Məhkəmə qərarları › İş №1(005)-244/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-244/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-244/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə etmiş, saxlamış və gəzdirmişdir. Belə ki, o, Almaniya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 7,63 mm kalibrli, 1896-cı il modelli, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Mauzer konstruksiyalı tapança hesab edilən 6983 nömrəli bir ədəd yivli odlu silahı və Almaniya dövlətində silah zavodunda taxta materialdan hazırlanmış, Mauzer konstruksiyalı tapançaların silah qabı olmaqla, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı, həmin tapançanın bir ədəd qundağını istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib sellofan bağlamanın içərisində saxlamaqla üzərində gəzdirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 yanvar 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 16:50-də ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman onun qanunsuz olaraq əldə edib əlində olan sellofan bağlamanın içərisində saxlamaqla gəzdirdiyi Almaniya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 7,63 mm kalibrli, 1896-cı il modelli, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Mauzer konstruksiyalı tapança hesab edilən 6983 nömrəli bir ədəd yivli odlu silah və Almaniya dövlətində silah zavodunda taxta materialdan hazırlanmış, Mauzer konstruksiyalı tapançaların silah qabı omaqla, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı, həmin tapançanın bir ədəd qundağı aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 228.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, CM-in 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. CM-də alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün CM-in müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Buna görə, CM-in 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs alternativ tərkibli cinayət əməlinin törədilməsində təqsirləndirilir (qanunsuz olaraq odlu silahı əldə etmə, saxlama və gəzdirmə) və onun təqsirləndirildiyi cinayət əməli alternativ hərəkətlərdən birinin törədilməsi, yəni qanunsuz olaraq odlu silahı daşıması ilə başa çatmış hesab olunur. Məhkəmə hazırlıq iclasında isə Təqsirləndirilən şəxs odlu silahı qanunsuz olaraq daşıması faktının ünvan 1 ünvanında aşkar olunması müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama əsasən o, Almaniya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 7,63 mm kalibrli, 1896-cı il modelli, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Mauzer konstruksiyalı tapança hesab edilən 6983 nömrəli bir ədəd yivli odlu silahı və Almaniya dövlətində silah zavodunda taxta materialdan hazırlanmış, Mauzer konstruksiyalı tapançaların silah qabı olmaqla, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı, həmin tapançanın bir ədəd qundağını istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib sellofan bağlamanın içərisində saxlamaqla üzərində gəzdirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 yanvar 2021-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 16:50-də ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman onun qanunsuz olaraq əldə edib əlində olan sellofan bağlamanın içərisində saxlamaqla gəzdirdiyi Almaniya dövlətində zavod üsulu ilə istehsal olunmuş, 7,63 mm kalibrli, 1896-cı il modelli, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Mauzer konstruksiyalı tapança hesab edilən 6983 nömrəli bir ədəd yivli odlu silah və Almaniya dövlətində silah zavodunda taxta materialdan hazırlanmış, Mauzer konstruksiyalı tapançaların silah qabı omaqla, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı, həmin tapançanın bir ədəd qundağı aşkar edilərək götürülmüşdür. Məhkəmə qeyd edir ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin hansı səbəbdən Səbail rayonunda yox, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında (Nərimanov rayonunda yerləşir) aparıldığı aydın deyil. Yəni, başqa sözlə desək, cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən axtarış və götürmənin Təqsirləndirilən şəxs saxlanılmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlilin olmaması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci il tarixdə saat 16:50də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanıldıqdan sonra tamamilə polisin nəzarəti altında olmuş və daşıdığı odlu silahı realizə etmək iqtidarında olmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Layıcov Azərbaycana qarşı” məhkəmə işi üzrə 10 aprel 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyil. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı daşıması Səbail rayonunun ərazisində başa çatdığından, hazırki cinayət işinə aidiyyəti üzrə həmin cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində, yəni Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.01.2021-ci il tarixli, 4(005)-31/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 yanvar 2021-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 03.04.2021-ci il tarixli, 4(005)-332/2021 nömrəli qərarı ilə şəxsin həbsdə saxlnılma müddəti 08 iyun 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin onun cinayət prosesini həyata keçirən orqandan gizlənmək və digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən boyun qaçırmaq ehtimalının mövcudluğuna dəlalət etməsini, habelə az ağır cinayətdə təqsirləndirilməsini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur və Bakı Şəhəri Səbail Rayon Məhkəməsində hazırlıq iclası keçirilənə və hazırlıq iclasının yekun qərarı qəbul edilənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 299.3.1-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır; 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə məhkəmə hazırlıq iclası keçirilənədək və qətimkan tədbiri məsələsinə məhkəmə hazırlıq iclasında baxılıb yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma hissəsində qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Qərar qətidir, şikayət və ya protest verilə bilməz. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar