Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-242/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1999-cu il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərək yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə saat 21:50-də ünvan 2 ünvanın qarşısında yolun hərəkət hissəsinin sağ kənarı ilə idarə etdiyi “Opel Astra" markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili arxaya doğru hərəkət etdirərkən avtomobilin arxa hissəsi ilə yolun hərəkət hissəsini soldan sağa doğru adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs vuraraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə əsasən, nəqliyyat vasitəsinin geriyə hərəkətinə yalnız manevrin təhlükəsiz olması və hərəkətin digər iştirakçıları üçün maneə yaratmaması şərti ilə icazə verildiyi halda, qeyd olunan tələblərə əməl etməyib, sonuncuya – ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ körpücük akromial bağının tam cırılması, bud çanaq oynağının əzilməsindən ibarət olan xəsarətlər yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 16 may 2023-cü il tarixdə saat 21:50 radələrində F.Yusifov küçəsi 16 ünvanında yolun hərəkət hissəsinin sağ kənarında etibarnamə əsasında idarə etdiyi “Opel Astra" markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq qəza siqnal işıqlarını işə salmaqla taksi xidməti sifariş etmiş müştərini gözləmiş, müştərinin bir qədər aralıda olması ilə əlaqədar avtomobili geriyə doğru hərəkət etdirmişdir. Bu zaman avtomobilin arxa şüşəsində örtük olması səbəbindən həmin vaxt yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən Aslanı görməmiş və avtomobilin arxa hisəsi ilə onu vurmuşdur. Bundan sonra o avtomobildən enərək Aslana yaxınlaşmış, onu öz avtomobilinə əyləşdirərək xəstəxanaya aparmışdır. Xəstəxanada Aslana ilkin tibbi yardım göstərildikdən sonra özünü Aslanın xalası oğlu kimi təqdim edən adını bilmədiyi şəxsin təkidi ilə əlaqə nömrəsini verərək xəstəxanadan getmişdir. Həmin gün gecə saatlarında Aslan və onun xalası oğlu sağlamlığına vurulmuş zərərə görə ondan 6000 manat pul tələb etmişdir. Hazırda maddi imkanı olmadığından ödəniş edə bilmir. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə olunmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, 16 may 2023-cü il tarixdə saat 21:50 radələrində F.Yusifov küçəsi 16 ünvanında yolun piyada keçidi nəzərdə tutulmuyan hissəsindən sağdan sola keçmək istəyərkən yolun sağ kənarında ondan 4-5 metr irəlidə “Opel Astra" markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəza siqnal işıqlarını işə salaraq dayandığını görmüş, hərəkətin təhlükəsiz olmasına əmin olduqdan adi yerişlə yolu keçməyə başlayanda həmin avtomobil qəfildən geriyə doğru hərəkət edərək onu arxa hissəsi ilə vurmuş, zərbənin təsirindən yerə yıxılmışdır. Bu zaman avtomobilin sürücüsü avtomobildən enərək onu öz avtomobilinə əyləşdirmiş və xəstəxanaya aparmışdır. Xəstəxanada ona əməliyyat olunmalı oluğu bildirildikdə əməliyyat xərclərinin ödənilməsi üçün Təqsirləndirilən şəxslə mobil telefon vasitəsilə əlaqə saxlamış, lakin Soltan telefon zənglərinə cavab vermədiyindən baş vermiş hadisə ilə bağlı 17 may 2023-cü il tarxdə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs ifadəsinə davam edərək ona böyük miqdarda ziyan dəydiyini, həkimlərə və dərmanlara maddi vəsait sərf etdiyini, bununla əlaqədar çox sayda borcunun yarandığını, təqsirləndirilən şəxslə 2000 manat ödəniş edəcəyi təqdirdə barışacağını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli etibarnaməsindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus olan Opel Astra markalı **-PG-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək idarə etmək hüququ verilmişdir. Nərimanov rayonu Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2022-ci il tarixdə “BC” kateqoriyalı BB 429071 seriya nömrəli sürücülük vəsiqəsi verilmişdir, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən 6 (altı) ay müddətinə sürücülük hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının 23 avqust 2023-cü il tarixli, 19/117M nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə qeyd edilən xəsarətlər – ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ körpücük akromial bağının tam cırılması, bud çanaq oynağının əzilməsi- küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli 8/2316 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə “Opel Astra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza dədqiqatının dəyəri 85 manat təşkil edir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 23 noyabr 2023-cü il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 794 saylı eksert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olumayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 07 oktyabr 2004-cü il tarixli qərarının 2-ci və 3-cü bəndlərinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin predmeti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitələri, o cümlədən trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlərdir. Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli 8/2316 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə “Opel Astra” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır (51-2.1.). Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatlarının ümumi dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin ona 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri – 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-242/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-242/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver