Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-241/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Türkmənistan, Taşauz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayon, Lürən kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o 2022-ci ilin fevral ayının 25-də, saat 12:00 radələrində tanışı Zərərçəkmiş şəxs ilə birgə kirayə yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Xutor qəsəbəsi, 2-ci Şimal Şitilliyi küçəsi, ev 21 saylı evdə olarkən onunla şəxsi münasibətlər zəminində mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən yumruqla sonuncunun baş nahiyəsinə vuraraq ona sağ gicgah - təpə nahiyəsinin şişkinli hematoması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib Zərərçəkmiş şəxs ilə barışdığını söyləyərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək hazırda onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi və bu barədə müvafiq ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə hazırlıq iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 25 fevral 2022-ci il tarixli, 196 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səhtində aşkar edilmiş xəsarətlər - başın sağ gicgah - təpə nahiyəsinin şişkinli hematoması küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 25.02.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 05.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsinə dair heç bir məlumat yoxdur. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir; 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CMin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.11, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-241/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-241/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver