarixli qərardan görünür ki, İsmayılov Şəfa Elman oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 05 iyun 2020-ci il tarixli qərardan görünür ki, İsmayılov Şəfa Elman oğlu həmin tarixdə Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir; Xətai rayon İcra və Probasiya şöbəsinin 17/74-942/18 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 381/2019 nömrəli, 02 dekabr 2019-cu il tarixli hökmü ilə 3000 manat cərimə cəzasına məhkum edilmiş İsmayılov Şəfa Elman oğlu təyin olunmuş cərimədən ödəniş etməmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-241/2020 nömrəli, 29 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs İsmayılov Şəfa Elman oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir; Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin 081-10740 nömrəli, 19 oktyabr 2020ci il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən barəsində axtarış elan edilmiş İsmayılov Şəfa Elman oğlu Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə CM-in 177.2.5-ci maddəsinə əsasən 01 il 18 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir; Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-456/2020 nömrəli, 21 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(011)-381/2019 saylı hökmü ilə İsmayılov Şəfa Elman oğluna təyin olunmuş 02 (iki) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 01 (bir) ay 07 (yeddi) gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 01 (bir) il 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmişdir. İsmayılov Şəfa Elman oğlunun barəsində həbs qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Cəza çəkməsinin əvvəli 21 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. CM-in 68.2-ci maddəsinə əsasən İsmayılov Şəfa Elman oğluna təyin edilmiş 3000 (üç min) manat miqdarında cərimə cəzası müstəqil icra olunmalıdır; xx.xx.2020-ci il tarixli, 7(011)-456/2020-ci il tarixli göstərişdən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin İsmayılov Şəfa Elman oğlu haqqında 21 sentyabr 2020-ci il tarixli, 7(011)-456/2020 saylı qərarı icraya yönəldilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs İsmayılov Şəfa Elman oğlu tərəfindən CM-in 177.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokol və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci maddəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.1 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2005-ci il 03 mart tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs İsmayılov Şəfa Elman oğlunun əməli CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edərək peşman olmasını; zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını. İsmayılov Şəfa Elman oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İsmayılov Şəfa Elman oğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, İsmayılov Şəfa Elman oğluna məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd edir ki, İsmayılov Şəfa Elman oğlu hazırki cinayəti Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(011)-381/2019 saylı hökmü çıxarılmazdan əvvəl törətdiyindən, onun həmin hökm üzrə çəkilməmiş cəzaları hazırki cinayət işi üzrə təyin edilmiş cəza ilə CM-in 66.2, 66.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla toplanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İsmayılov Şəfa Elman oğlu CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı bir gün (04-05 iyun 2020-ci il) həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının müddətinə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 7(011)-456/2020 nömrəli qərarı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-381/2019 nömrəli, 02 dekabr 2019-cu il tarixli hökmünə əsasən İsmayılov Şəfa Elman oğluna təyin olunmuş 02 (iki) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 01 (bir) ay 07 (yeddi) gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 01 (bir) il 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzaları hazırki cinayət işi üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə (iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetməyə bərabər olmaq hesabı ilə, 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması=2 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə) qismən toplanılmaqla İsmayılov Şəfa Elman oğluna qəti cəza təyin edilməli (CM-66.2, 66.5 və 68.1.1-1), təyin edilmiş cərimə cəzası müstəqil icra edilməli (CM-68.2), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 101A ünvanında yerləşən “Diplomat” geyim mağazasında quraşdırılmış mühafizə kameralarının qeydə aldığı videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, İsmayılov Şəfa Elman oğlunun CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, həmin məsrəflər qanunvericiliyin aşağıdakı normalarına uyğun həll edilməlidir. Belə ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi Nurəliyev Səyyad oğlunun iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına və Hüseynov Səfər Gülüm oğluna isə məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: İsmayılov Şəfa Elman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. İsmayılov Şəfa Elman oğlunun tutma altında saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 7(011)-456/2020 nömrəli qərarı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-381/2019 nömrəli, 02 dekabr 2019-cu il tarixli hökmünə əsasən İsmayılov Şəfa Elman oğluna təyin olunmuş 02 (iki) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 01 (bir) ay 07 (yeddi) gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 01 (bir) il 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç min) manat cərimə cəzası hazırki cinayət işi üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə (iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetməyə bərabər olmaq hesabı ilə, 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması=2 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə) qismən toplanılsın və İsmayılov Şəfa Elman oğluna qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən İsmayılov Şəfa Elman oğluna təyin edilmiş 3000 (üç min) manat cərimə cəzası müstəqil icra edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 sentyabr 2020-ci il tarixdən hesablansın. İsmayılov Şəfa Elman oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 101A ünvanında yerləşən “Diplomat” geyim mağazasında quraşdırılmış mühafizə kameralarının qeydə aldığı videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nurəliyev Səyyad Əlimirzə oğlu tərəfindən təqsirləndirilən şəxs İsmayılov Şəfa Elman oğlunun hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hüseynov Səfər Gülüm oğlu tərəfindən təqsirləndirilən şəxs İsmayılov Şəfa Elman oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum aldığı) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar