Məhkəmə qərarları › İş №1(005)-243/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-243/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-243/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, X3 Etibar qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüş və bu barədə cinayət işi məhkəmənin icraatına daxil olmuşdur. İbtidai araşdırma orqanının verdiyi ittihama əsasən, Sadıqov X4 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda Penitensiar Xidmətin ünvan 1 ünvanında yerləşən 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı Şahid4 ilə xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində qısa müddətli görüşə gedərkən, müəssisəyə daxil olduğu zaman, müəssisə əməkdaşları tərəfindən ona “Cəzaçəkmə müəssisələrinin X5” ilə qadağan olunmuş əşyaların siyahısı elan olunmuş, o üzərində və özü ilə gətirdiyi sovqatların arasında qanunla qadağan olunmuş əşya olmadığını bildirərək, həmin Qaydaların tələbini pozduğu təqdirdə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilməsi ilə bağlı iltizama imza etmişdir. Bundan sonra təlimata uyğun olaraq xüsusi ayrılmış otaqda Təqsirləndirilən şəxs üzərinə müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı, onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən, Cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı Şahid4 vermək məqsədilə yoxlamadan gizlətdiyi, istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxladığı, “Cəzaçəkmə müəssisələrinin X5” ilə qadağan olunmuş, o cümlədən 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxil olunan, çəkisi 0,10 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı, məhkum Şahid4 ilə xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində qısa müddətli görüşə getdiyini, müəssisəyə daxil olduqdan sonra müəssisə əməkdaşları tərəfindən ona “Cəzaçəkmə müəssisələrinin X5” ilə qadağan olunmuş əşyaların siyahısının elan olunduğunu, üzərində və özü ilə gətirdiyi sovqatların arasında qanunla qadağan olunmuş əşya olmadığını müəssisə əməkdaşlarına bildirdiyini, Qaydaların tələbini pozduğu təqdirdə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilməsi ilə bağlı iltizama imza etdiyini, üzərində və özü ilə gətirdiyi sovqatların arasında qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Bundan sonra təlimata uyğun olaraq xüsusi ayrılmış otaqda onun üzərinə müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı, əynində olan qara rəngli şalvarın sağ yan cibindən, gizlətdiyi 01 ədəd kağız bükülüdə həmin narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu barədə onun və şahidlərin iştirakı ilə müəssisənin əməkdaşları tərəfindən protokol tərtib olunmuş, aşkar edilərək götürülmüş həmin narkotik vasitə qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmişdir. Protokolla bütün iştirakçılar tanış olandan sonra doğruluğunu imzalarla təsdiqləmişlər. Üzərində aşkar olunaraq götürülmüş çəkisi 0,10 qram olan narkotik vasitəmarixuananın ona məxsus olduğunu, narkotik vasitə istifadəçisi oluğu üçün, aşkar olunaraq götürülmüş həmin marixuananı da üzərində aşkar olunmazdan bir neçə gün əvvəl istifadə etmək niyyəti ilə Ağcabədi rayonu ərazisində şəxsiyyəti ona məlum olmayan şəxsdən aldığını, lakin unudaraq cibində qaldığını bildirmişdir. Cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı Səxavətə və ya digər başqa bir məhkuma narkotik vasitə ötürmək niyyətinin olmadığını, həmçinin Səxavət və ya başqa kimsənin müəssisəyə narkotik vasitə keçirməyinə dair ona sifariş verilmədiyini qeyd edərək, əməlindən peşman olduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, yalnız bir narkotik vasitədən istifadə edir. Cəzaçəkmə müəssisəsində saxlanılan qardaşı da narkotik vasitədən istifadə edir. Qardaşı ilə eyni narkotik vasitələrdən istifadə edirlər və tez-tez onun yanına gedir. Sonuncu dəfə istifadə etmək məqsədilə narkotik vasitə əldə etmiş və salfetə bükərək cibində saxlamışdır. Həmi narkotik vasitənin cibində olduğun unutmuş və hətta 3-4 dəfə həmin narkotik vasitə cibində olarkən paltarı yuyulmuşdur. Bu səbəbdən cibində qaldığından məlumatı olmamışdır. Sonuncu dəfə cəzaçəkmə müəssisəsində olarkən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Dövlət ittihamçısı vəsatətlə məhkəmə müraciət edərək, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində 29,317-1.1-ci maddə ilə yanaşı, daha ağır cinayətin, yəni CM-in 234.3-1-ci maddəsinin də tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona həmin maddə ilə də ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Belə ki, dövlət ittihamçısı vəsatəti ilə bağlı çıxışında qeyd etmişdir ki, Sadıqov X4 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda Penitensiar Xidmətin ünvan 1 ünvanında yerləşən 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı Şahid4 ilə xx.xx.2024-cü il tarixdə, saat 12:30 radələrində qısa müddətli görüşə gedərkən, müəssisəyə daxil olduğu zaman, müəssisə əməkdaşları tərəfindən ona “Cəzaçəkmə müəssisələrinin X5” ilə qadağan olunmuş əşyaların siyahısı elan olunmuş, o üzərində və özü ilə gətirdiyi sovqatların arasında qanunla qadağan olunmuş əşya olmadığını bildirərək, həmin Qaydaların tələbini pozduğu təqdirdə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilməsi ilə bağlı iltizama imza etmişdir. Bundan sonra təlimata uyğun olaraq xüsusi ayrılmış otaqda Təqsirləndirilən şəxs üzərinə müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı, onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən, Cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı Şahid4 vermək məqsədilə yoxlamadan gizlətdiyi, istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxladığı, “Cəzaçəkmə müəssisələrinin X5” ilə qadağan olunmuş, o cümlədən 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxil olunan, çəkisi 0,10 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında aparılmış istintaq zamanı müəyyən edilən hallar təsdiq edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 29,317-1.1-ci maddəsi ilə yanaşı, CM-in 234.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin də tərkib əlamətlərinin olmasına əsaslı şübhələr vardır. Bu səbəbdən ona həmin maddə ilə də ittiham irəli sürülməlidir. Təqsirləndirilən şəxsə daha ağır ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 vəsatətin təmin edilməsinə etiraz etdilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir; 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. 320-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin və onun nümayəndəsinin izahatlarını, habelə dövlət ittihamçısının, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) fikrini dinləyərək məhkəmə öz qərarı ilə təqsirləndirilən şəxs barəsində qətimkan tədbirini dəyişə və ya ləğv edə bilər. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, vəsatəti və ona dair proses iştirakçılarının fikrini dinləyib hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının cinayət mühakimə icraatı Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsində və CPM-nin 32-ci maddəsində təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə əsasən, cinayət prosesində ittiham, müdafiə və ədalət mühakiməsi funksiyaları bir-birindən aydın şəkildə ayrılmışdır. Məhkəmə, bu prosesdə tərəfsiz və qərəzsiz arbitr rolunu oynayır və heç bir halda ittiham və ya müdafiə funksiyasını öz üzərinə götürə bilməz. İttihamın formalaşdırılması, irəli sürülməsi, dəyişdirilməsi və məhkəmədə müdafiəsi müstəsna olaraq ittiham tərəfinin, o cümlədən dövlət ittihamçısının səlahiyyətindədir. Məhkəmə baxışının hədlərini müəyyən edən CPM-nin 318-ci maddəsi bu fundamental prinsipin təzahürüdür. Həmin maddənin 318.1-ci hissəsi məhkəmənin təşəbbüsü ilə ittihamı ağırlaşdırmağı qadağan edirsə, 318.2-ci maddəsi ittihamın ağırlaşdırılması zərurəti yarandıqda tətbiq edilməli olan yeganə prosessual mexanizmi müəyyən edir. Bu norma imperativ xarakter daşıyır və məhkəməyə hər hansı bir mülahizə sərbəstliyi vermir. Qanunverici müəyyən etmişdir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə dövlət ittihamçısının müvafiq vəsatəti əsasında işin baxılmasına xitam verərək materialları prokurora qaytarmalıdır. Məhkəmənin bu mərhələdə səlahiyyəti dövlət ittihamçısının irəli sürdüyü yeni tövsifə dair sübutları qiymətləndirmək və ya təqsirləndirilən şəxsin təqsirliliyi barədə hər hansı bir nəticəyə gəlmək deyil. Məhkəmənin vəzifəsi yalnız vəsatətin formal tələblərə uyğunluğunu yoxlamaq və dövlət ittihamçısının ittihamı dəyişdirmək (ağırlaşdırmaq) iradəsini reallaşdırmaq üçün qanunla müəyyən edilmiş prosessual şəraiti təmin etməkdir. Əks yanaşma, yəni məhkəmənin dövlət ittihamçısının vəsatətini rədd edərək ittihamın həcmini məhdudlaşdırması, məhkəmənin özünəxas olmayan ittiham funksiyasını öz üzərinə götürməsi və tərəflərin çəkişməsində ittiham tərəfinin prosessual imkanlarını əsassız olaraq məhdudlaşdırması demək olardı. Bu isə ədalətli məhkəmə araşdırması hüququnun mahiyyətinə ziddir. Müdafiə tərəfinin vəsatətə etirazı və təqsirləndirilən şəxsin ifadələri işin mahiyyəti ilə bağlıdır və bu dəlillər yeni, daha ağır ittiham irəli sürüldükdən sonra aparılacaq ibtidai istintaq və sonrakı məhkəmə baxışı zamanı tam və hərtərəfli araşdırılmalıdır. Hazırkı məhkəmə iclasının predmeti isə yalnız dövlət ittihamçısının vəsatətinə dair qərar qəbul edilməsindən ibarətdir. Dövlət ittihamçısı öz vəsatətini Plenumun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 17-ci bəndi ilə əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 17ci bəndində qeyd edilmişdir ki, cəzaçəkmə müəssisələrində və ya həbs yerlərində saxlanılan şəxsin satış məqsədi olmadan xeyli miqdardan az miqdarda narkotik vasitə və ya psixotrop maddə hazırlaması, saxlaması, gəzdirməsi yalnız CM-in 317-2-ci maddəsi ilə, belə şəxslərə narkotik vasitə və ya psixotrop maddəni bilavasitə və yaxud cinayətdən xəbərsiz olan şəxs vasitəsi ilə ötürən şəxsin əməli isə bütün hallarda narkotik vasitənin yayılmasına yönəlməklə ictimai-zərərli məzmun daşıyan şəxsi maraqla şərtləndirildiyindən, CM-in 317-1-ci maddəsi ilə yanaşı, narkotik vasitənin və ya psixotrop maddənin miqdarı külli və xüsusilə külli miqdar təşkil etmədikdə CM-in 234.3-1-ci maddəsi ilə, külli və ya xüsusilə külli miqdar təşkil etdikdə isə müvafiq olaraq CM-in 234.4.3-cü və ya 234.4-1-ci maddəsi, habelə CM-in 317-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətməsi cinayət məsuliyyətini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli” qanunun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Bununla da, yuxarıda sadalanan hallar təsdiq edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 29,317-1.1-ci maddəsi ilə yanaşı, CM-in 234.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin də tərkib əlamətlərinin olmasına əsaslı şübhələr vardır. Həmin bəndin məzmunu dövlət ittihamçısının vəsatətində irəli sürülən mövqenin hüquqi əsaslı olmasına dəlalət edir və bu, məhkəmə tərəfindən CPM-nin 318.2-ci maddəsinin tətbiqi üçün zəruri olan şərtlərin mövcudluğunu bir daha təsdiqləyir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin (234.3-1- Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə) mövcudluğu müəyyən olunur, buna görə də Təqsirləndirilən şəxs CM-in 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qanuni və əsaslıdır. Qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hazırkı mərhələdə dəyişdirilməsi üçün hər hansı yeni əsas yaranmamışdır. İşin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar, qətimkan tədbiri məsələsinə zərurət yaranarsa, istintaq orqanı tərəfindən yenidən baxıla bilər. Qeyd olunanlara əsasən və CPM-in 318-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, şikayət verilə bilməz. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar