Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-242/2020 28.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ № 1(005)-242/2020 Azərbaycan Respublikası adından HÖKM Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 28 iyul 2020-ci il Bakı şəhəri Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Qəhrəmanov Tural Rasim oğlunun, təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızının və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Hüseynov Səfər Gülüm oğlunun iştirakları ilə, 14 mart 1995-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, tələbə, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz şəhəri, Həzi Aslanov küçəsi ev 3 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Hüseynova Bəyaz İliç qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüseynova Bəyaz İliç qızı satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Hüseynova Bəyaz İliç qızı naməlum vaxtda va şəraitdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd bükümdə, təmiz çəkisi 0,647 qram olan narkotik vasitə - heroini əldə edib üstündə saxlayaraq daşımış, 01 mart 2020-ci il tarixdə, saat 16:50 dəqiqədə Nərimanov rayon Polis İdarəsinin Post-Patrul Xidmət Bölüyünün polis nəfərləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 47 saylı ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin İnzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan bükümdə və çəkidə narkotik vasitə - heroin onun əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Hüseynova Bəyaz İliç qızı CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızı ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özlərinə məxsus Tovuz şəhəri, Həzi Aslanov küçəsində yerləşən evdə ailə üzvləri ilə birlikdə yaşamışdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Kimya və Biologiya” fakültəsində oxuduğundan, bir müddət Bakı şəhərində kirayədə yaşamışdır. Tutulanadək istifadəsində 1 ədəd “Samsung Galaxy S4 mini” markalı mobil telefon olmuş, həmin mobil telefona +**********70 saylı nömrə taxaraq ondan istifadə etmişdir. Təxminən 6 ildir heç kimin xəbəri olmadan və ailə üzvlərindən gizli narkotik vasitələrin müxtəlif növlərindən, əsasən heroindən çəkmə yolu ilə könüllü istifadə etmiş, buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən əldə etmişdir. Son vaxtlar isə narkotik vasitəni tanıdığı Quliyev Elmidar Maşallah oğlundan əldə etmişdir. Bu müddət ərzində ayrı-ayrı vaxtlarda Elmidar Quliyevə verdiyi 20-30 manat pul müqabilində ondan təxminən 20-25 dəfə özünün istifadəsi üçün narkotik vasitə heroin almışdır. Belə ki, ona narkotik vasitə heroin lazım olanda o, +**********70 saylı nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” ani mesajlaşma xidməti vasitəsilə Elmidar Quliyevə zəng edərək özünün istifadəsi üçün narkotik vasitə sifariş vermiş və Elmidar Quliyev həmişə “Ayna Sultanova”nın heykəlinin yerləşdiyi yerin yaxınlığına gedərək qeyd etdiyi məbləğdə pul müqabilində ona narkotik vasitə heroin satmışdır. Həmişə olduğu kimi, ona narkotik vasitə - heroin lazım olduğundan, 01 mart 2020-ci il tarixdə yenidən Elmidar Quliyevlə əlaqə saxlayaraq ona heroin gətirməsini xahiş etmişdir. Həmin gün, saat 16:00 radələrində Elmidar Quliyev Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Atatürk prospektinin kəsişməsində yerləşən 158 saylı binanın qarşısına gələrək həmin binanın həyətində 27 manat pul müqabilində ona 1 ədəd bükümdə narkotik vasitə - heroin satmışdır. O isə həmin narkotik vasitəni istifadəsi üçün əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibinə qoyaraq kirayə yaşadığı mənzilə doğru hərəkət etməyə başlamışdır. Saat 17:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə piyada hərəkət edən zaman yoldan keçən içərisində polis əməkdaşları olan polis avtomobilini görəndə, həyəcanlanaraq özünü şübhəli aparmağa başlamış, bu vaxt avtomobilin içərisində geyim formasında olan tanımadığı 2 şəxs bunu hiss edib avtomobili saxlayaraq aşağı düşmüş və ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları onun şəxsiyyəti haqqında maraqlanıb onunla şifahi sorğu-sual aparandan sonra, onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinə getməsini bildirəndə, o, çıxış yolu olmadığını dərk etdiyindən polis əməkdaşları ilə birlikdə qeyd olunan idarəyə getmişdir. Polis idarəsində vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş, sonra isə ona üzərində olan əşyaları çıxarıb stolun üzərinə qoyması təklif edilmişdir. Bundan sonra o, əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən özünə məxsus içərisində narkotik vasitə - heroin olan sellofanı, “Samsung Galaxy S4 mini” markalı mobil telefonu çıxarıb könüllü olaraq polisə təhvil vermişdir. Həmin vaxt bükümün içərisində nəyin olduğu soruşulanda, o, səmimi olaraq bükümün içərisində narkotik vasitə - heroin olduğunu, həmin heroini saxlanmağından az müddət əvvəl tanıdığı Elmidar Quliyevdən 27 manat pula əldə etdiyini və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərində digər hər hansı əşya, predmet və ya alət olmamışdır. Ondan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, onun üzərindən çıxan heroini ekspertizaya göndərmək məqsədi ilə ağ zərfə qoyaraq ağzını bağlamış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Son olaraq əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Lətifov Mərdan Əhməd oğlu ifadəsində göstərdi ki, 01 mart 2020-ci il tarixdə, saat təxminən 17:00 radələrində polis nəfəri Nəbiyev Natiq Əhəd oğlu ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 47 ünvanında xidməti avtomobillə xidmət aparan zaman sonradan tanıdığı Bəyaz Hüseynova onları görüb davranışı ilə özünü şübhəli apardığından, avtomobili saxlayıb ona yaxınlaşmış və özlərini təqdim edərək şəxsiyyəti haqqında maraqlanmışlar. Bu vaxt Bəyaz Hüseynova həyəcanlanıb verilən suallara qeyri-müəyyən cavab verərək hərəkətləri ilə spirtli içki, narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması təəssüratını yaratmış və sağ əlini əynindəki gödəkçənin sağ yan cibinə salıb yayınaraq oradan uzaqlaşmaq istəmişdir. Onlar Bəyaz Hüseynovanın narkotik vasitə istifadəçisi olduğunu güman edib onun üzərində narkotik vasitə, psixotrop maddə və ya güclü təsir edən digər maddələrin ola biləcəyindən şübhələndiklərindən onun yayınaraq getməsinə imkan verməmiş və onu Nərimanov rayon Polis İdarəsinə dəvət etmişlər. Bəyaz Hüseynova isə narazılıq etmədən və hər hansı etiraz bildirmədən onlarla birlikdə polis idarəsinə getmişdir. İdarədə bununla bağlı müvafiq raport yazandan sonra, araşdırmanın aparılması idarənin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Samir İslamova həvalə edilmişdir. İnzibati binada vəkilin iştirakı ilə Bəyaz Hüseynovaya hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Bəyaz Hüseynovaya üzərində olan əşyaları çıxarıb təhvil verməsi təklif olunmuş, o isə əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən sellofan kəsiyinə bükülmüş 1 ədəd bükümü və həmin gödəkçənin sol yan cibindən 1 ədəd “Samsung Galaxy S4 mini” markalı mobil telefonu çıxarıb könüllü təhvil vermiş və üzərində digər hər hansı qanunsuz əşya və ya predmetin olmadığını demişdir. Həmin vaxt bükümün içərisində nəyin olması Bəyaz Hüseynovadan soruşulanda, o, səmimi olaraq bükümün içərisində narkotik vasitə - heroin olduğunu, həmin heroini saxlanmağından az müddət əvvəl tanıdığı Elmidar Quliyevdən 27 manata əldə etdiyini və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bəyaz Hüseynovanın təqdim etdiyi bükülü açılaraq içərisinə baxılmış və onun içərisində qəhvəyi rəngdə maddənin olması məlum olmuşdur. Sonda protokol tərtib olunmuş, bükümdə olan maddə ekspertizaya göndərilməsi üçün ağ zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Bəyaz Hüseynovanın üzərindən narkotik vasitə - heroinə oxşar maddənin aşkar olunması prosesində videoçəkilişdən istifadə olunmuşdur. İttiham aktına əlavə edilmiş məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısında şahid qismində göstərilmiş Nəbiyev Natiq Əhəd oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Şahid Nəbiyev Natiq Əhəd oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən məlum oldu ki, o, iş üzrə digər şahid Lətifov Mərdan Əhməd oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 01 mart 2020-ci il tarixli protokoldan görünür ki, Hüseynova Bəyaz İliç qızı həmin tarixdə tarixdə saat 18:05-də şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 01 mart 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru İslamov Samir İsa oğlu tərəfindən, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri, polis serjantı Lətifov Mərdan Əhməd oğlu, polis baş serjantı Nəbiyev Natiq Əhəd oğlunun və “Yusifbəyli və Partnyorları” Vəkil bürosunun vəkili Əliyev Kamal Vəli oğlunun iştirakları ilə şübhəli şəxs qismində tutulmuş, 14 mart 1995-ci ildə Tovuz rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, Tovuz rayonu, H.Aslanov Küçəsi, ev 3-də qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 18-də kirayədə yaşayan Hüseynova Bəyaz İliç qızının üzərində Nərimanov RPİ-nin inzibati binasında, xidməti otaqda şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx.xx.2020-ci il tarixdə saat 16:50 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 47 saylı ünvanın yaxınlığında, Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-yə gətirilmiş Hüseynova Bəyaz İliç qızına təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. Hüseynova Bəyaz İliç qızı əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən, içərisində qəhvəyi rəngli toz halında maddə olan şəffaf selofona bükülmüş 01 (bir) ədəd bükümü çıxardaraq könüllü təqdim etmişdir. Bundan başqa Bəyaz Hüseynova, əynində olan həmin gödəkçənin sol yan cibindən 01 (bir) ədəd “Samsung S 4 mini” modelli mobil telefon cihazını çıxarıb təqdim etmişdir. Sorğu zamanı Hüseynova Bəyaz İliç qızı bildirmişdir ki, təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofanın içərisində olan narkotik vasitə heroindir (kakosdur). O, həmin narkotik vasitəni həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat 16:10 radələrində öz şəxsi istifadəsi üçün Emin kimi tanıdığı şəxsdən 27 (iyirmi yeddi) manat pul müqabilində alaraq əynində olan gödəkçənin cibinə qoyaraq özündə saxlamışdır. Bəyaz Hüseynovanın könüllü təqdim etdiyi maddə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırılmış və DİN-nin 44 nömrəli möhürü ilə möhürlənmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 mart 2020-ci il tarixli 06/01 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “... İştirak etdilər 1) (imza) Hüseynova Bəyaz...” sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,647 qram olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi 0,647 qramdır. Tədqiqat zamanı 0,05 qram sərf edilmiş, 0,597 qram qalıq qalmışdır. Aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir; “Maddi sübut kimi tanıma haqqında” 02 mart 2020-ci il tarixli qərardan görünür ki, Hüseynova Bəyaz İliç qızının üzərindən aşkar olunaraq götürülmüş və təmiz çəkisi 0,597 qram olmaqla qalıq qalmış narkotik vasitə - heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 03 mart 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Vüqar Əliyev tərəfindən Hüseynova Bəyaz İliç qızı barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Gündüz Abdulovun xx.xx.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızının barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Hüseynova Bəyaz İliç qızının həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır; “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 mart 2020-ci il tarixli qərardan görünür ki, Hüseynova Bəyaz İliç qızı barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Diskin baxışının aparılması haqqında” 04 mart 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Gündüz Abdulov CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan 200060121 nömrəli cinayət işinin ilkin mərhələsində şübhəli şəxs qismində tutularaq 01 mart 2020-ci il tarixdə, saat 17 radələrində Nərimanov rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş Hüseynova Bəyaz İliç qızının üzərində şəxsi axtarışın aparılmasına dair DVD-R formatlı diskə təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızının və onun müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Əliyev Kamal Vəli oğlunun iştirakı ilə baxış keçirtmişdir. Diskdə olan videogötüntüyə baxılarkən aydın olmuşdur ki, təhqiqatçı tərəfindən özünü Hüseynova Bəyaz İliç qızı kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən sellofan kəsiyinə bükülmüş 1 ədəd bükümü və həmin gödəkçənin sol yan cibindən 1 ədəd “Samsung Galaxy S4 mini” markalı mobil telefonu çıxarıb könüllü təhvil verir. Vizual baxış zamanı bükümün içərisində qəhvəyi rəngində maddənin olması müşahidə edilir. Şifahi sorğu-sual zamanı şübhəli şəxs Bəyaz Hüseynova təqdim etdiyi bükümün içərisində narkotik vasitə-heroin olduğunu, həmin heroini saxlanmağından az müddət əvvəl Emin adlı şəxsdən 27 manat pula əldə etdiyini və özünün istifadəsi üçün üzərində saxladığını qeyd edir. Bundan sonra, təhqiqatçı tərəfindən həmin büküm ağ zərfə qoyularaq qablaşdırılır və zərfin üstü iştirakçıların imzaları ilə təsdiq olunur; “Mobil telefonun baxışının aparılması haqqında” 04 mart 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Gündüz Abdulov CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan 200060121 nömrəli cinayət işi üzrə Hüseynova Bəyaz İliç qızının üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş 1 ədəd mobil telefona Hüseynova Bəyaz İliç qızının və onun müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Əliyev Kamal Vəli oğlunun iştirakı ilə baxış keçirtmişdir. Həmin mobil telefon “Samsung Galaxy S4 mini” markalı olmaqla sönmüş vəziyyətdədir, ümumilikdə qara rəngli, korpusunun kənarları isə boz rəngindədir. Telefonun ekranı və korpusunda sınma, zədələnmə və cızıq izləri vardır. Telefonun simkartüçünnəzərdətutulmuşbölməsiaçıldıqda içərisində 1 ədəd sim kartın olduğu aydın oldu. Telefon işlək vəziyyətə gətirildikdən sonra 5656 kilid kodu ilə içərisində olan məlumatlar nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, mobil telefona Narmobile məxsus +**********70 saylı sim kart quraşdırılmışdır. Baxış zamanı mobil telefona daxil olan, çıxan, qəbul edilməyən zənglər, mesajlar və qalereya menyusunda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. Telefonun “Whatshapp web” tətbiqi menyusuna daxil olunduqda həmin proqram tətbiqinin +**********70 saylı nömrədən “Ayan” ləqəbi ilə qeydiyyatdan keçməsi məlum olmuşdur. Emin adı ilə qeyd olunmuş şəxs istisna olmaqla həmin proqram vasitəsilə ayrı-ayrı şəxslərlə aparılmış danışıq və mesajlarda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar olunmamışdır. Bəyaz Hüseynovanın +**********78 saylı nömrə ilə “Whatshapp web” proqramından qeydiyyatdan keçmiş Emin adlı şəxslə yazışmasından və səs yazılarından məlum olur ki, 01 mart 2020-ci il tarixdə onlar arasında yazışma olmuş və bir-birilərinə səs yazıları göndərmişlər. 02 mart 2020-ci il tarixdə Emin adlı şəxs Təqsirləndirilən şəxs mesaj göndərsə də, həmin mesaj cavabsız qalmışdır. Yazışma və səs yazılarından aydın olur ki, hər iki şəxs arasında üstüörtülü formada narkotik vasitənin alqı-satqısı ilə bağlı danışıq gedir. Beləki, Bəyaz Hüseynova müəyyən məbləğdə pul müqabilində Emin adlı şəxsə ona narkotik vasitə verməsini sifariş edir və sonuncu bu təklifi qəbul edərək onlar görüş təyin edirlər. Baxış zamanı təqdirləndirilən şəxs Bəyaz Hüseynova bildirmişdir ki, “Whatshapp web” proqramı vasitəsilə Emin adlı şəxslə aralarında getmiş danışıqlar narkotik vasitə-heroinin alqı-satqısı ilə bağlı olmuşdur. Belə ki, həmişə olduğu kimi, həmin danışıqda Emin adlı şəxsə müəyyən məbləğdə pul müqabilində özünün istifadəsi üçün narkotik vasitə-heroin sifariş vermiş və tutulmamışdan əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Ayna Sultanova”nın heykəlinin yaxınlığında onunla görüşərək 27 manat pula ondan 1 ədəd bükümdə olmaqla narkotik vasitə-heroin almışdır; “Maddi sübut kimi tanıma haqqında” 04 mart 2020-ci il tarixli qərardan görünür ki, Hüseynova Bəyaz İliç qızının üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmışdır; “Maddi sübut kimi tanıma haqqında” 04 mart 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızının üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd “Samsung Galaxy S4 mini” markalı mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİnin saxlancına təhvil verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Hüseynova Bəyaz İliç qızı əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 05 mart 2020-ci il tarixli, 666 nömrəli rəyindən görünür ki, Hüseynova Bəyaz İliç qızında tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; “Axtarışda olan şəxsin tutulmasına dair” 07 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Hüseynova Bəyaz İliç qızı həmin tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur; “Fotoşəkillərlə şəxsin tanınmasının aparılması haqqında” 08 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Gündüz Abdulov tərəfindən CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan 200060121 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızının və onun müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Əliyev Kamal Vəli oğlunun iştirakı ilə fotoşəkillərlə şəxsin tanınması istintaq hərəkəti aparılmışdır. Tanınmalı olan fotoşəkil Quliyev Elmidar Maşallah oğluna məxsus olmaqla, şərti 1 rəqəmi altında Quliyev Elmidar Maşallah oğlu soyadlı, adlı, ata adlı eyni növdən və şərti olaraq 2, 3 və 4 rəqəmi ilə nömrələnmiş vəziyyətdə fotoşəkillər arasında tanıyan təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızına təqdim edilərək, ona şəkillərdəki şəxslərdən tanıya bildiyi şəxsi göstərmək və həmin şəxsi məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunmuşdur. Tanıyan təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızı ona təqdim edilən fotoşəkilləri nəzərdən keçirəndən sonra, sol əli ilə 1 rəqəmi ilə nömrələnmiş fotoşəkildəki şəxsi tanıyaraq bildirmişdir ki, həmin şəxsi əvvəllər bir neçə dəfə gördüyü üçün sifətindən tanıyır və məhz “Emin” adı ilə tanıdığı həmin şəxs bir neçə dəfə ona narkotik vasitə satmışdır. Bununla da, təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızı dindirmə zamanı bu barədə ifadələrində göstərdiklərini fotoşəkillərlə şəxsin tanınması aparılarkən bir daha təsdiq etmiş və ona narkotik vasitə - heroin satan Quliyev Elmidar Maşallah oğlunu tanımışdır; “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 08 iyun 2020ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Gündüz Abdulov tərəfindən CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan 200060121 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızının ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti aparılmışdır. Təqsirləndirilən şəxs Bəyaz Hüseynovaya verdiyi ifadəsində qeyd etdiklərini əyani olaraq göstərməsi və baş vermiş hadisənin faktiki hallarına dair ifadə verməsi təklif olunanda, o, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Atatürk prospektinin kəsişməsində yerləşən 158 saylı binanın həyətinə girişi göstərərək bildirmişdir ki, 01 mart 20-ci il tarixdə, saat 18 radələrində Nərimanov rayon Polis İdarəsinin inzibati Binasında üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə - heroini saxlanılmağından 2 saat öncə, göstərdiyi yerdə istifadəsi üçün əvvəllər Emin adı ilə tanısa da, sonradan Quliyev Elmidar Maşallah oğlunun olduğu ona aydın olan şəxsdən 27 manat pula almışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(005)- 682/2020 nömrəli qərardan görünür ki, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Hüseynova Bəyaz İliç qızının barəsində həbsetmənin əvvəli 07 iyun 2020-ci il tarixdən hesablanmaqla 18 iyul 2020-ci il tarixinədək həbs qətimkan tədbiri seçilmişdir; “Cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi və başqa cinayət işinin ayrılması haqqında” 09 iyun 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə dindirmə, şəxsi axtarış və götürmə, diskin və mobil telefonun baxışlarının aparılması, ifadənin yerində yoxlanılması və fotoşəkillərlə şəxsin tanınması haqqında tərtib edilmiş protokollar, ekspertlərin rəyləri, maddi sübutlar və digər prosessual sənədlər sübut növü kimi qiymətləndirilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)- 242/2020 nömrəli qərardan görünür ki, məhkəmə hazırlıq iclası keçirilənədək Hüseynova Bəyaz İliç qızının barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır; DVD diskdən görünür ki, Hüseynova Bəyaz İliç qızının üzərinə keçirilən baxış zamanı o, əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən sellofan kəsiyinə bükülmüş 1 ədəd bükümü və həmin gödəkçənin sol yan cibindən 1 ədəd “Samsung Galaxy S4 mini” markalı mobil telefonu çıxarıb könüllü təhvil verir. Şifahi sorğu-sual zamanı Hüseynova Bəyaz İliç qızı təqdim etdiyi bükümün içərisində narkotik vasitə - heroin olduğunu, həmin heroini saxlanmağından az müddət əvvəl “Emin” adlı şəxsdən 27 manata əldə etdiyini və özünün istifadəsi üçün üzərində saxladığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızı tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızının üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,647 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Hüseynova Bəyaz İliç qızının cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızının əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızının barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Hüseynova Bəyaz İliç qızının cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Hüseynova Bəyaz İliç qızına CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, CM-in 59-cu maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini; törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını; qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Tovuz rayon icra hakimiyyəti başçısının Tovuz şəhəri İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1135 nömrəli xasiyyətnamə); tələbə olmasını (əsas: iş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin xx.xx.2020-ci il tarixli, 2/120 nömrəli əmri). Məhkəmə iclasında təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızının cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Hüseynova Bəyaz İliç qızına cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Hüseynova Bəyaz İliç qızının cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Hüseynova Bəyaz İliç qızının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızı CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, həbsdə saxlanıldığı 1 (bir) ay 23 (iyirmi üç) gün müddət (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində və 07 iyun 2020-ci il tarixdən 28 iyul 2020-ci il tarixədək) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 03 (üç) ay 16 (on altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, Hüseynova Bəyaz İliç qızı məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalı və hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli, iş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,597 qram narkotik vasitə heroin məhv edilməli, Hüseynova Bəyaz İliç qızının üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, Hüseynova Bəyaz İliç qızının üzərindən aşkar olunaraq götürülmüş və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan “Samsung Galaxy S4 mini” markalı mobil telefon qanuni sahibi Hüseynova Bəyaz İliç qızına qaytarılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Hüseynova Bəyaz İliç qızına narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Hüseynova Bəyaz İliç qızının üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızının ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Əliyev Kamal Vəli oğluna və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Hüseynov Səfər Gülüm oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Əliyev Kamal Vəli oğlu tərəfindən təqdim edilmiş hesabatı iş materialları ilə qarşılıqlı surətdə nəzərdən keçirərək təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızına ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 55 (əlli beş) iş saatının sərf edilməsi ilə razılaşmayaraq həmin müddəti ağlabatan hesab etmir və bu müddətin 30 (otuz) iş saatı olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçinin iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Hüseynov Səfər Gülüm oğluna məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Hüseynova Bəyaz İliç qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Hüseynova Bəyaz İliç qızının həbsdə saxlanıldığı 1 (bir) ay 23 (iyirmi üç) gün müddət (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində və 07 iyun 2020-ci il tarixdən 28 iyul 2020-ci il tarixədək) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 03 (üç) ay 16 (on altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Hüseynova Bəyaz İliç qızının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hüseynova Bəyaz İliç qızının üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hüseynova Bəyaz İliç qızı barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilsin və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Hüseynova Bəyaz İliç qızı məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hüseynova Bəyaz İliç qızı barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hüseynova Bəyaz İliç qızına təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hüseynova Bəyaz İliç qızına narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,597 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut - Hüseynova Bəyaz İliç qızının üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Hüseynova Bəyaz İliç qızının üzərindən aşkar olunaraq götürülmüş və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan “Samsung Galaxy S4 mini” markalı mobil telefon qanuni sahibi Hüseynova Bəyaz İliç qızına qaytarılsın. İş üzrə ekspertiza xərci 81,82 (səksən bir manat səksən iki qəpik) manat təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızından tutularaq dövlət büdcəsinə keçirilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Əliyev Kamal Vəli oğlu tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızının hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına (AZ-1033, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 98a, mənzil 4, hesablaşma hesabı – AZ39AİİB********************, “xxxxxxxxxxx” ASCnin Nərimanov filialı, kod-200093, VÖEN - **********) köçürülsün. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Hüseynov Səfər Gülüm oğlu tərəfindən təqsirləndirilən şəxs Hüseynova Bəyaz İliç qızının hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatı üçün cəmi 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-242/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-242/2020
28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver